08.01.2013

Mayis Güləliyev: "R. İbrahimbəyov milləti yeni hərəkat arzusu ilə "siyasi qış yuxusuna" verir"

Rüstəm İbrahimbəyov bu gün "böyük hərəkatın" anonsunu verib. Onun iddiasına görə 2013-cü ildə prezident kimi yeni bir şəxs seçiləcək. Yaşıl Alternativ Xəbər Agentliyi (yaxa.org) Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyevdən R. İbrahimbəyovun fikirlərinə münasibət öyrənib. M. Güləliyev bildirib ki, R. İbrahimbəyova bir yazıçı kimi dərin hörmət bəsləyir. Lakin onun belə iddiasının əsası yoxdur. M. Güləliyevin fikrincə, "2013-cü ildə hakimiyyətin dəyişməsinə nə iqtisadi, nə də siyasi zəmin yoxdur. Azərbaycanda və regionda maraqlı olan qüvvələr, həmçinin Azərbaycan cəmiyyəti indiki hakimiyyətin dəyişməsində maraqlı deyil. R. İbrahimov düzgün qeyd edir ki, hakimiyyətdən əhalinin əksər hissəsi narazıdır. Lakin o bir şeyi unudur ki, əhalinin daha böyük hissəsi müxalifətdən narazıdır və bu hakimiyyətin əvəz edilməsində ciddi təhlükə görür.
İndiki Azərbaycan hakimiyyəti hazırkı regional və lokal ictimai-siyasi şəraitdə həm regionda, həm də Azərbaycanda təhlükəsizliyin təmin edilməsində ən optimal hakimiyyətdir. R. İbrahimbəyov hansı qüvvələrlə bu hərəkatı formalaşdıracaq? Onun hərəkatında hərəkatçılar məgər azərbaycanlılar olmayacaqlarmı? Əgər belədirsə, onda o, yaxşı olar ki, Azərbaycanda siyasi resursları diqqətlə tədqiq etsin. Bu hakimiyyət bu cəmiyyətin hakimiyyətidir! Nə ondan yaxşısına nə də ondan pisinə layiq deyil! Bir ildən çoxdur ki, Ziyalılar Forumu fəaliyyət göstərir. Kim onların elmi cəhətdən əsaslandırılmış idarəçilik modelini görüb? Tənqid etmək asandır! Odur ki, hörmətli yazıçımız ciddi siyasi səhvlər buraxaraq milləti seçkiqabağı ""hərəkat arzusu" ilə "siyasi qış yuxusuna" verir. Yaxşı olardı ki, Ziyalılar Forumu cəmiyyətdəki ziyalı potensialını səfərbər edərək ciddi siyasi və iqtisadi proqramlar hazırlasınlar." Mayis Güləliyev son on ildə təkrar etdiyi bir fikrini yenidən dilə gətirdi: " Son on ildə dəfələrlə bildirmişəm və yenə də təkrar edirəm ki, Azərbaycanda hakimiyyət dəyişikliyi üçün iqtisadi və siyasi zəmin yalnız 2023-cü ildə yaranacaq". Bu ona görə deyil ki, mən və mənim kimilər pessimisdir. Xeyr! Bu ona görə belədir ki, elmi yanaşma olmadan əl-ayağa düşənlər və guya nəyisə dəyişməyə cəhd göstərənlər əslində bu hakimiyyətə xidmət göstərib və cəmiyyətin inamını qırıblar. Mən müxalifətin son 20 ildə qırdığı inamın nəticələrinə söykənərək bunu deyirəm. R. İbrahimov da heç bir siyasi və iqtisadi analiz aparmadan hakimiyyətin dəyişməsini iddia edirsə bu da yenidən insanların inamının qırılmasına hesablanıb. Təəssüf ki, belədir!

yaxa.org

Комментариев нет:

Отправить комментарий