09.02.2013

Gənclər təklif edir


Yanvarın 24-də yeni yaradılmış “Cənublu lider gənclər” İctimai Birliyinin və “Cənub xəbərləri” qəzetinin birgə təşəbbüsü ilə qəzetin redaksiyasında “Bu günün gəncləri” adlı dəyirmi masa keçirildi. Tədbirə oğlanlı-qızlı nəzərdə tutulduğundan da çox gənc gəldi. “Dəyirmi masa”da açılışı “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov etdi. O, bildirdi ki, tədbirdə əsas məqsəd bu günkü gəncliyin nələri düşündüyünü, nələri arzuladığını, bir sıra problemlərlə bağlı hansı təklifləri olduğunu onların öz dilindən eşitməkdir.
Masallının 200 mindən artıq əhalisi, 100-ə yaxın kəndi var. Son vaxtlar gənclərlə bağlı bir sıra işlər də görülüb. Gənclər Evi tikilib, İdman kompleksi inşa edilib. Şahmat Məktəbi əsaslı təmir edilib. Hazırda idmanın müxtəlif sahələrinə aid bir sıra obyektlər inşa edilir. Amma təəssüf ki, gənclərlə iş sahəsində nöqsanlar uğurlardan daha çoxdur. Əksər kəndlərdə ya stadion yoxdur, ya yarasız haldadır, ya da stadionlara gəncləri cəlb etmək üçün stimullaşdırıcı, həvəsləndirici tədbirlər görülmür. Yaradıcı gənclərlə iş bir çox yerlərdə sıfır həddindədir. Bir sıra məmurlar gənclərə qayğıdan sözdə ağızdolusu danışsalar da, əməldə bu görünmür. İşsiz, ehtiyac içində yaşayan, normal ailə həyatı qura bilməyən gənclərin sayı da az deyil. Məktəblərdə, kəndlərdəki mədəniyyət ocaqlarında demək olar ki, bu günkü gəncliyin marağına uyğun tədbirlər keçirilmir. Ən qəribəsi isə odur ki, bir sıra gənclər nə istədiklərini özləri də bilmirlər. Biz istəyirik ki, siz bu tədbirdə çəkinmədən, qərəzə yol vermədən qayğı və problemlərinizdən söz açasınız. Siz nə istəyirsiniz, sizin üçün nə etsinlər, hansı təşəbbüsləriniz var, sizə kimlər mane olur?
Daha sonra “Cənublu lider gənclər” İctimai Birliyinin sədri Qeyrət Balaşzadə çıxış etdi. Q. Balaşzadə tədbirin təşkilinə görə redaksiyaya, həm də tədbirə qatılan gənclərə təşəkkürünü bildirdi. O daha sonra qeyd etdi ki, məqsədimiz gənclərin ictimai fəallığını daha artırmaq, vətəndaş cəmiyyəti yaradılmasına onları səfərbər etmək, gənclərimizin arzu və istəklərini reallaşdırmağa yardımçı olmaqdır. Bu işdə hamımız bir-birimizə kömək etməliyik. Biz rayon Gənclər və İdman idarəsindən də çox şey gözləyirik. Lakin dəvət olunsalar belə, tədbirimizə qatılmayıblar. Təəssüf edirəm ki, bu təşkilatın rəhbərliyi yeni yaradılan gənclər təşkilatlarına yardımçı olmaq əvəzinə, əksinə bəzi hallarda bizə mane olur. Sanki bu təşkilat gənclərlə iş aparan idarə yox, onların gördüyü işləri formal şəkildə qeydə alan idarədir. Deyəsən, yeni yaranan təşkilatların fonunda rayondakı Gənclər və İdman idarəsi özünün gücsüzlüyünü görür.

Raci Səfərov, Ərkivan qəsəbəsi: – Mən “Tərəqqi” Gənclər İctimai Birliyinin sədriyəm. Hələ qeydiyyatdan keçməsək də, bir sıra işlər görmüşük. Lənkəranda fəaliyyət göstərən MAGİYA İB-in icma əsasları layihəsinin reallaşmasında fəal iştirak etmiş, bundan əlavə sorğular keçirmiş, əhaliyə pulsuz hüquqi yardım göstərmiş, ağacəkmə kompaniyasına qoşularaq 40-a yaxın ağac əkib, digər xeyriyyə tədbirlərinə qatılmışıq. Qarşıda görüləsi işlər çoxdur. Xüsusən, istedadlı gəncləri tapmaq və onlara yardımçı olmaq əsas fəaliyyət istiqamətimiz olacaq.

