07.02.2013

Daş

Surxay SULTAN

"Daş haradan atılıbsa oraya tullayın: çünki şəri şər aparar". Əli bin Əbu Talib

Çox ağrı-acılar, fitnə-fəsadlar,
Uzaq zamanlardan, lap başdan gəlib.
Dəyişib silahlar, dəyişib adlar,
İnsana ilk bəla bir daşdan gəlib.

Biri o birinə hirslə daş atıb,
Beləcə başlayıb bu daş savaşı.
Hələ saxlamayıb kimsə əl atıb,
O qədim insanın atdığı daşı.


Daşa hədəf oldum başdan, binadan,
O daşlar yurda, yurdaşıma dəydi.
Hərdən öz içimdən çıxdı bir nadan,
Atdığı daşlar da başıma dəydi.

Bu daş savaşında uduzdum, uddum,
Tanıya bilmədim çox vaxt düşməni.
Özgənin daşının ağrısın uddum,
Doğmanın kəsəyi göynətdi məni.

Almadım yad əldə olan daşımı,
Düşmənlər o daşdan qala da qurdu.
Düşmənin əlində qalan daşımı,
Düşmən də qaytarıb başıma vurdu.

Ağıl ki, olmayır çox hirsli başda,
Bəzən ürəklər də bir daşa dönür,
Havayı, boşuna atılan daş da,
Hədəfə çatmayır, birbaşa dönür.

Sağımdan, solumdan elə daş yağır,
Əzəldən belədir, daşımız ağır.
Kim idi daş atdı, qardaşa dəydi,
Sonra da sandı ki, daş daşa dəydi.

Bir dəli quyuya bəzən daş atır,
Min ağıllı yığışıb çıxara bilmir.
Daşla oynayanlar daşla baş qatır,
Qazanda nə bişir, çoxları bilmir.

Düşmən dəyirmana ay su tökənlər,
Dən çoxdan qurtarıb, daş daşı yeyir.
Ay daş yuxularda  mürgü döyənlər,
Baş qoyub yatdığın daş başı yeyir.

Hələ bostanıma daş atan nə çox,
Düşmən ocağına köz qatan nə çox.
Yarəbbim, sən məni özümdən qoru.
Düşmənə qor verən közümdən qoru...

Комментариев нет:

Отправить комментарий