10.01.2013

Elşad Abdullayevin qardaşı oğlu da oğurlanıbmış

e-abdullayev2
Rektorun və qardaşlarının «Kürdəmir əməliyyatı»

Zakir Nəsirov dövriyyəyə girir və məbləğ 5 milyona qalxır...

əvvəli ötən sayımızda

Elşad Abdullayev ifadəsində daha sonra yazır: 
“Pulun alınması ilə əlaqədar bir qədər vaxt keçdi, çünki Arzu və Zahid Dünyamalıyev həqiqətən də bizim onları satmayacağımızı yəqin etmək üçün Mahirə görə pulun alınması vaxtını qəsdən uzadırdılar. Şəxsən Arzu və Zahid Dünyamalıyevlə birlikdə Zahid Dünyamalıyevin Bilgəhdəki Istirahət pansionatında və onun xidməti otağında Mahirin qaytarılması üçün veriləcək pulun məbləği barədə dəfələrlə aramızda söhbət olmuşdur. Şəxsən bu prosesdə Zakir Nəsirovun qudası, əvvəllər DIN-də işləmiş Ağa Abbasov da iştirak etmişdir. Mahirin qaytarılması ilə bağlı Arzu Kazımov və Zahid Dünyaçalıyevlə bütün danışıqlar qurtardıqdan sonra, məhz, Zahid Dünyamalıyevin xeyir-duası və Arzu Kazımovun evində gedən məsləhətləşmələrdən sonra məndən qardaşım Mahirin qaytarılması üçün qohum-əqrəbadan məcbur qalıb yığdığım ümumi miqdarı 3 milyon ABŞ dollarını onlara verdim.
Rəsmi qaydada 1,5 milyon ABŞ dollarını Arzu Kazımovskiyə, qalan hissəsini isə Zahid Dünyamalıyevə onun DIN-dəki xidməti otağında və Bilgəh pansionatında qaldığı mənzildə təhvil verdim. Belə ki, Arzu Kazımovskiyə və Zahid Dünyamalıyevə 3 milyon ABŞ dollarının verilməsi aşağıdakı qaydada olmuşdur.

İlkin “ödəmələrin” ünvanı belə göstərilir

1. 15.11.2003-cü ildə Zahid Dünyamalıyevin kabinetində ilk sövdələşməmiz olmuş və 100 min ABŞ dolları ilkin olaraq, Mahirin qaytarılması üçün ona verilmişdir. Mən həmin gün Arzunun ofisinə getdim və o mənə bildirdi ki, DIN-də Mahirlə bağlı söhbət etmək üçün Zahid Dünyamalıyev xidməti otağında səni gözləyir və sənə etibarı olsun deyə ona 100 min ABŞ dolları verərsən, qalan məsələ ilə artıq sənin işin olmasın, pul veriləndən sonra nəticəsi barədə mənə məlumat verərsən. Odur ki, 15.11.2003-cü il tarixdə Arzunun dediyi kimi hərəkət edərək DIN-ə gəlib Zahid Dünyamalıyevin xidməti otağında ona 100 min ABŞ dolları verərək oranı tərk etdim. Bundan sonra bu barədə Arzuya məlumat verdim. 
2. 15.11.2003-cü il tarixdə Zahid Dünyamalıyev məndən kabinetində 100 min ABŞ dolları aldıqdan sonra Arzu Kazımovski məni Dəmir Yolu vağzalının yaxınlığında yerləşən, keçmiş Kamo küçəsi 195 saylı ünvandakı ofisinə dəvət edərək Mahirin qaytarılması üçün Zahid Dünyamalıyevə yenə də daha 500 min ABŞ dolları gətirməyi tələb etdi. Lakin mən Arzunun belə hərəkətinə etiraz edərək ona dedim ki, külli miqdarda pulu verməzdən əvvəl gərək qardaşım Mahir mənimlə mütləq danışsın, yaxud da Mahirin indiki vəziyyəti ilə bağlı onun fotoşəkli bizə göstərilsin, yaxud da, dediyinizə görə, əgər Mahir sağdırsa, onda özü, yalnız bizim bildiyimiz hər hansı bir “kod” altında, yəni yalnız bizim ailənin bir sirr olaraq bildiyi cümlə yaxud söz barədə bizə hər hansı bir yazılmış kağız verilsin. Lakin Arzu Kazımovski mənə qəti etiraz edərək bildirdi ki, Elşad müəllim, belə bir məqamda Zahid müəllimin etibarını itirmə, əgər Mahirin evə tez gəlməyini istəyirsənsə, deyilən məbləği verməlisən. Mən isə bu barədə, hələlik, sirr olaraq heç kimə heç nə demirdim, çünki istəmirdim mənimlə onlar arasında söhbətdən kimsə məlumatlı olsun və Mahirin təhlükəsizliyi naminə bu söhbətləri özümdə sirr olaraq saxlayırdım. Lakin deyilən məbləğ, yəni 500 min dollar olmadığından əlacsız qalaraq qayınatam Hüseyn Əhmədovdan borc olaraq 500 min ABŞ dolları istədim. Hüseyn müəllim bu pulu mənə verdi və həmin pulu da çantama qoyaraq 22.11.2003-cü il tarixdə, günün birinci yarısında Arzu Kazımovskinin Dəmiryolu vağzalının yanındakı ofisinə gəldim və qapını Arzu özü açaraq, məni içəri dəvət edərək Zahid Dünyamalıyevin yanına apardı. Dünyamalıyev Arzunun ofisində oturmuşdu. Onlarla bir qədər söhbət etdikdən sonra həm Arzu Kazımovski, həm də Zahid Dünyamalıyev üstüörtülü şəkildə məni başa salmağa çalışırdılar ki, narahat olma, Mahir sağdır. Onlar deyirdi: “Bir qardaş kimi tam vəzifə borcunu yerinə yetirəndən sonra, yəqin ki, hər şey yaxşı olar və Mahir də sağ-salamat evinə gedər”. Mən içində 500 min ABŞ dolları olan çantanı Zahid Dünyamalıyevin qabağında olan stolun üstünə qoyaraq ondan xahiş etdim ki, Mahirin işini tezləşdirsin ki, o da ailəsinə qayıtsın. Həmin vaxt, onlarla söhbət zamanı həm Arzu, həm də Zahid Dünyamalıyev bu işin həll edilməsinin çox çətin olduğunu, lakin buna baxmayaraq Mahirin tez bir zamanda evə qayıdacağına məni əmin etdilər.

