09.02.2013

Bu nağıla inanıram, nağıllara inanmasam da…

Yazıçı Aslan Quliyev muğamlarımızın mahir ifaçısı Xanhüseyn Hüseynov haqqında

Neçə baharların, qışların o tayında düşüb qalıb solğun, körkəmindən yazıqlıq, kimsəsizlik yağan kənd evləri, sükut içində uyuyan, payız yağışlarına, yaz dumanına, qış çovğunlarına sinə gərən kənd çölləri. O çöllərdə erkən yazda bahar suları axır, sular çöllərə fərəh, sevinc yayır, yazın gəlişini xəbər verir. Sonra da qaranquşlar uçub gəlir, hay-küylə. Zəncirotular çiçəkləyir, bahar küləkləri zəncirotuları dünyaya səpələyir. Bizim yerlərdə əsən bahar küləkləri heç yerdə bizdəki kimi həsrətlə, qüssəylə, aşıb-daşan coşqunluqla əsmir. Hər o yerlərin yazını xatırlayanda, küləklərin, suların, quşların, ağacların dünyanı dolduran, fərəhli, qəhərli, cingiltili səslərini xatırlaynda Xanhüseynin ecazkar səsini eşidirəm.

İndiki kimi xatırlayıram, çayda çimirdik, kimsə yuxarıdan mahnı oxuya-oxuya çayla üzü aşağı gəlirdi. İlahi, bu nə səsdi? Çay, dağ-daş, çayın hər iki sahilindəki meşə, ağaclar səs-səsə vermişdilər. Oxuyan görünmürdü, ancaq səsi yeri-göyü titrədirdi. İlk dəfəydi belə səs eşidirdim və ayaq üstəcə donub qalmışdım. Nəhayət oxuyan özü də göründü. Qarayanız, cavan oğlandı, gözlərinin dərinliyində sonsuz qüssə var idi. Əlini qulağının dibinə atıb oxuyur, tozlu torpaq yolla çıxıb gedirdi. Böyürtikan kolları içində itmiş döngələrin arxasında çoxdan görünməz olsa da, səsi hələ bir müddət də eşidildi. Bu səs çay boyunca dalğa-dalğa yayılır, əks-səda verir, daşlara, ağaclara hopur, daşlar, tozlu yollar, çınqıllı cığırlar onun mahnısını onun səsiylə oxuyurdular! Sarsılmışdım, çöl genişliyinə, göy ənginliyinə sığmayan bu səs məni sehrləmişdi, qulaqlarımdan çəkilmirdi. Bu günkü günə qədər də o səsi eşidirəm, yuxularımdan, xatirələrimdən axıb gəlir, süzülüb gəlir, mənə dinclik, rahatlıq vermir. Tam səmimiyyətlə və bu sözün məsuliyyətini başa düşərək deyirəm, o səsdən bizim Azərbaycanda olmayıb, bundan sonra olacağına da inanmıram!
Bilirəm, bu sətirlər bəzilərinin xoşuna gəlməyəcək, amma mən həqiqəti yazıram. Sabir Rüstəmxanlıda gözəl deyim var, yurdun şöhrəti boldu, hamıya çatar. Boldu yurdun şöhrəti, hamınıza çatar! Öz haqqınıza, öz şöhrətinizə sahib durun! Allahtəalanın verdiyi ilahi vergiyə, sənətinə, səsinə görə halalca haqqını ala bilməyən, əksinə, həmişə haqsızlıqlarla üzləşən bir sənət adamı haqda uzun illərdən sonra həqiqəti, haqq sözü yazmaq kimisə qəzəbləndirməsin gərək. Qoy heç olmaya uzun illərdən sonra bilsinlər kim kim olub, kimləri itiririk, kimlər gedir, özü də birdəfəlik gedir! Qoy bilsinlər, başa düşsünlər ki, bu itkinin yerini heç nəylə doldurmaq olmayacaq! Qoy heç olmaya xalq öz böyük oğullarından xəbər tutsun. Özgə nə amalımız, məqsədimiz ola bilər?
