14.01.2013

Oktay Hacımusalı - Bir insan yarada bilərsənmi?

Hamı günahkardır, bircə Güntay Gəncalpdan başqa?!..

Mən nə etdim? Bir sərhədi keçdim. Özümdən uzaqlaşmaq istəyəndə özümə rast gəldim. Sən demə qul olduğunu anlamaq üçün özümü Allah hesab etməliyəmmiş... Sən demə necə yaradıldığımı anlamaq üçün bir adam yaratmağa çalışmalıyammış!
Mən nə etdim? Ən möhkəm pillədə ayağım sürüşdü. Gözüm zədələndi. İndi koram, görmədiyim bir şeyə necə baxım? İnsan taleyini bir yuxu kimi yuxuda görürəm ancaq. Bu yuxuya oyaq ola - ola necə baxım? Allah hər tərəfdən məni əhatə etmişdi. Boşluqda necə dayanım?

(Xosrov, "Bir adam yaratmaq" əsərindən, Nəcib Fazıl Kısakürək)



Güntay Gəncalpı tanıyandan durmadan fikir dəyişdirir. Sabitfikirli bir insan kimi tanımamışam onu. Onun yazılarında bilərəkdən elə bil nəsə qərəz var.
Bəlkə şouya qaçmaq marağı?!... Bəlkə özünütəsdiq, eqosunu təskin etmək yatır yazdıqlarının, dediklərinin altında... Bilmirəm, amma bir şey var bu Güntay bəy Avropanın göbəyində oturub gah Şah İsmayılı yerlə yeksan edir öz aləmində, gah da Nəsimiyə "sapıq" - deyir...
Olsun, ədəbi düşüncəmizdə fərqli fikirlər də olsun. Əslində olması gözəl bir haldır. Çünki, fikirlər yarandıqca polemika mühiti formalaşır və hamı fikirlərini təsdiq etmək üçün nələrisə ortaya qoyur.
Amma burda bir məqamı da unutmamaq lazımdır: hər kəs öz bildiyi sahə ilə məşğul olanda gözəldir. Çünki, qələm adamı elə olanda daha möhtəşəm görünür.
Bir məqam da durmadan fikir dəyişdirən, bu "ağ" dediyinə sabah heç çəkinmədən "qara" - deyən Güntay əfəndinin fikri nədir ki, durmadan hamını tənqid edir və tarixi şəxsiyyətlərin cümləsinə yuxarıdan aşağı baxsın.
Bunları düşünürdüm ki, qəfil qarşıma Güntay bəyin bu günkü yazısı çıxdı: "Nəsimidən bixəbərlər: Asif ata, İsa Hüseynov, Qabil, Bəxtiyar Vahabzadə"... Əlim - ayağım qurudu. Əlim - ayağım qurudu ki, doğurdanmı, Güntay bəy elə düşünür ki, adlarını çəkdiklərinin hamısı Nəsimidən bixəbərdilər? Ya o, özü belə təqdim etməyə çalışır ki, insanların hamısında bu şəxsiyyətlərə qarşı bir şübhə oyansın?!
Və yazını oxuya - oxuya dünənə kimi Həsimiyə "sapıq" - deyən bu zatı - möhtərəm indi onun dediklərini anlamaq üçün mütləq İslamdan xəbərdar olmalı olduğumuzu deyir.
Qabilə münasibətim birmənalı deyil, onu bir qırağa qoyuram. Gəlin tənqidçi - ədəbiyyatşünas və eyni zamanda düşüncə adamı Asif Əfəndiyevdən başlayaq...
"Şeiriyyət - daxili gözdür - o, zahiri gözün görmədiyini görür.
Şeiriyyətdə Gerçəklik özündən artıq görünür - Mahiyyətə bərabər, hadisələrdən Yüksək.
Şeiriyyət gerçəklik həddini ötür, Mahiyyət hədsizliyinə çatır; Şeiriyyət Gerçəkliyə Məna hədsizliyi gətirir". - deyirdi Asif Əfəndiyev.
İnsanı kamillik mərtəbəsində görməyi diləyən tənqidçi Asif Əfəndiyev fəlsəfəsi bütün hallarda Nəsimiyə böyük önəm verir və onu milli fikrimizin məhəng daşlarından hesab edir. "Nur Əməllidir Hürufilər - İnsaniliyi təsdiq edirlər, İnsandan böyük Tanrı tanımırlar, İnsan üçün özlərindən keçirlər, Dövrdən üstündürlər - bu səbəbdən də haqdırlar, Həqiqətə çatmışlar, məhəbbətli, vəcdli, heyrətlidirlər - Etiqadlı, Mənalı, Mahiyyətlidirlər;
Ruhaniyyatla, Mənəviyyatla məğlub edirlər Yağını, Ülviyyət toxumu səpirlər ömürlərə, Qala tikirlər Etiqaddan, Allah qatili sayırlar cahangirləri, Daxilən İşıqlanırlar - Mənaya çatırlar, Vəhdətə qovuşurlar, İkilikdən ayrılırlar, İlahiliklə birləşirlər - İlahiləşirlər,Ocaq qalanır Teymur Qışında - Həmişəlik, "Ənəlhəq" səslənir - ölənlər, itənlər, divara tikilənlər kökündə - Haqq əməli yaranır - İlahi!" - Bu Nəsimiyə bir zamanlar Güntay Gəncalp hələ Güntay Cavanşir olanda mürşidi - kamil bildiyi Asif Əfəndiyevin Asif Ata məqamından sonra baxışıdır. Və bu da olduqca absurd fikirdir ki, "Asif Əfəndiyevin hürufiliyin "Cavidannamə", "Nomnamə", "Məhəbbətnamə", "Məhrəmnamə" kimi əsərlərindən heç xəbəri olmamışdır".
Asif Əfəndiyevin necə Nəiminin estetik və fəlsəfi fikirlərindən xəbəri olmaya bilərdi ki, o, çıxışlarının birində deyirdi ki, "təkcə Nəimi bəsdir ki, Azərbaycana səcdə qılasan".
İnsanın ən böyük problemi bilirsinizmi nədir: O da düşünmək. Asif Əfəndiyev haqqında Güntay Gəncalpın dediklərini məntiqsiz və məzmunsuz hesab edərək, ona kamil düşüncə arzulayır və ikinci yazıya kimi "xoşca qalın!" - deyirəm.

Комментариев нет:

Отправить комментарий