15.01.2013

GƏTİRİR-ÖTÜRÜR

Vüsal Hicranoğlu

Dağların

Bulud sığallayıb düm ağ saçların,
Bilmirəm, neçədi yaşı dağların.
Çarpışıb, vuruşub qarla, boranla,
Nələr çəkməyibdir başı dağların.
Yorulub yadları əzizləməkdən,
Gahı bilərəkdən, bilməyərəkdən.
Üzgün insan kimi yol gözləməkdən,
Yaman çatılıbdır, qaşı dağların.
Keçmişi sirr dolu, təlatüm dolu,
Rahat keçməyibdir, həyatın yolu.
Adicə ağacı, kösövü, kolu-
Bir tarix danışır, daşı dağların.
Ey Vüsal, bu dağlar səni əzizlər,
Səninlə danışıb, səninlə gülər.
Lalın da dilini anası bilər,
Anlamaz dilini naşı dağların.


GƏTİRİR-ÖTÜRÜR

Yaz səhəri
Günəşin şəfəqləri
Öpüb üzümdən
Məni sənə gətirir.
Axşam düşür
Ay ,ulduzlar,
Təbəssümlə
Evimizə ötürür.

TÜLKÜNÜN DAYDAYI VAR

Qurd da düşdü təşvişə:
"Sən allah,bir bax işə.
Tülkü açıb əl,ayaq,
Nə vaxtdan olmuş qoçaq?.
Yaman salıb vəlvələ,
Hamına qurur tələ.
Çoxu çəkir əzabın ,
Verməliyəm cavabın."
Ayı dedi :"Canavar,
Meşə sənə dar olar.
Bilməyirəm yaşını,
Tez əkərlər başını.
Yaxşı gör bu həyatı,
Etmirəm zarafatı.
Önündə çəkər hasar,
Arxalıdır qurd basar.
Tülkünün öz "payı" var,
Aslan tək daydayı var.

Комментариев нет:

Отправить комментарий