10.02.2013

Bizə ev veriləcəkmi?

Lalə Mehralı

“Jurnalistlərə tikilən binadan payıma ev düşəcəkmi?” deyə fikirləşdim bir ara. Düzü, bütün qohum-əqraba da soruşur. Birinə zəng edən kimi salamdan öncə “sizə ev düşəcək?” deyə sual verir. Hərəyə bir söz deyirəm: “Bəlkə düşdü”, “Ədalətli paylansa düşəcək”, “Zaman göstərəcək”. 
Jurnalistlərin binası isə demək olar ki, hazırdır. Yaya qədər təmiri, kosmetik işləri bitər. Deyilənə görə, bu ilin yay aylarında, böyük ehtimalla iyunda təhvil veriləcək. Belə ehtimal edirəm ki, peşə bayramımızda hədiyyə edəcəklər. Amma o hədiyyədən neçəmizin bəxtinə düşəcək, orası naməlum məsələdir. 150 ev olacaq, bir ordu jurnalist var.
Lətifəsi hamımızdan uzaq, daş atırsan, gedib jurnalistə dəyir. Belə olan halda o evlər kimə, necə, hansı əsaslar və kriteriyalarla paylanacaq, bir az qaranlıq qalır. Hələ kriteriyaları da açıqlamayıblar axı... Yazıçılar Birliyinə ayrılan evlərin üstündə çıxan davanı yaxşı xatırlayarsınız, ondan daha böyük davanın olacağı qaçılmazdır.
Eşitdim ki, Bakı qeydiyyatı olan jurnalistlərin öncəliyi olacaq. Niyə? Əgər Bakı qeydiyyatı varsa, onun burda evinin olması da istisna deyil o zaman. Mən hara qeydiyyata düşüm? Hansı qohum istəyər onun evinə qeydiyyata düşüb mülkünə ortaq olum?
Ötən ilin sonunda imzamın 10 illik yubileyini qeyd etdim. 2002-dən bu yana TV, radio, qəzet, jurnal, sayt - bütün media orqanlarında işləmişəm. Tutaq ki, kriteriyalar müəyyən qədər staj, imzanın tanınması, ciddi qəzetlərdə işləmiş olmaqdır, bunların hamısı məndə var. Amma bu dünyada “mənimdir!” deyə biləcəyim bir metr torpağım yoxdur, qaldı ki, obyektim, evim. Pişik balasını daşıyan kimi, 10 ildir dişimizdə əşyalarımız o evdən bu evə kirayə dəyişirik. Təkcə son 4 ildə 5 kirayə dəyişmişik. 
Belə olan halda, jurnalistlər üçün tikilən binadan payıma ən az bir otaqlı mənzil düşmürmü? Üstəlik, həyat yoldaşım da jurnalistdir, 15 il də onun iş stajı var. Üst-üstə gələndə 25 il mediada külüng vurmuşuq, bizim haqqımız çatmırmı “evlənməyə”? 
Daha hansı göstəricilər əsas götürüləcək? Uşaq? O da var, hər evdə 1 il yaşayan və heç bir yerdə qeydiyyatı olmayan, hazırda havada yaşayan 5 yaşlı bir oğlumuz var.
Həmkarlarım məni sadəlövh adlandırır, amma düzünü desəm, mən gözləyirəm ki, bizə o binadan ev veriləcək. Məncə, jurnalistlərin hər cikinə-bikinə bələd olandan sonra paylanacaq evlər, kimin evi var, kimin evi yoxdur, öyrəniləcək. Əgər bir jurnalistin evi varsa, üstəlik, bir ev də ona dövlət tərəfindən veriləcəksə, mən onda o dövlətdə, o ölkədə hansı ədalətdən danışa bilərəm?! 
İnsan var, anadan ağbəxtli doğulur. Amma bəzi bəxtlər elə anadangəlmə qara olur. Kimisi zamanla ağarır, kimisi elə qapqaraca qalır. Azərbaycanda jurnalist olmağın düsturu anadan qarabəxtli doğulmaqdır. Evin yoxdursa Bakı kimi bir şəhərdə jurnalist olmaq daha çətindir. Qazandığın kirayəyə, ev sahibinin kaprizlərinə xərclənəcək. Bizim hər ay kirayəyə xərclədiyimiz alın tərimiz kimi...
Ev paylananda bircə üstünlüyümüz rol oynaya bilər. Stajımızı, iş təcrübəmizi, imzamızı bir tərəfə qoyuram. Məsələ ondadır ki, evli olan iki evsiz jurnalistə bir ev verməklə “bir daşla iki quş” vurmaq olar. Bu, bizim üstünlüyümüzdür. Bir ev verib iki jurnalisti evlə təmin etmək variantı göydəndüşmə ideyadır, deyilmi?! Bütün hallarda, mən ev ala biləcəyimizə ümid edirəm. Ümid ən sonda ölür, mənim ümidim evlərin paylanacağı gün ya öləcək, ya qalacaq.

teleqraf.com

Комментариев нет:

Отправить комментарий