Açıq nömrədən zəng və 50 min dollar tələbi

23.11.2003-cü il tarixdə 050 384... (telefon nömrələri redaksiyada var, amma onları tam yazmaq istəmirik-red.) nömrəli telefonla mənim 050 212 82 15 nömrəli telefonuma zənglər oldu və mən qardaşlarımla birlikdə saat 20.00 radələrində mənə məxsus “BMV X5" markalı maşınla Kürdəmir yolu ilə Zaqatalaya yola düşdük. Qeyd edim ki, 16.11.2003-cü ildə də 050 384... nömrəli telefonla gecə saat 02.41-dən başlayaraq mənə dəfələrlə, tanımadığım bir kişi, sonradan adını bildiyim Kürdəmir rayon Polis Idarısinin rəis müavini Qalib adlı şəxs zəng edərək hədə-qorxu gəlməklə və 50 min dollar pul götürüb mənə məxsus ”BMV X5" markalı maşınla Zaqatala rayonuna gəlməyimi, rayonun girəcəyindən 1 kilometr aralıda, sağ tərəfə  50 min dolları yerə atmağımı əmr etmiş, sözünə davam edərək bildirmişdi ki, Mahir mənim əlimdədir: “Bizim adamlar tərəfindən izlənilirsiz, pulu ora atandan sonra söhbətimizə davam edəcəyik”, demişdi.
16.11.2003-cü il tarixdən 23.11.2003-cü il tarixədək həmin şəxs mənim 050 212 82 15 nömrəli telefonuma dəfələrlə zəng edərək pulu da götürüb Zaqatalaya gəlməyimizi əmr etmişdi.  23.11.2003-cü il tarixdə biz qardaşlar, yəni mən, Elsevər, Ismayıl və Eldəniz mənim evimdə olarkən yenə də həmin telefondan mənə zənglər edərək, hədə-qorxu gəlməklə bildirdi ki, əgər dediyimiz 50 mini gətirməsəniz sizin üçün daha pis olacaq və bir də Mahiri görməyəcəksiz, əks təqdirdə, telefonum açıqdır, istənilən vaxt zəng edərsiz, məsələmizi həll edə bilərik. Odur ki, biz qardaşlar və qaynım Mustafa belə qərara gəldik ki, Mahir üçün təhlükə olmasın deyə,-yəqin zəng edən şəxs Mahiri aparan adamın özüdür, çünki o, Mahirin qaytarılması üçün bizdən 50 min dollar istəyirdi- aparaq pulu ona verək. Biz onun dediyi kimi hərəkət edərək, evdən 50 min dolları götürərək, bizə zəng edən şəxsin dediyi kimi Kürdəmir yolu ilə Zaqatala istiqamətində mənə məxsus maşınla yola çıxdıq. Lakin Kürdəmir yolunun dördyoluna az qalmış həmin şəxs mənim telefonuma zəng edərək bildirdi ki, maşınınızı Kürdəmirin girəcəyindəki “Azpetrol”un yanında saxlayın və bir az sonra sizə bir nəfər yaxınlaşacaq.

