13.01.2013

«Mənim kreslom həmvətənlərimin qanına dəyməzdi»

Ayaz Mütəllibov ilə müsahibə

«Mahir Cavadovun sözlərindən bildim ki, Tamerlan Qarayevi Cavadov qardaşları himayə edirdi»

«Rövşən Cavadov televiziya çıxışında bəyanat versəydi, hər şey onun üçün başqa cür olardı»

- 1992-ci ilin 15 mayını necə xatırlayırsınız, yenidən qayıtdığınız hakimiyyətdə qalmaq şansınız var idimi, vardısa niyə istifadə etmədiniz?
- Mən 1992-ci ilin 15 mayını martın 14-nün davamı kimi kədər hissi ilə qarşılayıram. Rusiya prezidentinin məni dəstəkləməkdən çəkinməsində Rəhim Qazıyevin “qəhrəman” rolu haqqında artıq demişəm. Prezident Yeltsinlə danışığımın mümkün olmaması haqqında xəbər müxalifətin xeyrinə idi. AXC hesab edirdi ki, əgər mən onlarla əlaqə yarada bilmirəmsə, demək məni müdafiə etmirlər. Həmin anda onlar hakimiyyətin zəbt edilməsinə qərar verdilər.
AXC-nin sərəncamında olan hərbi texnika vasitəsilə təxminən bir taqım əsgər Ali Sovetin boş binasını və respublika televiziyasını ələ keçirdi. Bu hadisə, dəqiq bilmirəm, deyəsən təxminən gündüz saat 3-də baş vermişdi. AXC funksionerləri televiziya vasitəsi ilə hadisələri şərh etməyə başladılar. Həmin vaxt məndən ultimativ formada prezident binasını tərk etməyi tələb edən Fəhmin Hacıyevin həyasız çıxışını xatırlayıram. İsa Qəmbər də çıxış etmişdi. Onun söylədiklərindən bir söz yadımda qalıb: - Baş vermiş hadisə xalq “üsyanıdır”. Əlbəttə ki, bu şişirtmə idi. 
Mən hələ öz kabinetimdə oturmuşdum və taleyin dönüklüyü, yenidənqurma prosesində cücərən “siyasətçi”lərin avantürüstlüyü haqqında fikirləşirdim. Mənim təkliyimi otağa daxil olan XTMD-nin komandiri Rövşən Cavadov kəsdi. O, hərbi qaydada salam verdi. Mən onu kürsüyə dəvət etdim. Cavadov gözünü pəncərəyə dikərək dedi: “Sizə məlumat vermək istəyirəm ki, mən onların tərəfindəyəm”. Əlbəttə, “onlar” sözünü AXC kimi başa düşmək lazım idi. Mən mənalı tərzdə vaxtı ilə onu XTMD-nin komandiri vəzifəsinə qoymağım hesabına daşıdığı poqonlarına baxdım. O, Qarabağ cəbhəsində özünü yaxşı göstərmiş, “Çaykənd əməliyyatı”nda aktiv iştirak etmişdi. Ümumiyyətlə, mənim ona simpatiyam var idi və o vaxt fikirləşmədən onun təyinatını Tamerlan Qarayevin vəsatəti ilə vermişdim. Çox sonra Mahir Cavadovun sözlərindən bildim ki, Tamerlan Qarayevi Cavadov qardaşları himayə edirdi. “Azdiaspora” saytında Mahir Cavadov sözarası demişdi ki, onlar Tamerlan Qarayevin Mütəllibovla əməkdaşlığa başlamasından narazı idilər. Mahir Cavadovun sözlərindən belə çıxır ki, onlar mənə müxalif mövqedə dayanırdılar. O müsahibədə M.Cavadov digər maraqlı faktlar haqqında da danışıb. Beləliklə, mənim qarşımda iki seçim vardı: ya prezident binasında yerləşən, müvafiq döyüş ləvazimatları ilə tam təchiz olunmuş və istənilən əmrimi yerinə yetirməyə hazır olan qvardiyama əmr etmək, ya da yaranmış vəziyyətə tabe olub kabineti tərk etmək. Mən ikincini seçdim. Belə ki, Rövşən Cavadovun rəhbərliyində və mənim qvardiyamda Əfqanıstan və Dağlıq Qarabağ müharibələrində iştirak etmiş azərbaycanlı övladlar xidmət edirdilər. Aydındır ki, mənim postumu qorumaq yolunda istənilən hərəkətim vətəndaş müharibəsinə gətirib çıxara bilərdi. Mən buna yol verə bilməzdim. Mənim kreslom həmvətənlərimin qanına dəyməzdi. 
Mən bilirəm ki, vətənin cəsur övladları olan keçmiş OMON-çular Rövşən Cavadovun tərəfdarları kimi öz komandirləri haqqında mənim söylədiklərimi eşitdikdə narahatçılıq keçirəcəklər. Bu başa düşülən və təqdirəlayiqdir. Rəhmətlik R.Cavadovun səhvi onda idi ki, heç də həmişə təmiz olmayan siyasətə qoşulmuşdu. O dövlətə və dövlət rəhbəri kimi mənə and içmişdi. Bu səbəbdən də o, ancaq bir tərəfdə - qanuni hakimiyyətin tərəfində olmalı idi. Əgər Rövşən Cavadov 15 mayda respublika televiziyasında çıxış edərək bəyanat versəydi ki, mən Konstitusiyaya uyğun olan prezidentin tərəfindəyəm, hər şey onun üçün başqa cür olardı. 

