11.01.2013

Sevinc Babayevanın anası şok açıqlamalar verdi

“Elə zəhər vermişdilər ki, əvvəl ciyərinə vurdu, sonra ayaqları tutuldu, dalınca da ürəyi...”

“Axırıncı dəfə telefonla danışanda dedi ki, ”mama, Gülər mənə söz verib ki, kompozitor (fövqəladə hallar naziri Kəmaləddin Heydərovu nəzərdə tutur-red.) məni Fövqəladə Hallarda işə qoyacaq, sən narahat olma". Mənim qızımı saldılar tora. Axırda da onlara maneçilik edirdi deyə aradan götürdülər. Çox şey bilirdi ey Sevinc, çox şey. Onun da əlində çox kaset vardı. Təəssüf ki, mənə iş barədə danışmırdı. Yoxsa mən hər şeyi dəqiqliyi ilə danışardım sizə".
Bu sözləri sabiq deputat Gülər Əhmədovanın rəfiqəsi olmuş, ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videolardakı iştirakçılardan biri, ötən ilin sonlarında İstanbulda müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayevanın anası Zəhra xanım “Yeni Müsavat”ın əməkdaşlarına bildirib. Qəzetin əməkdaşları ötən gün S.Babayevanın ata evində olaraq anası və başqa yaxınları ilə söhbətləşib.


“Bacısı görüb ki, qusuntusu yamyaşıldır”

Zəhra xanım qızının zəhərləndiyi günlə bağlı deyib ki, həmin vaxt özü evdə olmayıb, bacısıgilə gedib. “Yay vaxtları idi. O biri qızım bizdə idi. Danışır ki, bir də gördük, bayırda bir maşın dəli kimi tormoz verdi. Baxdıq ki, Sevincdir. Aşağıdan qışqırıb ki, ölürəm. Bacısı görüb ki, bunun halı pisdir. Düşüblər aşağı, gətiriblər evə. Bu, dərhal qaytarıb. Bacısı görüb ki, yamyaşıldır qusuntusu. Qatıq-filan veriblər. Sonra bacısı qusuntusuna diqqətlə baxanda görüb ki, içində dumur-dumur nəsə var, dərman kimi. Bacısı soruşub ki, sən hardaydın, nə yemisən? Deyib, yeyib-içməkdən gəlirəm Gülərlə. Bu söz onun dilindən çıxıb. Ondan sonra bunun ciyəri pis günə düşdü. Əvvəl bunu ”diaqnostika"ya apardıq. Bütün həkimlər bundan qaçırdılar, baxmaq, müalicə etmək istəmirdilər. Yalandan da deyirdilər ki, yaydı deyə həkimlərin çoxu məzuniyyətdədir. Nəsə, axırda Sevinc Oqtay Şirəliyevə zəng elədi ki, mənə köməklik eləyin. O da tapşırıq verdi, bunu götürdülər xəstəxanaya, amma ağır xəstələrin qaldığı yerə", - deyə Zəhra xanım bildirib.
Anası S.Babayevanın Bakıdakı müalicə prosesində də şübhəli məqamlar olduğunu deyib. Onun sözlərinə görə, ilk dəfə qızının yanına heç kimi qoymayıblar: “Sonra bizə dedi ki, mən burdan qorxuram, məni burda öldürəcəklər. Səhər dedi, burda bir dəqiqə də qalmaram. Burda bir arvad ölüb. Ürəyimə damıb ki, məni də öldürəcəklər. Sonra gətirdik, bunun vəziyyəti lap pisləşdi. Gecə 12-də yenə Sevinc qayıtdı ki, mama, məni xəstəxanaya aparın. Gətirdik, Neftçilər Xəstəxanasına. Dedilər, bu xəstə buranın xəstəsi deyil, qəbul eləmədilər. Təsəvvür elə, dövlət xəstəxanasıdır, bunlar belə özbaşınalıq edirlər.
Sonra apardıq Gömrük xəstəxanasına. Burda bu, bir az toxtadı. Yaxşı da pul qırdılar bizdən. Müalicəsi yaxşı idi. Yaxşı həkimlərə tapşırmışdılar onu".

“Baxıb ki, qəşəng gəlindir, çəkib öz tərəfinə”

Bu yerdə söhbətə S.Babayevanın dayısı müdaxilə edib: “O, xəstəxanada olanda mən Sevincin yanına getmişdim. Dedi ki, dayı, məni zəhərləyiblər. Soruşdum, kim edib? Cavab vermədi. O, qorxurdu deməyə”.
“Sevinc adi bir konfeti yeməzdən əvvəl də onu yoxlayırdı, sonra yeyirdi. Onun kimi ehtiyatlı adamı ancaq Gülər kimisi zəhərləyə bilərdi. Bizə də demişdi ki, hər şey onunla yeyib-içəndən sonra baş verib”. Bunalrı isə anası Zəhra xanım əlavə edib.
Anası S.Babayeva ilə G.Əhmədovanın tanışlıq hekayəsini də danışıb: “Sevinc jurnalist olanda bunlar parlamentdə tanış olublar. Gülər onu görüb, baxıb ki, qəşəng, dili şirin gəlindir. Başlayıb buna hədiyyələr-zadlar verməyə. Çəkib öz tərəfinə. Elşadın universitetində dərs deyib Sevinc. Kitabı-zadı çıxıb. Ordan-ora hər ikisini də tanıyıb. Bunlar da birləşib mənim balamın axırına çıxdılar”.

