15.03.2012

Sən özgə saatda

Анимашки (14картинок)
Mehman


Xəfif bir səsdən

Xəfif bir səsdən
xəyallarım qırıldı
sanki, qəfildən...
Tutub keçmişin əlindən
ruhum addımlayırdı
yalın ayaqlarla
Ömrümün qırıqları üzərindən
ruhumdan axan qan
zamandan qopan
dəqiqələrtək
yollara damcılayırdı
... Və zamanın yalançı ümidlərinə
aldanan ağaclar
yalançı çiçəklər açırdı...

Hər gecə
bu yalançı çiçəklərin
soyuq yuxularından
üşüyən bir bahar qaçırdı...

Mən adam deyiləm

Mən adam deyiləm, çoxdan itmişəm,
Ağacam, bilmirəm harda bitmişəm.
Azmış ruh kimiyəm, yadıma düşmür,
Hardan başlamışam, hara getmişəm.

Hər gecə gözünə görünmək üçün
Ağac olacağam, mən ayda bitib.
Duzlu dənizlərdən gələn buludun-
Sərxoş olacağam suyunu içib.

Hər bahar gələndə, tumurcuq kimi
Bir yuxu açılar göyün üzünə.
Özün də bilmədən ovuclarını
Açıb uzadarsan ayın üzünə.

Uçar əllərindən bir ağ göyərçin,
Qonub diksindirər budaqlarımı.
Bir nəğmə ağlayar hey için- için,
Ağlayar, isladıb yarpaqlarımı.

Sənin göz yaşaların qar dənələri

Sənin göz yaşaların qar dənələri,
Aləmə dağılan nar dənələri.
Gör mənim başıma nə oyun açdın,
Gəl indi yığ görüm bu dənələri.

Sən özgə saatda, özgə zamanda,
Mən özgə saatda, özgə zamanda.
Çarmıxa çəkilmiş Məsiha kimi,
Asılıb qalmışam mən o zamanda.

Mən indi gerçəkdə azan birisi,
Sənsə xəyallarda gəzən birisi.
Yazdıq bu qisməti taleyimizə,
Biz yazdıq, pozmadı pozan birisi.

Bəlkə yuxularda görüşə bildik,
Görüşüb gerçəyi dəyişə bildik.
Mən susub alışsam, sənsə ağlasan,
Bəlkə də, nəyisə dəyişə bildik.

Sərxoş dənizlərin yuxularından


Sərxoş dənizlərin yuxularından
Yelkənli gəmilər üzüb itəcək.
Mən elə bilirdim bugün bitəcək,
Açılan sabahla dünən itəcək.

İtəcək, ovcumda sönən köz kimi,
Lalın dilindəki ölən söz kimi.
Söz vardı, demədim, sən eşitmədin,
Bitmədi, sonsuza gedən yol kimi.

Bu söz sərsəridi, dəlidi, nədi,
Xəritəsi itmiş bir xəzinədi.
Yuxuma tor atıb tutardım onu,
Tora da düşməyir, bir əcinədi.

Bu istək nə bitdi, nə sona yetdi,
Bir ömrü mənimlə yanaşı getdi.
Onu dilə tutub ovundurmağa,
Nə ömür bəs etdi, nə zaman yetdi.

Sınmış saatların əqrəblərində
Yorulmuş zaman da yatır, dincəlir.
Məni ucuz aldı, baha da satmır,
Alardım, bilsəydim harda gizlənir.

Küləklər ətrini apardı getdi

Küləklər ətrini apardı getdi,
Bir qədəh şərabtək dağıtdı getdi
İçimə bir oğru girmişdi sanki,
Əlinə nə keçdi, qopardı getdi!

Ətirli bir yağış yağdı hər yerə,
Yağdı ağaclara, yağdı evlərə.
Bir dəli sallanıb göy qurşağından
Mahnı oxuyurdu hey küləklərə.

Küləklər sevincdən yallı gedirdi,
Dolanıb bağrına yer kürəsinin.
Dəlilər küləkdən kəndir hörürdü
Göylərdən asılıb yellənmək üçün.

Adamlar ağıldan bezib qaçırdı,
Şirin nağıllardan işıq saçırdı.
Dünyada bir gizlin qalmadı daha,
Gizlinlər aşkarca çiçək açırdı.

Dənizlər ətrinlə dolub- daşırdı,
Çiçəklər ətrindən içib açırdı.
Dünya bu sevgidən dəli olmuşdu,
Dünya məhvərindən çıxıb qaçırdı! 

Gözlərinin rənginə

Gözlərinin rənginə
Boyanmaq istəyirəm.
Dilindən qopub düşən
Bir titrək, cingiltili
Səs olmaq istəyirəm.
Mən yalan, sənsən doğru
Nisgilin acgöz, oğru.
Bu oğruya tuş olub
Soyulmaq istəyirəm.
Sən bağlı bir qapısan
Mənsə köhnə bir açar.
Allah bilir bu açar
Bu qapıya düşəcək,
Ya da heç düşməyəcək...
Səs- küylü məclislərdə
Oxunan çox kədərli,
Həzin bir mahnı kimi...
Kimisə ağladacaq

Gözlərinin rənginə
Boyanmaq istəyirəm.
 

Комментариев нет:

Отправить комментарий