07.02.2013

Çarlz Bukovskinin qadınlar haqqında romanı

Namiq Hüseynli

Çarlz Bukovskinin “Qadınlar” romanı azərbaycan dilinə çevirilən ilk kitabıdır. Kitabı dilimizə Ramil Rahiboğlu çevirib. Kitabın baş qəhrəmanı 55 yaşlı, yazıçı, əyyaş, özünün də daim vurğuladığı iyrənc, sallaq qarnı olan, necə gəldi geyinən və qadınlarla yaxşı davranmayan bir kişidir (hətta qoca da adlandırmaq olar). Qəribə olsa da onun həyatından hər zaman çoxlu qadınlar olur.
Əlbəttə kitab hər kəsin zövqünə cavab vermir. Sadə dildə yazılıb, bəzi yerləri isə demək olar, sadəcə küçə dilindədir. Əsas qəhrəman Henri Çinaski, Bukovskinin bütün romanlarında baş qəhrəmandır.
İslaholunmaz əxlaqsızlığına baxmayaraq, oxucuların marağını çəkir. Romandakı saysız-hesabsız yataq səhnələri ilk başda maraqlı gəlir, lakin kitabın üçdə ikisini oxuduqdan sonra görürsən ki, artıq yüzüncü dəfədir ki, bənzər səhnəni oxuyursan. Çinaski yaxşıca içir, şeir oxusu gecəsinə gedir, çıxış edir, sonra yenə içir, özündən xeyli gənc bir qız bişirir, evə gətirir sevişirlər. Daha sonra həmin qızla birlikdə yaşamağa başlayırlar, sonra yenisi çıxır, köhnəsi ilə yenisi arasında davalar olur, kitab bu xətlə axıra kimi davam edir. Lakin, oxu zamanı bir müddət ruh darıxdırıcı səhnələrdən sonra, yenidən maraqlı səhnələr gəlir. Ümumiyyətlə qadınlara görə Çinaskinin başına gəlməyən şey qalmır. Döyülür, meşədə itir, qarət olunur, maşını zədələnir, dəfələrlə həyat düzəni alt-üst olur.
Bukovskinin amansız və çirkin realizmi mənim üçün etalona çevirilib. Bu yazıçı sizə heç nəyi sübut etməyə çalışmayacaq, o özü heç yazılarını kiminsə oxumağını belə istəmir. Lakin, o kiminsə kitabda özünə aid sətirləri tapacağına inanır. Mən şəxsən Bukovskinin ağır zir-zibilin içində itib-batmış gündəlik yaşayışımızın incə lirikasını duyub qələmə almasını sevirəm. Adətən biz dahilik xəstəliyinə tutulmuş müəlliflərin, xaricdən gözəl və ağıllı görünən, məna yüklü cəfəngiyyatlarını oxuyuruq, lakin həyatın dibinə düşmüş, vecsiz, əxlaqsız bir müəllifin “pis” əsərini də oxumaq lazımdır. Bukovski bu cür “pis” yazıların ustasıdır. “Qadınlar” romanı bunu təsdiq edir.

Romandan parça

"Neçə-neçə samballı kişilər qadın ucbatından körpü altlarına düşdü". Henri Çinaski

