08.01.2013

Azadkənd kəndinin təzək dərdi

Arzu Abdulla

Yeni ili ötən illərdə olduğu kimi, yenə kəndimizdə qarşıladım. Yenə də kənddən geri dönüb yazı yazmağı qərara aldım. Bu, deyəsən, sayca yeddinci yazımdır.
Kənddə dörd gün qaldım. Gecə həmişəki kimi işıqlarımızı söndürürlər.
Hə, bu, ötən illərdə də belə idi. İşıqlar sönən kimi çöllükdəki çaqqallar ulaşmağa başlayır. Kəndin üstünü alan qaranlığı çaqqalların acıqlı səsi müşayiət edir.
Bayramdan sonra bizə gələn qonaqlar kənd məktəbindən danışırdılar. Bu məktəb belə adlanır: Saatlı rayonu, Azadkənd kənd orta məktəbi. Bu, mənim doğma məktəbimdir. Biz orta məktəbi sovet dönəmində bitirdik. O zaman sinfimizdə 32 şagird var idi. Ölkəmiz, şükürlər olsun, müstəqilliyinə qovuşub. İndi orta məktəbə hər gün gələn bütün şagirdlərin sayı 32-yə çatmır.
Kənd camaatının çoxu Rusiyada, yarısı isə Bakıdadır. Təbii, Bakıya fəhləlik etməyə gələn kəndçilərim kirayə evlərdə yaşayırlar. Bəs, bu adamları doğma ocağını atıb, kiminsə daxmasını kirayələməyə nə məcbur edir? Əlbəttə, bir parça çörək.

Bayaq məktəbdən danışırdım. Deməli, qonaqlar yerdən-göydən, ərşdən danışıb gəldilər məktəbin üstünə. Qızı 5-ci sinifdə oxuyan ana dedi ki, uşaqlara məktəbdə dərs keçmirlər. Məktəbin müəllim kollektivinə gəldikdə, bu, sadəcə, dəhşətlidir.
Orta məktəbdə müəllim işləyənlərin çoxu ali məktəb üzü görməyib. Hərəsi bir yolla diplom alıb özünü məktəbin canına salıb.
Deyəsən, bunu Zeynalabdin Tağıyev deyib: “Bir qızın təhsil alması bir ailənin təhsilli olmasıdır”. Kənd məktəbində elə siniflər var ki, 10 şagirddən yeddisi oğlandır. Bəli, valideynlər qızlarının boş yerə vaxtını yollarda keçirməsini istəmirlər. Axı, kəndin girəcəyində yerləşən məktəbə uzaq yollarla gələn şagirdləri məktəbdə buz kimi otaqlar və müəllimlərin “bu soyuqda məktəbə gələrlər” sualı gözləyir.
Bizdə problemlərə yanaşmanın kökündə yanlışlıq var. Hərdən bir xarici ölkələrdən qrant qapazlayan üzdəniraq QHT-lər “bölgələrimizdə qızlarımız 15 yaşında ərə gedirlər” deyib aləmə hay salırlar. Amma nədənsə, bu QHT-lər heç maraqlanmır ki, bu qızların anaları sovet dönəmində niyə ali təhsil dalınca qaçırdılar? Bəs, onlar niyə 15 yaşında ərə getmirdilər? Səbəb isə çoxdur. Ən başlıcası sosial problemlərdir.
Azadkənd kənd orta məktəbində dərs keçirilmir. Valideynlər məcbur olub, avtobus tutub, uşaqlarını qonşu kəndə - Fətəlikəndə repetitor yanına göndərirlər. Həm yol pulu, həm müəllim pulu ödəyən valideynlər qışda qar, yağış olanda bərbad günə qalan yolların ucbatından bundan da məhrum olurlar.
Bunu görən kənd müəllimi isə valideynlərə deyir ki, evimdə ayı 20 manatdan uşaqlarınıza dərs keçərəm. Hər ay vaxtlı-vaxtında maaşını alıb cibinə qoyan müəllim məktəbə ancaq maaş almaq üçün gəlir. Üstəlik, özbaşınalığın cavabsız qaldığını görüb elə davranır ki, dövlət büdcəsindən səbəbsiz yerə pul alıb, evdə oturub, valideynləri də soymaq istəyir. O ölkədə özbaşınalıq pik həddə çatır ki, orada qanun şah deyil. Qanunu pozan isə pozmayanlardan daha yaxşı yaşayır.
Valideynlərə gəlincə, onlar toyda-vayda məktəb dərdlərini bir-birlərinə pıçıldasalar da, bir yerə yığılıb müvafiq qurumlara şikayət etməkdən çəkinirlər. Səbəb dəhşətli dərəcədə biabırçıdır. Bu valideynlər söz bu yerə gələndə deyirlər: “Ayıbdır, balaca kənddir, üz-üzə gəlirik. Üz-üzdən utanar”.
Belə valideynlərə sual vermək gərəkdir: “Bəs o müəllim adına qara ləkə olanlar niyə sizin uşaqlarınızı mənən şikəst etdiyinə görə pul aldığı üçün utanmır”. Bəli, Saatlı rayonunun Azadkənd kənd orta məktəbində müəllim adlananlar şagirdlərə dərs keçmədikləri və xalqın uşağını mənən kor qoyduqları üçün hər ay dövlət büdcəsindən məvaciblə təmin olunurlar. Buna isə loru dildə təhsilimizin analoqu olmayan inkişafı deyirlər.
Kəndimizin daha dəhşətli bir dərdi də var. Bu isə təzək dərdidir. Uzaq Mozambikdə qazımızla isinənlərə demək istəyirəm ki, bizim kənddə adamlar hələ də su və ev qızdırmaq üçün təzəkdən istifadə edirlər. Təzəyin isə çox pis qoxusu olur. Amma Saatlı rayonunun Azadkənd kəndinin orta məktəbinin dərdi o təzəyin qoxusundan da pisdir. Məndən deməkdir, sizdən eşitmək.

yashilqafqaz@gmail.com                           teleqraf.com

Комментариев нет:

Отправить комментарий