07.08.2012

Pərviz Əzimov - SEÇİM


Günəş ətrafı isitməyə başlamışdı, yayın gəlişi duyulurdu bu sabah. Hər zamankı 27 may sabahlarından biri idi. Universitetin ikinci mərtəbəsinə Cəfər Bağırovun tərkibində bolşevizm duyulan səsi yayılmışdı. O, “Avropaşunaslıq” ixtisası üzrə təhsil alanlara “Avropada özünüifadə tarixi və Con Milton” mövzusunda mühazirə oxuyurdu. Dərsdə oturan bütün tələbələr artıq onun dərsindən bezmişdi. Sovet təfəkkürü ilə yaşyan bir insanın Avropa cəmiyyətinin necəliyindən mühazirə oxuması tələbələr tərəfindən həm gülüşə səbəb olurdu, həm də bəzən onları bezdirirdi. Bu gün də eyni mənzərə idi. Sanki heç kim Cəfər Bağırovu eşitmirdi, hamı danışırdı…

Bu zaman Fakultənin dekanı Misir Məhərrəmov anidən içəri daxil olub otaqda bir sükut yaratdı:
- Cəfər müəllim üzr istəyirəm – Dekan əsəbi şəkildə sözünə davam etdi – Rektor Azadəni çağırır. Allah bilir bu müxalifətçinin qızı yenə nə edib?! Dur qızım gedək mənimlə.
Azadə heç bir söz demədən ayağa durub, dekanın arxasınca otaqdan çıxdı, amma nə baş verdiyini anlamırdı. İki həftədən çox idi ki, o heç bir ictimai tədbirə də getmirdi. Bir tələbə üçün bu adi hal sayılsa da universitet rəhbərliyi buna pis baxırdı. Dekanın “Allah bilir bu müxalifətçinin qızı yenə nə edib?!” deməsi onda həyacan yaratmışdı.
Bunu düşünə – düşünə Azadə pilləkənlərlə yuxarı qalxmağa başladı. Rektorun otağı 5-ci mərtəbədə yerləşdiyi üçün, az da osla düşünməyə vaxtı var idi.
Azadə son bir neçə gündə etdiyi bütün işləri gözünün önündə canlandırmağa çalışırdı. Hətta sosial şəbəkələrdə dostları ilə danışdığı hər şeyi bir-bir xatırlayırdı. Bir anlıq ayaq saxladı. Sanki nəsə çox vacib bir məsələni xatırlamışdı. Bəli, axşam oxuduğu bir elan yadına düşdü. Bir qrup gəncin yazdığı elanda bu sözlər yazılmışdı: “28 apreldə dəyərli jurnalistimiz, “Azad Düşüncə” qəzetinin baş redaktoru, Azad Rəsulzadənin şərlənərək həbs olunmasının 1 ili tamam olur. Bizlər buna etiraz əlaməti olaraq Mətbuat Şurasının, Ali Məhkəmənin və Prezident Adminstrasiyasının qarşısında aksiya keçirdəcəyik. İstəyənlər bizə qoşula bilər”.
Haqqında  danışlan adam Azadənin atası idi. O, ötən il, aprel ayının 28-də saxta ittihamlarla həbs olunmuşdu. Həddindən artıq sərt tənqidlər yazan Azad Rəsulzadənin həbsinin siyasi sifariş olması hər kəsə məlum idi. Rəsmi ittihamda isə bildirilirdi ki, guya Azad Yaponiya kəşfiyyatına işləyirmiş.
Azadə nə üçün çağırıldığını təxmin etmişdi…
Rektorun otağına daxil olub salam verdi. O, artıq harda oturmaq lazım olduğunu bilirdi. Təhsil aldığı müddətdə bəlkə də bu otağa ən çox çağrılan tələbə idi. Içəri  girib, hər zaman oturduğu yerdə oturdu. Rektor başını qaldırmadan və salamın cavabını almadan danışmağa başladı:
- Qızım şükürlər olsun ki, sakit və əminaman yaşayırıq. Yavaş-yavaş demokratiyaya da sahib olarıq – Ayağa durub Azadənin qarşısında dayanaraq sözünə davam etdi – Unutmaq lazım deyil ki,  bizim Qarabağ kimi bir problemimiz var. Belə olan halda biz hökümətdən demokratiya tələb edə bilmərik. Bilirəm sabah sənin atanın həbs olunmasının 1 ili tamam olur. Allah qapısını açsın…
