13.01.2013

YA DA ELƏ…

Ramilə Qardaşxanqızı

İki gündür ki, bu yazını yazmaq istəyirəm amma hardan başlayacağımı bilmirəm. Fikfimi hansı tərəfə yönləndirirəmsə, düşüncələrimi cəmləyib tam qərəzsiz şəkildə hara yürüdürəmsə orda içimi bir hüznlə yanaşı böyük bir nifrət, qəzəb və ən acısı isə, qərəz bürüyür. Gör hansı dövrdə yaşayırıq amma hansı günləri görür gözlərimiz?! Biz müstəqil Respublikanın vətandaşlarıyıq amma hələ də sözümüzü müstəqil şəkildə necə deyək ki, qəbul olunaq və ya necə demək lazımdır qabiliyyətinə belə malik deyilik. Söz azadlığı, insan azadlığı məntiqindən daha böyük yerə sahib olub. İnsan hüquqları isə, xausun kölgəsində qalıb. Öz çirkabımızla ləkələnmişik, itib batıb kimliyimiz. Yox olmuşuq varlıq adlanan bu müqavvanın çır-cındırı içində. İnsan hüquqlarının müdafiə fondları sayını itirib, cəmiyyət problemləri üzrə fəaliyyət göstərən qurumlar, birliklər özləridə adlarını əzbərləyib ekrana, efirə çıxırlar. Birlik olaraq, boşanan ərlə arvadın məişət davasına qarışıb başımız ancaq övladı qətlə yetirilən ananın harayını eşidib susuruq. Biz bu şəkildə dövlət və millət birliyi üzvləriyik! Bunlar hamısı pafosla səslənən “həqiqətlərimizdir” biz isə, elə həmişəki “bizik”.

