07.02.2013

Göydə müharibə, yox olan qəhrəman, bizi qırmızı planetdə gözləyənlər

Dünyanın şah əsərlərinin tarixini Anar Yusifoğlu yazır


Tam 18 il – 1957-ci ildən 1975-ci ilə qədər SSRİ ilə ABŞ arasında kosmosun fəthi uğrunda yarış özünün ən şiddətli dövrünü yaşadı. Bu yarış – kommunizmlə kapitalizmin psixoloji mübarizəsinin ən üzdə olan təzahürü kimi çox ciddi qarşılanırdı: dünyanın iki qütbündən hansı biri elmi-texniki nailiyyətdə daha önə çıxırdısa, beynəlxalq rəyi öz tərəfinə çəkmək üçün bu üstünlükdən maksimum istifadə edirdi. Yarış – həm də hansı sistemin gələcəyin sahibi olması ilə şərtlənirdi.
Əgər Sovet elmi bu tərəqqiyə nail olursa, kosmosa ilk adam göndərməyi bacarırsa, Ayı, Veneranı, Marsı fəth edirsə, əlbəttə, dünyanın ən güclü idarəetmə sisteminin SSRİ-də olması qəbul olunmalıdır. ABŞ bu «təhqirlə» razılaşa bilərdimi?
Milyardlar su kimi bu sahəyə axıdılırdı, dünyanın ən məşhur alimləri işə cəlb olunmuşdu, KQB və FBİ, Mossad və Mİ6 bütün fəaliyyətini bu istiqamətdə qurmuşdu: tərəflərin hansı yeniliyə hazırlaşmaları dərhal qarşı tərəfə ötürülür, bu tərəf onu qabaqlamağa çalışır və… beləliklə də ötən əsrin ən böyük nailiyyətləri əldə edilirdi.
Bu yarış kosmosun fəthi və dünyanın «kənardan görünməsi və idarə edilməsində» böyük inqilabi dövr kimi yadda qaldı. Udan bəşəriyyət oldu, uduzan isə…
Burada uduzmaq anlayışı yoxdur.
Bəs, bu yarışı şərtləndirən ideya – kosmosun fəthi hardan başlamışdı?

Fantastik ədəbiyyatdan riyazi düsturlara

Kimsənin ağlına gəlməzdi ki, fiziki qüsurları olduğuna görə cəmi 3 illik ali təhsilini yarımçıq qoymağa və evə qayıtmağa məcbur olan kənd müəllimi kosmosun fəthində əsas təbliğatçı və ilk nəzəriyyə müəllifi ola bilər.
Konstantin Eduardoviç Sialkovski! Bu ad Sovet məktəblərində təhsil alan şagirdlərin yaddaşında çox ciddi iz buraxıb. Kim idi Sialkovski?
Rusiyanın İjevsk vilayətində, 1857-ci ildə anadan olmuşdu. 10 yaşında qızılca xəstəliyinə tutulur və eşitmə qabiliyyətini itirir. Məktəbi tərk edir, evdə müstəqil surətdə elm öyrənməklə məşğul olur. Yeniyetmə çağlarında Moskvaya fizika, astronomiya və həndəsəni öyrənmək üçün gəlir, ancaq cəmi 3 ildən sonra fiziki qüsuru ona təhsilini davam etdirməyə imkan vermir və öz kəndinə qayıdan Sialkovski taleyini müəllimliyə bağlayır.
Hər şey dövrünün tanınmış fantast yazıçısı Yules Vernenin əsərlərindən başlayır: bu yazıçıdan təsirlənən Konstantin Eduardoviç planetlərarası kosmik uçuşlarla bağlı fantastik hekayələr yazır və yazdıqca da öz astronomik və həndəsi biliklərindən istifadə etməklə, nəzəri yükü artırır. Artıq onun son hekayələri bədii əsər olmaqdan daha çox, kosmosun fəthi barədə gecə-gündüz düşünən alimin öz arzusunu elmi-nəzəri baxımdan əsaslandırmasına bənzəyirdi.
İlk dəfə olaraq kosmik raketin tam metaldan hazırlanması ideyası da ona məxsus idi. Sialkovski 1885-ci ildə artıq yerin cazibə qüvvəsinə üstün gəlmək üçün mövcud yanacaq növlərindən istifadə imkanlarından da imtina edirdi. Hidrogen və oksigen yanacağından istifadə ilə metal konstruksiyalı raketin kosmosa qalxa biləcəyi barədə elmi-nəzəri məqaləsini 1903-cü ildə «Elm xəbərləri» jurnalından dərc etdirən Sialkovski artıq heç bir fantastik bədiiliyə yol vermədiyini sübut edirdi. «Kosmosun reaktiv aparatlarla tədqiqi» məqaləsindəki «Raket düsturu» kosmosa yolun bünövrəsini qoydu.

