13.01.2013

Bir qıçlı öz atasıdır

AKİF ABBASOV

Məşədi Ağa hamamının vaxtını ötürməzdi. Həftə tamam olan kimi oğlu Səmədi də götürüb Sovet küçəsindəki hamama yollanardı. Səriyyə arvad iki boxça  hazırlar, birinə ərinin, digərinə oğlunun paltarlarını yığardı. Boxçaların rəngləri də bir-birindən seçilirdi ki, dəyişik salmasınlar. Ata-oğul pal-paltarlarını şkafın gözlərinə qoyar, hamamçı da gəlib əlindəki uzun açarla həmin gözləri bağlardı. Sonra ata-bala fitə tutub suyun altına girərdilər. Məşədi Ağa kisəçi çağırtdırıb kürəyinə kisə çəkdirər, Səmədin kürəyini isə özü sürtərdi. Səməd həmişə suyun altından tez çıxardı.
Bu gün də, adəti üzrə atasından əvvəl içərini tərk edib şkaflara sarı gəldi. Boxçasını götürüb təmiz paltarları geyindi. Əynindən çıxanları isə boxçada yerləşdirib, düyün vurdu. Az sonra Məşədi Ağa da göründü. Hamamçı onu görüb dil-ağız elədi:
-Məşədi, həmişə təmizlikdə. – Sonra əli ilə stola işarə elədi.

Ata-bala keçib əyləşdilər. Hamamçı iki stəkan pürrəngi çay gətirib onların qarşısına qoydu. Elə ki, Səməd çayını içib qurtardı, Ağa kişi ciddi və bir qədər də sərt:
-Səməd, boxçanı da götür, tez evə qaç. Anana de ki, bir qıçlı öz atasıdır.
Səməd onun sözlərindən bir şey anlamadığından yerindən qımıldanmadı. Key-key atasına baxdı. Məşədi Ağa səsini bir az da qaldırdı:
-Nə gözlərini döyürsən? Qanmadın? Get, de ki, bir qıçlı onun öz atasıdır. Anladın?
Səməd başı ilə təsdiq etdi. Ağa kişi əl çəkmədi:
-İndi təkrar elə, görüm nə deyəcəksən.
Səməd:
-Deyəcəyəm, atam deyir: bir qıçlı onun öz atasıdır.
Məşədi Ağa:
-Di tərpən.
Səməd qaçaraq getdi. Az sonra təngnəfəs özünü həyətə saldı. Səriyyə arvad onun tək və özü də qaçaraq gəldiyini görüb qorxuya düşdü:
-A bala, nolub? Bəs atan hanı? Başına bir iş gəlməyib ki?...
Səməd nəfəsini dərib dilləndi:
-Salamatlıqdır… Məni göndərdi, deyim ki, bir qıçlı sənin öz atandır.
Səriyyə arvad heç nə başa düşməyib çiyinlərini çəkdi:
-Bu, nə deməkdir, ay oğul? Heç nə qanmadım.
Səməd əllərini yanlara açdı:
-Bilmirəm, ana, bilmirəm. Amma atam yaman hirslənib.
Nəhayət, Məşədi Ağa gəlib çıxdı. Sən demə, Səriyyə arvad necə olubsa, onun corabının bir tayını boxçaya qoymağı unudub. Məşədi Ağanı cin atına mindirən arvadının belə çiy iş tutması imiş.

Комментариев нет:

Отправить комментарий