Azərbaycanlı adını daşıyan vətəndaşımızı, Milli ordumuzun millisini, torpaqlarımızın bütövlüyü uğrunda silaha sarılan gəncimizi, anasını damının altında tək qoyub Ana Vətənini düşməndən qorumağa yollanan gəncəcik oğlumuzu, öz əlimizlə döyülərək öldürülən əsgərimizi qoruya bilməyən aciz, zavallılarıq biz. Birimizin əli onu amansızcasına vuranda, digərimizin qeyrəti çatıb Azərbaycan dilində danışan dili buda bizdəndir deyib dayandırmağı bacarmadı. Gör nə qədər alçalmışıq, nə qədər vicdansızlaşmışıq ki, ölən də özümüzük öldürən də. Hazırda bu utanc qətl hadisəsini nəql edən də, müzakirəyə çıxardan da, itdiham edən də, müdafiə edən də, elə indi bu barmaqlarla yazan da biz özümüzük. Cümlələrimi qurduqca da itirirəm özümüzü. Biz hazırda kimik axı, nəyik, nəçiyik?! Düşünən bir nəfərimiz varsa düşünməyən milyonlarıq biz. Belə utancı yaşayan millət özlüyündə yoxa çıxıb, xəbərimiz yoxdur. Əslində biz toropaqlarımızı qarnımıza satanda yox olmuşduq. Elə o kökün üstündə bitənlərik ki, indi də öz kökümüzü kəsirik. Bu da o deməkdir ki, bizə düşmən lazım deyil. Biz özümüz öz arzumuza çatırıq. Yox oluruq dünya xəritəsindən. Bir millətin ən acınacaqlı anı odur ki, öz gözündən düşsün. Biz öz gözümüzdən bu son damlayla düşdük. Kaş ki, elə düşmən gülləsinə tuş gələydik biz hamımız. Bu gənc əsgərin ölümüylə tarixən dilimizdə deyilən deyimlər bu gün həqiqətə çevrilməyəydi. Öz baltamız öz kökümüzü kəsməyəydi. Nə də qurd öz içimizdən yeməyəydi bizi. O qədər ammalar, keşkələr, vələr, kilər var ki… Bu günə kimi çox qüsurlar görmüşük, eşitmişik və şahidi də olmuşuq. Zaman-zaman işıqlandırmağa çalışmışıq da ancaq yenə güclü-gücsüz məsələsi özünü göstərib. Deməyi bacaranlar ölüb gedib, susanlar hələ də süküt içindədir. Susturulanlar isə… Bu hadisəyə susan namərdir, danışanlar isə, bəlkə yenə də keçmişimiz və o əsgər kimi susturalacaq. Nə olur olsun, belə mövzulardan danışanın özü də vətən üçün şəhiddir. Bu günə kimi kasıbın övladı ön cəbhədə döyüşdü. Yazılmamış “qanunlarla” cəhbədəki yerləri dəyişdirildi. Əsgər azuqəsi kimlərinsə qarnına axdı. Xəsdəsi sağlam, sağlamı “anormal” adını alıb evində lüx şəraitdə “xidmət etdi doğulduğu vətənə”. Hərbi hissələr adlarına görə sayıldı, əsgərlər harada deyil haralı olduqlarına görə xidmət etdi və sairə, və ilaxır. Susduq oğul atası olaraq, dinmədik min-bir müsibətlə övlad böyüdən ana olaraq. Savdasızlığımızın, acizliyimizin, maarifləndirilmədiyimiz halların acısını çəkdik, daha yetər. Heç deyilsə indi dinək, indi danışaq. Bütün oğullar bizimdir axı, bizik axı?! Bizimlə bütöv bir Azərbaycanın adı hallanır, bölünən bölgələr, sayılan “ciblər” yox!!!
Dünən bir-birimizi döydük, söydük və satıldıq torpaqlarımızla birgə. Belimizə qaçqın damğasını vurub, bir-birimizə yenə yuxarıdan aşağa, aşağadan isə, yuxarıya doğru baxıb susduq. Bu torpağa fərqli-fərqli insanlar kimi ayaq basıb yeridik və yenə susduq. Axı niyə?! Bəlkə biz Şuşalı, Laçınlı, Ağdamlı olduğumuza görə əksik idik?! Bəlkə bizim olan şəhərlərin, kəndlərin hamısı eyni adı daşıyır?! Bəlkə hamımız Bakılı, Gəncəli, Naxçıvanlıyıq?! Bəlkə gözümüz eyni görür, ağlımız eyni kəsir və bəlkə hamımızın haqqı var sinəmizi irəli verib yeriməyə?! Və ya bəlkə hamımız başımızı dizimizdə saxlamalıyıq ki, hələdə iyirmi faiz varlığımız əksikdir?! Bəlkəsiz!!! Hamımız eyniyik, eyni millətik!!! Sözümün əsil canı isə, bu deyildi. Mövzu uzanaraq yaraları ağrıdır. Ancaq bu yaralar qaşındıqca sağalmaz, yenidən qaysaqlayar. Heç olmasa o kimi ağır yaralarımızın yaşı çoxdur. Ağladanda kiridir də amma vətənimizə üç aydırki xidmət edən gənc əsgərimizi özümüz öldürmüşük ay millət! Biz özümüz özümüzü alçaldaraq gəzdik, sonda övladlarımızda özlərini fərqləndirdi. Sonda sən məndən deyilsən, ölməlisən deyib öldürdük məzlum görsənənimizi. Axı bu halda biz hamımız zalımıq, məzlum yox. Biz hamımız Azərbaycanlıyıq, hamımız eyni xalqın millətiyik, eyni vətənin vətəndaşlarıyıq. Axı hamımız bir bayraq altında bizik. İndi nə əhəmiyyəti qaldı milli müstəqillik günümüzün, həmrəylik bayramımızın?! Daha nə üzlə başımızı avropa birliyinin önündə qaldıracağıq, nə üzlə erməniyə düşmən deyib torpaqlarımızı tələb edəcəyik?! Biz ki, bir birimizi yeyən virusuq, ən alçaq pilləyə düşən mənik! Biz indi son olaraq bir birimizi tam olaraq öldürməliyik. Ya da hansı yolla olur olsun diriltməliyik öldürdüyümüz mənliyi amma necə?! İndi biz hamımız namusuna ləkə düşən qonşu kişinin halına gülən arvadlara bənzəyirik. Ya da elə…

Комментариев нет:

Отправить комментарий