09.08.2012

Hırnan zırın fərqi

 Hafiz Mirzə

Bu barədə düşünən hər adamın güzgüyə tərəf çevrilməsi məsləhət deyil

İnsanın həyatda hər şeyi bilməsi mümkün deyil. Bəşəriyyətin ən kamil mütə­fək­kir­lərindən biri hesab olunan Həzrət Əlinin (ə) bununla bağlı bir məşhur deyimi  var - çox­larına məlumdur: “Əgər mənim bilmədiklərimi ayaqlarımın altına toplasalar ba­şım ərşi-əlaya çatar”. Bəli, həyatın bütün incəlikləri bütün elmlər və qeyri elm­lər  (fiziki və ya metafiziki) və dinlər təkcə cümlələrə çevrilərsə bu cüm­lə­lərin uzun­luğu metaqalaktikaları keçər. İnsan düşüncəsi isə  dünyada hər şey­dən (işıq­dan və səs­dən də) daha sürətli olmasına rəğmən əgər  bu dörd ölçülü pri­mi­tiv dün­ya­da  han­sısa bir ölçüyə salınarsa, heç ionosferə qədər yüksəlməz.
Amma həyatda elə sa­­də mə­sə­lələr var ki, bunları bilməkdən, anlamaqdan, dərk etməkdən ötrü  heç də çox də­rin (sürətli) düşüncə sahibi, filosof olmağa və ya Yerdən azacıq da olsun yük­­­səl­mə­yə ehtiyac du­yul­maz. Çünki bir sıra həyatı məsələlər hətta “2+2” qə­­dər çox a­di­dir. Sadəcə, bir çoxlarının düşüncəsi müxtəlif bicliklər və fırıldaqlarla o qədər tutulub ki, bu adiliyi dərk etmələrinə mane olur. Və bunu təkcə elmi de­yil, həm də hel­­mi cəhətdən görmək və anlamaqdan öt­rü insanda azacıq imanın ol­ma­sı ye­tər­li­dir. Möminlər bunu haqlı olaraq iman, lotu oğ­lanlar isə “ponyatka”, yəni qabiliyyət kimi deşifrə edirlər.  Adamın ki, qa­bi­liy­yəti olmadı, onu apar “metal­lo­ma” təhvil ver. Qabiliyyət dedikdə çox vaxt fərdin fiziki əmək ba­ca­rıq­ları, ustalığı nə­zərə alı­nır, amma ən əsas qabiliyyət fərdin mə­nəvi məsələlərdə məharəti sayıl­ma­lıdır. Ona görə də fiziki (maddi) görüntülərin mahir­liyi elmi xarakter daşıyır, şəxs usta və ya alim adlanır, mə­nəvi sahədə isə bu bacarıq fərdin helmi və müd­rikliyi kimi anlaşılır və o ağıllı adam sayılır. Bir var ağıllı olmaq, bir də var ağıllı ki­mi məşhur olmaq. Ağıllı kimi məşhur olmaq heç də müdriklik əlaməti deyil. Çünki çox ağıllını heç yerdə, heç kəs xoşlamır. Müdriklik isə tamam qəliz mə­sə­lə­dir. Buna gərək insanın fitri istedadı çata. Amma dedik ki, bir çox həyatı məsələləri anlamaqdan ötrü heç də çox ağıllı və müdrik olmağa ehtiyac yoxdur.Yeniyetməlik çağ­larında özünü çox­bilmiş kimi göstərən oğlanlara yaşlı adamlar məzə ilə “Sən hırnan zı­rın fərqini bi­lirsənmi?”  sualını verərdilər.Təbii ki, yeniyetmə hırnan zırın fərqini heç anlamaz və dik­baş­lı­ğın­dan peşiman olardı. Deməyək ki, indi elm və texnika o qə­dər inkişaf edib ki, insan kompüterlə, internetlə, mobil rabitə ilə, rəqəmsal sis­tem­lər­­lə məş­ğul­dur və çox ağıllıdır. Hətta o qədər ağıllı ki, hırnan zırın fərqini hamı əzbər bilir. Xeyr! Axtarış saytlarına bu sualı versən konkret cavab tapa bilməyəcəksən. Elm və texnika çox inkişaf etmişsə də insanlığın orta səviy­yə­də ağlı heç də artmamışdır. Artmış olsaydı, ekologiyanı bunca korlamaz, iqlimi bu qədər də­yiş­məz, təbiətin anasını bir belə ağlar qoymazdılar. Ağıllı sayılan bəşə­riy­yət öz çıxdığı budağı kə­sərmi? Bu