10.08.2012

"Xaricdən ölkəyə peyvənd vaksinləri gətirilməsin"

“Xalam oğlunu da peyvənd öldürdü…”

Səhiyyə Nazirliyini məhkəməyə verən şəxs: “Bir tələbim də odur ki, xaricdən ölkəyə peyvənd vaksinləri gətirilməsin”

Autizm uşaqlarda üç yaşından əvvəl özünü büruzə verən və ömür boyu sürən xəstəlikdir. Bu mərəz uşaqları ictimai münasibətlərdən qaçmağa, məhdud və təkrarlanan davranışlara gətirib çıxarır. Dərinə gedəndə autizm xəstəlik deyil, bir növ davranışdır, amma beynin inkişafına maneə törədir. Autizm irsən keçir.
Autizm anlayışı ilk dəfə 1938-ci ildə Vyanalı professor Hans Aspergerin uşaq psixologiyası üzərində apardığı araşdırmalardan sonra yaranıb. Professor Asperger hazırda “Asperger sindromu” olaraq tanınan xəstəliyi araşdırırdı və beləcə autizmi kəşf elədi. Amma o, ayrıca xəstəlik kimi ilk dəfə 1943-cü ildə amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən tədqiq edildi.

Autizmli uşağı necə müəyyən edək?

Müasir Psixologiya Mərkəzinin psixoloqu Aidə Nəbiyeva deyir ki, uşaqlarda autizmin tipik xüsusiyyətləri belə sıralanır: “Başqalarına qarşı maraqsızdır, göz təmasından qaçır, ünsiyyət qurmur, istəklərini başqalarının əllərindən istifadə ilə ifadə edir, digər uşaqlarla oynamır, uzun müddət eyni mövzuda danışır, səbəbsiz ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir, mənasız sözləri ardıcıl təkrarlayır”.
Psixoloqun sözlərinə görə, autizmli uşağın predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir, yaradıcılıq tələb edən oyunları bacarmır: “Onlar hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir, davamlı olaraq eyni oyunları oynayır. Onlar ağrıya qarşı laqeyd olur, səslərə həddindən artıq həssaslıq və ya həddindən çox laqeydlik də müşahidə olunur. Onlar cavab vermək əvəzinə, özlərinə deyilənləri təkrar edir, tək qalmağı sevirlər”.
Psixoloq hesab edir ki, autizmli uşaqlarda erkən diaqnoz çox vacibdir və bu zaman 80-82 faiz uğurlu müalicə gerçəkləşir: “Çox sevindirici haldır ki, valideynlər problemi tez aşkarlayır, uşağı müalicəyə cəlb edirlər. Mərkəzimizə yaş yarımlıq bir uşaq gətirilib, valideynlər bu yaşda onun problemini duya biliblər. Ümumiyyətlə, problem oğlan uşaqlarında daha çox özünü biruzə verir”.

“Övladımı peyvənd autizmli etdi”

Qarabağ Əlillər Cəmiyyətinin Nəsimi rayon şöbəsinin rəhbəri Əhməd Rəhmanov Səhiyyə Nazirliyini məhz bu problemlə üzləşdiyinə görə məhkəməyə verib. Onun sözlərinə görə, hazırda 4 yaşı olan övladında autizmin yaranmasına səbəb peyvənd olub.
İki yaşında olarkən övladını peyvənd etdirən ata danışır ki, məhz bundan sonra uşaqda autizmin əlamətləri hiss edilib: “Oğlum Rəfael 2008-ci ildə doğulub, çox sağlam uşaq olub. Amma qəsəbə poliklinikasında (Əmircan - red.) vurulan peyvənddən sonra uşaqda geriləmə müşahidə etdik. Peyvəndə qədər uşaq sadə sözləri - “ata”, “ana”, “baba” deyirdi. Peyvənddən sonra isə danışmadı, ünsiyyətdən qaçdı, üzünü divara tutaraq saatlarla otururdu, əlinə bir qələm alıb divarda dairələr cızırdı, qazanın qapağını fırladırdı. Həkimə getdik, məlum oldu ki, oğlumda autizm xəstəliyi var”.
Əhməd Rəhmanovun sözlərinə görə, Respublika Uşaq Psixo-Nevroloji Dispanserdə bildiriblər ki, əlamətlərindən nə olduğunu bilsələr də, Azərbaycanda 3 yaşına qədər uşaqlara bu diaqnozu rəsmən qoya bilmirlər: “Bizə dedilər ki, bu diaqnozun rəsmiləşdirilməsi üçün Səhiyyə Nazirliyinin xüsusi göstərişi olmalıdır”.

ÜST-ün normasından 35 dəfə artıq civə?

