12.01.2013

Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

Mir Cəfər Bağırov və Ağasəlim Atakişiyev

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...
Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq. 
Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq. 


(Əvvəli ötən şənbə saylarımızda) 

1954-cü ilin aprelində digər bir çekist, polkovnik Ə.Qasımov DTK sədrinə Ağasəlim Atakişiyevdən 8 səhifəlik "ittihamnamə" yazmışdır. Tanış olun:
"Azərbaycan SSR Daxili işlər naziri polkovnik Quskov yoldaşa polkovnik Ə.M.Qasımovdan:
1948-ci ildə (dəqiq tarixi unutmuşam) hazırda Daxili İşlər Nazirliyinin Qazax rayon şöbəsinin rəisi, o zaman 2-ci şöbənin 2-ci bölməsinin baş müvəkkili mayor Əliyev əlaqə saxladığı agentdən (ləqəbini unutmuşam) Atakişiyevin İrandakı fəaliyyətinə dair materiallar almışdı. Materialların arasında Atakişiyevlə birlikdə İranda olmuş, keçmiş müsavat ordusunun zabiti Məmməd Sarıcalinski haqqında sənədlər də vardı. Əliyev mənim qəbuluma gəldi və məsələnin mahiyyətini açıqladı. Mən onu danladım ki, niyə görə "agentdən" yazılı məlumat almamışdır. O, bunun səbəbini belə izah etdi ki, agentlə gecədən keçmiş görüşmüşdür və ondan donosu tələm-tələsik almışdır. Mən Məmməd Sarıcalinski barəsindəki agentura materiallarını şəxsən tanış olmaq üçün Atakişiyevə təqdim etdim. Elə zənn etdim ki, Atakişiyev məsələyə partiyalı münasibət göstərəcək. Lakin məlumatımı Atakişiyev özündə saxladı. Əksinə, məni və Əliyevi təqib etməyə başladı. Məndən və Əliyevdən yazılı izahat tələb olundu. Yemelyanovun imzaladığı qərarla mənə xəbərdarlıq, Əliyevə şiddətli töhmət verildi.
Atakişiyevin şəxsən özünün dilindən eşitdiklərimdən mənə məlumdur ki, İrandan Sovet İttifaqına qayıtdıqdan sonra SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə yazılmış məktublarda onu dövlətə xəyanətdə günahlandırmışlar. Atakişiyev məcbur olmuşdur ki, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə izahat yazsın.
1947-48-ci illərdə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsi 2-ci bölməsinin keçmiş rəis müavini Firudin Bağırov əvvəllər İran demokratlarından olmuş "Qubadı" ləqəbli agentlə əlaqə saxlayırdı. F.Bağırov o zaman mənə məruzə etdi ki, növbəti görüşü zamanı "Qubadı" demişdir ki, Azərbaycan SSR və Demokrat Partiyasının ayrı-ayrı rəhbər işçiləri Cənubi Azərbaycanda cinayətkar hərəkətlərə yol verirlər. "Qubadı" xahiş etmişdir ki, onu Mərkəzi, yəni Moskvanın rus millətindən olan bir rəhbər işçi ilə görüşünü təşkil etsinlər. Bildiklərini yalnız ona deyə bilər. Mən bu barədə Yemelyanova məlumat verdikdə Atakişiyev onun yanında idi. Yemelyanov Atakişiyevlə məsləhətləşdikdən sonra təklif etdi ki, "Qubadı" ilə əlaqədar tədbir hazırlansın. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin 5-ci şöbəsinin rəis müavini podpolkovnik Lavruxin Moskvaya ezam olunsun və "İnturist" mehmanxanasında "Mərkəzdən olan rus kimi" "Qubadı" ilə söhbət etsin. Əməliyyat həyata keçirildi. Lavruxinin Moskvada "Qubadı" ilə görüşü baş tutdu, ancaq istənilən nəticəni vermədi. Bunu Lavruxinin raportundan açıq-aydın görmək olar. Bir aya yaxın vaxt keçdikdən sonra Firudin Bağırov mənə məruzə etdi ki, "Qubadı" Moskva səfərindən sonra İran məsələlərini bizə də söyləmək istəyir. Mən Firudin Bağırova təklif etdim ki, Razin qəsəbəsində yaşadığı mənzilində "Qubadı" ilə mənim görüşümü təşkil etsin. Belə də oldu. 4-5 gündən sonra "Qubadı" Firudin Bağırovla birlikdə dəst-xəttilə əski Azərbaycan əlifbası ilə Atakişiyevin və digər məsul şəxslərlə əlaqədar faktlar barədə 50 səhifəlik məlumat yazdı. Lakin bu material hərətərəfli araşdırılmadı. "Qubadı" sonralar həbs olundu. Atakişiyev 2-ci şöbənin işindən, xüsusilə məndən narazı qaldı.