Gözlərinin dərinliyində sonsuz qüssə olan, ilahi səs sahibinin Xanhüseyn olduğunu sonralar bildim. Dayım oğlunun toyunda məclis iştirakçılarının təkidi ilə çalğıçılar onu oxumağa çağırdılar və baxan kimi tanıdım. Çay boyunca tozlu torpaq yola düşüb gedən, səsi ilə yei-göyü titrədən həmən oğlan idi. Rəhmətlik Nəcəf Nəcəfov onu müşaiyyət edirdi. Nəcəf özü də böyük sənətkar idi, nə yazıq ki, bu xalq, bu dövlət böyük oğullarına sahib durmadı. Nəcəf də sağlığında tanınmadı, balabanda çaldıqları lentə alınmadı, böyüklüyünü, sənətinin sirlərini özüylə apardı.
Xanhüseyn oxudu, yenə də həmən səsdi, məclis iştirakçılarını sehrləmişdi. Hər xalqın musiqisi onun qan, gen yaddaşıdı, tarixidi. Mənim xalqımın musiqisi də onun tarixi, keçmişi, gələcəyidi, qan yaddaşıdı. Baxır kim o yaddaşı necə çatdırır. Xanhüseyn oxuyur, möcüzəli, su kimi axan şaqraq səs gecənin qaranlığını yarır, dalğa-dalğa yayılırdı. Məni öz aləmimdən ayırmışdı, qoynuna alıb uzaqlara aparırdı və mənə elə gəlirdi bu səsi yuxuda eşidirəm. Reallıqda belə şey ola bilməzdi. Əsrlərin o üzündən, karvan yollarından, ilxılar səpələnən, igidlər qılınc oynadan oğuz çöllərindən, nağıllardan, göyün özündən gəlirdi bu səs!
Xanhüseyn, o günlər, o anlar yadındamı?
Ömrün də bir nağıl olduğunu, şirinli-acılı bir nağıl olduğunu bilirdinmi? Əsl nağıllardan fərqli olaraq bizim nağıllarda göydən heç nə düşmədiyini necə, bilirdinmi?
Sonralar mənə elə gəlirdi Xanhüseynin səsi düşüb qalıb bahar küləklərinin əsdiyi o yaz çöllərində. Gedən kimi eşidəcəyəm, daşlar, otlar, çiçəklər özlərinə hopdurublar o səsi. Getdim, o çölləri gəzib dolaşdım, eşitmədim o səsi. Daşlar oxumurdu, ağaclar susmuşdu, çöllərin üzərində günahkar bir ab-hava var idi. Qüssəli sükuta dalmışdılar, sükutu ara-sıra bir-birlərini səsləyən balaca çobanların səsi pozurdu. O səsdən əsər qalmadığı kimi, o çöldən də əsər qalmamışdı. Tozlu yolların, otların arasından gözə dəyən boz çöl daşlarının, adamı sıxan qayalıqların da görkəmi həmən deyildi.
Bu torpaq ikinci Xanhüseyni yetirməz yəqin. O səsi dünyaya yalnız bahar sevincləri içində ilğımlanan bənzərsiz çöllər, meşələr, mamırlı daşlar, bahar küləkləri gətirə bilərdi. Yox idilər, yəqin olmayacaqlar da. Olmayacaqlarsa, o səs də olmayacaq.
Xanhseyn sehrli, ilahi səsə sahib olsa da, Azərbaycanımızda bütün istedadlı adamlara xas olan tale ondan da yan keçmirdi. Bakıya gəldi, oxudu, yeri-göyü titrədən səsi ilə daş qəlbli insanların qəlbini titrədə bilmədi. Yurdun şöhrəti bol olsa da, hamıya çatsa da, ona yaşıl işıq yandırmalı olan adamlar şöhrətlərinə xələl gələcəyindən qorxdular. Fakt buydu, Xanhüseyn oxuyan yerdə kim qulaqlarımızı yağır eləmiş basmaqəlib səslərə qulaq asardı? Bağladılar qapıları Xanhüseynin üzünə. Bütün istedadlı adamlara xas olan bəla, – vüqar, qürur Xanhüseynə də xas idi, daha başqa qapını döymədi. İncidi bu adamlardan, yuxularında gördüyü, xəyallarında yaşatdığı böyük şəhərdən. Suya düşdü xəyalları, acı bir həqiqəti kəşf elədi, heç bu şəhər də ona doğma deyilmiş, az qala müqəddəs şəxslər bilib pərəstiş elədiyi adamlar da düşündüyü kimi deyilmişlər.
