13.01.2013

Köşə yazarlarının mübarizəsi

Rasim Qaraca

Hər kəsə məlumdur, bu gün Azərbaycanda yazıçılıq pul gətirməyən bir peşədir. Hətta kitabları yaxşı satılan yazıçılar da bu işdən pul qazanmırlar.
Dolayısıyla ədəbiyyat saytı işlətmək və ya ədəbiyyat jurnalı buraxmaq da gəlirli bir sahə deyil, hətta AYO kimi bir yazıçı təşkilatında birləşmək də gənc yazıçılara çox da rifahlı bir gələcək vəd etmir.
Bizim ölkədə yazıçının yolu iztirablı, məhrumiyyətlərlə dolu bir yoldur. Bu üzdən jurnalistika sahəsi yazıçılıq iddiasıyla ortalığa atılanları birər-birər öz kamına çəkir, udur, öz içərisində əridir.
(Təsadüfi deyil, yazıçıların maddi cəhətdən təmin olunduğu Sovet quruluşu dağılan kimi yazıçılıq işi dərhal iflasa uğramışdı, pul həvəsinə ədəbiyyata gələnlər dərhal yoxa çıxmışdılar.

Bu peşəyə könlünün səsiylə, ilahi çağırışla qoşulanlar sona qədər duruş gətirdilər və gətirməkdədirlər.)
Jurnalistika yazıçılığa yaxın bir sahə olduğuna görə, sirr deyil, publisistika ilə və ya köşə yazarlığı ilə məşğul olanlara yazıçı kimi görünmək imkanı verir.
Jurnalistika çox zaman yazıçının özünü aldatmaqda olduğu bir sahədir, - “hələ bir az da jurnalistikaya davam edim, ədəbiyyatla sonra məşğul olaram”.
Bir çox hallarda jurnalistika ədəbiyyatdakı uğursuzluğu gizlətmə vasitəsidir. Digər tərəfdən jurnalistikada az da olsa pul vardır və burada karyera imkanları daha genişdir.
Köşə yazarlığı isə bizim jurnalistika üçün yeni hadisədir.
Artıq hər bir qəzetin, və ya internet portalının, dünya modelinə uyğun öz köşə yazarları qrupu vardır, respublika səviyyəsində “ən yaxşı köşə yazarı” adı uğrunda onlarla, bəlkə də yüzlərlə qələm sahibi, əsasən gənc jurnalistlər elan olunmamış bir yarışmaya qoşulublar.
“Köşə yazarı” söz birləşməsində “yazar” kəlməsinin də olması yazıçılara (yazıçılıq iddiasında olanlara) ikibaşlı oynamaq fürsəti verir, yeri gələndə özlərinə cəsarətlə “yazar” deyə bilirlər.
Bir “köşə”nin qiyməti isə Azərbaycan şərtlərinə görə artıq standartlaşıb, 10 manatdan artıq deyil.
Bu orta-statistik rəqəmdir. Lakin yerinə və adamına (yazarına) görə qonorar miqdarı artıq da ola bilər.
Məsələn, “köşə” bazarında liderliyi çoxdan ələ keçirmiş Zamin Hacı, deyilənlərə görə, bir “köşə”yə görə ən yüksək qonorarı alır, ona bənzəmək istəyən və “Zamin yolu”nu getməkdən ötrü dəridən-qabıqdan çıxanlar çoxdur.
Radikal yazılar yazıb öz imzasının reytinqini qaldıranlar, reytinq qazanmaqdan ötrü lap elə həqiqəti yazanlar(!), canını oda atanlar, hakimiyyətlə dirəşənlər Azərbaycan jurnalistikasında hamıya tanış olan mənzərələrdir.
Hacı Zamin kimi namuslu jurnalistləri istisna edirəm. Jurnalistikada reytinq qazanmaq bir çox cəhətdən verimlidir.
Əvvəla, yaxşı, radikal yazılar yaza bilirsənsə, artıq imzanı da ictimaiyyətə tanıtdıra bilmisənsə, çeşidli mətbuat orqanlarında sənə təkliflər gələ bilər - “gəl bizdə yaz, sənə filan qədər veririk”.
Bu filan qədər 10 manat da olsa, əgər 2-3 yerdə yazırsansa və hər gün yazırsansa, artıq ayın sonuna qədər 300-400 manat qazanacağına ümid edə bilərsən.
Bu son dərəcə əzablı bir işdir, yazarı (köşə yazarını) tükədir, xaltura elementləri çoxalır, nəticədə yazarın sözünün çəkisini azaldır.
Daha ağıllı köşə yazarları az yazmaq, ancaq “saz yazmaq” lazım olduğunu başa düşürlər. İmzanın çəkisini gözləməlisən, o zaman sənə daha yaxşı təkliflər gələ bilər.
Məsələn, bir ehtimal var, yuxarı dairələrdən kimsə sənə elçi döndərər, “filan şeyi yazma” deyər, bir illik qonorarını da elə bəri başdan ödəyər. Mopassan deyib, jurnalistika ilə fahişəlik arasında çox az məsafə var.
Buna görə də reytinq dalınca qaçan jurnalistlər və ya mətbuat orqanları hər zaman məndə şübhə doğurublar.
Reytinq hər zaman və hər yerdə pul deməkdir, “yaxşı pula getmək” deməkdir.

Комментариев нет:

Отправить комментарий