Kürdəmirdə silahlı dəstənin hücumu

Biz də onun dediyi kimi hərəkət etdik, maşını “Azpetrol”un yanında saxladıq və onun dediyi adamı gözləməyə başladıq. Yarım saat sonra bir nəfər bizə yaxınlaşdı, amma birdən orada çoxlu silahlı polislər peyda olaraq avtomatları bizə tuşladılar və maşınımızı da əlimizdən alaraq bizi heç bir əsas olmadan Kürdəmir rayon Polis Idarəsinə gətirdilər, maşınımızı da polisin həyətinə saldılar. Burada bizi Kürdəmir rayon polis rəisinin müavini olan Qalib adlı şəxsin yanına gətirdilər. Həmin Qalib adlı rəis müavini bizə bildirdi ki, sizin maşınınız DIN Idarə rəisi Zakir Nəsirovun göstərişinə əsasən saxlanılmışdır, sizi Zaqatalaya aparmaq istəyən şəxs və sizinlə telefonla danışan şəxs də elə mən özüməm. Bundan sonra Qalib mənə bildirdi ki, heç bilirsən sənin qardaşını kim oğurlayıb? Sənin böyük qardaşının oğlu Abdullayev Mübariz Aslan oğlu. Mən onun bu sözündən çox təəccübləndim və qeyri-ixtiyari olaraq Mübarizin Mahiri oğurlamasına məndə şübhə yarandı. Bu söhbətdən sonra Mübarizi bizə təqdim etdilər. Lakin Mübariz bizə Mahirlə bağlı heç bir söz deyə bilmədi. Qeyd edim ki, maşınımızda axtarış aparılmışdı. 50 min dollar özümdə qalmışdı, onu heç kimə vermədim. Mən hesab edirəm ki, Kürdəmir rayon Polis rəisinin müavini Qalib adlı şəxsin bizə qarşı belə davranışı əsl cinayətkarı gizlətmək və onu müdafiə etməkdən ibarət olmuşdur. Belə ki, bizi 50 min ABŞ dolları ilə Zaqatalaya aparmaq planı onun nəyinə lazım idi, mən hələ də başa düşə bilmirəm. Əgər Mahiri qardaşım oğlu Mübarizin oğurlaması barədə Kürdəmir polisində hər hansı məlumat var idisə, sadəcə olaraq, zərərçəkmiş şəxs kimi məni polisə dəvət etməklə yuxarıda göstərilən məsələlərə qanun çərçivəsində bir aydınlıq gətirmək mümkün idi. Bu hadisə ilə bağlı məndən Kürdəmir rayon polisinin Anar adlı müstəntiqi izahat almışdır. Qeyd etmək istəyirəm ki, həmin vaxt mənə məlum oldu ki, DIN-in Istintaq Idarəsinin sabiq rəsi Zakir Nəsirovun göstərişinə əsasən bizim barəmizdə belə bir əməliyyatın keçirilməsi üçün hətta Nərimanov rayon Polis Idarəsinin istintaq bölməsinin rəisi və daha iki nəfər DIN əməkdaşı da Kürdəmir rayonuna ezam olunubmuş. Çünki Nərimanov rayon polis Idarəsinin Istintaq bölməsinin rəisi olan adını bilmədiyim şəxs qardaşım Elsevərin tələbə yoldaşı imiş və qardaşım Elsevər onu Kürdəmir polisində görəndə ondan nə üçün burada olduqlarını soruşub. Cavabında o da bildirib ki, həmin gün ailəsi ilə birlikdə Əli-Bayramlıdan qayıdarkən DIN-dən ona zəng olmuş və çox mühüm bir əməliyyat üçün təcili Kürdəmir rayonuna ezam olunması göstərişi verilmiş, o da əlacsız qalaraq ailəsini başqa maşınla Bakıya yola salaraq, özü əməliyyatda iştirak etmək üçün Kürdəmir RPŞ-nə gəlmişdir. 
Diqqətinizə çatdırmaq istəyirəm ki, həmin vaxtdan indiyə qədər qardaşım oğlu Mübariz də yoxa çıxmışdır və onun yerini hələ bu vaxta qədər də bilən yoxdur. Başımıza gələn bu hadisə ilə bağlı məcbur olub Arzu Kazımov və Zahid Dünyamalıyevlə əlaqə saxladım və baş verənləri təfsilatı ilə Zahid Dünyamalıyevə bildirdim. Bundan sonra Zahid Dünyamalıyev Kürdəmir polisinin Polad adlı rəisi ilə danışdı, maşınımızı da qaytararaq bizi oradan buraxdılar. Polis rəisi Polad məzuniyyətdə olmasına baxmayaraq DIN-dən kiminsə verdiyi göstəriş əsasında iş yerinə gəlmiş, kabinetində oturaraq bu əməliyyata rəhbərlik edirdi. Mən ibtidai araşdırma orqanından xahiş edirəm ki, göstərdiyim bu qanun pozuntusu faktı da araşdırılsın. Mən Kürdəmirin polis rəisi Poladla tanış idim. Ondan soruşanda ki, rəis bu nə işdir bizim başımıza gətirirsiniz? O cavabında dedi ki, Elşad müəllim, bu işin çox böyük bir xərci vardır, bu iş üçün 5 milyona qədər pul lazımdır. Məni dəhşət bürüdü..."

ardı var                                azadliq.info

Комментариев нет:

Отправить комментарий