10.01.2013

Bir qara qu quşu, bir İsa nağılı

Oktay Hacımusalı

Ehtiras… İnsanın ən eqoist yeri. Ən eqoist, yəni ən zadəgan… ən soylu … O qədər də ən dağıdıcı… özünə zərər verən tərəfi. Ehtiras… yəni eşq. Qarşısı alınmayan bir arzu… Cəzb edən… Və eyni zamanda cəlb edən… Qısacası zorakılıq… Sahibini öldürən şövq və ehtiras… Sözlərdən qorxma, de, nə şövq və ehtirası, nə də insanın ağlını başından alan fikirləri düşün… Ağlını başından alan, yəni onu bir məcnuna çevirən soylu xəstəlik… Peyğəmbər xəstəliyi … Səbəbsiz və mərhəmətsiz … Dayanmadan titrəyən, əsən, qarşısına çıxan hər kəsi və hər şeyi sürüyüb arxasınca aparan dəli bir rüzigar … Ehtiras… Ehtirasdan daha çox tutulmaq… tutulub qalmaq, hərəkət edə bilməmək, qarşı çıxmaq və əsla peşman olmamaq… Son nəfəsində belə hətta … Həzzin və zövqün zirvəsində, kuliminasiya nöqtəsində dayanmağı bacarmaq … Elə buna görə də belə istəyin ağuşunda ikən ölmək … Bir də… Bir də…
Sonsuza kimi ölüb dirilmək… Ehtiras… zirvəyə çıxmağın yox, zirvəyə enməyin tək yolu… Ana rəhminə doğru seyri — səfər etməyin… Ölüb — ölüb dirilməyin… özünü zərrə hesab etməyin… Ad və sifətləri əğyara tərk edib zatda növbəti dəfə yox olmağın… Bir anda … Zamandan və məkandan ayrı qalmağın yeganə şərti.
***
«Pi» (1998). Darren Aronofskynin ilk və möhtəşəm şah əsəri. Hər tərəfli. İkincisi… «Xəyallar haqqında rekvyem» (2000). Qərbdə özünəqapanmanın, tənhalığın çox nadir rastlanan manifestlərindən… Özünə yadlaşmaq… insanın özü ilə hesablaşmağının hekayəsi … Və ən nəhayət, «Qara qu quşu» (2010) … Aronofskynin səhv anlaşılmağa ən əlverişli filmidir bu. Bildiyimiz texnikalar … Ucuz Hollywood tryukları… Təəssüfləndim nəsə, «Aronofsky də yəqin artıq yorulub» — deyə düşünməyə başladım. Yorğun insanla əl verib görüşmək arzusu? İzdihamları qucaqlamaq… növbəyə girmək… Dayaz mükafata hesablanan jestlər və mimiklər və s. Yaxşı ki, bir azdan hər şey öz axarı ilə getməyə başladı və film möhtəşəm bir finalla tamamlandı. Birdən başa düşdüm ki… Əslində, Aronofsky etmək istədiyini etməyi bacarmış, beləcə tamaşaçısını çaşdıraraq öz istədiyi formada bədii təsvir vasitələrindən müvəffəqiyyətlə istifadə etmişdi. Hamı elə biləcəkdi ki, filmi başa düşüb. Halbuki, o filmə baxanların böyük əksəriyyəti bu filmin nədən bəhs etdiyindən xəbərsizdilər. Eyni ilə Lars von Trierin «Dalğaları aşmaq (Breaking the Waves) filmində olduğu kimi. Əksəriyyət bu filmdən heç bir zövq almayacaq, tamaşaçıların çox az bir hissəsi də sadəcə göz yaşlarını tuta bilməyəcəkdi.
***
— Canına qəsd etdiyindən əminəm.
- Haradan bilirsən?
- Çünki Bethin etdiyi hər hərəkətdə, onun təbiətində qaranlıq bir impuls vardı. Düşünürəm ki, onu izlərkən zövq almağımızın səbəbi də elə bu idi. Təhlükəli idi … hətta bəzən qüsursuz görünürdü… Lakin eyni zamanda ağır … Məhz bu idi sənətçi olmaq! Təhlükəli və ağır … Amma başqaları üçün yox, həm də özü üçün … Hər addımında bir az da ölür … hər dəfə nəfəs alanda yavaş — yavaş can verir… Özünə qıymalıdır. Bu qaçınılmazdır. Şamın ətrafında dövrə vuran pərvanə kimi. Əlində deyil, ölmək alnına yazılıb. Varlığın qoxusunu içinə çəkə bilmək, həqiqətin dərinliyinə bir az da baş vura bilmək üçün. Ehtirası uğrunda. Öz istəyi ilə. Kənar təsirlərə baxmayaraq. Başqasının onu yönləndirməyinə nə gərək var, o özünü öz istəyi ilə yüksəkliklərdən aşağı atmaq üçün əldən gedir. Sadəcə böyük bir boşluğa.
***
— Nə hiss etdin?
— Nə hiss etdim?
— Hə də?
— Qüsursuz olduğumu hiss etdim… Mən qüsursuz idim… Kamal mərtəbəsinə çatmağı başqa necə belə gözəl izah etmək olar, bilmirəm. Bilmirəm doğrudan da… Ölümünə. XV əsrə aid bir risalədə, «Bir musiqi parçasını kamal mərtəbəsində dinləyən adam həmin o an ölə bilər» — deyilir. Kamal mərtəbəsinə kim dözə bilər axı? Ehtirasın o ehtizazlı cazibəsinə? Bədən qəfəsinin barmaqlıqları arasından sıyrılıb yavaşca çıxmağın qeyri — adiliyinə?
***
- Nə üçün özünü idarə etməkdən imtina etmirsən? - Mükəmməl olmaq üçün! Yəni? Təkamül etmək üçün yox, mükəmməl olmaq üçün. Yəni kamal mərtəbəsinə çatmaq üçün. Bir an əvvəl o arzu edilən sonu görmək üçün. Öz sonunu. Həm də zövqün ZİRVƏSİNDƏ İKƏN … Dodaqlarında təbəssüm… Son nəfəsini verib ucalara doğru qanadlanmaq üçün.
***
Anlamırsanmı, ey talib, acı çəkə — çəkə yox, zövqlə və bayğın bir halda yanırlar pərvanələr yarın atəşində. Vəcd halında acı və iztirab hiss edilmir. Vüsal fərqə maneə təşkil edir çünki. Yaxşı ilə pisin … zövq ilə acının … qul ilə Rəbbin arasında maneə olmamalıdır…

Комментариев нет:

Отправить комментарий