Natəvan Məmmədova (tibb işçisi), Musaküçə kəndi: - Təəssüf edirəm ki, qızlarımızın əksəriyyəti toydan və yasdan başqa asudə vaxtını keçirməyə yer tapmır. Rayonda normal bir qadın klubu olsa, fəal qadınlar bura toplaşıb həm asudə vaxtlarını maraqlı keçirə bilər, həm də burada toxuculuq, nümunəvi evdarlıq, tort bişirmək, saç düzəltmək və sair işləri öyrənərlər. Bütün bunlar isə maliyyə tələb edir. İndiki reallıqda icra hakimiyyəti sponsorları bu işə cəlb etməsə, belə klubun təşkili mümkünsüzdür. Tez-tez deyirik ki, qızlarımızın çoxu təhsilini davam etdirmir. Sirr deyil ki, müəllim yanına getmək üçün pul, təhsil haqqı üçün pul, Bakıda yaşamaq üçün pul lazımdır. Hər ailənin də buna imkanı olmur, nəticədə qızlar təhsildən yayınır, erkən yaşda ailə qurur və sair.

Rəna Qardaşova, Masallı şəhəri: Çoxları deyir ki, qızlarımız kompüterin, internetin sirlərini öyrənsinlər. Ancaq necə? Hazırda rayonda olan internet klublarda siqaret çəkən, hətta söyüş söyən oğlanlar daha çoxluq təşkil edir. Yaxşı olardı ki, rayonda müəllimi də qadın olmaqla qızlar üçün internet klub yaradılsın. Qızlar üçün ayrıca idman klubunun olması da faydalı olardı. Heç olmasa, Olimpiya İdman kompleksi həftədə bir dəfə qızların sərəncamına verilsin. Həmin qadın klubları, qadın təşkilatları arzu edənlərin həmin kompleksdə idmanla məşğul olmasına yardımçı olsunlar. Ora getmək üçün avtobus təşkil etsinlər və sair. Bir də yaxşı olardı ki, ölkənin tanınmışları – Qənirə Paşayeva, Ramiz Rövşən, Elmira Axundova və digər şəxslərlə gənclərin görüşləri təşkil olunsun.

Çingiz Cabbarov, Zuvandlı kəndi: - Burada maraqlı təkliflər səslənir. Amma problemin kökü daha dərindədir. Deyirsiniz ki, gənclər tədbirlərə qatılmır. Əgər mən bir parça çörək üçün səhər saat 8-dən axşam saat 8-dək işləməyə məcburamsa, hələ yola sərf etdiyim vaxtı demirəm, həmin tədbirə necə gələ bilərəm? Elə, iş yerlərindən danışırlar. Bəyan edirlər ki, hər il filan qədər iş yeri yaradılıb. İlin əvvəlidir. Bəlkə elan versinlər ki, rayonun filan-filan yerlərində normal əmək haqqı ilə 20 boş iş yeri var. Əksər nöqsanların kökü isə təhsildədir. Nə normal təhsil var, nə normal müəllimlər. Təhsilin hər qarışı rüşvətlə yoğrulub. Gənclər arasında işsizlik günbəgün artır. İdmanla məşğul olmağa yer yoxdur. Dağda stadionu təsəvvür edin. Topu vurursan, dərəyə düşür. Özümüz zorla 2 dirək basdırıb guya futbol oynayırıq.

Günay Qardaşova, Kürdəbaz kəndi: - Mən ali məktəbə hazırlaşıram. Hər ay “ev müəllimlərinə” 120 manat pul verirəm. Kəndin o başına, bu başına müəllim yanına getməkdən bezmişəm. Hər fənnə hazırlaşanda alacağım bilikdən çox onun maddi tərəfini düşünürəm – bu ayın pulunu necə verəcəyəm, qəbul olunsam, təhsil haqqı, yataqxana problemim necə həll olunacaq və s. Rayonumuzda çoxlu imkanlılar var. Doğrudan da, qızların təhsil almasını istəyirlərsə, müvəqqəti olaraq Bakıda bir mənzil ayırsınlar, yüksək bal toplayan qızlar təhsil müddətində həmin evdə qalsınlar.

Toğrul Məhərrəmli, Həsənli kəndi: - Mən də o fikrə şərikəm ki, təhsildə ciddi problemlər var. Bizim kənddə 670 bal yığan bir gənc var idi. Valideynləri prezidentə məktub yazdı ki, onun övladına da Prezident təqaüdü verilsin. Həmin valideyni necə qorxuzdularsa, yazıq həftələrlə evdən şölə çıxmadı. Kəndlərdə cavanlar azalır. Hamı çörək üçün Rusiyaya qaçır. Müharibə gedən ölkədə də hərbi bilet bir neçə min manata satılırsa, hansı vətənpərvərlikdən danışmaq olar. Mənim bir təklifim də var. Muğan torpağında atçılıqla məşğul olanlar çoxdur. Yaxşı olar ki, onlar arasında yarışmalar, vaxtaşırı müsabiqələr, disputlar olsun.