Cənubi Azərbaycanda demokratik hərəkat gedişində, Sovet qoşunlarının, partiya, sovet işçilərinin Təbrizdə və İranın digər şəhərlərində olduqları bir vaxtda təhlükəsizlik orqanlarımız tərəfindən səmərəli agentura aparılması üçün çox əlverişli şərait yaranmışdı. Lakin Atakişiyev tərəfindən həmin istiqamətdə heç bir iş görülmədi. Bunu SSRİ Milli Təhlükəsizlik Nazirliyinin sabiq nazir müavini Selivanovski yoldaşın başçılığı ilə aparılmış yoxlama bir daha təsdiq etmişdir.
Qoşunlarımız İrandan çıxarıldıqdan sonra, amerikalılar hay-küy qaldırıb radio ilə İrandan yayırdılar ki, Atakişiyevin başçılığı ilə çekistlərimiz Cənubi Azərbaycanda kommunist rejimi qurmaq istəyirdilər. (Bu barədə o zaman İranda olan Haşımov, M.Mustafayev və digər çekistlərimiz də bilirlər).
Atakişiyev İranda işlədiyi müddətdə həm özü, həm də arvadı dəfələrlə SSRİ-yə gəlmiş və hər gələndə özləri ilə içərisində qiymətli şeylər olan çemodanlar gətirmişlər. Atakişiyev sonuncu dəfə İrandan qayıdarkən onu MTN-nin keçmiş təsərrüfat şöbəsinin rəisi podpolkovnik Məmməd Mehdiyev bu faktlra aid arayış təqdim edə bilər. Mən özüm Atakişiyevin evində bir və ya iki dəfə olmuşam. Onun mənzilində 10-12 kv. metr ölçüdə İran nəqşləri ilə bəzədilmiş üç xalça görmüşəm. Atakişiyevin ailəsinin İranda özlərini necə apardıqları barədə MTN-nin əməkdaşları İ.İ.Yermakov, İza Tsişlis, N.Mehdiyev və başqaları müfəssəl məlumat verə bilərlər. Bütün bunlara baxmayaraq, Atakişiyev İranda olarkən ona general-mayor rütbəsi verilmişdir. Vətənə qayıtdıqdan sonra isə SSRİ Ali Sovetinə deputat, Azərbaycan KP MK tərkibinə dalbadal iki dəfə üzv seçilmişdir.
Qətiyyətlə deyə bilərəm ki, Bağırov Atakişiyevə hədsiz dərəcədə inanırdı. Atakişiyev mənşəcə ticarətçi oğludur, əvvəllər mənəvi pozğunluğa və digər hallara görə məhkəmə məsuliyyətinə cəlb olunmuşdur. Onun arvadı Riva Samoylovna Balaxanıda kustar neft sənayeçisi qumarbaz Palivanın yanında (vəfat etmişdir) tərbiyə almışdır. Qumarbaz Palivanın arvadı Riva Samoylovnanın doğmaca xalası idi. O, alverçilik etdiyinə görə 5 il müddətinə həbs cəzası almış və cəzasını çəkdikdən sonra az müddət Atakişiyevgildə qalmışdır.
Atakişiyevin özünə gəldikdə, o, naturaca karyerist və avaradır.
Ə.Qasımov."
1954-cü ilin aprelində "polkovnik Quskov yoldaşa" göndərilmiş "polkovnik Ə.M.-in məktubu iki aydan sonra, 1954-cü il iyul ayının 22-də Azərbaycan KP MK-ya (N443 ss) göndərilmişdir. Bəs "polkovnik Ə.M." kimdir? Araşdırmadan məlum olur ki, "polkovnik Ə.M." 1956-cı ildə M.C.Bağırovun məhkəməsində şahid sifətilə çıxış etmiş Qasımov Eyyub Mikayıl oğludur. 1926-cı ildən "NKVD" orqanlarında işləmişdir. Onun 1954-cü ildə Quskova yazdığı məktubunda adları çəkilən çekistlər arasında Məmməd Mehdiyev də vardır:
Şahid Məmməd Mehdiyev - Mən İranda olduğum zaman, sıravi kəşfiyyatçı kimi, konspirasiya məqsədilə Atakişiyevin rezidenturasında görünə bilməzdim. Ona görə də onun İranda özünü necə aparması barədə məlumatım yox idi. İrandakı agentura ilə aparılan işin vəziyyətindən də xəbərim yox idi. Ancaq mənə məlumdur ki, Atakişiyev İranda olduğu vaxt bizim kəşfiyyata elə rəhbərlik etmişdir ki, SSRİ əlrazisinə göndərilməsi güman edilən xarici kəşfiyyat agentlərinin biri də aşkara çıxarılmamışdı. Eləcə də xarici kəşfiyyatın SSRİ ərazisinə göndərdiyi agentlə əlaqə kanalları da müəyyənləşdirilməmişdi.