Redaksiyamıza dəvət etdiyimiz ata deyir ki, o, peyvəndlərin kimyəvi tərkibi haqqında məlumat almaq ücün bir çox rəsmi instansiyalara yazılı müraciət edib. 6 aylıq yazışmadan sonra atanı qeydiyyatda olduğu Abşeron Rayon Səhiyyə İdarəsinə dəvət edib, qeyri-rəsmi formada peyvəndlərin qutularında olan yaddaş vərəqələrini veriblər və məsələni uzatmamağı məsləhət görüblər.
Övladının sağlamlığını itirən peyvəndin tərkibini araşdıran ata isə qəribə məlumatlar əldə edib: “Apardığım araşdırmadan sonra məlum oldu ki, farmakoloji şirkətlər tərəfindən peyvəndlərin tərkibində konservant kimi istifadə olunan ağır metallardan ibarət timerasol, yəni civənin orqanik forması və aliminium vaksinlərin ucuz və uzunömürlü olması üçün lazım olan maddənin həcmi1990-cı ildən bu yana 2 dəfə artırılıb”.
Bəlli olub ki, vaksinin tərkibindəki ağır metalların miqdarı ÜST-ün 1994-cü ildə qəbul etdiyi normadan 35 dəfə çoxdur. Vaksinin tərkibində ağır metalların çoxluğu onun saxlanma qaydalarının və qiymətinin yüngülləşməsi məqsədi güdür. Avropanın inkişaf etmiş ölkələrində 1997-ci ildən bəri bu tip vaksinlərdən istifadə dayandırılıb.

“Xalam oğlunu da peyvənd öldürdü…”

Əhməd Rəhmanov apardığı araşdırmaların, xarici dərman şirkətləri ilə yazışmalarının bir nüsxəsini də özü ilə gətirmişdi. Uzun araşdırmalardan sonra məlum olub ki, dərman istehsalçıları dərman verdiyi firmalara xüsusi göstərişlər təqdim edirlər ki, o göstərişlərdə vaksinlərin uşaqlarda autizm, ağır metal zəhərlənməsi, beyin toxumalarında düyünlər və ürək çatışmazlığı yarada biləcəyi barədə məlumat var.
Amma vaksinlərin öz qutusuna qoyulmuş göstərişlərdə bu, qeyd olunmur: “Poliklinikada vurulan peyvəndlərdən sonra oğlumun qanında ağır metalların miqdarı normadan 16 dəfə çoxdur. Bu da autizm sindromuna səbəb olub. Xalamın oğlu da peyvəndə qurban getdi. Televiziyalar göstərdi, media yazdı, onun mantudan sonra öldüyünü sübut edə bilmədik, amma mantunun tərkibində konservant kimi işlənən fenol maddəsinin təsirindən birdən-birə ürək çatışmazlığı yarandı, bu da onun ölümünə səbəb oldu”.

Ata peyvəndlərə qadağa qoyulmasını tələb edir

Əhməd Rəhmanov bildirir ki, Səhiyyə Nazirliyini məhkəməyə verərək ondan 1 manat təzminat tələb edib. O, hesab edir ki, nazirliyin ödəyəcəyi istənilən məbləğ onun maddi və mənəvi əziyyətinin qarşılığı ola bilməz.
Bundan əlavə, Əhməd Rəhmanovun tələbinə görə, sağlam insan orqanizminə dağıdıcı təsir göstərən “timerasol”, “mersiolap” (orqanik civə) və aliminium tərkibli peyvəndlərdən sonra oğlunun şikəst olması ilə əlaqədar müalicəyə xərclədiyi 30 min manatlıq pul vəsaiti də Səhiyyə Nazirliyindən tutularaq ona qaytarılmalıdır. Atanın ən böyük tələbi isə övladını autizmə düçar edən bu peyvəndlərin Azərbaycana buraxılmamasıdır.

Adil Qeybulla: “Uşaqları yoxlamadan vaksinasiya edirlər”

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, peyvəndin önəmi olduqca böyükdür və onun qadağan edilməsi doğru deyil: “Düzdür, peyvəndlərlə bağlı təzadlı fikirlər yürüdülür, o cümlədən Hepatit-B vaksini ilə bağlı... Hepatit-B sağalmayan xəstəlikdir, qaraciyərin xərçənginə də səbəb olur. Buna görə Hepatit-B-yə görə vaksinasiya çox vacibdir. ÜST bu yaşda vaksinasiyanı vacib sayır, dünyada artıq sistemə salınıb. Bu uşaqları qorumaq üçün atılmış addımdır. Bizim problemimiz odur ki, vaksinasiya olunacaq uşağın müayinəsi aparılmır. Peyvəndin tərkibindəki əlavələr allergik reaksiyalar da yarada bilər, ürək problemlərinə də səbəb ola bilər. Amma bizdə kütləvi vaksinasiya zamanı uşaqların ambulator kartları nəzərə alınmır”.
AMEA A.İ.Qarayev adına Fizioloji İnstitutunun direktor müavini, fizioloq Afiq Qazıyev deyir ki, vaksinlərin autizmə səbəb olması iddiası ilə çıxış eləmək çox çətindir: “Ola bilər, başqa bir problem yaradıb uşaqda autizmi, ola bilər, hər hansı bir qidadan yaranıb. Ümumiyyətlə, civənin özü başdan-ayağa zəhərdir, azı da, çoxu da. Ola bilər ki, uzunmüddətliliyini təmin etmək üçün civənin miqdarını artıq etsinlər və zamanı keçmiş vaksin olsun. Uşağın 2 il yarımdır bu problemlə yaşaması isə çox böyük bir zədədən xəbər verir. Vaksin böyük təsirə məruz qoyub körpəni. Amma autizmin əmələ gəlməsi ağır metallarla bağlı deyil, bu, anadangəlmə prosesdir, ağır metallar onu aşkarlaya və tezləşdirə bilir”.

 Lalə Mehralı                publika.az

Комментариев нет:

Отправить комментарий