Sialkovskini ABŞ kəşf etdi

1930-cu ildə Sialkovskinin tam metal gəmi konsepsiyasından istifadə ilə ABŞ-ın ZMS-2 hava gəmisini hazırlaması SSRİ-nin bu nəzəriyyə ilə daha ciddi maraqlanması üçün əsas oldu və tədqiqatlar başlandı.
Ancaq İkinci Dünya Müharibəsi araşdırmaları inkişaf etdirməyə mane oldu. Müharibədən sonra «soyuq müharibə» dövrü və SSRİ-ABŞ arasında ideoloji savaş kosmik araşdırmalar üçün inanılmaz imkanlar yaratdı.
SSRİ həm də nəzəri olaraq bu ideyanın rus aliminə məxsus olduğunu fəxarətlə bəyan etdi və Sialkovski «müasir kosmonavtikanın banisi» statusuna haqlı olaraq qaldırıldı.
Kosmonavtikanın təkcə nəzəri deyil, həm də praktik baxımdan beşiyi olmaq və SSRİ-nin qüdrətini göstərmək istəyi 1957-ci ildə gerçəkləşdi: oktyabrın 4-də SSRİ ilk süni peykini kosmosa buraxdı, noyabrın 3-də isə Layka adlı it fəzaya yollandı.
Uçuş uğurlu olmuşdu, ancaq Layka geri qayıda bilməmişdi; temperatur idarəetməsindəki problem kosmosa qalxan ilk canlının sağ-salamat yerə qayıtmasına imkan verməmişdi.
SSRİ-nin kosmosun fəthində liderliyi ələ alması ABŞ-ı bir anda silkələdi və araşdırmaları sürətləndirmək üçün tez-tələsik qərar verildi: NACA yaradıldı. 7 aydan sonra, 1958-ci il iyulun 29-da isə NACA-nın bazasında NASA – Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi quruldu.
Maraqlıdır ki, bu agentliyin yaradılmasında əsas söz sahiblərindən biri kimi alman alimi Verner fon Braunun adı çəkilir və bu fakt 50 ildən sonra mətbuata ayaq açan bəzi mülahizələri gücləndirməkdədir. Bəzi mülahizələrə görə, kosmosun fəthi ilə bağlı ən ciddi araşdırmalar faşist Almaniyasında aparılıb. Hitlerin tapşırığı ilə aparılan bu araşdırmalarda böyük elmi nəticələr əldə edilibmiş. Amma məğlubiyyət bu nəticələrdən istifadəyə imkan verməyib.
Qalib dövlətlər isə Hitler Almaniyasının elmi nailiyyətlərini ələ keçiriblər və SSRİ məhz buna görə hamını qabaqlaya bilib.

ABŞ-ı önləməli!