Qayıtdı rayona, öz doğma çöllərinə. Çöl ənginliyi, genişliyi ona edilən haqsızlığı Xanhüseynə unutdura bilmədi. Yenə də tozlu yollara düşüb gedir, başı bəlalı Vətəninin qəlb didən mahnılarını oxuyurdu. Sanki səsindəki ağrıyla, yanğıyla, harayla demək istəyirdi sözünü. Yenə də səsi mamırlı daşlara, yonca çəmənliklərinə, çobanyastığı, qoyunqıran çiçəklərinin hüznlə yırğalandığı yamaclara hopurdu. Paustovskidə gözəl deyim var: «Uçan mahnılar». Onun da mahnıları uçurdu, kənd evlərinin taxta qapılarını döyürdü, güləyən kənd qızlarının saçlarına çələng kimi hörülürdü, dolaylardan, gədiklərdən ötüb keçirdi!
İşsizlikdən daş karxanalarına daş atmağa gedirdi, bir dəfə işdən sonra evdə arğın-yorğun oturub özüyçün oxuyanda pəncərənin qabağından keçən karxananın direktoru ilahi səsi eşidib ayaq saxlayır. Oxuyanın kim olduğunu bilib, uşaq kimi ağlayır. Ölkə nə günə qalıb, deyir, belə səsin sahibi də karxanada daş atar? Xanhüseyni işdən azad eləyir, deyir bir də daş atmağa getmə, mən sənə hər gün qazandığından artıq pul verəcəyəm.
Oxuyanda onu duymaq, başa düşmək lazımdı. Hansı qəlb ağrısıyla oxuyur, səsində nə qədər həsrət, yanğı, ağrı vardı, başa düşən olurdumu? Nəcəf Nəcəfov deyirdi ki, məni ağrıdan budu, nə çalsam da, necə çalsam da, fərqində olan yoxdu, başa düşən yoxdu. Elə buna görə də bir də görürdün toyda etiraz elədi, çalmadı. Di gəl onu başa düşən olmurdu, əksinə, inciyirdilər. Xanhüseyni də başa düşən yoxdu, gözümüzün qabağında böyük sənətkar yaşayırdı, fərqində deyildik. Elə bilirdik bu çöllər də həmişə belə qalacaq, bu yollar da, Xanhüseyn də. O ilahi səsin də həmişə yaşayacağına şübhəmiz yox idi. Başa düşənlər var idi, Azərbaycan musiqisinin önündə olanların əksəriyyəti bu səsi eşitmişdi, Xanhüseynin nəyə qadir olduğunu yaxşı bilirdilər. Nə yazıq ki, elə buna görə də qarşısına çəpər çəkirdilər.
Xanhüseynin böyük sənətə gəlişi böyük sənətkar Nəcəflə tanışlıqdan başladı. Muğamın sirlərini, sənətin sirlərini ilk olaraq Nəcəf öyrətdi Xanhüseynə. Elə burda Nəcəflə bağlı epizodlarn üstündən sükutla keçmək haqsızlıq olardı, lap dəqiqi, günah olardı. Nəcəfin dəstəsində nağara çalan Mirzə danışır ki, üç ildi Nəcəflə toylara gedirdim, ancaq mənə üçüncü dərəcə ilə pul verirdilər. Bir gün aşıq Həsənə dedim ki, ay aşıq, ustaya denən üç ildi siznən gəzirəm, bu sənətdə bilmədiyim bir şey yoxdu, mənim dərəcəmi artırın. Dedi, yaxşı, axşam ustaya deyərəm. Dedi də. Usta gülümsədi, lap yaxşı, dedi, bir halda hər şeyi bilirsə, dərəcəsinin artırılmasını tələb eləməyə haqqı çatır. Sabah çəhər yeməyindən sonra nağarasını qızdırar, oturarıq. Mən çalacağam, məni müşaiyyət eləyər, eləyə bilsə, dərəcəsini artıraram. Bilməsə, bəxtindən küssün. Sevinirdim, uçmağa qanadım yox idi, həm Nəcəf kimi ustaya imtahan verəcəkdim, həm də dərəcəmi artıracaqdılar. İmtahandan alnı açıq çıxacağıma şübhəm yox idi, bu üç ildə Nəcəf nə çalmışdısa, hamısnı bilirdim, qorxum yox idi.
