Страницы

23.06.2012

Bağışlama bizi, vətən!

Вид на город Шуши. Нагорный Карабах. Источник: kunstkamera.livejournal.comRəsmiyyə Sabir


Unutduq tarixi, ötən zamanı.
Unutduq torpağa tökülən qanı.
Unutduq fərqini yaxşı-yamanın
Bağışlama bizi, Vətən!


Görsək də köksünə batan qılıncı.
Başımız altına qoyduq balıncı.
Doğrandın, bölündün sən xıncım-xımcım
Bağışlama bizi, Vətən!

İşimiz, peşəmiz oldu ahu-zar.
Fəryad səsimizdən fələk də bezar.
Ölməmiş səninçün qazıdıq məzar
Bağışlama bizi, Vətən!


Aldatdı divləri çoxbilmiş çırtdan.
Ayıra bilmədik quzunu qurddan.
Hamı candan keçdi, biz isə yurddan.
Bağışlama bizi, Vətən!


Yağıya yetirdik gözün yağını.
Yandıra bilmədik kor çırağını.
Quşlardan alırıq səs-sorağını.
Bağışlama bizi, Vətən!


Səni əsir ikən qoymuşuq darda.
Cəngavər ruhumuz hardadır, harda?
Qoynuna gəlmədik, of, bu baharda.
Bağışlama bizi, Vətən!


Günəş içimizdə eyləyib qürub.
Sərhədsiz səbrimiz illəri yorub.
Yollar yetim kimi boynunu burub.
Bağışlama bizi, Vətən!


Həsrətdən yanıbdır o qara bağrım.
Ağlamaqdan kordur neçə bulağım.
Axır yarasından qan Qarabağın.
Bağışlama bizi, Vətən!


Qəfəsə salıblar quş qəlbimizi.
Didir peşmanlıq kaş qəlbimizi.
Qəbir daşı eylə daş qəlbimizi.
Bağışlama bizi, Vətən!


Hələ ki, vicdanlar qoyulub dincə.
Köksünü ötürür məğrur Əlincə.
Sənin ayağına biz gəlməyincə
Bağışlama bizi, Vətən!
Bağışlama bizi, Vətən!

Комментариев нет:

Отправить комментарий