12.03.2012

Tənha qəhrəmanlar


Pərviz Sadıqov



Bakının küçələri gündüzlər tozlu, gecələr eybəcər siqnallı olduğundan, üstəlik küçəyə çıxmağın üçün əsaslı səbəbin olmayanda evdə oturmaq daha sərfəlidir. Telekanallarda Nadir Qafarzadənin bizi üzümüzə söyməsindən, Zaurun öz “yarı”sı ilə “şok.şok.şok” xəbərlərini eşidib şoka düşməkdən, müğənnilərin Namibiya macəralarından, “10lar”ın sərsəmləmələrindən bezib özünəqapanmanın ən ideal dostunun kitab olduğunun anlayırsan. Sadəcə gündəlik mütaliədən fərqli olaraq kitabla yatıb durmalısan, ya da yatmayıb kitabdan ayrılmamalısan.


Tənhalıqın cizgisini, simasını, nəfəsini duyduğum Kafkadan başladım. “Çevrilmə”ni oxuyub qurtarana kimi hər an eybəcər bir həşərata çevrilib ayaq altında qalacağımdan qorxdum. Çevrilmişin caynaqları elə bil ətəyimdə idi, hara gedirdimsə gözlərim hərflərdə, fikrim dalıyca parıltılı iz saxlayan “tənhalıq”da idi. Ölüm həqiqətən çox vaxt qurtuluşdur, fərqi yoxdur, ayaq altda qalıb öləcəksən, acından öləcəksən, tənədən, qınaqdan öləcəksən. Təki “çevrilmə”... Kafkanın “Çevrilməsi” ağır çiyinlərimi biraz da ağırlaşdırdı. Nəysə çılğın, yeniliçi yazıçıdan oxumaq lazımdır. Uzağa getməyimə ehtiyac olmadı. İki ildir dillərdən düşməyən Elxanın, yəni Qaraqanın “A” romanını oxumağa başladım. Əslində o kitabı çoxdan oxumalıydım, amma bir dəfə Qaraqanın yanğın zamanı soyuducuda gizlənib donan insan haqqında hekayəsini oxuduqdan sonra vaz keçdim. Sonra “A”nı eyni zamanda o qədər qaldırıb, o qədər yerə çırpdılar ki, əsərdən şübhələndim və məlumatım olsun deyə oxumalıydım. Çünki Azərbaycanda hər hansı bir əsər, mahnı, kino kütlənin sevimlisinə çevrilirsə, deməli şou-biznesin “Rəksanəsi” səviyyəsindədir. Və məndə kitab haqqında tənqid və təriflərimin sərhədlərini ayırd etmək üçün kitabı oxudum. “A” əslində pessimizdən uzaqdır, mübarizəyə səsləyir, amma kortəbii, Don Kixotsayağı sadəlövh mübarizəyə. “A” deyir ki, uğursuzluqlarımıza görə özümüzü yox, atamızı, anamızı, nənəmizi, qardaşımızı, qonşumuzu, küçədən keçənləri, fahişələri, içki satanları, mollaları, Amerikanı günahlandırmalıyıq. Yəni biz FƏRD deyilik, bütövlükdə xəstə cəmiyyətik. Təklikdə heçik, birlikdə varıq. Əsərin oxucularının əsasənməktəblilərin və yeniyetmələrin olduğunu nəzərə alsaq, bu kitab üsyançı ruhun formalaşması dövründə yanlış istiqamətə apara biləcək bir təhlükədir. Bəlkə də bu uğurdur. “A”da “copypaste”lər həddən artıq çoxdur və mənim üçün maraqlı yerləri də məhz onlar idi. Müəllifin “SAW” (“ПИЛА”, «MİŞAR) bir fraqment istifadə etməsi, müxtəlif idealogiyalardan sitatlar gətirməsi əsərin rəngini artırır. Əsərdə təhkiyəçi mübarizələrinə vəhşilik adını elə özü versə də, müəllif bu mübarizəni az qala ideallaşdırır və qəhrəmanı Polad Alemdar kimi Ölməz Koşşeyə çevirir... Bax, buna deyərəm kitab. Beynimin pasını əsəblə də olsa açdı, bu qədər deyindimsə, deməli özünəqapanma xəstəliyindən sağalıram.
Bu nədir? QanTuralının “Mustafa”sı... Yox, “A”dan sonra getməz, nəsə ciddi bir şey oxumalıyam. Rabindranat Taqorun “Ev”i. Necə də rahat və sakitləşdiricidir.  Monoloqlar o qədər səmimi və içdəndir ki Taqorun “Qora”sını da unutdurur.
Və “Mustafa”... Qan Turalının intellektine və savadına şübhəm yoxdur. Sadəcə yazdığına roman deməyə adamın dili dönmür. İmzasının hesabına romanın alıcısın az olmayacağına şübhəm yoxdur. Amma əsər tamamilə zəif, yarımçıq intriqalar üzərində qurulub. Sevgimi, siyasətmi əsas xəttdir-ayırd edilmir. Sevgisini o qədər qabarıq nümayiş etdirən Mustafanın qıza olan məhəbbətinin məntiqi sonluğu yoxdur. Əsərin yarısına kimi əsas surətlərdən biri olsa da, sevgili surəti tamamilə unudulur. Yerini tələsik yazılmış siyasi intriqaların xronikası tutur. Qan Turalının qəhrəmanı düşünür ki, Dostayevski “Cinayət və cəzanı” pul qazanmaq üçün tələsik yazıb, həcmini ona görə geniş edib ki, yaxşıca pul qazansın. Və 500 səhifəlik əsərdə iki kobud səhv buraxıb. Diqqətlə oxusaq görərik ki, Roskolnikovun daxili mübarizəsindən bəhs edən əsərin yarısının yarısından da az həcmda olan “Mustafa”da Qan Turalı bir neçə kobud səhv buraxıb. Nəzərə alsaq ki, əsəri çox qısa müddətdə tələsik situasiyada oxumuşam, gözümdən qaça biləcək səhvlər təbii ki olmamış deyil. Mustafa və dostları Atilla İlhanın ölümündən xəbər tutub çox üzülürlər-yəni, hadisələr 2005-ci ildən bəhs edir. Amma Mustafanın dostları gedib metro kartlarını satırlar ki, yeməyə (içməyə) pul qazansınlar. Halbuki, həmin dövrdə hələ plastik metro kartları dövriyyəyə buraxılmamışdı. Qan Turalının sözünün “Mustafa”sı bu imiş. Amma epiloq kimi qəbul etdiyim sonuncu hissə hazırki durumuma aid olduğu üçün, bir anlıq özümü kənd məktəbində, savada ehtiyac duyulan yerlərdə müəllim kimi gördüm.
Qəhrəmanlarım tənhalardır. Mustafa da cəmiyyətə vaxtından əvvəl məğlub olur. Bir qədər sonra haqqında danışacağım Aurelianolar, Arkadiolar boyunlarına qızıl medalı taxmağı həqarət kimi qəbul edərək  mübarizələrinin sidqi-ürəklə etdiklərini sübuta yetirirlər. Ancaq Mustafa mübarizliyini daha tez itirir.

Комментариев нет:

Отправить комментарий