Rektor danışdıqca Azadə səbrsizlənməyə başlayırdı. Onun son cümləsini eşidəndə istədi ayağa qalxıb rektora desin ki, “Allahın sizə borcu var? Özünüz bağlamısız, özünüzdə açın da qapısını”. Ancaq hislərini cilovlayıb susmağı üstün tutdu. Rektor isə dərindən nəfəs alıb sözünə davam etdi:
- Mənə zəng edib dedilər ki, sabah aksiya olacaq və guya sən də həmin aksiyada olacaqsan. Bu sənin haqqındır, məsələ də sənin atanla bağlıdır, ancaq məni də başa düş. Zəng edib dedilər ki, əgər o qız akiyaya getsə, onu universitetdən xaric edərsən.
Azadə hələ də danışmırdı. Onun bu hərəkəti isə rektoru şübhələndirməyə başlamışdı. O, hər hansı bir mübahisənin yersiz olduğunu bildiyi üçün susurdu. Bu sovet insanına nəyi isə başa salmaq qədər çətin iş yox idi. Rektor isə danışmağa davam edirdi:
- İndi mənim də borcumdu bu sənə deyim. Əlimdən başqa heç bir şey gəlmir. Mənim üçün fərqi yoxdur. Gedə də bilərsən, ancaq özünə ziyanın olar.
Azadə bilirdi ki, sifətindən yaltaqlıq yağan bu insan yalan danışır. Rektor özünə görə daha çox narahat  idi.  Əgər sabah aksiyaya getsə, buna görə, rektoru da danlayacaqdılar, amma qərarsız qalmışdı. Bilmirdi hansı yolu seçsin…
Əslində belə bir təhsildən imtina etmək çox da çətin bir iş deyildi. Zatən universitetdə təhsildən başqa hər şey var idi. Ancaq bəzi amillər ona bunu etməyə mane olurdu.  Azadənin universitetə daxil olmaq barədə xəbər çıxanda atası 4 ay idi ki, həbs olunmuşdu. Şad xəbəri atasına vermək üçün həbsxanay gedəndə, hətta atasını əmin etmişdi ki, universiteti zamanında bitirəcək, dərslərini yaxşı oxuyacaq. İndi isə rektorun şərəfsizlik nümunəsi olan bu nitqi onu çox əsəbləşdirmişdi.  O sual qarşısında qalmışdı; Atasına görə təhsilimi seçməli idi, ya atasına görə təhsildən imtinamı etməli idi? Artıq özü haqqında heç bir şey düşünmürdü. Ürəyindən  keçən isə divardakı portreti yerindən götürüb, rektorun üstünə atmaq idi.
Özünə suallar verdikcə sanki, bütün həyatı, hətta planlaşdırdığı gələcəyi belə gözünün önündə canlanırdı. Artıq rektorun danışdıqlarını eşitmirdi. Suallar isə az qala beynində yerləşməyib, maye şəklində axacaqdı. Bəlkə də bu maye damcıları düz onun gözünün içinə baxaraq vermək istəyirdi sualları.
Bir-bir keçirdi gözünün qarşısından…
Qrup yoldaşları, universitetə gələrkən avtobusun pəncərəsində canlanan məsum təbiət, həbsxanaya – atasına şad xəbər aparması, atasının həbs olunma səhnəsi, vicdanı, anasının axacaq göz yaşları. Hətta birbaşa sual verə bilsin deyə Allahı da gözlərinin önündə canlandırırdı.  Atasına belə etiraz etmək keçirdi ürəyindən. Etiraz edib demək istəyirdi ki, onu niyə bu məmləkətdə böyüdüb?!
Bir anlıq sanki yuxudan ayılırmış kimi, rektorun nə danışdığının fərqinə varmadan, nəyisə xatırladı və rektora məhəl qoymadan qətiyyətli səslə özü-özünə dedi: “Axı mən “Avropşunaslıq”da təhsil alıram…”
Bundan sonra o, heç bir söz demədən otağı tərk etdi.

pervizezimov@gmail.com

Комментариев нет:

Отправить комментарий