Страницы

18.12.2012

Baş redaktor hüquq müdafiəçilərinə müraciət etdi

“Millətim” qəzetinin baş redaktoru Lalə Ramizqızı hüquq müdafiəçilərinə müraciət edib. Bu barədə gozetci.az portalına L.Ramizqızı özü məlumat verib. Onun müraciətini olduğu kimi təqdim edirik.

Müraciətdə deyilir:

"Hörmətli hüquq müdafiəçiləri “Millətim” qəzetinin (N30 (161) 06-12 dekabr 2012-ci il) nömrəsində “Əli Kərimlini fiziki məhv etsəydim indi azadlıqda idim” başlıqlı məktub dərc olunmuşdur. Bu məktubu “Millətim” redaksiyasına hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməkdə olan əlbəyaxa döyüş növü üzrə üçqat dünya çempionu Bəhlul Muradov ünvanlamışdı. Təbii ki, yazıda adı keçən MTN-nin Antiterror Mərkəzi bundan hiddətlənərək təcili hərəkətə keçdi. Dekabr ayının 7-də Bəhlul Muradov “karserə” salındı və bu metod öz “bəhrəsini” verdi. Belə ki, dekabrın 8-də B.Muradovun hansı şəraitdə yazılmasına heç kimdə şübhə yaratmayan növbəti, yəni qəzetimizə ünvanladığı məktubu inkar edən bəyanatı redaksiyamıza daxil oldu.

Bununla yanaşı “Millətim”in baş məsləhətçisi və mənim atam Ramiz Tağıyev də bu yazıya görə həbsxana rəhbərliyi tərəfindən heç bir əsas göstərilmədən 12 saylı Cəzaçəkmə Müəssisəsinə “sürgün” edilib. Biz onun həyatına olan təhlükədən çox narahatıq. Belə ki, 11 gundur onun haqqında heç bir məlumatımız yoxdur. Hansı şəraitdə saxlanılmasından, səhhətinin necə olmasından məlumat ala bilməmişik.
Qeyd edim ki, R.Tağıyev redaksiyamıza ünvanlanan məktubda adı keçən, hakimiyyətin önəmli strukturunda yüksək vəzifə tutan şəxslər tərəfindən verilən tapşırıq əsasında qurama ittihamlarla həbs etdirilərək, 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu müddətdə isə bizə olan təzyiqlər səngimək bilməyib.
 Xatırladım ki, Ramiz Tağıyev Milli Azadlıq Hərəkatının əsas simalarından biri olmuşdur, bütün ömrünü xalqımızın azadlığı, müstəqilliyi uğrunda mübarizəyə həsr etmişdir. Nə qədər qurama ittihamlarla həbsinə başqa səbəblər göstərilməyə çalışılsa da, R.Tağıyevin “Millətim” qəzetində çap olunan yazıları onun həbsinin əsas amillidir.
Hörmətli hüquq müdafiəçiləri!
Bildirmək istəyirəm ki, Ramiz Tağıyev ağır ürək, şəkər  və təzyiq xəstəsidir. Ciddi rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkmək bu cür xəstə üçün ölümə tərk edilmək deməkdir. Mən sizdən R.Tağıyevin qanunsuz həbsinə münasibət bildriməyinizi və bu faktların bütün Beynəlxalq təşkilatlara və eləcə də Azərbaycanın hakim dairələrinə çatdırılmasına yardım etməyinizi xahiş edirəm.

Hörmətlə “Millətim” qəzetinin baş redaktoru Lalə Ramizqızı".              gozetci.az

Комментариев нет:

Отправить комментарий