09.08.2012

Şəhid professor Novruzəli Məmmədovun xanımı Məryəm Məmmədovaya açıq məktub

Əziz Məryəm Xanım!
Allah xətrinə məni baışlayın ki, artiq bir aydir Sizinlə əlaqə saxlaya bilmirəm, halbuki bircə gün belə Sizə zəng vurmayanda, ya Sizə gəlməyəndə "ay ogul nə tez sən də bizi unutdun, nə baş verib axı?!”, - deyib narahatlığnızı bildirirdiniz...
Məryəm Xanım, hər dəfə olduğu kimi, bu dəfə də bir bəhanə - bir söz tapa bilmədiyimdən Allah xətrinə günahımdan keçin... Amma yenə də hər dəfə Sizə gəlib-getdiyim, ya zəngləşdiyim vaxt dediyim kimi, "Səbr edin, İnşAllah zülm yerdə qalmaz, Vallah və billah qalmaz, hər zülmün, hər zülmət gecənin nurlu bir səhəri olduğu üçün, siz də, biz də yaxın bir gündə çəkdiyimiz min bir zülmün əvəzində yüz min və daha çox müjdəli günləri də birgə yaşayacağıq, İnşAllah”.

Məryəm Xanım, bilirəm ki, həyat yoldaşınızı – hamımızın Ustadı prof. Novruzəli Məmmədovu və iki övladınızı itirməklə üç ağır müsibətə düçar olmusuz. Bu müsübətlərə düçar olan bir ana - bir insan üçün bu dəfə onların ailəsinin hüquqlarını müdafiə edən bir şəxsin həbsi də bir o qədər növbəti ağır zərbə, növbəti ağır dərddir. Bilirəm ki, qurumuş göz yaşlarınız yenidən parıldamağa başlamışdır... Amma yenə də, əvvəlki kimi Sizi tam arxayınlaşdırmaq istəyirəm ki, darıxmayasınız, səbr edəsiniz, belə getməz, gec-tez HAQQ öz yerini tutar, onsuz da bu gün, ya sabah həbs ediləcəyimiz, ya qətl oluna biləcəyimizi gözləyirdik... Əslində Siz də, prof. Svetlana Alekseyevna Qanuşkina da, diğərləri də bunu gözlədiyindən, dəfələrlə məni Azərbaycanı tərk etməyə xahiş edirdiniz, hər gün, hər an mənə görə bütün qohum-əqrabam da narahat idi və ölkəni tərk etməyimi arzulayırdılar, dəfələrlə qonşularım, sahə müvəkkilləri izləndiyimi bildirdilər... Bu barədə dəfələrlə bəyanatlar da verməyimə baxmayaraq, mən Vətəni yenə də tərk etmək istəmədim: Hər dəfə Sizə və digərlərinə dediyim kimi, "axı bu ölkədə bizlərdən kimsə qalmalıdır...” Bu "bizlər” isə heç bir sərvətə göz dikməyən, ölkənin və xalqın xoşbəxt, azad, demokratik gələcəyini düşünən azadfikirli insanlarıq...
Əziz Məryəm Xanım!
Hər dəfə Sizə təkrarladığım kimi, bu dəfə də bildirirəm ki, hər bir haqsız zülmdə həm zülmə məruz qalan üçün, həm də digərləri üçün saysız-hesabsız hikmətlər olduğu kimi, mənim də həbsimdə həm özüm, həm də minlərlə insanlar üçün min bir ibrət gizlənir...
Dünya zindanında olarkən, bəzən o-bu dünyəvi bəhanələrlə namazlarımı qəzaya verir, o mütləq Xaliqi barədə zikir, şükür və fikir etməkdən yayınardım. Amma indi buna kifayət qədər vaxtım var və az qala hər an günahlarımın əhfindən ötrü dua edirəm.
