15.03.2012

Yuxu


Könül Səid


Həyatın çətinliklərinə, ağırlıqlarına dözmək və  bir az da olsa yan keçmək üçün hər birimizə istirahət etmək vacibdir. İstirahət dedikdə də ağlımıza ilk  dərin bir yuxu gəlir. Yuxunun dərinliklərinə daldıqdan sonra istirahət edəcəyimizi düşünürük. Amma bəzən də bu istirahət  əsəb və artan gərginlik ilə nəticələnir. Bəzən isə elə sözün əsl mənasında xoşbəxtlik gətirir. 
Yuxu hər zaman bizim üçün sirli bir məkan kimi olaraq qalır.

Hər gecə bu qarışıq məkana qonaq oluruq, amma onun nə olduğunu tapa bilmirik. Bəzi insanlar bu axtarışa illərini, əsəblərini qurban verib, amma nəticə o qədər də ürəkaçan olmayıb. Bəs bu yuxu nədir ? 
Həm qərb , həm də şərq alimlərini illərlə axtarışlara sövq edən bu yuxu elə sirr olaraq da qalır. Mən bu yazını dərin axtarışlar etmək üçün yazmamışam, sadəcə məni düşündürən və narahat edən  bəzi fikirlərimlə sizinlə də bölüşmək istəyirəm. 
Deyim ki, son illər yuxu haqqında düşünmədiyim bir gün belə olmur. Gündəlik gördüyüm yuxular məni gərgin bir axtarışa sövq edir.Yuxu həmişə ziddiyətli fikirlərin tam mərkəzində bir sirr olaraq qalır. Qərb alimləri yuxunu gündəlik yaşantılarının bir nəticəsi kimi qiymətləndirirlər. Amma şərq alimləri mütləq nəsə ilahi bir işarə gəzirlər. Çünki yuxular bəzən bizə real həyatımızda yaşadıqlarımızın müəyyən bir qismini də göstərə bilir. 
Artıq bu fikirlər beynimə o qədər dərin nüfuz edib ki, yuxuya müxtəlif təriflər belə verməyə başlamışam. Yuxu - reallığın son nöqtəsinin ən yüksək zirvəsindən bizi səsləyən qarışıq, şirin, acı və anlaşılmayan bir həqiqətdir. Yuxu- ölümsüz bir dünyanın qapısıdır. Yuxu- mənim real bir dünyamdı. ....Beynim bu təriflərdən o qədər boldu ki, hansını yazım bilmirəm.....
Yuxu- ölümsüz bir dünyanı hər gecə bizə bəxş edir. Sadəcə bəzən biz bunu görə bilmir, çox da ciddiyə almır və elə yuxudur deyib keçirirk. Halbuki yuxu bizə öz sirli dünyasının qapılarını açmağa hər an hazırdı. Bunu istəmək yetər. 
Yuxu böyük bir vergidir ki, onun sayəsində bir çox gizli məqamlar bizə aşkar olur.Yuxunun hüdudları o qədər genişdir ki, biz sadəcə o anın yaşam sistemini tutmalıyıq. Əgər biz bunu tuta bilsək təbii ki, sirlərin də kiçik bir ipini əlimizə keçirmiş olarıq. 
Yuxuda insan istənilən bir informasiya ilə tanış ola bilir. Amma bu bizdən yox bizim şüuraltinda olan hadisələrin ardıcıllığından asılıdır. 
Yuxular bəzən o qədər real olur ki, insan ayılmaq və bu real gozəlliklərdən uzaqlaşmaq istəmir. Bəzən isə bu yuxular qorxulu və qaranlıq olur. Nə qədər çalışsan da ayıla bilmirsən və bu qaranlığın səni çəkib aparmasına seyirci qalırsan. Qaranlıq səni çəkib öz qoynuna aparır və sən səsini belə çıxara bilmirsən. Qorxunun çəngində qovqula-qovrula qalırsan. 
Yuxunun sirrini tam olaraq açmaq olsaydı görəsən dünyada nələr dəyişərdi?  Xaos və qarıqlıq son həddəmi çatardı? Yoxsa sakitlik və əminlik ən yüksək bir nöqtəni fəth edərdi? İnsanlar daha da təmkinlə yanaşa bilərdilərmi öz yuxularına? Daha nələr dəyişərdi həyatımızda ? Bax bu suallar həmişə olacaq və günü-gündən də artacaq .Ta biz yuxunun sirrini kəşf etməsək. Suallar  bizi yuxularımıza bir az da yaxınlaşdırır. 
Bir qisim insanlar var ki, səhər yuxudan oyanan kimi yuxu yozma kitablarını oxumağa qaçır. Hər gördüyünü yozmağa çalışır. Amma təəsüf ki, bu kitablar bəzən sevinc və bəzən isə kədər gətirir. Nə yalan deyim arada mən də bu kitablara baxıram. 
