10.08.2012

SOMALİ QEYDLƏRİ ( 1-ci yazı)

Qənirə Paşayeva

Somali...
Mogadışı...
İstanbuldan təyyarə ilə yola düşdük. Bir qədər qarışıq duyğular keçirirəm. Təyyarəmiz Sudanda Xartum hava limanında endi... Təqribən bir saat təyyarədə gözlədik. Bir saat sonra günəş doğarkən Moqadişiyə yola düşdük. Moqadişi hava limanı dəniz kənarında və dənizə parallel yerləşir. Hava limanını bəlkə yüzlərlə əsgər qoruyur... Səbəbi 21 ildir davam edən iç savaşdır...
Somalinin paytaxtı Moqadişi 21 illik daxili müharibədən yorğun düşmüş bir şəhərdir...
Bizi Orhan bəy qarşılayır... Orhan Erdoğan. Kimse Yokmu Dərnəyinin Somali və Afrika sorumlusu... O, qədər səmimi və mehriban insandır ki...
Üstəlik Azərbaycan Orhan bəyin qəlbində xüsusi bir yerə malikdir. Düz 8 il Bakıda, Lənkaranda, Qubada Türk okullarında işləyib. Övladının biri Azərbaycanda dünyaya gəlib. Artıq xeyli zamandır ki, Somalidə aclıqdan və xəstəlikdən əziyyət şəkən insanlara böyük yardımlar göstərən dərnəyin rəhbəri kimi çalışır. Yol boyunca real vəziyyətlə bağlı söhbətlər edirik...
Dünyada bir çox müharibə və fəlakət bölgələrində olmuşam amma Somali kimisini görməmişəm.. Tam bir fəlakət bölgəsi...
Hava limanından şəhərə doğru hərəkət edərkən əsgəri barrikadalar yerləşir. Afrika Birliyinin bölgəyə yolladığı birlik qüvvələri aeroporta girib-çıxanlara nəzarət edir. Hər an hücum ola bilər. Yol boyu gördüyümüz insanların böyük hissəsi silahlı idi. Kimisi əsgər, kimisi polis, kimisi özəl mühafizəçi. Uniformalarında o qədər də bəlli olmur.
Əslində elə yol boyu gördüklərimiz bizə real vəziyyəti anlamaq üçün kifayət edir... Həyatım boyunca bir çox fəlakət bölgəsində olsam da indi görürəm ki, yaşayacaqlarıma heç də hazır deyilmişəm. Bura tam fərqli və fəlakətlərlə dolu bir yerdir.. Qəzetdə oxunanlar, TV-də izlənənlər heç bir şey deyilmiş Somalidə yaşanan fəlakətləri ancaq yerində olmaqla anlamaq mümkündür.
İlk öncə burada təhlükəsizlik adlanan bir anlayış yoxdur... Qətillər, sui-qəsdlər adi bir haldır... Yabançılar isə özünü xüsusilə heç rahat hiss edə bilməzlər... Ölkədə sabitlik və stabillikdə maraqlı olmayan qüvvələrin əsas hədəfində yabançılardır... Tək gəzmək mümkün deyil... Hər dəqiqə ölümü yanınızda hiss edirsiniz...Bir neçə əsgərin müşayiəti ilə şəhərə doğru gedirik. Yol boru mənə xəbərdarlıq edirlər... Sizə çox yaxın gələn uşaq və qadınlara diqqətlə nəzər salacaqsınız. Çünki qadın, xüsusilə uşaqlardan canlı bomba kimi istifadə edilməsi halları var. Xüsusilə uşaqlardan... Bir şokalad müqabilində belə uşağı aldadıb ona bomba bağlayıb yanınıza göndərə bilərlə... İnsan dəhşətə gəlir... Hələ bu harasıdır...
21 illik daxili müharibə nəticəsində Somali əhalisində kişilərin sayı o qədər surətlə azalmış ki, bu gün əhalinin 75 faizini qadınlar, sadəcə 25 faizini kişilər təşkil edir..
