Страницы

09.09.2012

Kölgələrin ağuşunda kölgəli tarix yaşanır

 Günel Eyvazlı

Bu mənəm

Mənim canım dabanımda
Axil kimi.
Atılmışam bu həyata
Yetim kimi.
Cəfa iki qollarını açıb mənə
Qucaq kimi.
Nə savaşım, barışım var
Bu günüm var, sabahım var.

Məni qovma dəli külək
Yarpağam mən.
Dünyada kirayə qalan
Qonağam mən.

Sənin köksündə çağlayan
Bulağam mən.
Nə kilidim, açarım var
Bu günüm var, sabahım var.

Əl atmışam ilan dolu xəzinəyə
Oğru kimi.
Zindanlarda çürüyürəm
Doğru kimi.
Çəkiləcəm yuxulardan
Qorxu kimi.
Nə ünüm, çatacağım var
Bu günüm var, sabahım var.

Uçacağam nağıllara
Xalçayam mən.
Üz-gözünü turşudacaq
Alçayam mən.
Olanları tən böləcək
Baltayam mən.
Həm bu günüm, sabahım var.
Əvvəlim var, axırım var.

Bakı

Bizim şəhər kölgəlidir.
Hündür binalar çətir tutur günəşin önündə.
Daha insanları ayaqları altında qalan kölgələr ötürmür.
İndi kölgələr onların onların gözlərinə çöküb.
Gözü kölgəli olublar.

Kölgələrin ağuşunda kölgəli tarix yaşanır, kölgəli tarix yazılır.
Keçmişin günəşini unutdurur.
Sədd çəkir aramıza.

Bizim şəhər kölgəlidir. Bayağıdır.
Daha inanmır özünə. Uca çinarlar uzaqlaşıb, pırpız palmalar
Qışın soyuğunda kəfən bürüyüb özünə.

Bizim şəhər kölgəlidir.
Ölməlidir.
Bəlkə də artıq ölüb.

Комментариев нет:

Отправить комментарий