SSRİ ilklərə imza atmışdı: ilk süni peyk və kosmosa göndərilən ilk canlı. İndi isə kosmosa insan göndərilməsi üzərində qızğın yarış dövrü başlamışdı.
Moskva Kosmik Tədqiqatlar Mərkəzi kosmonavt olmaq arzusu ilə müraciət edən pilotların qəbuluna başlamışdı. Həmin dövrdə «kosmosun atası» adlandırılan Korolyov bu prosesə şəxsən özü nəzarət edirdi: kosmonavtlığa müraciət edənlərin gənc olması, uçuş uğurları, boyunun 170 sm-dən kiçik, çəkisinin 72 kq-dan az olması üstünlük sayılırdı. Çünki kosmik raket biradamlıq idi və kabinə mümkün qədər kiçik düzəldilmişdi. Ona görə də 122 saylı qırıcı diviziyasının 169 saylı polkunda xidmət edən 25 yaşlı Yuri Qaqarinin müraciətinə dərhal müsbət cavab verildi: onun boyu 165 sm, çəkisi 57 kq idi; üstəlik, Orenburq Hərbi Aviasiya Məktəbinin məzunu olan Qaqarin 196 dəfə havaya qalxmışdı, aktivində 42 saat 23 dəqiqə uğurlu uçuş vaxtı vardı. Bir sözlə, Korolyovun bütün parametrlərinə cavab verirdi. Ona görə də Qaqarin ilk 20-liyə və 6-lığa düşdü, sonra isə seçilmiş iki nəfərdən biri oldu. Daha doğrusu, qısa müddətdə artıq onun namizədliyi üstündə dayandılar: ikinci şəxs – German Titov fövqəladə vəziyyət üçün, ehtiyat pilot kimi seçilmişdi.
Hər şey qaydasında gedirdi və yalnız bir məxfi məlumat SSRİ-ni uçuşu sürətləndirməyə vadar etdi: KQB-nin əldə etdiyi məxfi məlumata görə, ABŞ kosmosa ilk insan göndərmək hazırlıqlarını tamamlamaq üzrəydi və 1961-ci il aprelin 20-dən sonra bu istəyini reallaşdırmaq istəyirdi.
SSRİ rəhbərliyi qərar verdi: uçuş aprelin 17-nə qədər həyata keçirilməlidir.
Beləliklə, 1961-ci il aprelin 12-də, Moskva vaxtı ilə saat 09:17-də Qazaxıstandakı Baykonur Kosmodromundan «Vostok-1» kosmik gəmisi buraxıldı. Göyərtədə kosmosa uçan ilk insan – Yuri Qaqarin vardı.

Qaqarini nənə qarşılayır

Yer ətrafında bir dövrə, 108 dəqiqəlik uçuş və sağ-salamat yerə qayıtmaq! SSRİ dünyanı heyrətə gətirmişdi. Amma…
Dünyanın ilk kosmonavtı özünü ələ vermək istəmirdi. Məsələ ondaydı ki, Yuri Qaqarin Stalinqradın 110 kilometrliyinə enməliydi, hamı onu burada gözləyirdi, ancaq enmə aparatındakı nasazlıq üzündən ilk kosmonavt Saratov vilayətindəki Engels şəhəri yaxınlığında yerə endi.
Qaqarini yerli meşəbəyinin xanımı Anna Akimovna Taxtarova və onun 6 yaşlı nəvəsi Rita qarşıladı (və beləcə də tarixə düşdülər).
Yeri təxmin edilən kimi Qaqarini tapmağa Mİ-4-lər qaldırıldı. Ancaq təyyarələr gələnə qədər Qaqarin gözləmədi, ilk rast gəldiyi yük maşınına minib, Engels şəhərinə gəldi.
Hərbi Hava limanında onu qarşılayan kimi Moskvaya teleqram vuruldu: «Qaqarin tapılıb və Moskvaya yola salınacaq».
Dərhal Baykonurdan İl-18 və AN-10 havaya qalxdı: SSRİ-nin fəxrini kosmosa qalxdığı yerə qaytarmaq istəyirdilər. Baş katib Xruşşovun isə gözləməyə hövsələsi çatmadı və Qaqarinin Moskvaya gəlməsini tapşırdı və müdafiə naziri Marşal Malinovskiyə onun rütbəsini artırmağı tapşırdı. «Elə indicə onun kapitan rütbəsi alması üçün əmr imzaladım» cavabı Xruşşovu qətiyyən qane etmədi: «Nə kapitan? Heç olmasa, mayor verin!»
Bu rütbə adlamasının hərbi qaydalara zidd olması barədə Malinovskinin dedikləri mənasız cəhd idi. Nikita Xruşşov ən azı mayoru qarşılamaq istəyirdi.
Və belə də oldu: Vnukovo limanında mayor Qaqarin təntənə ilə qarşılandı, oradan dərhal yüz minlərlə adamın yığışdığı Qızıl Meydana gətirildi və hərarətli çıxış yapan Xruşşov SSRİ Ali Soveti tərəfindən Qaqarinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü bəyan edib, Qızıl Ulduzu elə oradaca ilk kosmonavtın yaxasına taxdı.
Qaqarin – kommunizmin kapitalizm üzərində tarixi qələbəsinin simvolu kimi bir anda bütün dünyada məşhurlaşdı…