Bəzən mənə elə gəlir ki, yuxularım mənim real həyatımın bir üzüdü və yaxın bir sirdaşımdı. Görmək və bilmək istədiklərimin əksər hissəsini mənə göstərir. Bəzən gördüklərim qəlbimi yaralayır, çünki yalanlar və xəyanətlər də yuxularımın qonağı olur. Bəzən isə çox xoş anaları da mənə yaşadır.Sanki cənnət məndən bir addımlıqdadı . Əlimi uzatsam onun qapılarını aça bilərəm. 
Özümü tanıyan gündən bu günə kimi yuxularımla qoşa addımlayıram. Qəribə olan budur ki, hər gün yuxu görürəm və bu yuxular çox real görünür. Bəzən də yuxularımı real həyatımda ani bir işartı ilə görürdüm. Sanki bu yuxular real həyatımın hansısa bir küncündə ilişib qalır ki, mən onları görə bilim. . Əvvəl buna bir təsadüf kimi baxırdım və o qədər də dərinə getmədən keçib gedirdim. Ən çox da tələbəlik illərində bu təsadüflərə rast gəlməyə başladım. Amma zamanla bu işartılar həyatımda öz sözünü deməyə başladı. Daha da real olmaqla məni sınağa çəkdi. Amma müəyyən vaxt sonra bu təsadüflər məni qorxutmağa başladı. Bəzən də saatlarla oyaq qalırdım ki, yuxu görməyim. Mənə sabah, ya biri gün olacaqların sirrini açmasın. Tam yorğun düşəndən sonra o qorxulu yuxulara qərq olurdum. Əslində yuxular mənə həyatımın acı anlarını göstərməklə kömək etmək istəyirmiş. Bu acı günləri real həyatımda da yaşamayıb deyə mənə doğru öz əllərini uzadırmış. Mən də bu yardımı əvvəllər bir təsadüf kimi qələmə verirdim. 
Zaman keçdikcə bəzi yuxularıma inanmağa başladım. Çünki təsadüflər hədsiz dərəcədə çoxalmışdı.
Tələbə olanda özümə yeni telefon almışdım. Bu telefona çox alışmışdım. Günümün yaridan çoxu onun ixtiyarında idi. Yeni bir fikri ya şeirim olanda ilk ona yazırdım.  Bir gün yuxuda onu məndən oğurldılar. Oğru hündür bir oğlan idi. Üstündən bir gün keçəndən sonra elə hündür bir oğlan tənəffüsdə telefonu məndən istədi və qaçdı. Sonra da nə onu, nə də telefonu tapa bilmədik.  
Digər bir təsadüf də məni tam yuxularımdan uzaqlaşdırdı. Və get-gedə bu təsadüflər mənim sinirlərimi aşmağa başladı. Gördüm ki, “D” hərfi ilə başlayan bir rayonda iki qatar toqquşacaq. Həmin an o qədər də dərinə getmədim. Qulaqcıqları uzun axtarışdan sonra tapıb qulaqlarıma taxıb musiqi dinləmək istəyirdim ki, sabah xəbərləri başladı. Və ilk xəbər də qatarların toqquşması oldu. Məni elə bil tok vurdu. Rayon da “D” hərfi ilə başlayırdı. Yerimdən qalxıb ev boyu gəzişdim. Sakitləşə bilmirdim. Sonra geyinib dostlarımın görüşünə tələsdim və bir az da olsa gördüklərimi unutdum. 
Bu təsadüfi yuxular da mənimlə illəri aşırdı. Magistr imtahanlarını ərəfəsi idi.  Mən də həmin gecə qəribə bir yuxu gördüm və bu yuxumda real oldu. Artıq zamanla yuxularımla dost olmağa başladım. Mənə iki bal az yığacağımı və doğma universitetimə düşə bilməyəcəyimi söyləmişdi. Elə də oldu və iki bal mənim həyatımı dəyişdi. 
Zamanla yuxularım da mənimlə birlikdə dolğunlaşdı. Artıq iki yaxın dosta, sirdaşa çevrilmişik. Çünki yuxularım mənə yaşayacaqlarımın bir siyahısını göstərir. İnanın arada o qədər dəqiq faktları göstərir ki, inanmamaq qeyri-mümkün olur. Və real həyatda da hamısı baş verir. 
Bəzən yuxularım yaxınlarımla, əzizlərimlə, dostlarımla, bəzən isə ayrı tam ayrı hadisələrlə bağlı olur. Amma nə edim ki, bunların hamısı da real olur. 
Bax bu da mənim dəli dolu yuxularım. Bəzən məni incidən, bəzən də sevindirən yuxularım. Hələ bəzi gizli və qorxulu məqamlardan yazmadım. Onlar da gizli boxçamda qalsın. Amma yuxular da bizə dəstək olur bunu sadəcə görmək və duymaq lazımdı. Bir az da istək olsun yetər... 
 

Комментариев нет:

Отправить комментарий