1946-cı ildə Təbrizdə xidməti ezamiyyətim zamanı Atakişiyevin mənzilinə gedəsi oldum. Və mənə məlum oldu ki, Atakişiyev və arvadı İranda şəxsi varlanma ilə məşğul olurmuş. Atakişiyevin mənzilində müxtəlif qiymətli əşyalara rast gəldim: 10-a qədər bahalı xalça, çoxlu müxtəlif şal və ipək parçalar, hazır paltar və ayaqqabı, gümüş qabqacaq və sairə. Atakişiyev böyük məbləğdə əmək haqqı alsa da, bütün bunları zəhmətlə qazana bilməzdi. Bütün bu şeyləri Atakişiyev gbmrük nəzarətindən keçmədən və dövlət rüsumu ödəmədən özüylə Bakıya gətirdi. Sürücülər: Rizvan Quliyev, Fadin və başqaları bütün gecəni Atakişiyevin gətirdiyi şeyləri vaqondan maşınlara, oradan da Atakişiyevin evinə daşımalı oldular.
1956-cı il aprel ayında məhkəmə iclasında ifadə verən şahid Məmməd Əbdüləzim oğlu Mehdiyev Atakişiyevin "hamisi" M.C.Bağırov haqqında da "tarixi məlumat" vermişdir.
- Gəncənin yerli, əsilli-köklü sakini, 1930-cu ilədək partiya orqanlarının, 1930-cu ildən siyasi idarə orqanlarının işçisi kimi mənə məlumdur ki, Azərbaycanın Samux, Şamxor, Tovuz, Ağdam, Zaqatala və başqa rayonlarında siyasi və cinayətkar dəstələr fəaliyyət göstərirdi. Həmin dəstələr uzun illər ərzində cəzasız fəaliyyət göstərmiş, əhalini qarət etməklə, soyğunçuluqla, kasıb-kusubu qətlə yetirməklə məşğul olmuşlar. O vaxtlar Bağırovun rəhbərlik etdiyi Azərbaycan Fövqəladə Komissarlığı və Siyasi İdarə həmin dəstələrin ləğv edilməsi üçün heç bir ciddi tədbir görmürdü, odur ki, bəzi dəstələr əhaliyə uzun müddət - on ilə yaxın işgəncə vermişdir.
Dəstəfur rayonunun Qabaqtəpə kəndində Pirverdinin dəstəsi 1920-ci ildən 1930-cu ilədək tüğyan eləyib. Samur rayonundan Məmməd Qasımın dəstəsi 1924-cü ildən 1930-cu ilədək banditizmlə məşğul olub. 1930-cu ilin əvvəlində Məmməd Qasım Samur siyasi idarəsinin müvəkkili Süleymanovu öldürdü. Ancaq Məmməd Qasım Qarabaqqal kəndində yaşamaqda davam eləsə də, heç bir yerə getməsə də, ona qarşı heç bir tədbir görülmədi, 1931-ci ildə gizlicə Türkiyəyə qaçdı.
Şəxsən mənə məlumdur ki, M.C.Bağırov 1928 və 1929-cu illərdə Samux rayonunda olub, həmin vaxtlarda Məmməd Qasımın bandası cinayətlər törədirdi. Ancaq hansı səbəbdənsə Bağırov həmin dəstənin ləğv edilməsi üçün heç bir tədbir görməyib.
1928-ci ilin sonunda Bağırovun göstərişi ilə qatı cinayətkar Qara Aslan və onun iki yaxın əlaltısı - Ələkbər və Cəmil üzə çıxarıldı, onlara silah verildi. Bağırov tərəfindən üzə çıxarılmasından istifadə edərək, Qara Aslan cinayətkar dəstə ilə əlaqəsini davam etdirir və Şamxor bandasının başçısı Əbdüləlini ona qarşı siyasi idarədə hazırlanan əməliyyatdan xəbərdar edirdi. Bu xəbəri alan Əbdüləli pusqu qurub siyasi idarənin Gəncə vilayət şöbəsinin rəisi Əlövsət Məmmədovu və milis rəisi Rüstəm Əliyevi öldürdü. Yalnız 1931-ci ildə, Bağırov Azərbaycan SSR Baş Siyasi İdarəsinin sədri vəzifəsindən çıxarılandan sonra Qara Aslan öz dəstəsi ilə həbs edilib güllələndi.
Qara Aslanla birlikdə üzə çıxarılmış, sovet hökumətinə qarşı vuruşmaqdan əl çəkməmiş bandit Mir Həsən Seyidov Qara Aslanın həbsindən sonra gizlicə Türkiyəyə qaçdı. Həm də özü ilə müsavat hökumətinin üzvü, Gəncə qubernatorunun oğlu Kamil Rəfibəyovu da apardı. 1945-ci ildə mən İranda olduğum vaxt agent "Gülzar" mənə xəbər verdi ki, Kamil Rəfibəyov türk kəşfiyyatında çalışır..."

(ardı var)                   Teyyub Qurban                 ekspress.az

Комментариев нет:

Отправить комментарий