Страницы

18.12.2012

KİÇİK TOY

Akif ABBASOV

Qardaşı oğlu uşaqlarına kiçik toy edəcəkdi. Babaxana xəbər göndərmişdilər.  Qardaşı rayonda ata yurdunda yaşayırdı. Evi təmir etdirmiş, həyət-bacanı qaydaya salmışdı. Gen-bol həyətləri vardı. Yəqin toyxananı da elə həyətdə quracaqdı.
Babaxan hər dəfə rayona gedəndə geri dönmək istəmirdi. Uşaqlıq və gənclik illərini keçirdiyi, atalı-analı günlərinin yadigarından, ilk sevgisinin daşa dəydiyi yerlərdən ayrıla bilmirdi. Havasını doyunca sinəsinə çəkir, burada rahatlıq, dinclik tapırdı. Odur ki, rayonda xeyir iş olanda (şər iş uzaq olsun) ürəyi atlanırdı. Gedirdi, həm şənlikdə iştirak edirdi, həm də doğmaları ilə, uşaqlıq və gənclik yoldaşları ilə görüşüb söhbətləşir, dərdləşirdi. Qəzənfərin çayxanasında oturub limonlu çaydan içə-içə söhbət etməyin yerini heç nə vermirdi. Kabab qonaqlığından da ləzzətli idi keçəl Qəzənfərin on-on beş stəkanı üst-üstə qoyub əlində beləcə gətirib stola düzməyi.

Babaxan toya gedəcəyini arvadı Şərnisəyə xəbər verdi. Şərnisə dinmədi. Babaxan çəkinə-çəkinə:
-Hazırlaş, sabah yola düşək.
Şərnisə himə bənd imiş kimi partladı:
-Gedirsən, yaxşı yol. Mənimlə işin olmasın.
Babaxan dilxor oldu:
-Səni də dəvət ediblər – bu, bir. İkincisi də məni ər gözündə görmürsən? Mən deyirəm: hazırlaş, gedək...
Şərnisə zəhərini tökdü:
-Nolsun sən deyirsən?! Mən də deyirəm: getmirəm. sürütləyə-sürütləyə aparacaqsan? Özünkülərin toyundan, vayından qalmırsan. Keçən dəfə mənim xalam nəvəsinin ad gününə isə getmədin.
-Axı səbəbini bilirsən, ezamiyyəyə getməli idim...
-Ezamiyyə qaçmırdı ki...
-Qəribə adamsan, həmin gün Londona, konfransa yola düşürdüm. Bir həftə qabaqcadan təyyarəyə bilet alınmışdı.
Şərnisə lap ağ elədi:
-Qaytaraydın biletini.
-Bəs nazirə nə deyəydim. Deyəydim, bağışla, mən gedəsi olmadım, arvadımın xalası nəvəsinin ad günüdür, Bərdəyə getməliyəm. Ya da Londona teleqram vurmalıydım ki, konfransın vaxtını dəyişinlər.
-Get, özünü dola... Sözün qısası, mən getmirəm.
Bax, belə mübahisədən sonra qanıqara gəlib çıxmışdı Azneftə. Dayanıb Hacıqabul avtobusunu gözləyirdi.
Yaxşı ad-sanı vardı Babaxanın. Neft üzrə əla mütəxəssis idi. İşdə də, neftçilər arasında da xətrini istəyir, başına and içirdilər. Təkcə arvad sarıdan bəxti gətirməmişdi. Daha səbir kasası aşıb daşırdı.
Oğlanları Həmid və Xalid yadına düşəndə tüstüsü təpəsindən çıxır, dözməyə üstünlük verirdi. Bir az ailədən  uzaq düşəndə, toylarda, məclislərdə, qonaqlıqlarda mehriban ər-arvadları görəndə dünya ona dar gəlirdi, səbri tükənirdi. Ömrünü beləcə nə qədər çürütməli idi? Arvad heç cür ipə-sapa yatmırdı. Səbirin də bir həddi-hüdudu var. Arvadını onun özü, sağlamlığı, rahatlığı yox, yalnız pulu, evə gətirdikləri maraqlandırırdı. Bu arvadları başa düşmək olmur: kişi nə qədər sağlamdırsa, uzun ömür sürürsə - bu, qadının qulaq dincliyidir, qayğısızlığıdır. Evin bütün problemlərini o, həll edir. Axı kişi həyatdan köçəndə bu problemləri qadın həll etməli olacaq. İşləmirsə - işləyəcək. Dükana, bazara özü gedəcək. Xəstələnən olanda, uşağın bir problemi olanda qabağa düşüb bir çox qapıları açmalı olacaq.
Bircə bunu anlamır və anlamaq istəmirlər. Yalnız çətinliyə düşəndə fikrə gedir, ərin yoxluğunu, öz köməksizliyini başa düşürlər: artıq isə, gecdir, qatar yola düşmüşdür.
Toya bir gün qalmışdı. Axşam qohum-əqrəba, qonşular yığışıb kömək edirdilər. Kimisi yayma bişirir, kimisi toyxana qurur, kimisi stol-stul, qab-qacaq daşıyırdı. Əliqulu  dananı kəsmişdi. İndi soyurdu. Az sonra heyvanın iç-çalatı, ciyəri, ürəyi sacın içərisində qovrulub ortaya gətirildi. Əldə-ayaqda işləyənlər stolun başında cəm oldular. Babaxanın qardaşı  Ağalar süfrəyə iki şüşə zoğal arağı qoydu.
 Babaxanın arvadını soruşmadılar. Öyrəşmişdilər. Gəlməyəcəyini bilsələr də, dəvət göndərirdilər. Bunlar öz adamlıqlarını eləyirdilər, o da özününkünü. Yoxsa ona bəhanə lazım idi ki, desin: qanacaqları çatmadı məni saymağa.  Bir yandan da gəlməməyi sərfəli idi. Camaat əldə-ayaqda işləyəndə o, xotkar qızı kimi özünü çəkib kənarda oturar, arada yerli-yersiz ona-buna sataşar, buyurar, camaatda acıq yaradar. Toydan sonra da məclisə ağız büzər, onu-bunu məxsərəyə qoyardı. Bir, sözlə, bəla idi gəlib düşmüşdü  Babaxanın qara bəxtinə. Yavaş-yavaş çürüdürdü onu. Doğma adamları barədə arvadının istehzalı danışığı . Babaxanı içəridən qılınc kimi kəsib doğrayırdı. Əsəbiləşir, səsini ucaldırdı. Bunun təsirsiz olduğunu görüb geyinib evdən çıxır, tənhalığa qapılırdı.
Səhər tezdən qalxdılar. Açıq havada milçətkəndə yatmaq Babaxana ləzzət eləmişdi. Qalxıb yuyundu. Məclis axşamüstü olacaqdı. Həkim saaat 10-da gələcəyini demişdi. Ağalar  Babaxanı kənara çəkib:
-Qardaş, məsləhət belədir ki, uşağı sən tutasan. Qardaşımsan, gözümün işığısan, atamı əvəz edirsən. Kirvəmiz də sən ol.
-A qardaş, sənin təklifinə sözüm yoxdur. Çox sağ ol ki, məni sayırsan. Amma mən belə işlərdə naşıyam. Məndə ürək hanı, onun qışqırığına dözüm.
-Ağciyər olma. Beş dəqiqəlik bir işdir.
-Yaxşı, qardaş, yaxşı.
Açıq havada səhər yeməyini yedilər. Ağaların arvadı Qıztamam süfrəyə nehrə yağı, yayma, isti təndir çörəyi, motal pendiri, bal, qaymaq, bir də qaynadılmış kənd yumurtası qoydu. Samovar qaynamışdı. Ortaya şəkər tozu, stəkan-nəlbəki, çəngəl-bıçaq gəldi.