Qaqarin yoxa çıxdı

ABŞ da kosmosa adam göndərdi - 1961-ci il mayın 5-də. Ancaq 23 gün gecikmişdi və təbliğat SSRİ-nin tərəfində idi: artıq heç kim «ikinci kosmonavtı» - Alan Şepardı Qaqarin kimi qəbul etmədi – baxmayaraq ki, o da ABŞ-ın yüksək ödüllərini almışdı.
Yuri Qaqarin bütün dünyanı gəzirdi – SSRİ özünün qələbə simvolunu hamıya göstərməkdən zövq alırdı. Onu mərasimlərə dəvət edirdilər, qonaqlıqlar bir-birinə calanırdı… Deyilənə görə, bu qədər hədsiz sevgi Qaqarində «şəxsiyyətə pərəstiş» xarakteri formalaşdırmışdı, bu səmimi və güləş gənc yavaş-yavaş özündənrazı şəxsə çevrilirdi. Və bu da onun taleyinə öz təsirini göstərdi.
1967-ci ildə eyforiyadan ayılan Qaqarin artıq kökəldiyini, uçuşlara yadırğadığını dərk edən kimi məşqlərə başladı, gecə-gündüz çalışmaqla buraxdığı boşluqları doldurmaq istəyirdi.
1968-ci il martında MİQ-15-lə 18 dəfə göyə qalxan və 18 saat uçuş keçirən Qaqarin təkbaşına uçuş üçün daha bir neçə sınaq keçirməli olduğunu bilirdi. Hədəfi də vardı: Aya getməkdə israrlıydı və rəhbərliyi razı sala bilmişdi. Qaqarin Ayın fəthində də rol almaq istəyirdi.
1968-ci il martın 27-də saat 10:18-də Sovet İttifaqı Qəhrəmanı Vladimir Sereginlə Çkalovsk aeroportundan növbəti sınaq uçuşuna qalxan Yuri Qaqarin 12 dəqiqə sonra enməyə icazə istədi – halbuki uçuş 20 dəqiqə nəzərdə tutulmuşdu. Razılıq alandan sonra isə «Qəhrəmanlar»la əlaqə kəsildi. Yalnız 3 saatdan sonra qəzaya uğramış təyyarənin qalıqlarını uçuş-sınaq mərkəzinin 85 kilometrliyində, Novoselovo kəndi yaxınlığında tapmaq mümkün oldu.
Aylarla istintaq aparıldı, az qala bütün təyyarənin hissələrini bir yerə yığdılar, qarış-qarış bütün ətrafı axtardılar: ortada yalnız Sereginin meyitinin hissələri vardı, Qaqarin yoxa çıxmışdı.
Hələ də əfsanələr dolaşır – onun ABŞ və ya yadplanetlilər tərəfindən oğurlanmasına qədər… Çünki onun «ölüsünə» göz yaşı tökənlər hələ də onun nəşini əldə edə bilməyib.
Qaqarin ölmədi, yoxa çıxdı…

