08.01.2013

Marqaret Teççerin 22 il əvvəlki çıxışı: «Biz SSRİ-ni necə dağıtdıq?»

«Dəmir ledi» iflas ssenarisini incəliklərinədək açıqlayır

1991-ci ilin noyabrında ABŞ-ın neft etmalı və neft-kimya üzrə mütəxəssislərinin bir qrupunun ölkənin Texas ştatının Hyüston şəhərinə səfəri gerçəkləşir. Burada əsas məqsəd Birləşmiş Ştatların Neft İnstitutunun yubiley iclasında iştirak etmək idi. Yarı dövlət, yarı ictimai qurum olan bu təşkilat iclasına fəxri qonaq qismində Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Teççeri (1979-1990-cı illərdə bu postu tutub) dəvət etmişdi. «Dəmir ledi» adını qazanmış Teççer kimyaçı olsa da, heç vaxt ixtisası üzrə işləməmişdi. Çox güman, buna görə çıxışı fərqli, amma elə proqnozlaşdırılan səciyyə daşımışdı. Xanım eks-baş nazirin 45 dəqiqəlik nitqini başqa sözlə «Biz SSRİ-ni necə dağıtdıq?» da adlandırmaq olardı.

Təbii ki, Teççerin Sovetlər İttifaqının iflasında böyük rolu olmuşdu və o, məsələ barədə uzun-uzadı danışmaqdan sanki zövq alırdı. Amma həmin vaxt keçmiş baş nazirin dedikləri dünya mətbuatında o qədər də geniş yayılmamışdı. Çünki 1990-cı ildə hakimiyyətdən uzaqlaşmış Teççer köhnə havada olsa da, imperiyanın müqəddəratı həll olunmuş təsiri bağışlasa da, Qərbin onun reabilitasiyası ilə bağlı da müəyyən qorxusu var idi. Görünür, «dəmir ledi»nin çıxışı mahiyyətcə birbaşa siyasi məsələlərə toxunduğundan onu gündəmə gətirmək də kimsənin yadına düşməyib. Üzərindən 22 il keçdikdən sonra isə xanım Teççerin söylədikləri yada salınıb.
Beləliklə «dəmir ledi» 22 il əvvəlki çıxışında bir növ, şablona çevrilmiş bir tərzdə bildirir ki, SSRİ Qərb üçün ciddi təhlükəyə çevrilmişdi:
«Ümümən Qərb dünyasına ciddi təhlükə yaratmış ölkə idi. Hərbi təhlükəni nəzərdə tutmuram. Hərbi qorxumuz əslində heç vaxt olmayıb. Ölkələrimiz kifayət qədər yaxşı silahlanıblar. Nüvə silahlarımız da var. İqtisadi təhlükədən danışıram. Sovetlər Birliyi planlı idarəetmə nəticəsində yüksək iqtisadi göstəricələrə nail olmuşdu. Ölkədə ümummilli məhsulun artım faizi bizim ölkələrimizdən 3-5 dəfə artıq idi. Nəzərə alsaq ki, SSRİ-nin təbii ehtiyatları çox böyük həcmdə idi, bu üstünlükdən rasional yararlanma sayəsində biz dünya bazarından tamamilə çıxışdırıla bilərdik. Buna görə də həmişə ölkənin iqtisadiyyatının zəif düşməsinə çalışırdıq. İstəyirdik ki, iqtisadiyyat daxili problemlərlə yüklənsin. Başlıca olaraq Sovet İttifaqını silahlanma yarışına cəlb edirdik. Bilirdik ki, sovet hökuməti silahlarını NATO ölkələri ilə eyni səviyyədə saxlamaq siyasətini yürüdür. Büdcəsinin 15 faizini silahlanmaya yönəldirdi. Bizim ölkələr isə cəmi 5 faizini. Təbii ki, bu imperiyanın iqtisadiyyatına mənfi təsir göstərirdi. Ruslar tələbat mallarına lazım olan vəsaitdən qənaət edib onu silahlanmaya yönəldirdilər. Bu zaman belə hesablayırdıq ki, SSRİ daxilində kütləvi etirazlar baş qaldıracaq. Əsas metodlarımızdan biri guya həddən artıq silahlanmamızın olduğuna dair informasiya sızdırmaq idi. Yenə də deyim, çalışırdıq ki, sovet hökuməti hərbi xərcləri artırsın. Artırırdılar da. Onlar vəsaiti tamamilə sərfəli olmayan bir sahəyə - hərbiyə yönəldirdilər.