 Kişilər süfrə başına cəm oldular: Rəsul, Səlim, Ağalar, Ağaların qaynı Həsən, Həsənin qudası Hüseyn, Babaxanın o biri qardaşları Muradla Ağarza.
Qadınlar ayrıca oturdular.
Az sonra kişilər də, qadınlar da yeyib çəkildilər.
Həkim gəlmişdi. Hazırlıq işləri görürdü. Babaxan özünü narahat hiss edirdi, sanki axşamkı Babaxan deyildi. Ürək nayihəsində küt  ağrı vardı. Əhəmiyyət vermədi. “Həyəcanlanıram. Yəqin ondandır”, - deyə öz-özünə düşündü.
Amma küt ağrı keçmək bilmirdi. Həkim işini görüb qurtarmış, çıxıb getmişdi. Qonaqlar stolun arxasına yığılmışdılar. O da keçib əyləşdi. Sağlıqlar  başlandı. Birincı badəni Babaxanın sağlığına qaldırdılar. Təriflı sözlər baş alıb getdi. Birisi dedi, o birilər davam etdirdilər.  Sonra qədəhləri bir-birinə vurub içdilər. Babaxan zor-bəla ilə bir qurtum içdi. Əlacı olsaydı deyərdi: “Məni bağışlayın, gedim uzanım”. Amma özünə sığışdırmadı.
Məclis uzandıqca Babaxanın əhvalı daha  çox qarışırdı. Amma o, dözür, səsini çıxarmırdı. Lakin bu da mümkünsüz idi. İstəyirdilər ki, bu rayonun sevimlisi, məşhur adamı da dillənsin. Fəqət Babaxan ayağa qalxan kimi büdrədi və üzü üstə yerə gəldi. Əvvəlcə elə bildilər ki, sərxoşdur. Sonra gördülər ki, ürəyini tutub.
Cəfər dilləndi:
-Yox, araqdan deyil. Mən fikir verirdim. İçmirdi. Badəni dodağına vurub yerə qoyurdu.
-Ürəyidir, deyəsən.
-Nə durmusunuz, həkim çağırın.
Bunu Ağalar dedi. Oğlu  Nurəhmədi həkim dalınca göndərdi. Az keçmədi həkim gəlib çıxdı. Məsləhət belə oldu ki, tez Bakıya çatdırsınlar. Maşın danışdılar. Tapşırdılar ki, yavaş-yavaş sürsün. Babaxan də xahiş etdi ki, camaatı baş verən hadisədən məlumalandırmasınlar və kiçik toyu keçirsinlər. Hər şey yaxşı olacaq.
Bu nikbin əhval-ruhiyyə ilə Babaxanı yola saldılar. Toy öz axarı ilə, yüksək səviyyədə davam etdi. Oynayan kim, gülən, şənlənən, zarafat edən kim?!
Babaxanı respublika klinik xəstəxanasında yerləşdirdilər. Şərnisə ərinin rayondan qayıtdığını eşidib sevindi: “Nə yaxşı tez qayıdıb. Bacım qızının ad gününə gedərik”. Biləndə ki, Babaxan infarkt diaqnozu ilə xəstəxanaya gətirilib, elektrik vurmuş adamlar təki yerində dondu və hərəkətsiz qaldı.
Babaxan ailəcanlı idı, ailəsi, uşaqları üçün hər şey idi - pul idi, var-dövlət, arxa idi, güc, qüvvə, dirək, toxunulmazlıq, dinclik idi. Ona bir şey olarsa, Şərnisə başına haranın daşını tökəcəkdi?! Babaxana görə onları sayırdılar. Evə oturduqları yerdə quzu, mal cəmdəyi, yeşiklərlə mer-meyvə, motal pendiri, Lerik balı, Qax qozu-findığı, Quba alması, Gəncə qaymağı, Şamaxı çaxırı, Qazax tut arağı gəlirdi. Çox şeyə pul xərcləmirdilər. Ərzaq qurtarmamış dalı gəlirdi. Təndir çörəyi, kənd toyuğu və yumurtası, yayması, doşab, göy-göyərti daşınırdı.
Şərnisə yavaş-yavaş özünə gəlirdi. Belə adamın da qədrini bilməzlər?! Hər ay min manatdan çox maaş alırdı. Üstəlik zərf. Zərf son zamanlar dəbə düşmüşdü. Gəlir gətirən sahələrdə maaşdan əlavə zərfə qoyub hər adama əlavə pul verirdilər. Pulun məbləği işçinin vəzifəsinə və iş qabiliyyətinə görə müəyyən edilirdi.
Ailənin pula, ərzaq və pal-paltara ehtiyacı yox idi. Babaxanın sayəsində. Şərnisə indiyə qədər bütün bunların fərqinə varmamışdı. Babaxanı həmişəyaşar, özünü həmişə hökmü-rəvan saymışdı. İndi Babaxan infarkt olmuşdu. Onların qara günləri başlaya bilərdi. Şərnisə əli ilə başını qapazladı: “Heç nəyin üstündə onun əsəbləri ilə gör nə qədər oynamışam! Kül mənim başıma. Əmim qızınin ad günüdür. Dayımın qızına elçi gəlib. Bibimin gəlini doğub....Cəhənnəmə. Heç özləri adamı itirib-axtarmır. Mənim hikkəmin nəticəsidir ki, Babaxan yıxılıb. Hansı yıxılan ayaq üstə qalxır ki?! Qalxsa da, yarımcan olacaq. Qohumlarıma görə evimə nə qədər söz-söhbət salmışam. Onlar isə öz keflərində olub. Elə vaxt olub quruca sözlə bayramımızı, ad günümüzü də yada salmayıblar. Gör mən nankor başıma nə qədər daş salabmışam?!
Babaxanın başına bir iş gəlsə, günümüz-güzaranımız necə olacaq?  Dar günçün beş-on manat geriyə atmışam, az keçər bu qədər xərc-xəcalətin qabağında əriyib gedər. Dayım arvadı, bibim qızı, bacım oğlu... Bunların hansı bizi saxlayacaq? Uzağı bir qutu şokalad götürüb hal-əhval tutmağa gələcəklər. Bir qutu şokoladla da yaralı könül ovunar?
Şərnisənin hönkürtüsü evi başına götürdü, Həmidlə Xalidi atalarının vəziyyətindən hali elədi, geyinib həyətə düşdü və iti addımlarla xəstəxanaya yollandı.

Комментариев нет:

Отправить комментарий