10.02.2013

Canqo - şəxsi maraqları uğrunda qəhrəman

Dalğa Xatınoğlu

Fevral ayında keçiriləcək Oskar kino müsaqibəsində 5 kateqoriyada namizəd olmuş "Azad olunmuş Canqo" spaqetti-vestern janrında ən maraqlı filmdir.
Sualı sualla cavablandıran birisi haqqında danışmaq qədər çətin iş yoxdur. Bu mənada özünəməxsus məktəbi olan və seyrçinin beyninə dayanmadan sual yağdıran Kventin Tarantinonun rejissorluq etdiyi kinoları təhlil etmək çətindir.
60-cı illərdə dəbdə olan spaqetti-vestern janrı həm də italiyan vesterni kimi tanınır və adətən Avropada çəkilmiş vestern kinolarına deyilir.

Xatırladaq ki, 1960-cı ildən 1980-ci ilədək spaqetti janrında 600 kino çəkilib və onlardan ən uğuluları "Bir ovuc dollar" (1964), "Bir az artıq dollar xətrinə" (1965), "Pis, yaxşı və çirkin" (1966) və "Bir gün Qərbdə" (1968) filmləridir. Hər birinin rəvayəti xəttidir (linear narrative), yəni hekayə bir nöqtədən başlayır, irəli gedir və bir nöqtədə bitir. Klassik romanlarda olduğu kimi. Ancaq "Azad olunmuş Canqo" kinosunda hekayə qeyri-xəttidir (disrupted narrative) və görürsən ki, gah zamandan qabağa qaçır (fashwords), gah geri qayıdır (flashbacks), qısası, hadisələr tamamilə ardıcıl deyil, lakin tamaşaçını çaşdırmır.
Yeri gəlmişkən, qısaca xatırladım ki, keçən il fevralın 26-da Oskar mükafatçılarının siyahısı açıqlananda vestern janrında çəkilmiş "Danqo" animasiya kinosu həmin janrda namizədlər arasında qalib oldu. Bu animasiya vestern kinolarının üslubu ilə başlayır, ancaq kinonun ortasında insanın daxili dünyasına keçir və bir növ insanın daxili dünyasını kəşf etmək istəyir.
Yenə də qısaca olaraq başqa bir mövzuya toxunum. Canqo 1996-ci ildə italiyan kinorejissor Serco Korbuççinin kinosunda bir xarakterin adıdır. Həmin xarakter Franko Nero, Tarantinonun əsərində də qısaca rol oynayıb. Əlbəttə, Canqo vestern janrında 60-cı illərdə bir neçə filmin şəxsiyyəti olub, düşmənlərindən qəddarcasına intiqam alan bir xarakter.
Qayıdaq adama cavabdan çox sual verməyə maraqlı olan Tarantinonun yeni əsərinə.
Demək, birinci fərq qeyri-xətti rəvayətlə spaqetti janrında kinonun çəkilməsidir. Spaqetti kinolarda, adətən, ağdərili bir qəhrəman var, müəyyən insani keyfiyyətlərə malikdir, kinonun sonunda ya özünü qurban verir, ya da tək-tənha yolunu tutub gedir.
Burada Cənubi Amerikanın ən dəhşətli quldarlıq dövründə (1858) bir qaradərili (Ceymi Faks) baş roldadır. Onun yalınız şəxsi marağı var (heç vaxt qəhrəmanın şəxsi marağı olmur) və bu şəxsi marağı da satılmış qadınını tapıb geri qaytarmaqdır.
Birinci rollarda olanların heç biri qəhrəman deyil. Canqonu qulluqdan azad etmiş doktor Kinq Şultz (Kristor Valtz) məhkəmə təqibində olanları öldürüb cənazələrini təhvil verməklə pul alır. Bu, Şultzun bütün işinin fəlsəfəsidir. O, nə qəhrəman olmaq istəyir, nə xalqı zülmdən azad etmək istəyir, nə kiməsə yaxşılıq etmək niyyətindədir, nə də başqa missiyası var. Eləcə də Canqo. Ona yoldaşı lazımdır, başqa heç nə. O, hətta öz soyundan olan qaradərililərə də kobudluq edir, ağdərililərə də. Bu, ikinci fərq.
Əslən almanyalı olan doktor Şultz Canqonu azad edir, çünki Canqo onun axtardığı 3 adamı üzdən tanıyır. Sonra əməkdaşlıqlarının davam etməsi şərtilə Canqoya yoldaşını tapıb geri almağını (qulluqdan pul ilə azad etməsini) söz verir və beləliklə səyahət başlayır.
Kinoda kobud, qanlı, ətürpərdici səhnələr boldur. Bu, Tarantinonun köhnə xasiyyətidir, onun kinolarında belə səhnələr həmişə olur, ancaq bu kinoda həm qaradərililərə olan zülm, həm də qətl səhnələri çox çılpaq göstərilib. Kinoda gözləmədiyin anda yumoristik, sərt zarafatlar və dərin məzmunlu düşündürücü sözlər çoxdur. Kameranın qəfil zumları da maraqlıdır, 70-ci illərin Bollivud kinolarını xatırladır.
Kinoda Leonardo di Kaprio ilk dəfə olaraq mənfi rolda oynayıb. Missisipi ştatında böyük malikanəsi və sərvəti olan Kalvin Kandie (Leonardo) olduqca sadist, iyrənc və faşistdir. Canqonun yoldaşı onun mülkiyyətindərir.