“Əbülfəz Qarayev deyib, gəl bir kitabxana verim, fırlat”

Zəhra xanım deyib ki, G.Əhmədova ilə ailəvi yaxınlıqları olub: “O, mənim bacım qızının toyunda iştirak etmişdi. Sevinclə 16 ilin rəfiqəsi idilər. Amma 2 il əvvəl yoldaşım rəhmətə gedəndə Gülər gəlməmişdi. Dedim, Sevinc, siz necə rəfiqəsiz ki, bu sənin atanın yasına gəlməyib. Dedi ki, biz onunla küsmüşük. Sonradan bunun qılığına necə giribsə, təzədən danışmağa başlayıb qızım onunla. Nə gəldi, nə zəng elədi. Dedim, Sevinc, o zalım adamdır. Dedi, mama, bilirəm. Dedim, amma sən məni burdan götürüb onun qayınanasının yasına aparmışdın. Nəyimə lazım idi, o soyuqda getmişdim, oturmuşdum orda”.
Anasının sözlərinə görə, S.Babayeva son iş yeri olan Sabir adına kitabxanaya da G.Əhmədova ilə küsülü olduğu vaxt rəhbər təyin olunub: “O vaxt Sevinc iş axtarırdı. Əbülfəz Qarayevə zəng edib. Deyib ki, mənə iş verin. Amma deyə bilməyib ki, Gülərlə aram dəyib. Əbülfəz də deyib, Sevinc xanım, sizə nə iş verək? Gəl bir dənə kitabxana verim sənə, fırlat onu. Sonra Sevinc bədbəxt o kitabxananı nə qədər təmir etdirdi. Kadrlarına çox hörmət edirdi kitabxanada”.

“Ayxanı elə yolda öldürərlər”

S.Babayevanın anası və dayısı indi onun oğlundan narahatdılar. Dediklərinə görə, S.Babayevanı bu cür aradan götürən şəxslər onun oğlunu da danışdığına görə susdura bilərlər: “Ayxana indi mühafizə lazımdır. Deyirlər, Türkiyəyə gedib ölüm kağızını almalısan. O uşağı elə yolda öldürərlər ey. Onu tək buraxmadım keçən dəfə. Elə bircə dəfə stüardessa bunun içkisinə dərman qatar. Havadaca ölər uşaq”.
Dayısı isə bacısı qızının arxası ilə Türkiyəyə getdiyi günlər yaşadıqlarını danışıb. Xatırladaq ki, onun cəsədini almaq üçün qonşu ölkəyə oğlu A.Məmmədovla yanaşı, dayısı da getmişdi: “Biz gedəndə Sevincin meyiti Medicana Xəstəxanasının morqunda idi. 5 min dollar istədilər bizdən. Şüursuz halda aparıblar onu. Bəlkə də meyitini aparıblar, bilmirik. Sevinci ora Səlcuq adlı şəxs aparıb - Gülərin ordakı adamı, Sevinci qoruyurdu guya. Birinci xəstəxanaların birinə aparıb, qəbul etməyiblər. Sonra bura gətiriblər. Ürəyini masaj ediblər. Mən də xəstəxanada dedim ki, bəyəm burda 2 saat saxlayıb, sonra da onu öldürdüyünüzə görə 5 min dollar verməliyik sizə? Ona qalsa siz bizə pul verməlisiniz. Digər tərəfdən də, bizim o qədər pulumuz yoxdur. Ancaq yol pulumuz var, bir də meyitin gətirilməsi üçün pulumuz”.
S.Babayevanın dayısı deyib ki, Türkiyə polisi Səlcuq adlı şəxsi də dindirib: “Səlcuq Gülər Əhmədovanın adamı idi. Onu orda guya qoruyurdu, amma əslində nəzarət edirdi ki, bayıra çıxmasın. Ondan xoşum gəlmədi, özünü oğru kimi aparırdı, ora-bura qaçırdı. Sevincin ölümündən bir həftə qabaq Gülər Əhmədovanın əri İstanbula, onun yanına gedib. Pul aparıb. Bəlkə də əlləri ilə zəhər aparıb verib ona? Ölümü ona görə bu cür tezləşib? Analiz göstərəcək ki, əslində məsələ nə yerdədir”.
Anası Zəhra xanım isə iddia edir ki, həkimlər Bakıda ikən onun “dekabra qədər qonaq olduğunu”, ondan sonra öləcəyini deyiblər: “Elə zəhər vermişdilər ki, birdən öldürmürdü adamı, yavaş-yavaş axırına çıxırdı. Əvvəl ciyərinə vurdu, sonra ayaqları tutuldu, dalınca da ürəyi bu formaya düşdü”.

“Qızımı aeroporta Gülər apardı”

Zəhra xanım qızı ilə son görüşlərini, yəni ölkəni tərk etdiyi günü də yada salıb: “Gecə saat 11 idi. Sevinc girdi içəri. Rəngi ağappaq idi. İçəri girən kimi dedi, Allah sənə rəhmət eləsin, Sevinc Babayeva. Dedim, ay qız, sənə nə olub? Dedi, gedirəm. Hara gedəcəyini demədi. Maşınsız gəlmişdi özü də. Bir vərəqə yazıb verdi ki, filan podruqama zəng eləyərsən, onda pulum var. Filan yerə filan qədər ödəmişəm. Sonra zəng elədi öz telefonundan kiməsə. O adama dedi, gəl evin yanına, hazıram. Baxdım telefonuna, gördüm Gülər yazılıb. Demək, Sevinci Gülər apardı aeroporta. Zəng elədim Gülərə, dedi, narahat olma, qızın yaxşı yerdədir. Hər şey yaxşı olacaq”.

faktxeber.com

Комментариев нет:

Отправить комментарий