Söhbətə müdaxilə edən Zahir Əmənov bildirdi ki, gənclərdə də təşəbbüskarlıq olmalıdır. “7 oğul istərəm” filmində gənclər güllə altında dram dərnəyi yaradırdı. Bələdiyyə nəzdindəki məhəllə komitələrindən, icmalardan daha səmərəli istifadə edilməlidir. Məsələn, Masallının Qızılavar kəndində bu icma fəaliyyəti çox güclüdür. Elə, yerli sakinlərin köməyi ilə bütün kəndarası yollar asfaltlanıb, kəndin içindən keçən yol boyu elektrik fənərləri asılıb, kəndin özəl xəstəxanası yaradılıb və s. Çünki burada iş adamları ilə çox mehriban bir birlik var. Təəssüf ki, Qızılavara qonşu kəndlər arasında bunu demək mümkünsüzdür. Biz bu yaxınlarda “Cənublu lider gənclər” birliyi ilə İdeya müsabiqəsi keçirəcəyik. İnanırıq ki, siz bu müsabiqədə çox fəal iştirak edəcəksiniz.

Vüsal Əkbərov, Masallı şəhəri: - Məni ən çox narahat edən məktəblərdə tədbirlərin az olmasıdır. İstərdim ki, qonşu rayonlara, ölkənin ucqar guşələrinə ekskursiyalar olsun. Məktəblərdə müsabiqələr, disputlar, orijinal tədbirlər daha çox keçirilsin.

Sitarə Hadıyeva, Masallı şəhəri: - Deyirlər adamlar kitab oxumur. Hələ də düşünürük ki, kitab almaq üçün mütləq kitabxanalara getməliyik. Halbuki səyyar kitabxana formasından da istifadə edib, yəni məhəllə-məhəllə gəzib kitabı təbliğ etmək olar. Gənclər internetdən təkcə oyun kimi yox, əsasən, bilik mənbəyi kimi istifadə etməlidir. Onu da deyim ki, Gənclər Evinin imkanlarından normal və səmərəli istifadə olunmur.

Fərəcli Şəms: – Məktəblərdə 1-ci sinifdən 8-ci sinfədək musiqi dərsləri keçirilir. Lakin uşaqlar 3 mahnını sona qədər oxuya bilmir. Hamı günahkar axtarır. Boş qapıya top vura bilməyən də məşhur futbolçu Messidən səhv tutur. İstedadlar daha inadla axtarılmalıdır və onlara hərtərəfli qayğı göstərilməlidir. Əyalət qadınlarının, qızlarının taleyi çox acınacaqlıdır. Onların problemi ilə bağlı ayrıca dəyirmi masa olmalıdır.

Tural Bəşir, Şərəfə kəndi: - Mən Cəlilabadın ucqar kəndində müəllim işləyirəm. Ucqarlara təyinatla gedən müəllimlərə güzəştlər haqqında vədlər yalandır, yaxud da bu güzəştlər elə cüzidir ki, bununla kimsəni həvəsləndirmək olmaz. Cəlilabadın ucqar kəndlərində şagirdlərin əksəriyyəti məktəbdən daha çox, bir tikə çörəyə görə dərs vaxtı kartof, çiyələk və sair məhsulların əkilməsinə, becərilməsinə yollanır. Müəllim kimi məcburam ki, saxtakarlıq edib aylarla dərsdə olmayan uşaqlara qiymət yazam. Qızların təhsilə cəlb olunması çox vacibdir. Müşahidə etmişəm ki, hansı ailədə ana ali təhsillidir, onun övladı da təhsilli olur. Təhsilsiz anaların övladı da təhsilsiz olur.

Sadiq Savalan, Lerik rayonu, Züvüç kəndi: Bu tədbirdə zəhməti olanlar sağ olsunlar. Dağ kəndlərinin dərdləri daha çoxdur. Ucqar dağ rayonlarında bəzən məktəbə çatmaq üçün 7-10 kilometr yol gedirik. Burada qızlar maraqlı təkliflər səsləndirdi. Amma onlar bu təklifləri çəkinə-çəkinə yox, daha cəsarətlə bildirməlidirlər. QHT-lər ucqar kəndlərlə daha fəal iş aparmalıdır.

Şahin Baxşiyev, Ərkivan kəndi (müəllim): - Bizim məktəbin idman zalını yerli sakinlər təmir edib. Bu işə cavabdehlər isə bizə kömək etmək əvəzinə, bizdən haqq istəyirlər. Gənclərin qayğıları ilə ardıcıl maraqlanan, onlara istiqamət verənlər isə yox dərəcəsindədir.
Sonda razılaşdırıldı ki, deyilən təkliflər ümumiləşdirilib əlaqədar təşkilatlara göndərilsin və belə tədbirlər digər rayonlarda və ucqar kəndlərdə də keçirilsin.

"Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий