13.01.2013

Dəlisov terror

Taleh Eminoğlu

Gedirdi. Addım-addım ölməyə və öldürməyə. Günaha doğru gedirdi.Həm ölümüylə həmdə öldürməyiylə. Amma o bunu dərk etmirdi. Axı ölülər üçün günah-savab,yaxşı-pis anlayışı yoxdur. Dəlilərin bircə quruca canlarıdır. Ömərində bir quruca canıydı, bir də uşaqlığından qalan taxta avtomat oyuncağı ki, onuda bir –iki həfə olardı itirmişdi, bir partlayışdan sonra. Elə hər şeydə bu partlayışdan sonra başlandı…
Kimsə ”Dəli Ömər qaç ordan, tez qaç “deyə bağırırdı. Ama o qaça bilmədi. Daha doğrusu hara qaçacağını bimədi.Dəli ağıyla gah bir – iki addım sola,gah da sağa qaçdı və birdən düz beş addımlığımda partlayış oldu...
Gözünü açanda bambaşqa bir yerdə idi. Yüz ildə qalsa, lap elə dönüb birdən - birə ağıllansada dəli Ömərin ağlına belə gəlməzdiki bu dağılmış,viran qalmış xaraba şəhərdə belə gözəl yer ola bilər.
O,səliqəli hərbi forma geyinmiş,sifətindəki almacıq sümükləri aydınca seçilən,mavi gözlü Xarici zabitin önündə dayanmışdı.Bu zabit dəli Ömərə gördüyü digər zabit və əsgərlərdən daha zəhmli və qorxunc görsənirdi.Dəli Ömərin həyatda qorxduğu birinci adam kimsəsiz uşaqlar evindəki qoca tərbiyəçiydisə,ikinci qorxduğu adam bu zabit idi.O, dəli Öməri ayaqdan başa iti baxışlarla süzür,yanındakı əli silahlı,sarı geyimli əsgərlərə nəysə deyir və onlarla birlikdə qəhqəhə çəkib gülürdü.İti baxışlardan qorxuya düşən dəli Ömərin bədənindən soyuq bir gizilti keçirdi ama yad adamların gülüşü bir azda olsa bu qorxunu azaldır və onunda dodaqlarında zəif bir təbəssüm yaradırdı.Bu mənzərə elədə çox davam etmədi.İçəri dəli Ömərində yaxşə tanıdığı şəhərdəki on – on beş nəfər oxumuş insanlardan biri olan Əbu Səid daxil oldu.Zabitin qarşısında baş əyib əyib salamlaşandan,yad dildə bir iki kəlmə kəsəndən sonra dəli Ömərə oturmağa yer göstərdi və zabitin dediklərini ona çatdırmağa başladı.Onsuzda gördüyü mənzərəni anlamayan,key kimi ora – bura baxan dəli Ömər Əbu Səidin də nə dediyini başa düşmürdü.Axı ac adamın fikri yalnız qarnının yanında olur.Əbu Səid onun ac oduğu başa düşüb zabitə nə isə dedi və o da yanındakı əsgərə işarə ilə əmr verdi.
Bir azdan dəli Ömərin qarşısında açılmış süfrəni o heç vaxt görməmişdi və yəqinki bundan belədə görməyəcəkdi.İştahla və acgözlüklə yeməyə girişəndəli Ömərin hərəkətləri otaqdakıların gülüşünə səbəb olurdu.Dəli Ömər özüdə bilmədən onların gülüş hədəfinə çevrilmişdi və onlara sirklərdə olan meymunu xatırladırdı.
Yemək bitdikdən sonra Əbu Səid qaldığı yerdən söhbətə başladı;”hə Ömər indi necəsən?”.Dəli Ömər hə mənasında başını tərpədib,əllərini iç-içə söykəyib ayaqları arasında sıxdı.”Bax Ömər bu adamlardan qorxma onlar mənim,sənin elə bu millətin də dostlarıdır onlardan ziyan gəlməz həmdə onlar səni xilas ediblər.yadına gəlir bazardakı partlayış?”Bayaqdan bəri susub,oturduğu stulda oyan-buyana yellənən dəli Ömər başını qaldırmadan dilləndi :
-Mənə avtomatımı verin özüdə tez.
Onun nə dediyini Əbu Səid zabitə tərcümə etdikdən sonra zabit bir stul çəkib dəli Ömərin qarşısında əyləşdi və Əbu Səidə bildirdiki dediklərini tərcümə etsin.
-Sənin avtomatında var,hardan tapmısan onu?Zabitin verdiyi sualı Əbu Səid dəli ömərə tərcümə etdi.
-Tapmamışam özüm düzəltmişəm.Taxtadan.
Əbu Səidin tərcüməsindən sonra zabit bir qədər təəccüblə susduqdan sonra qəhqəhə çəkib güldü.
-Neyləyəcəkdin o avtomatla?
-Düşmənləri öldürüb qəhrəman olacaqdım.Dəli gülüşüylə cavab verdi.
-Çoxmu qəhrəman olma istəyirsən?
-...........
-İstəsən biz sənə kömək edə bilərik ama gərək səndə bizə kömək edəsən.Hə nə deyirsən razılaşdıq?
-............
O isə susurdu.Oturduğu stulda yellənir,baxışlarını döşəmədən çəkmədən verilən suallara cavab olaraq sadəcə gülümsəyirdi.Onun nəyə güldüyü hər kəsə naməlum idi.Bu ya adi dəli gülüşüydü,ya da ki....
“Aparın onu” zabit əmr etdi,”səndə gedə bilərsən” üzünü Əbu Səidə tutub dedi.Onlar getdikdən sonra otaqdakı hərbiçilərdən biri zabitdən soruşdu.
-Ser,planınız necədir?
-Bu dəli bizim işimizə çox yaraya bilər.
-Dəlidən xeyir?
-Hə.O qəhrəman olmaq istəyir bütün şərqlilər kimi.Şərqlilər üçün qəhrəman olmağın ən asan yolu əlinə silah götürüb döyüşməkdi.O,dəli olsada bu şərqli cəhəti onda da var.Biz isə ona istədiyini verəcəyik.
-Axı necə?Ona silah verəcəyik?Məncə bu ağılsızlıq olar.
-Yox.Əlbəttə yox.Biz ona qəhrəman olmaq üçün şans verəcəyik...
Gedirdi. Addım-addım. Qəhrəman olmağa gedirdi dəli Ömər. Uşaqlığının arzusunu yerinə yetirməyə gedirdi. Görəcəyi işin sonunu bilmədən, yalnız dəli beynində illərdir yaranmış qəhrəmanlıq xəyalını gerçək etməyə gedirdi. Şalvarın üstündən sağ cibindəki partladıcını sıxırdı tez-tez.Dodağının altında bir həftədir ona öyrədilən tapşırığı təkrar edirdi;”Bazarın şiələr olan hissəsinə çatanda cibindəki partladıcını çıxart və barmağını onun ağzındakı halqaya salıb halqanı opart”.bir həftəydi ona bu tapşırığı öyrədirdilər və oyuncaq qumbarayla məşq etdirirdilər.Hətta oyuncaq qumbaraya elə öyrəşmişdi ki,itirdiyi uşaqlığından qalan taxta avtomat oyuncağı belə yadından çıxartmışdı.
Ancaq dəli Ömər hardan biləydi ki,qumbaranın halqasının qopmasıyla neçə-neçə günahsız ınsanın ömrü bitəcək,göz yaşları axacaq.Onun ölümünün isə o qədərdə əhəmiyyəti yox idi axı o bu şəhərin camaatı üçün ölü kimiydi.Dəli Ömərin varlığının kimə nə xeyri vardı?!Allahın yaratdığı hər şeyin öz vəzifəsi var deyirlər bəs bunu dəli Ömərə aid etmək olardımı?!
Bazar qapısına çatanda ayaq saxladı.Sevincindən əlləri əsirdi.Çoxdan itirdiyi taxta avtomat oyuncağını görmüşdü dəli Ömər özüdə xarici əsgərlərin əlində.Onlar avtomat oyuncağa baxıb gülürdülər.
...Bir göz qırpımındaca əsgərin əlindən avtomat oyuncaöı qapıb bazar qapısından keçərək qaçmağa başladı.Var gücüylə qaçırdı.Görəcəyi tapşırığı unutmuşdu və elə cibindəki qumbaranın yaratdığı ağırlığıda hiss etmirdi.Ama yenə dəli ağlı onun qaçmasına mane oldu....Anidən dayanıb geriyə çöndü,taxta avtomat oyuncağının qundağını sağ çiyninə sıxıb atəş açırmış kimi səs çıxara-çıxara ardınca gələn əsgərlərin üstünə qaçmağa başladı.Beş addım qaça bildi.Əsgərlərin silahından çıxan güllələr onun ağ köynəyində qırmızı dairələr yaradırdı.Arxası üstə yıxılmış dəli Ömərin alnındakı güllə deşiyindən çıxan qırmızı qan burnunun hər iki tərəfiylə axaraq çənəsinin sol tərəfində birləşib qırmızı xətt yaradırdı və bu xətlərin arası onun cəsədi ətrafına toplaşmış şəhər camaatına qədim Mesopotomiyanı xatırldırdı.

Комментариев нет:

Отправить комментарий