ya­xın­lar­da  ənənəvi cavanlıq sualını yaşı qırxa çatmış 10 ada­ma ver­dim. Qırx yaş müd­rik­li­yin cavanlığı hesab olunur. Qırxına qədər öy­rən­mə­yən qır­xın­dan sonra öyrənərsə, onu görunda çalar. Bunu hətta peyğəm­bər­lik yaşı da he­­­sab edir­lər. Təssüflər olsun ki, mənim bu, sadə sualıma kimsə düz-əməl­li ca­vab verə bilmədi. Heç bu sor­ğunu keçirtməyə ehtiyac da yox imiş. Çünki bu barədə dü­şünənə qədər əvvəllər onu heç özüm də düz-əməlli bilmirdim. Düşünmək çox mühüm mə­sələdir. Əslində bu “hırnan zı­rın fərqi” nə bəla sualdır ki? Halbuki, onu ən sa­də yolla da şərh etmək və anlamaq müm­kündür. Bildiyimiz kimi “zır” cüm­­lə­də hər hansı bir sözə  si­fət olaraq bağlandıqda ( “zır dəli”, “zırpı”, “zırıltı”, “zıp­pıltı”, “zı­rıl­damaq”,”zırrama”,..) hə­min şe­yin ən qatı, ən güclü, lap böyük, ən yaxşı və ya pisin də daha yük­sək formasını ifadə edir. “Hır” isə hər hansı bir sözə, şəkilçiyə, səsə bağlandıqda ( “hırsız”, “hırıltı”,”hırrama”,..) ək­sinə, ən aşağı, ən zəif, ən pis, ən kiçik və ya əks tərəfin də ən son həd­dini an­ladır. Məsələn, “hır­sız”  oğru deməkdir. Yəni ən aşa­ğı səviyyədə arı, abırı, im­kanı olmayan birisi ge­dib  baş­qa­sından oğurluq edər. Be­ləliklə, “Hırnan zırın fər­qi­ni bilməyən”  adam ən aşa­ğı ilə ən yuxarının, ən ki­çik­lə lap böyüyün, ən pislə ən yax­şının fərqini anla­ma­ya­caq qədər nadan, abdal, mənəviyyatı, insaf-mürüvvəti, bə­si­rəti tamam kor  birisi de­mək­dir. Belələri hə­ya­tı­mız­da azdırmı?  Elə hey hamı zə­ma­nədən şikayət edir. Am­ma bir düşünmürük ki, bu zəmanəni bu günə qoyan elə hırnan zırın fərqini anla­ma­yan­lardır. Gü­nü­müz­də ba­şımızı 360 dərəcə hər­lət­mə­yi­miz kifayət edir ki, gör­dük­lə­rimizdə bir çox tanış-bi­lişin, qohum-qonşunun, kü­çə­dən keçənin, bəzi mə­mur­la­rın, eləcə də bəzi məsul, sə­lahiyyətli və ya səla­hiy­yət­siz şəxsin “hırnan zırın fər­qi”ni anlamadığı aşkar mə­lum olsun. Məsələn, gö­rür­sən ki, küçədə bir qonşu yeni ma­ğaza açdı və başladı ər­zaq malları satmağa. Onun yaxşı alver etdiyini görən di­gər qonşu gecələr rahat yata bilmir və çox keçmir ki, ya­xınlıqda o da bir ərzaq ma­ğazası açır. Sonra üçüncü ey­ni cür mağaza açılır və çox keçmir ki, hər üçü müf­lis olur,  vitrinində mağazasını sat­ması barədə elan vərəqi görünür. Və ya bir-bi­ri­nin bəh­sinə bahalı maşınlar alır, təm­təraqlı ev tikdirir və özlərini borc, kredit ucba­tın­dan pis vəziyyətə sa­lır­lar. Hırnan zırın fərqini anlasalar bi­lərlər ki, baş­qa­sı­nın ru­zusuna göz dikən öz ru­zusundan da olar. Yəni ev yıxandan ev quran olmaz. Hır­nan zırın fərqini an­la­ma­yan gənc qadınlar ailəli kişilərə mehr salırlar və ya əksinə, gənc oğlanlar ailəli qa­dını yoldan çıxart­ma­ğa vaxt və enerji sərf edirlər. Fərqi qanan adam bilər ki, öz ha­lal­ca ailəsinə sə­daqət göstərməyən qadın və ya kişi bir baş­qa­sı­na heç sədaqətli ol­maz. Şə­hərdə ha yana baxırsan hamı nəsə satmaq barədə fikir­lə­şir və dükan açır. Ancaq is­­teh­sal, tədarük, vasitəçilik, kəşf, elm və ya adicə evdarlıq xidməti barədə dü­şü­nən