Əlli yaşım tamam olmuşdu, amma dörd il idi ki, heç bir qadınla yatağa girməmişdim. Qız dost tapmaq mənə qismət deyildi. Hər dəfə küçədə, yaxud başqa yerlərdə yanımdan keçən qadınlara baxırdım, amma heç bir istəksiz filan, laqeydliklə eləcə tamaşa edirdim. Müntəzəm kəfləmə atırdım, amma qadınlarla hər hansı bir münasibət qurmaq, hətta cinsəllikdən kənar münasibət olsa belə heç ağlımın ucundan keçmirdi. Nigahdan kənar, altı yaşlı qızım vardı. Anasıyla yaşayırdı, mən isə aliment ödəyirdim. Neçə il bundan əvvəl 35 yaşım olanda evlənmişdim. Həmin nigahımız iki il yarım davam etmişdi.
Arvadım mənimlə ayrıldı. İndiyədək cəmi bir qadını sevmişəm. O da kəskin alkoqolizmdən öldü. O öləndə 48, mənimsə 38 yaşım vardı. Arvadımsa məndən 12 yaş cavan idi. Məncə o da indiyə kimi qalmaz, ölüb gedib, amma bundan əmin deyiləm. Boşandıqdan 6 il sonra, hər Milad Bayramında o mənə uzun-uzun məktublar yazırdı. Mənsə heç birinı cavab vermirdim...
Lidiya Vensi ilk dəfə nə vaxt gördüyümü xatırlamıram. Deyəsən 6 il əvvəl, 12 il vaxt keçirdiyim poçtdakı işimdən yenicə çıxıb, yazıçı olmağa çalışdığım zamanlar idi. Mən vahiməyə qapılırdım və həmişə içdiyimdən daha çox içirdim. İlk romanımı yazmağa çalışırdım. Hər gecə işdən əvvəl  yarım litir viski və altı şüşə pivə içirdim. Ucuz siqaretlər çəkirdim, çap maşınında yazırdım, içirdim və səhərə qədər radioda klassik musiqiyə qulaq asırdım. Gecəyə on səhifə yazmağı hədəfləyirdim, ancaq əslində nə qədər yazdığımı ertəsi gün bilirdim. Adətən erkən oyanırdım, qusurdum, sonra qabaq otağa keçirdim və gecə divanın üstünə tulladığım səhifələri sayırdım. Hədəflədiyim onluğu həmişə keçirdim. Divanın üstündə bəzən 17, bəzən 18, bəzən də 23, 25 səhifə olurdu. Əlbəttə, hər gecəki işimdən sildiklərim də, cırıb atdıqlarım da olurdu. Birinci romanıma iyirmi bir gecə vaxt sərf elədim.
O zamanlar sakini olduğum evin sahibləri, bir vaxtlar kənd-kəsəkdə yaşayanlar məni dəli hesab edirdilər. Hər səhər oyananda, artırmadan böyük qəhvəyi kağız paket tapırdım. Paketin içindəkilərin tərkibi dəyişirdi, amma adətən içərisində pomidor, qırmızı turp, portağal, yaşıl soğan, şorba konservası, qırmızı soğan olurdu. Vaxtaşırı ev sahiblərilə səhər dördə, beşə kimi pivə içirdim. Qoca tir-tap olurdu, qarıyla isə əl-ələ tutuşurduq, bəzən də öpüşürdük. Qapı kandarlarında onu necə lazımdır möhürləyirdim. Üzü dəhşət qırışmışdı, ancaq əldən nə gəlir. O, katolik idi və çəhrayı şlyapasını geyinib bazar günləri, səhərlər kilsəyə gedəndə, bir az fərli görünürdü.
Düşünürəm ki, Lidiya Venslə birinci şeir oxusu gecəmdə tanış olmuşdum. O, “Qalxan Körpü” tərəfdə, Konmor-Avenyudakı kitab mağazasına gəlmişdi . Mən yenə də vahiməyə qapılmışdım. Vahiməliydim, amma qürurumu itirməmişdim.
İçəri girəndə oturmağa yer tapmadım, ona görə də ayaqüstə dayanmalı oldum. O dükana yiyəsi, zənci qızla yaşayan Piterin zibil kimi pulu vardı.
-Zibilə qalsın elə, - o mənə dedi, - əgər mən bura gələn pulları əlimdə saxlaya bilsəydim, yenidən Hindistana getməyə bəsim idi.
Mən içəri girdim, onlar əl çaldılar. Əgər söhbət bədii qiraətdən gedirsə, deməli götüm dağılacaqdı. 30 dəqiqə oxudum, sonra fasilə xahiş etdim. Hələ ayıq idim və qaranlığın içindən çoxlu gözün mənə zilləndiyinin fərqində idim. Bir neçə insan danışmaq üçün mənə yaxınlaşdı. Araya sakitlik çökdükdən sonra isə Lidiya Vens yaxınlaşdı. Mən masanın arxasında oturub pivəmi içirdim. O, hər iki əlini masanın kənarına qoyub, əyildi və mənə baxdı. Olduqca gözəl, uzun, qəhvəyi saçları, yaraşıqlı burnu vardı, bir gözü, o birindən kəskin fərqlənirdi. Amma onun içindən həyat gücü axırdı, ona etinasız qalmaq mümkün deyildi. Mən bizim aramızda necə elektriklənmə yarandığını hiss edirdim.