- Mayın 16-da Azərbaycanı necə tərk etdiniz, xatırlaya bilərsinizmi?
- Mən ölkəni tərk etmək istəmirdim. Mən elə bir iş görməmişdim ki, həyatım üçün qorxum. Ona görə də mən öz kabinetimdən çıxıb birbaşa hökumət bağına getdim, çünki ailəmin orada olduğunu zənn edirdim. Lakin bağa gəldikdə, orada həyat yoldaşımı, oğlumu və onun ailəsini görmədim. Mən şəhərdəki evimə zəng etdim, heç bir nəticəsi olmadı. Onların harada olduğunu ağlıma belə gətirə bilmirdim. Bir qədər irəli gedərək deyim ki, ailəmin sanki düşmən obrazında sonradan hər ehtimala görə Moskvaya gəlməsindən sonra dostlarımın avtomobilində mənə məlum oldu ki, onlar nələri yaşamalı olublar. Əvvəlcə kiçik oğlumun qaynanasının mənzilinə kamuflyaj geyimdə olan şəxslər gələrək onu tələb etmişdilər. Qonşularım çağrılmamış bu şübhəli “qonaqlar”ın həyasız tələblərini eşitdikdə birləşərək onları qovmuşdular. Bir də axı, mənim bu insanlara hansı pisliyim olmuşdu? Bax, bunu mən indiyədək başa düşə bilmirəm. Həmin vaxtda oğlumu və onun ailəsini mənim həyat yoldaşımla birlikdə bizim yaxın tanışımızın bağına aparmışdılar. Oradan da avtomobil vasitəsi ilə Dağıstan sərhədindən keçirərək Mahaçqalaya keçirmişdilər. Onlar Mahaçqaladan Moskvaya uçmuşdular. Bütün bu hadisələri mən sonradan, artıq xəstəxanada olarkən həyat yoldaşımın yanıma gəldiyi vaxt bilmişəm. Böyük oğlum həmin vaxt ailəsi ilə birlikdə xaricdə idi. 
Mühafizəçilərim birdən mənə xəbər verdilər ki, bəs aeroportda məni axtarırlar. Bu xəbər mənə qəribə gəlməklə yanaşı, ehtiyatlı olmağıma işarə idi. Qəribə görünən o idi ki, guya məni axtaran şəxs mənim hökumət bağında olmağımı bilə bilməzdi? Hər halda, xoşagəlməz hadisələrdən sığortalanmaq üçün müşayiətçilərin məsləhəti ilə hökumət pansionatını tərk edərək onlardan birinin bağına getdik. Orada özümü qaydaya saldım və bir qədər dincəldim. Gecə saat 1-də oyandım və nə edəcəklərimizi fikirləşməyə başladıq. Ətrafımdakılardan biri mənim Moskvaya uçmağımı təklif etdi. Binə hava limanında axtarılmağım həqiqət idisə, bəs bu vəziyyətdə mən haradan uça bilərdim? Qərara gəldik ki, Qalada yerləşən hərbi aeroportdan uçum. Gecə saat 3-də hərbi aeroporta çatdıq. Gözlənildiyi kimi, aeroportun növbətçisi yatmışdı. Çətinliklə də olsa, onu yuxudan oyatdıq. Gözətçiyə kim olduğumu başa salaraq məni Zaqafqaziya Hərbi Dairəsinin Komandanlığından bir nəfərlə calaşdırmağı ondan xahiş etdim. Yarım saatdan çox vaxt keçdi. Nəhayət, məni komandan müavini, general S.Bippayevlə calaşdırdılar. Mən generala vəziyyəti danışdım və Moskvaya uçmaq üçün təyyarə verməsini xahiş etdim. Qeyd edim ki, sovetin tanıdıcı nişanları olan hərbi təyyarədən başqa heç bir yerə uçmaq mümkün deyildi. Bunu ona görə diqqətinizə çatdırıram ki, vaxtilə bəzi jurnalistlər hansı səbəbdən başqa bir ölkəni yox, ancaq Moskvanı seçməyim barədə mənə çoxlu suallar yağdırırdılar. Mənim o dövrdə heç bir seçim imkanım yox idi! 
Səhər saat 7-yə bir təyyarə hazırladılar. Mən ona əyləşmək istədikdə, texniki işçi bildirdi ki, təyyarə uça bilməz. Başqa bir təyyarə hazırlamağa başladılar. Sonradan bununla Moskvaya uçdum. Səhər saat 8 idi, mən qeyri-müəyyənliyə və vətəndən uzaqlarda uzun müddətli yaşayışa doğru uçurdum... 

