08.01.2013

Rəssam şəklimi çək

Adillə Nəzərova

Rəssam, ləpədöyəndə bir şəklimi çək,
Gördüyün kimi yox, mən istəyən tək.
Baxma göz yaşıma, çək gülüşümü,
Məsum baxışımı, şux duruşumu.
Çək şirin sözləri, mehribanlığı,
Gizlət qürurumu, çək şıltaqlığı.
Qəlbimdə arzunu çək, çəkə bilsən,
Bir ümid ək üstə, sən əkə bilsən.
Bəxtimin qarasın at, dalğalara,
Təmiz səhifə çək, sən ara-sıra.
Qoy, yusun dalğalar qəmi-kədəri,
Dəyişsin bəxtimdə tale-qədəri.
Çək məni sevincli, xoşbəxt anımda,
Qayğıkeş, səmimi, xoş məqamımda.

Üzümdə qırışı, naxışı az çək,
Bunlar naz deyildir, nazımı az çək.
Demə ki, dərdini deyirsən mənə,
Sadəcə ruhumu söylədim sənə.
Rəssam, ləpədöyəndə bir şəklimi çək,
Gördüyün kimi yox, mən istəyən tək.

Комментариев нет:

Отправить комментарий