yoxdur. Şəhərləri əvvəl çay­xa­nalar ba­şına götürmüşdüsə, indi mağazalar və şadlıq sa­ray­ları sıralama düzülüb. Bir ölkədə, bir şəhərdə bu qədər şadlıq sarayı olarmı?! Azad bazar münasibətləri  heç də iqtisadiyyatın bazara çevrilməsi demək deyil axı. Əgər o tam azad olma­lı­dır­sa, bəs ŞİH-lərdə iqtisa­diy­yat, sənaye, kənd təsərrüfatı şö­bələri və ya eyni adlı nazirliklər nə üçün­dür? De­mə­li, hırnan zırın fərqini an­la­ma­yanlar bütün züm­rə­lər­də və pillələrdə var. Kimsə, han­sısa bir struktur hö­ku­mət­də bu kimi ifrat halları tənzimləməlidir, ya yox?! Ya­xud da, götürək qəzetçiliyi. Hələ də hər yerindən duran bir qə­zet açır. Vaxtı ilə də bir fikirləşən ol­ma­dı ki, təh­sili, ixtisası və peşəkarlıq qabiliyyəti çat­ma­dan bu qədər adamın qəzet aç­ma­sı ab­surd­dur. İxtisasın, təhsilin yol verirsə, eybi yox, bunu anlamaq olar; heç milli mətbuatımızın banisi Həsən bəy Zərdabi də  peşə etibarı ilə jurnalist olmayıb. Amma humanitar sahə üzrə ixtisaslı olanların ha­mısı ix­ti­sas­ca qəzetçi sayıla bilməz axı. Bilməzsə, deməli, onun  naşirliyi əslində əl-aya­ğa do­laş­maq­dır, zövqü korlamaqdır, sözün çəkisini aşağı salmaqdır, vəssəlam. Demokratiya naminə bunu anlamadıqda qəzetbazlıq artıb mət­bu­atda sıxlıq, qa­rışıqlıq – tıxac yarada bilərdi və yaratdı da. Nəticədə, abırlı, həyalı, millət üçün fay­dalı qəzetlərin satışı erotika dərc edən sarı mətbuatın qar­şısında uduzdu, sıradan çıx­dı. Hırnan zırın fərqi bilinsəydi qeyri peşə sahib­lə­ri­nə qəzetçilik və ya naşirlik strukturları həvalə olunmazdı. Belə olmasaydı, hansısa nəşriyyat əsil nəşriyyatın müəllfdən pul qopartmağı deyil, əsərini qəbul edib ona pul-qonorar ver­məli ol­du­ğu­nu anlayardı və indi ədəbiy­ya­tı­mız can yatağına düşməzdi. Deməyək ki, bu yaş və baş məsələsidir. Elə yaşlı adam­lar var ki, onun etdiyi məntiqsizliyi heç Fil Dişi sa­hil­lərində əyninə paltar əvə­zinə yekə yarpaq bağ­layan (çox vaxt heç onu da bağ­la­ma­yan) aborigenlər də etməz. Məsələn, adam özü üçün 16 mərtəbəli bi­na tikdirir ki, sonra satıb pul qa­zan­sın. Amma özünün in­şa­at mühəndisliyindən an­layışı ol­ma­dığı halda, ətrafına da ali təh­sili instituta  rüş­vət­lə daxil olub, diplomu pul ilə almış mü­tə­xəs­sisləri toplayır. Guya ki sementə qə­na­ət edirlər deyə özü özündən oğurlayır və bina başa çat­ha-çatda aşır, uçulur Nəticədə adam həm maddi ziyana, həm də həbsə düşür. Yaxud da, adam İqti­sa­diy­­yat və ya adi­cə menecerlik, satıcılıq üzrə kurs belə bitirmədən bizneslə məşğul olur, sonda pu­lunu da, özünü də batırır. Əgər hər bir kəs biznesmen ola bilər­mişsə, bəs on­da mü­vafiq ali məktəblər və kolleclər nə üçün imiş?  