- Siz Moskvaya gedəndən sonra AXC hakimiyyətinə vətənə qayıtmanız üçün müraciət etmişdinizmi, yaxud onlardan təklif olmuşdurmu?
- AXC hökumətindən heç bir təklif almamışdım. Onlara da müraciət etməmişəm.

- AXC hakimiyyətdə 1 il qaldı, sonra Heydər Əliyev iqtidara gəldi və bu müddətdə 1994-cü il 4 oktyabr, 1995-ci il 16 mart hadisələri oldu və hətta Sizin də adınız xatırlandı. Surət Hüseynov və mərhum Rövşən Cavadovla əlaqələriniz var idimi?
- Surət Hüseynovla mənim heç bir münasibətim olmayıb. Bircə onu bilirəm ki, bir dəfə o dostlarının yanında mənim prezidentliyim dövründə onun fabrikinin böyük yoxlamalara məruz qalması haqqında danışıb. Bu səbəbdən o mənə incik düşmüşdü. Halbuki, fabrikdə olan çatışmazlıq və pozuntuların yoxlanmasını həmin dövrdə birbaşa DİN təşkil edirdi. Rövşən Cavadova gəldikdə isə, 1992-ci ili mayın 15-də AXC-nin tərəfinə keçməsi haqqında bəyanatından sonra, mənim onunla əlaqələrim sona çatdı.

- 90-cı illərdə Siz Moskva milisi tərəfindən həbs olunmuşdunuz, bu, bir təsadüf idi, yoxsa...?

(Davamı növbəti sayımızda)

Natiq CAVADLI                           bizimyolinfo.com

Комментариев нет:

Отправить комментарий