Bəziləri, mal kimiydilər və ürəyimə heç təsir etmirdilər, amma yenə də var idilər. O mənə baxdı, mən də qarşılığında ona baxdım. Lidiya Vens qollarının ağzı saçaqlı, dəri kovboy gödəkcəsi geyinmişdi. Döşləri pis deyildi. Mən ona dedim:
 - Sizin gödəkcənizdəki saçaqları yolmaq istərdim, hələlik bundan başlaya bilərik.
Lidiya özünü kənara çəkdi. Alınmadı. Heç vaxt xanımlara nə demək lazım olduğunu bilmirəm.
Onun dalı da dal idi ha. Lidiya gedərkən onun gözəl dalına tamaşa edirdim.
Geyindiyi cinsin arxası dalını tam qucaqlamışdı, o gözdən itənə kimi tamaşa etdim.
Mən şeir oxumun ikinci yarısını da bitirdim və Lidiyanı unutdum. Eynilə səkilərdə teylədiyim bütün qadınları unutduğum kimi. Pulumu aldım, bir neçə salfetə, kağız parçasına imza atdım, sonra geriyə, evə qayıtdım.
Əvvəlki kimi hər gecə birinci romanım üzərində işləyirdim. Heç vaxt axşam altıdan tez yazmağa oturmazdım. Əvvəllər poçtamtda işlədiyim terminalın keçidində məhz o saatda qeydiyyatdan keçirdim. Onlar isə 6-da gəldilər: Piter və Lidiya Vens. Qapını açdım. Piter dedi:
- Bax Henri, bax gör sənə nə gətirmişəm!
Lidiya özünü qəhvə masasına yıxdı. Cins şalvarı əyninə daha dar oturmuşdu. O, uzun qəhvəyi saçlarını sağdan-sola, soldan-sağa uçurdurdu. O, çılğın idi, o möhtəşəm idi. İlk dəfəydi ki, doğrudan-doğruya onunla sevişmək imkanlarını nəzərdən keçirdim. O, şeir oxumağa başladı. Özününkülər idi. Çox bərbad idilər. Piter onu dayandırmağa çalışırdı:
- Yox! Yox! Henri Çinaskinin evində qafiyə açmağın yeri yoxdur!
- Əşşi, qoy oxusun, Piter.
Mən onun yanlarına baxmaq istəyirdim. O, köhnə qəhvə masasının yanında qabağa-dala addımlayırdı. Sonra rəqs etməyə başladı, əl-qol açdı.
Poeziyası dəhşətliydi, bədəni və çılğınlıq isə, əsla.
Lidiya atılıb-düşməyə başladı.
- Xoşuna gəldi, Henri?
- Nə?
- Poeziya.
- Alababat.
Lidiya əlindəki şeir vərəqi ilə donub qaldı. Piter onu əlləşdirməyə başladı.
 - Gəl sikişək, - Piter ona dedi. -  Qurtar, gəl sikişək!
Lidiya onu itələdi.
- Yaxşı, - dedi Piter. - Onda mən gedirəm.
- Cəhənnəmə get. Mənim maşınım var, - Lidiya cavab verdi. – Özüm də gedə bilərəm evə.
Piter qapıya tərəf yüyürdü, dayandı və çevrildi:
- Oldu, Çinaski! Sənə nə gətirdiyimi unutma!
O, qapını çırpıb qeyb oldu. Lidiya qapıya yaxın qoyulmuş divanda oturdu. Mən təxminən otuz santimetr aralıda oturub, ona baxırdım. O, əla görünürdü. Qorxurdum. Əlimi uzatdıb onun uzun saçlarına toxundum. Saçları əsrarəngiz idi. Əlimi çəkdim.
- Bu saçlar hamısı özünündür? –soruşdum. Özünün olduğunu bilirdim.
- Bəli, – o cavab verdi, – özümünkülərdir.
Buxağından tutub, çox yöndəmsizcə başını özümə sarı çevirməyə cəhd etdim. Belə vəziyyətlərdə heç vaxt özümü rahat apara bilmirəm.
Lidiya cəld yerindən qalxdı:
- Getməliyəm. Mən dayəyə pul ödəyirəm.
- Qulaq as, - mən dedim, - qal. Pulunu verəcəm. Bir az qal.
- Yox, mümkün deyil, - o cavab verdi. – Getmək lazımdır.
O qapıya tərəf getdi, mən də onun dalınca. Qapını açdı. Geriyə döndü. Sonuncu dəfə ona tərəf əyildim. O, üzünü qaldırdı və mənə kiçicik bir öpüş bəxş etdi. Sonra kənara çəkildi və üzərində bir şeylər yazılmış vərəqləri əlimə sıxışdırdı. Qapı örtüldü. Kağızlar əlimdə divana çökdüm və onun maşınının necə işə düşdüyünə qulaq kəsildim.
Şeirlər bir-birinə sancaqlanmışdı, surəti çıxardılmışdı və “Yeiiii” adlanırdılar. Bir neçəsini oxudum. Yumor və cinsi hisslərlə dolu maraqlı şeirlər idi, ancaq pis yazılmışdı. Müəlliflər, Lidiyanın özü və üç bacısıydı, hamısı birlikdə elə çoşqun, elə cəsur, elə seksual idilər ki. Mən vərəqləri tulladım və yarım litir viski gupbuldatdım.
Bayırda qaranlıq düşmüşdü. Radioda daha çox Motsartın və Bramsın musiqiləri səslənirdi.

Tərcümə: Ramil Rahiboğlu

Комментариев нет:

Отправить комментарий