Mən hələ onu demirəm ki, hər kənd­­də yaşa­yan­ kəs və ya pulun bolluğuna  düşüb kənddə böyük torpaq sahəsi alan­­lar hırnan zırın fərqini qanmadan birbaşa kəndli-fermer təsərrüfatı yara­dır­lar. Məh­sulu ha­ra­da və təxminən neçəyə satacağını bil­­mədən əkin apa­ran belə “fer­mer­lər”  əkinçiliyin spe­si­fi­ka­sını anlamadan bol məhsul göz­lə­­yirlər. Təbii ki, çox hallar­da buna na­il olmurlar. Təsadüfən bol məhsul əldə etdikdə isə onu sata bilməyib, puça çı­xar­dır­lar. Yoxsa ki, kənd təsərrüfatı profilli institut və ya kol­­leclər nəyə la­zım ola­caq­dı? Aqro­nom­lar, zo­otexniklər çayxanalarda boş-bekar otu­­rub domino çır­pır, mək­təb­də tarixdən dərs deyən İsfəndiyar müəllim isə taxıl əkdirir! İşə bax! Hələ üs­tə­lik, İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri bu cür qeyri pe­şəkarlara ma­liy­yə yardımı da göstərir, banklar kredit də verirlər. Deməli, bank­lar­da və müvafiq na­­zir­lik­lərdə oturmuş əmilər də hırnan zırın fərqini bilmir­lər­miş. O gün Bakıda köh­­nə mil­li bankın arxasından keçirdim. İmadəddin Nəsi­mi­nin hey­kəlinin yerinə qay­­ta­rıldığını görüb sevindim. Amma... heykəlin arxasında tikilmiş univermağın iri pən­cərələrini müasir geyimdə,yarıçılpaq, “fasonnı” duruşda zənən şəkilləri və rek­lam pa­noları tut­muş­du. Yəqin ki, yenilənən panolar idi və çox güman ki, orada “Pam­pers” və ya “Olvais” reklamları da olmuşdu. Çox gülünc bir mənzərə  idi.  XIV- XV əsrin klassik şairi Seyid İmadəddin Nəsiminin dərisi so­yulan, qolları bağ­lan­mış heykəli hara, arxasındakı fonda müasir və iri qadın şəkilləri hara?.. Kom­po­zisiya tamamlanmalıdır axı. Ancaq əcaib bir mənzərə gö­rü­nürdü.  Bakı şəhər İcra Hakimiyyətinin memarlıq departamentində bu sadə həqiqəti görmək və anlamaq üçün hökmən hırnan zırın fərqini bilmək lazımdırmı? Bu yaxın­lar­da Millət vəkili Fazil Mustafa ilə bir TV verlişdə idik. Bəy əfəndi canlı verlişə son dəqiqələrdə gəlib çatdı. Təy­yarə ilə haradansa gəlirmiş. Bakının Bey­nəlxalq Ha­va limanında VİP zalda namaz qılmağa bir balaca otaqlıq ibadət yeri olma­­dı­ğın­dan deyinirdi. Hansısa müsəlman ölkəsinin ali Dövlət məmuru burada göz­lə­yərkən və ya Bakıya gəliş zamanı namaz vaxtına düşə bilərdi. Bu zaman belə nəhəng bir aeroportda ibadət otağının olmadığını tərcüməçilər və ya xidmətçilər necə  izah edə biləcəkdilər?  Guya ki, bu bizim dün­yə­vi dövlət olmağımızı ifadə edir­disə, dünya bay­rağımızdakı yaşıl rəngi görmürmü? Bir çox diletantlar da əslində “hırnan zır” sa­rıdan mağmun olduqlarına gö­rədir ki, Azərbaycanın İslam dövləti  olmadığını vur­ğulamaqdan həzz alırlar. Döv­lət rəsmən olmasa da, ölkə əhalisinin böyük ək­sə­riy­yəti ki müsəlmandır və de­məli, Azərbaycan müsəlman ölkəsidir. Bu müsəlman ölkəsində qadınlar lütlənməyə meyillənirlərsə, bunu heç hırnan zırın fərqini yaxşı anlaya bilənlər də başa düşməz. Sabir Mirzəyev kimi korifey sənətçi qaldığı halda onun şagirdinin şagirdi səviyyəsində oxuyanlara fəxri adlar verilirdisə, deməli, hırnan zırın fərqini anlamayanlar  incəsənətdə də az deyil.
Mən hələ siyasətdə olanları demirəm. Xüsusən müxalifətdə tamam sıxlıqdır.
Baxaq futbolumuza,.. baxaq elmə, təhsilə, mədəniyyətə,..
Hər birimiz ət­ra­fımıza bir nəzər salaq. Nə qə­dər beləsini görəcəyik?!
Hırnan zırın fərqini anlamayan kəsləri daha dəqiq  görmək istəyənlər nəhayət çaşıb güzgüyə də baxa bilərlər. Diksinməsinlər.

Комментариев нет:

Отправить комментарий