Səhər açıldı, dağların başını duman almışdı, duman üzü aşağı, dağın ətəklərinə doğru sürünürdü. Havada qüssəli bir ovqat var idi. Yeməkdən sonra köz gətirtdim, nağaranı qızdırdım, usta da gəldi. Başladı çalmağa. Qardaş bir düzə üç saat çaldı, ha çalışdımsa da, bircə dəfə də əlimi nağaraya vura bilmədim. Bu çaldıqlarını ilk dəfə eşidirdim. Çalmırdı, yandırırdı, qardaş, yanırdı. Dağların dumanı qəlbimə enmişdi, qəlbimdən duman karvanları sürünüb keçirdi. Qardaş sökülürdü qəlbim, hər şey yadımdan çıxmışdı, Allahdan bircə onu arzulayırdım ki, ey bir olan Allahım, usta bircə tez qurtarsaydı. Yoxsa bu minvalla bir az da çalsaydı, qəlbim dayanacaqdı. İlahi, bu necə çalmaqdı? Usta çalıb qurtardı, mənə heç nə demədən çıxıb getdi, yəqin halımı başa düşmüşdü. Amma dərəcəmi də artırdılar.
Bir dəfə qardaşımın toyunda səhər tezdən durub gördüm ki, Nəcəf evimizin arxasındakı meşənin kənarında dayanıb bülbüllərə qulaq asır. Mənim yaxınlaşdığımı görəndə: «Bilirsənmi büllbüllər hansı hava üstə oxuyurlar?» – deyə soruşdu. «Bilmirəm», – dedim. «Heç kim bilmir, – dedi, – amma mən bilirəm. Nə faydası?» O bilirdi, bəlkə də ölkədə yeganə adamdı ki, quşların hansı hava üstə oxuduqlarını, küləklərin hansı hava üstə əsdiklərini, ağacdan düşən yarpaqların, yağan yağışın, dalğalanan zəmilərin hansı səsləri çıxardıqlarını bilirdi. Nə tez keçdi o günlər! Bilsəydim sonu belə olacaq, işimi-gücümü atar, Nəcəfin bütün çaldıqlarını, Xanhüseynin bütün oxuduqlarını lentə köçürərdim. İndiki nəsillərə çatdırmaq üçün. Xalqıma ən böyük xidmətim olardı.
Xanhüseyn Nəcəflə birlikdə kənd-kənd gəzdi, el-el, oba-oba gəzdi, təkcə Gendov çöllərinə yayılan nəğmələri, mahnıları, ecazkar səsi bütün ölkəyə yayıldı. Harda oldusa, harda oxudusa, uzun müddət unudulmadı, yaddan çıxmadı, yaddaşlarda yaşadı. Onu da eynən Nəcəf kimi başa düşülməmək dərdi ağrıdırdı. Harda onu başa düşdülərsə, qəlbdən oxudu, qəlbinin bütün sözünü-söhbətini dedi, ürəyini sona qədər boşaltdı. Harda başa düşmədilər, oxusa da, səsində o yanğı olmadı, o həsrət, o hay-haray, çağırış olmadı. Özünə çəkildi, öz içində boğuldu, yandı!
Mənə elə gəlirdi ki, Xanhüseyn özü də hansı verginin, istedadın sahibi olmasının fərqində deyil. Bəlkə də fərqindəydi, amma görəndə ki, qədrini bilən, qiymətini verən yoxdu, o da fərqinə varmırdı. Oxuyurdu ürəyini boşaltmaq üçün, oxuyurdu sözünü demək üçün!
Sonra Biləsuvara getdi, kasetləri də çıxdı, təsadüfdən-təsadüfə televizorda da göründü. Bu o deyildi! O ecazkar səs qaldı o ecazkar çöllərdə! Əbədidlik!
