13.03.2012

Azərbaycan reallıqları: Atalar, balalar, genetik kod

xocali55Mirzə Xəzər

Prezidentin oğlu prezident olur, şairin oğlu şair olmaq istəmir

Yadınızdadır? Sovet hakimiyyəti illərində şairin oğlu şair, memarın oğlu memar, yazıçının oğlu yazıçı olardı. Bəs bu gün? Ənənə dəyişib. Kasıb şairin balası şair olmaq istəməz. Yoxsul yazışının balası yazıçı olmaq istəməz. Atalar, balalar, genetik kod və varislər dövrüdür! Bu gün prezidentin oğlu prezident, nazirin oğlu „dahi istedad“dır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale rejim tərəfindən yaradılan Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında bəyan edib ki, „hazırda bizim Londonda, Parisdə, Berlində, Brüsseldə və Bakıda ofislərimiz fəaliyyət göstərir. 

Məqsədimiz Azərbaycanı bütün istiqamətlər üzrə Avropa ölkələrində tanıtmaqdır.“ Bu fəaliyyət milyonlara mal olur. Bəs Kəmaləddin Heydərovun oğlu Azərbaycanı tanıda bilibmi? Bəli tanıdıb, özü də necə! Londonda, Berlində və Brüsseldə qəzetlər həftədə beş dəfə Azərbaycanda avtoritar rejimin mövcud olduğunu, korrupsiyanın dövlət siyasəti səviyyəsinə qaldırıldığını, insan hüquqlarının müntəzəm pozulduğunu, müstəqil jurnalistlərin həbsə atıldığını ingilislərə, almanlara, belçikalılara xatırlatmaqdadırlar. Görürsünüz, yaxşı tanıdıb? 
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar isə bəyan edib ki, başçılıq etdiyi Amerika Azərbaycan Alyansının Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması tədbirləri çərçivəsində ABŞ-da 150 milyona yaxın insan bu soyqırımı barədə məlumatlandırılıb.“ Belə çıxır ki, Anar Məmmədov üç gün içərisində Amerika Birləşmiş Ştatları əhalisinin həddi-büluğa çatmış bütün sakinlərinə Xocalı qırğını haqqında həqiqətləri çatdırıb...Anar düz deyirmi? Bilmirik. İnsana elə gəlir ki, Anar Nyu York və Vaşinqtonun dəmiryol və avtobus vaqzallarını Azərbaycanda atasının rəhbərlik etdiyi dəmiryolu vaqzalı və mərkəzi avtobus vaqzalı ilə, polsterlərə fikir verməyən amerikalıları portret və heykəl düşgünü olan özləri ilə səhv salıb. Anar Məmmədov deyir ki, „Vaşinqton şəhərində 400-ə yaxın metro və avtobusda Xocalı soyqırımına aid posterlər yerləşdirildi.“ İnanırıq. Pulunu verib yapışdırıblar. Bəs bu posterləri neçə nəfər amerikalı oxuyub və oxuyanlardan neçəsi mövzunun nədən ibarət olduğunu başa düşüb? Anar və Tale bu suala cavab vermir, çünki polsterlərin yanına sayqac qoymağı unudublar...
Atalar və balalar… Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev „xaricdə yaşayan azərbaycanlıları internetdə Azərbaycana qarşı olan kampaniyalarla mübarizə aparmağa çağırıb.“ Dəqiqləşdirək! Əbülfəz Qarayev xaricdə yaşayan azərbaycanlıları internetdə Azərbaycana qarşı olan yox, Azərbaycandakı avtoritar, korrupsiyalaşmış, klan rejiminə qarşı olan kampaniyalarla mübarizə aparmağa çağırıb… Görünür ataların və balaların təşəbbüsləri heç bir fayda vermir, ümidləri xaricdə yaşayan bizlərə qalıb...

Комментариев нет:

Отправить комментарий