08.08.2012

Xatirə Xatun - QORXURAM

Elə baxma gözlərimə, qadası,
Gözlərinə baxan kimi qorxuram.
Çıxar deyə bir gün bunun xətası,
Uşaq oddan qorxan kimi qorxuram.

Xoş söz desəm asılaram sözümdən,
Hara qaçım söylə özüm-özümdən?
Rastlaşanda baxışından, gözündən ,
Sevda seli axan kimi qorxuram.

Ya mənimlə, ya da mənsiz olanda,
Kövrələndə, bulud kimi dolanda,
Gözlərinin bulağından bir anda
Sellər, sular yağan kimi qorxuram.

Mən bu eşqin hara qaçım əlindən,
"Yox xəbərin mənim kimi dəlindən"-
Hər görəndə dodağından, dilindən,
Bu kəlmələr çıxan kimi qorxuram.

Mənim deyil bu qapqara tellərin,
Qınağına çevrilməyək ellərin.
Bir dost kimi görüşürəm, əllərin
Əllərimi sıxan kimi qorxuram.

Vicdanıma yük olmusan sən, inan
Bir cavabsız məhəbbətə məhkumam,
Taxtı- tacı əldən çıxan, alınan
Sultan kimi, ya xan kimi qorxuram.

Комментариев нет:

Отправить комментарий