Gendov çöllərinin yazı necə qarşıladığını görən olubmu? Hər nədirsə mənə elə gəlir yaz qabağı o çöllərin üzərində bir hüzn, kədər dolaşır. Torpaq oyandıqca, qoruq yerlərindəki kolların dibindən bənövşələr oğruncasına boylandıqca, cığırlar, yollar göyərdikcə çöllərin üzərinə sehrli, sirli, güclə sezilən bir pərdə çəkilir. Mənə elə gəlir Xanhüseynin o çöllərdə düşüb qalan, o çöllərə səpələnən səsini qorumaq üçündür o görünməyən sehrli pərdə. Bəzən də düşünürəm, günlərin birində o çöl canlanacaq, sehrli pərdəni üstündən atacaq, yenidən o çöllərdən Xanhseynin yeri-göyü titrədən səsi dünyaya yayılacaq. Doğma Azərbaycanımızın çölləriylə mahnılar uçacaq.
Gitaraçı Rəmişdən soruşdular: «Heç gitarada nəvələrinə lay-lay çalıbsanmı?» Kədərlə gülümsədi. «Bütün Azərbaycana lay-lay çaldım, qədrimi bildilərmi?»
Bütün Azərbaycana lay-lay çaldın, Xanhüseyn, qədrini bildilərmi? Dağnan dağlara qoşuldun, çaynan çaylara qoşuldun, sular kimi axıb ketdin, küləklər kimi əsib keçdin, hayladın, harayladın, səsinə səs verən oldumu? Vermədilər, hansı hissləri keçirdin o anda? Haqsızlıqlar incitdimi, ağrıtdımı səni? Məmləkətin sənətkarına sahib çıxmamasını gördükcə qəlbində hansı duyğular qövr elədi?
Gecmi, tezmi haqq yerini tapır, amma nəyisə geri qaytara bilmir. Bizlər alnımıza yazılan uzaqlıq, ucqarlıq, ögeylik taleyindən qaça bilmədik, nə yazıq ki, sən də qaça bilmədin.
Bəlkə ad verdilər sənə, əməyini, zəhmətini qiymətləndirdilər? Haqqında geniş yazılar yazıldı, kitablar çap olundu bəlkə? Heç biri olmadı, heç birini eləmədilər! Nəyə görə? Titul, mükafat alanların, adları dillərdən, özləri televiziya ekranlarından düşməyənlərin sənətdə hansından aşağıda idin? Heç birindən!
Ömrüm boyu yalan yazmadım! Yazmaram da! 70-ci illərdə Xanhüseynin səsini lentə köçürənlər, səsimə səs verin! Kaset, lent yaddaşlarında o səsi qoruyanlar, gətirin, radio dalğalarında səsləndirək, televiziyalarda verək. Qoy bütün ölkə eşitsin! Qoy bilsinlər durub millətə haqq-ədalət dərsi keçənlər illər uzunu hansı səsi susdurmaqla məşğul olublar!
Hər o səsi xatırlayanda illərin o üzündən axıb gedən dağ çayını görürəm. Xanhüseyn çayla üzü aşağı düşüb oxuya-oxuya gedir. Gedir, səsinə dağlar, daşlar, ağaclar səs verir, oxuyur, oxuduqca yer-göy dillənir, dünyeyi aləmin bütün səsləri susur, donur, dünyanı ancaq Xanhüseyinin səsi doldurur.
Gedir Xanhüseyn asimana, göy ənginliklərinə doğru. Səsi isə qalır, bütün dünyaya səpələnir, uçur mahnıları yollar, çöllər boyunca.
Miflərə, əfsanələrə inanmıram, amma inandığım nağıllar da var. Sabir Rüstəmxanlıda: «Öz ana dilimdə haraylanaramsa, inan məzardan da qalxıb gələrəm!» deyimini hər oxuyanda başımda tüklərim qalxır! Mənə elə gəlir yazqabağı o çöllərə gedib: «Xanhüseyn, he…ey!» deyə haraylasam, harda olsa Xanhüseyn gələr, yenə də öz ilahi səciylə oxuyar, daşları, dağları dilləndirər. Neçə illər bundan əvvəl olduğu kimi.
Bu əfsanə deyil, nağıldır. Xanhüseynin nağılı.

Комментариев нет:

Отправить комментарий