Apollon-11 və ABŞ-ın qələbəsi

Yarışın növbəti – kosmosa ilk qadın göndərmək raundunu da SSRİ qazandı. Valentina Tereşkova 1963-cü il iyunun 16-da kosmosa uçan ilk qadın kimi tarixə düşdü.
Eynilə Qaqarindəki əhvalat təkrarlandı: yenə ABŞ-dan gələn məxfi məlumat, amerikanların kosmosa qadın göndərməyə hazırlaşmaları və SSRİ-nin vaxtı qabağa çəkməyi və… qələbəsi.
ABŞ bu növbəti sarsıdıcı zərbədən yalnız bir halda özünə gələ bilərdi: Aya ilk qədəm basan insanın vətəni olmaqla.
Növbəti yarış başlamışdı və SSRİ-nin bu dəfə də qalib gələcəyinə çoxları şübhə etmirdi. Ancaq 1967-ci ildə bir-birinin ardınca baş verən kosmik qəzalar, bu azmış kimi, kosmosun fəthinin simvolu olan Qaqarinin ölümü – yoxa çıxması – uçuşları təxirə salmaqla nəticələndi.
Kosmik Tədqiqatlar Mərkəzində 1963-cü ildən – Tereşkovanın uçuşundan sonra başlayan daxili çəkişmələrin və ikitirəliyin də bu uğursuzluqlara səbəb olduğu barədə mülahizələr var. Ancaq kosmik uçuşlar üçün xarakterik olan mövhumati inam ortadaydı: Qaqarinin gedişi ilə SSRİ kosmik yarışı ABŞ-a uduzmalıydı.
Bütün SSRİ ruh düşkünlüyünə qapılmışdı və ABŞ bundan məharətlə istifadə etdi.
1969-cu il iyul ayının 20-də canlı yayımla bütün dünyanın gözü qarşısında Aya yollanan «Apollon-11» gəmisinin 3 kosmonavtından biri – Nil Arsmtronq «insan üçün kiçik olan bu addım bəşəriyyət üçün böyük sıçrayışdır» sözü ilə Aya ayaq basdı və ABŞ kosmos yarışında liderliyi əlinə aldı.
1975-ci ildə ilk beynəlxalq uçuş – «Soyuz-Apollon» uçuşu bu yarışın ən qızğın dövrünü tamamladı…

İnanılmaz layihələr

Yüz İllik Kosmik Uçuş adı verilən bu layihəyə NASA Pentaqonla bərabər 3 il əvvəl start verib. Layihənin məqsədi: insanları başqa planetlərə aparmaq və… geri qaytarmamaq.
Daha doğrusu, Günəş sisteminə aid olan planetlərdə məskunlaşma imkanlarını yoxlamaq əsas hədəfdir.
İlk olaraq Mars planeti seçilib və hesab edilir ki, dünyanın ən sürətli gəmisi – «Orion» bu yolun qaranquşu olacaq. 2014-cü ildə Orion Marsa göndəriləcək, 2030-cu ildə insanlığın Qırmızı planetdə olacağını ehtimal edirlər.
Marsa uçmaq üçün Ayın ətrafında fırlanan asteroidlərdən birindən istifadə etmək nəzərdə tutulur. Yəni, asteroid süni peyklər vasitəsilə kəməndə salınır, bir az Aya doğru çəkilir və ondan daimi istifadə imkanı yaradılır.
NASA xırdalığını açıqlamayıb – yalnız bu kəməndəsalmanın məqsədini, planetlərarası uçuş üçün «aerodrom» olacağını açıqlayıb…
Hətta daha kiçik iki asteroidin eyni metodla tutulan birinci asteroidə süni peyk ediləcəyi də deyilir… Hər halda, gələn il asteroidlərin Aya doğru dartılması prosesi haqqında daha müfəssəl məlumat ala biləcəyik – indi inanılmaz görünsə də.

Süni peyklər və Azərbaycan

İlk süni peyk SSRİ-yə məxsusdur – «Sputnik-1» 1957-ci il oktyabrın 4-də buraxılıb. ABŞ 1958-ci il fevralın 1-də, Böyük Britaniya isə 1962-ci il aprelin 26-da süni peykə sahiblənib.
Hazırda bir çox ölkələr süni peykə sahibdirlər. Bu ildən isə Azərbaycan da öz adını süni peyklər olan ölkələr siyahısına yazdıracaq.
«Azerspace/Africasat-1» adlanan peykimiz Hind okeanı üzərində olacaq. Peyk Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın «Arianespace» şirkətinin «Ariane-5» raket daşıyıcısı ilə orbitə çıxarılacaq. Peyk rəqəmli teleradio xidmətlərinin göstərilməsi, sürətli internet, «VSAT» multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub.
İlk süni peykimiz bu gecə fəzanın ənginliklərinə göndərilir...

news.lent.az

Комментариев нет:

Отправить комментарий