Yol boyu gördüyüm fəlakətlərə baxaraq düşünürəm ki, hələ keçən yüzildə Somali Afrikanın qida depolarından biri idi. Bu gün isə daxili savaşlar səbəbindən aclığın və səfalətin pəncəsində qıvrılır...
Bir az pul müqabilində hər kəs silah əldə edib saxlaya bilir... Nəinki saxlaya rahatlıqla gəzdirə də...
Ölkələrin əksəriyyəti təhlükəsizlik baxımından Somali səfirliyini Kenyada açmışlar. Burda fəaliyyət göstərən səfirlik Türkiyə səfirliyidir ki, insanda qürur hissi doğurur. Afrikanın digər ölkələrində gördüyümüz qərblilər Somalidə heç qarşımıza çıxmırlar... Çünki təhlükəsizliyin heç olmadığını yaxşı bilirlər...
Hərəkət etdikcə qarşımıza dəlik-deşik olmuş xaraba binalar çıxır. Divarlarda minlərcə güllə, raket zərbələrinin izi var. Bu izlər ölkənin yaşadığı daxili müharibənin nə qədər yorucu və bezdirici olduğunu göstərməyə kifayət edir.
Küçələr, yollar, evlər hətta şəhərin mərkəzi belə xarabalıqları xatırladır...
Moqadişi küçələrində minlərcə qaçqın var. Boş torpaqlara yerləşmiş qaçqınlar şəxsi imkanları hesabına özlərinə balaca çadırlar qurmuşlar. Əsas insani ehtiyaclarını ödəməkdə əziyyət çəkən bu insanlar iqtisadiyyatın çökdüyü bir ölkədə yaşamaq uğrunda mübarizə aparırlar. 21 illik daxili müharibəyə baxmayaraq toplumun yaşamaq uğrunda apardığı mübarizə təqdirəlayiqdir.
Aclıq və səfalət o qədər dəhşətlidir ki... Çadırlar insanı dəhşətə gətirir.. Bir tikə çörəyə möhtac, aclıqdan və xəstəliklərdən ölən insanların sayı isə yüzlərlədir...
Aclıq bu ölkənin ən böyük problemidir... İkinci yerdə məncə sağlıq gəlir... Sağlıq sektoru demək olar ki, yox dərəcəsindədir. Normal xəstəxana tapmaq qeyri-mümkündür. Həkim və dərman çatışmazlığı dəhşətli bir problemdir. Hər gün yüzlərlə uşaq xəstəliklərin qurbanı olur. Somalinin ən böyük problemlərindən biri də təhsildir. Cəhalət geniş yayılıb.
Yabançılar içərisində Somalilərin ən çox sevgi ilə yanaşdığı türklərdir. Bu günə düşmələrində bir sıra xarici ölkələrin böyük rol oynadıqlarını və bu gün də bu rolu oynamaqda davam etdirmələrində görür Somalilər... Əslində haqlıdırlar... Hələ də Osmanlə dönəmində yaşadıqları rahat dövürlərini həsrətlə xatırlayırlar və ö üzdən də türklərə qarşı böyük sayğı duyurlar... Əslində bu gün də Somalini bu ağır vəziyyətində məhv olmaqdan xilas edən yenə türklərdir.... Bu barədə axşam ətraflı yazacam. İndi getməliyəm. Qısa fasilədən sonra gərgin bir iş qrafiki yenə bizi gözləyir. Bu gün çoxlu sayda xəstə uşağı müayinə etməyə davam etməliyik. Sonra da xeyirxah dostların yetim uşaqlar üçün hazırlarığı yardım hədiyyələrini aparıb yetimxanaların birini ziyarət etməliyik. Bir sözlə gərgin bir günün yarısı başa çatsa da hələ qarşıda yarım gün ərzində görməli olduğumuz çoxlu işlərimiz var...

Комментариев нет:

Отправить комментарий