Kinonun musiqisi

Vestern kinolarının özünəməxsus musiqisi var. Tarantino "Azad olunmuş Canqo" kinosunun əvvəlində dəqiq həmin musiqi növündən istifadə edib, ancaq kinonun sonrakı hissələrində verstern musiqisi ilə yanaşı, rep musiqisi də çoxdur. Tarantino həmişə qaydaları pozmaqla məşhurdur, burada da istisna buraxmayıb.

Amma!

Kino öz janrında özünəməxsusdur. Ancaq kəskin monoloqlar və yumoristik dialoqlar bundan əvvəl də Tarantinonun kinolarında, xüsusilə də "Anbar itləri" (1992) daha yüksək dərəcədədir. Kameranın qəfil zumları onun "Billi öldür" (2003) kinosunda daha əladır. Əlbəttə, "Azad olunmuş Canqo" əsərində geniş mənzərələrin çəkilişi əvvəlki kinolardan fərqlənir, xüsusilə də mühitdən seyrçinin yekun təsəvvürü olmaq üçün geniş mənzərəli kadrlar kinoda çoxdur. Eləcə də qeyri-xətti rəvayət bundan əvvəlki kinolarında da var. Ümumiyyətlə, Tarantino kinolarında qeyri-xətti rəvayətdən istifadə edir, zamandan irəliyə, geriyə sıçrayışlar (Flashbacks, flashwords) yeni bir iş deyil.
Digər mənfi məqam, kinoda həddindən artıq qan göstərməkdir. Üçüncü məqam Leonardonun mənfi rolda oynamasıdır. Çox əla oynayıb, ancaq səsinin intonasiyası tamamilə qəddar adama bənzəmir. Tamaşaçı hər an onun romantik bir obraz yaratmağını gözləyir.
Digər məsələ, qaşınmayan yerdən qan çıxarmaqdır. Nə üçün doktor Şultz barın yiyəsini qorxutmaqla təqibdə olan adamı barın qabağına gətirib öldürdü? Yaxud nə üçün filmin sonuna yaxın bir malikanədə o qədər silahlılar içində qan davası salmağı əl verib görüşməkdən üstün tutdu?
Hər halda bunları Tarantinonun sualdoğurma "xəstəliyi" hesabına yazmaq olar. Bu kino quruluş baxımdan 2009-cu ildə rejissorluq etdiyi "Şəfərsiz haramzadələr", həmçinin "Kriminal qiraət", "Anbar itləri" və "Billi öldür" kinolarına çatmaz...
Kinonun sonunun məlum olmaması da maraqlıdır. O qədər qətldən sonra Canqonun Missisipi ştatından necə can qurtaracağı məlum deyil, yəni ən çətin iş hələ qarşıdadır. Bunu da tamaşaçıya həvalə edək, kinonun sonunu özü istədiyi kimi bitirsin...

az.trend.az

Комментариев нет:

Отправить комментарий