Siyasətimizdəki əsas məqamlardan biri də SSRİ-nin konstitusiyasının nəzərə alınması idi. Sənəd formal olaraq ittifaqa daxil olan hər bir müttəfiq respublikanın oradan arzuladığı vaxt ayrılmasını nəzərdə tuturdu. Əlbəttə, bu hüququn reallaşdırılması Kommunist Partiyasının güc orqanlarındakı mövqeyi səbəbindən mümkünsüz idi. Amma yenə də bu konstitusyon imkandan yararlanmaq siyasətimizdə mühüm yer tutdu. Buna həmişədən cəhd göstərirdik. Amma təəssüf ki, uzun müddət SSRİ-də siyasi vəziyyət sabit qalırdı. İstəyimizin yerinə yetməsində mühüm cəhət raket əleyhinə müdafiə sisteminin yaradılması oldu. Etiraf etməliyəm ki, ekspertlərimizin əksəriyyəti buna qarşı idilər və vurğulayırdılar ki, sistem çox baha başa gələcək və kifayət qədər etibarlı olmayacaq. Biz yenə də hesab edirdik ki, SSRİ analoji sistemin yaradılmasına böyük qüvvə qoyacaq. Amma bu, baş vermədi. Moskva yalnız siyasi bəyanatlarla məhdudlaşdı. Bizim üçün heç də yaxşı olmayan vəziyyət formalaşdı. Amma tezliklə sovet liderinin öləcəyinə və hakimiyyətə bizim köməyimizlə gələcək şəxsin yiyələnəcəyinə dair informasiya gəldi. Planlarımızı reallaşdıra bilərdik. Bu, mənim ekspertlərimin qiymətləndirməsi idi (mən həmişə Sovet İttifaqı üzrə yüksək dərəcəli mütəxəssisləri işə cəlb edirdim. Eyni zamanda ilk imkandaca SSRİ-dən güclü mütəxəssisləri dəvət edirdim).
İstədiyimiz şəxs Mixail Qorbaçov idi. Biz onu ehtiyatsız, xoflana bilən və kifayət qədər şöhrətbaz adam kimi tanıyırdıq. Dövlətin siyasi elitasının əksər təmsilçiləri ilə yaxşı münasibətləri var idi. Buna görə də hesabımızı onun bizim köməyimizlə hakimiyyətə gəlməsinə qoyduq. O zamanlar «Xalq cəbhəsi»nin fəaliyyəti, yəni onun funksionerlərinin texniki və maliyyə dəstəyi elə də böyük məsrəf tələb etmirdi. Əsas maliyyə uzun müddətli şaxtaçı nümayişlərinin yaradılmasına xərclənirdi…
Boris Yeltsinin «Xalq cəbhəsi»nin lideri kimi irəli sürülməsi, sonradan Rusiya Respublikasının Ali Sovetinə seçilməsi və daha sonra Rusiyaya rəhbərlik etməsi məsələsi ətrafında böyük mübahisələrimiz oldu. Bu adamın Qorbaçova qarşı qoyulmasını nəzərdə tuturam. Ekspertlərin çoxu keçmişini və şəxsi xüsusiyyətlərini nəzərə alaraq Yeltsinin namizədliyinin əlehyinə idilər. Amma müvafiq məsləhətləşmələr aparıldı və qərara alındı ki, Yeltsini «irəliyə ataq». Çox böyük çətinliklə bu adamı Ali Sovetə sədr seçə bildik. O an da Rusiyanın suverenliyinə dair bəyamnamə qəbul olundu. Məsələ onda idi ki,  bu müstəqillik kimdən idi. Axı, digər respublikalar Rusiya ətrafında birləşmişdilər?.. Bu, həqiqətən də SSRİ-nin iflası idi.
Boris Yeltsinə çox böyük kömək göstərildi. Xüsusən də 1991-ci ilin avqust hadisələri zamanı. Məlumdur ki, həmin vaxt SSRİ-nin yüksək rəhbərliyi Qobaçovu sıradan çıxarmağa və dövlətin əvvəlki bütövlüyünü saxlamağa cəhd göstərdi. Yeltsinin tərəfdarları kifayət qədər dözdülər. Bu vaxtadəksə onlar güc strukturlarını yetərincə ələ keçirə bilmişdilər.
O zaman bütün müttəfiq respublikalar vəziyyətdən yararlanaraq özlərinin müstəqilliklərini elan etmişdilər.  Əlbəttə, onların bəziləri bunu fərqli formada etdilər. Haradasa ittifaqda qaldıqlarını da bildirdilər. Beləliklə indi SSRİ de-fakto ifalasa uğrayıb. Amma de-yure mövcuddur. Mən sizi inandırıram ki, yaxın aylarda siz Sovet İttifaqının hüquqi cəhətdən də məhvinin şahidi olacaqsınız».
Qeyd edək ki, «dəmir ledi» M.Teççerin bu çıxışından cəmi iki həftə sonra SSRİ-nin hüquqi baxımından dağıldığını təsdiqləyən Belovej razılaşması imzalandı. Sonrası isə məlumdur.

168.az

Комментариев нет:

Отправить комментарий