Məryəm xanım, bilirəm ki, bütün yaxın qohum, dost və tanışlarım kimi, saxlanma şəraitimdən də narahatsınız. Darıxmayın, dünyanı ozünə hələm uşaqlıqdan zindan bilən bir kimsəni kiçik zindanlar hürkütməz, əksinə burada insanlar biri-birinə münasibətdə daha ədalətli olmağa cəhd edirlər. Məryəm xanım, həbsimin digər (bəlkə də yüzminlərlə) insanlar üçün də xeyri çoxdur... Bütün ölkə və dünya bir daha qət etdi ki, bu gün ölkəmizdə nə baş verir: hətta hakimyətə kifayət qədər yaxın insanlar da bir alim-müəllimin cibinə narkotika atılaraq, onu bu üfünəti satmaqda ittiham edən güvvələrin nə qədər haqsiz, qəddar və nə qədər üfünətli olduğunu bir daha dərk etdilər...
Demək zalıma nifrət birə min qat artdı və sabahkı labüd süqutu tezləşdi... Əziz Məryəm xanım, bu narkotika oyunlarının elə də yüksək effekt vermədiyini görən o zalımlar 12-gün keçdikdən sonra daha 2 qondarma - 274 (dövlətə xəyanət) və 288 (milli, dini ayrıseçkilik) ittihamı ünvanıma yükləməklə özilərini lap rüsvay etdilər: rəhmətlik Novruzəli müəllimin ünvanına yazılan ittiham nöqtə-vergülünə toxunmadan mənə şamil edilməsi onu göstərdi ki, kompyuter yaddaşındakı (Ali məhkəmənin və Apelyasiyya məhkəməsinin saytında baxa bilərsiniz) mətndən "Novruzəli” sözü "Hilal” ilə əvəz edilmişdir və mənə heç aidiyyəti olmayan kəlmələr də orada təkrarlanmışdır. Amma bir şey mənə qətiyyən aydın olmadı: heç cəsus da narkotika satar?
Məryəm xanım, sizdən xaiş edirəm, bəlkə oxuduğunuz son detektivlərdə (bilirəm çox oxumusuz) belə hallar hansısa digər bir ölkədə də baş vermişdir və bundan xəbərimiz yoxdur?! Yoxsa yalnız bizim analoqsuz ölkəmizdə bu növbəti analoqsuz "cəsuzluq” variantıdır???
Əziz Məryəm xanım, Novruzəli müəllimi, Kamranı və Emili itirdikdən sonra Allaha "Məni də götür” deyib yalvardığınız an Sizə demişdim: bəs bizi - Sizi özünə bir müqəddəs mənəvi ana hesab edən və "Məryəm Ana!” deyib müraciət edən onlarla-yüzlərlə insanları özünüzə övlad sanmırsınızmı? İndi də Sizin dualarınıza böyük ümüdlə bu kiçik dünya zindanından əvvəlki optimist, o azad xoşbəxt gələcəyimizə ümüdlə Allahdan sizə SƏBR və uzun ömür arzulayıram. Bu gün Sizin çiyinlərinizə düşən məhsulyət yükünün də nə qədər ağırlaşdığını bilirik, neyniyək, milyonlarla məzlum insanların müqəddəs Məryəm Anaya ümüd bəslədikləri kimi, biz də sizin mənəvi dəstəyinizə bir daha ehtiyac duyuruq.
Əziz Məryəm Ana!
Bilirəm ki, bu son 5 ildə az qala hər gün mənim qətl oluna biləcəyimdən ehtiyat etdiyiniz kimi, bu gün də həyəcan keçirirsiniz: darıxmayın, inşallah mübarək Məryəm anamızla bu dünyada ikən yaxın vaxtlarda görüşməyimizə xalqımız imkan yaradacaqdır. O mütləq NURun fərmanı olmadan, bir yarpaq belə vaxtından tez ağacdan düşməz!!! Allah Sizi və cəmi haqq sevənləri qorusun. AMİN!!!

Hilal Məmmədov
(20 iyul, Kürdəxanı)

Комментариев нет:

Отправить комментарий