10.01.2013

Əsgər ölümlərinə necə “YOX” deyək?

Əsgər ölümlərinə necə “YOX” deyək?<b style="color:red"></b>Pərviz Sadıqov

Bizdə hər iş tərsinədir. Elə hərbi xidmət də... İradəsi güclü olanlar, daha çox savadlılar, xaricdə təhsil alanların əskəriyyəti əsgər getməkdən yayınır, öz güclərini 35 yaşına kimi hərbi komissarlıqlardan qaçmağa, gizlənməyə tükədirlər. Sonra da əsgər ölümü xəbərini eşidən kimi qaranlıqlardan çıxıb müdafiəyə qalxırlar, etiraz edirlər. Kimə etiraz edirsiz? Bəlkə, Sən (əsgərlikdən yayınıb, amma əsgər ölümlərinə etiraz edən hər hansı şəxs) orda olacaqdın və bir əsgərin ölümünə mane olacaqdın...
Başa düşüləsidir. Hər kəs ölümdən qorxur. Heç bir valideyn göz görə-görə oğlunu riskə atmaq istəməz. Düz edirlər, ya etmirlər, əsgərlikdə neqativ hallar var, ya yox - bunların üstündə çox dayanmaq istəmirəm. Bircə çağırış edəcəyəm. Vətənimizi, müdafiəsiz, zəif əsgərlərimizi, aclıqdan-susuzluqdan əziyyət çəkib xidmətinin sonunu gözləyən uşaqları təkcə Müdafiə Nazirliyinin ümidinə buraxmayın!
Əsgər ölümləri çoxalır, bu ölümlərə etirazlar da çoxalır, şəhərdə mitinqlərə, aksiyalara cəhd edib etiraz səsinizi qaldırmaq istəyirsiniz, amma bütün bunların nəyə faydası var? İndiyə qədər belə aksiyalarda deyilənləri kim eşidib ki? Bu aksiyalar sgər ölümlərinin qarşısını alacaq qədər yetərli deyil. Yalnız bircə həlli var, məncə, əsgərlikdə olub hüquqlarınızı bilmək və özünüzü, digər əsgərləri şərəfsiz vəziyyətlərdən müdafiə etmək, gücün yox, haqqın müdafiçisi olmaq... Bunun üçün də hər kəsin əsgər getməsi lazımdır, əsasən də ali təhsillilərin. Siz əsgərlikdən yayınmaqla, orda olan əsgərləri - zəif, gücsüz, hüquqlarını bilməyən əsgərləri arxasız buraxırsız, qoluzorlulara, “dedovşina”dan həzz alanlara şərait yaradırsız.
Mən də hərbi qulluğumu Daşkəsəndə etmişəm, oranın şəraitini bilirəm və indi orda ölən əsgərin aqibəti mənim üçün təəcüblü deyil. Orda olan əsgər dostlarımı gözümün qabağına gətirəndə ürəyim ağrayır. Onun yerində, ondan əvvəl ölən əsgərlərin yerində hər birimiz ola bilərdik. Şərəfdir orda ölmək, amma Vətən uğrunda, müharibədə, döyüşdə... Hansısa şərəfsizin əlində deyil. Əsgərin döyüş olmadan ölümü qədər ağrılı ikinci bir hadisə ola bilməz. Həm Vətən üçün, həm ailəsi üçün.
Elə bilirsiz, nəsə olacaq? Ya bir-iki zabit vəzifəsindən azad olunacaq, ya rütbəsi alınacaq, ya da uzaqbaşı tutulacaq, amma bu ölümlər, bu bəd xəbərlər yenə davam edəcək... Demirəm etiraz olunmsın, olunsun, amma buna haqqı çatanlar eləsinlər...
Hərbi qulluqda şəraitdən əvvəl, psixologiya dəyişilməlidir. Vətən və oğulları yalnız Müdafiə Nazirliyinin, Səhiyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin ümidinə buraxılası qədər düşməyib gözümüzdən. Aksiyalara yox, mitinqlərə yox, hərbi xidmətə gedin, gücünüzü düzgün yerlərdə göstərin, hüququnuzu lazım olan məkanda tələb edin!

525.az

Комментариев нет:

Отправить комментарий