09.02.2013

Hansı oyuncaqlar uşaqları sinir xəstəsi edir?

“Övladınız indiyə qədər bir dəfə də olsun  Çin istehsalı oyuncaqla oynayıbsa, mütləq qandakı qurğuşunun miqdarını öyrənin. Çünki bu oyuncaqların tərkibində olan qurğuşun həmin anda hiss olunmasa belə, xroniki qurğuşun toplanması baş verə bilər”. Bu fikirlər Türkiyənin uşaq xəstəlikləri və hematologiya üzrə mütəxəssisi professor Çengiz Canpolat tərəfindən irəli sürülüb.
Türkiyəli mütəxəssisin dediyi fikirlər, oyuncaq bazarında Çin mallarının üstünlük təşkil etdiyi ölkəmiz üçün də keçərlidir. Uşaqların zehni, estetik, fiziki tərbiyəsində, inkişafında xüsusi yeri olan uşaq oyuncaqlar, bəzən tərkibindəki maddələrə görə gözlədiyimizdən əks nəticə verir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti  də bu məsələdə xəbərdarlıq edir. Uşaq oyuncağı üzərində oyuncağın adı, istehsalçısının adı və ünvanı, milli standartı, məhsulun əsas(və ya funksional) təyinatı və ya onun tətbiq ediləcəyi sahə, istifadə qaydaları haqqında məlumat, yaş uyğunluğu, oyuncaqdan istifadə və ya istismar haqda təlimat, bir sıra oyuncaqlardan istifadə edərkən ehtiyat tədbirləri haqda xəbərdarlıq və təlimat öz əksini tapmalıdır.

Amma bu gün nələr müşahidə edirik?

Ölkənin oyuncaq bazarı müstəqillikdən  sonra çeşidlilik baxımından xeyli inkişaf edib.  Bazar xüsusən idxal hesabına zənginləşib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il 5814.4 ton üçtəkərli velosiped, diyircəkli araba(samokat), pedallı avtomobil, təkərli oyuncaqlar (432.6 min dollar); 0.3 ton yalnız insan təsviri olan oyuncaqlar(6 min dollar); 7.2 min ton heyvan və digər canlıların(insanlardan başqa) təsvir edən (118.9 min dollar); 37.9 min ton oyuncaq musiqi alətlər və qurğuları (31.5 min dollar) idxal olunub. Bundan başqa  161 min ədəd dəst və komplekt şəkildə olan və digər oyuncaqlar (399 min dollar), 0.01 min ədəd quraşdırılmış mühərriki olan oyuncaq və modellər (0.1 min dollar), 768.7 ədəd digər oyuncaqlar idxal edilib (586.2 min dollar). Bu məhsulların bəzilərində 0.1 min ədəd ixrac edilib. Bunlar yalnız rəsmi rəqəmlərdir, qanunsuz yolla da hər il tonlarla oyuncaq bazara gətirilir.
Ona görə əvvəllər çox məhdud sayda gətirilən mallardan hesab olunan oyuncaqlara, indi az qala hər tin başındakı “budka”da da rast gəlmək olur. Qəzet köşklərindən tutmuş super marketlərdə də uşaq oyuncağı tapmaq olur. Ən ucuz oyuncaqlar metro keçidlərində, küçə və  bazarlarda satılır. Yalnız uşaq oyuncaqları üçün ixtisaslaşmış mağazalar da var. Amma bu obyektlər arasında fərqlər də az deyil. İlk gözəçarpan isə qiymətlərdədir. Topdansatış məntəqələrində, adi mağazalarda 3-5 manata olan gəlincik, maşınlar ixtisaslaşmış mağazalarda ən azı 20 manatdan başlanır. İxtisaslaşmış mağazada məhsullar çox çeşidliliyi, rəngarəngliliyi ilə də seçilir.
“Binə” və “Sədərək” ticarət obyektləri də oyuncaqların topdan - ən ucuz satıldığı yerdir. Birbaşa həmin satış obyektlərindən oyuncaq almayanlar belə, aldıqlarının keyfiyyətli olduğunu düşünməsinlər. Çünki ekspertlərin fikrincə, həmin topdansatış obyektlərindəki oyuncaqlar bir az bəzək-düzəklə mağaza, supermarketlərdə belə  satıla bilər. Heç bir uyğunluq, məişət sertifikatı olmayan bu məhsullar təkcə, tez xarab olub sıradan çıxmaqla büdcəmizə ziyan vurmur, həm də kiçik istehlakçılarımızı tədricən zəhərləyir. Valideynlər isə çox zaman bu məsələdən xəbərsiz olurlar.

Bu maddələr öldürür

Avropa Komissiyası hələ bir neçə il əvvəl Çin malı oyuncaqların potensial ölüm təhlükəsi olduğunu açıqlamışdı. Bu oyuncaqlardan istifadə ən yaxşı halda zəhərlənmə ilə nəticələnir. Xüsusən, 0-3  yaş arası uşaqlar üçün nəzərdə tutulan oyuncaqlar rezindən  hazırlanır. Onların tərkibində oksigenin kimyəvi sərfiyyatı, stirol miqdarına görə tələblərə cavab vermir.
Bu oyuncaqların tərkibində ağır metallar olan qurğuşun, kadium, arsen və  xromun miqdarı yüksək olur. Adıçəkilən metallar isə uşaqlarda xərçəng xəstəliyinə belə səbəb ola bilir. Oyuncaqların tərkibində rast gəlinən qurğuşun xüsusən də, 0-5 yaş arası uşaqlar üçün daha təhlükəlidir. Nisbətən böyük uşaqlarda bədənin qəbul etdiyi qurğuşunun 10%-i qana keçirsə, azyaşlılarda bu 50% olur.

Kadium, arsen,xrom -Çin oyuncaqlarının tərkibindəki zərərli maddələrin siyahısı tam deyil

Tibbi ekspert Adil Qeybulla Publika.Az-a açıqlamasında ölkədə satılan oyuncaqlarda ən çox aşkarlanan maddələrin ağır metal zəhərlənmələrinə səbəb olacağını bildirdi: “Ağır metalla zəhərlənmə dərin, xroniki zəhərlənmə qrupuna aiddir. Uzun müddət  bədəndə toplanan bu maddələr kanserogen maddələrin də əmələ gəlməsini şərtləndirir.
Kadium- bu metaldan baş verən zəhərlənmə zamanı böyrəklərdə, sidik çıxarıcı orqanlarda müxtəlif problemlər yaranır. Bu cür zəhərlənmə həm kəskin, həm də xroniki ola bilər.Hətta ölümlə nəticələnə bilər.
Arsen- diş həkimlərinin dişdə siniri öldürmək üçün aşağı dozada istifadə etdikləri maddədir. Sinir zəhəri kimi tanınan bu maddə uşaqlarda sinir xəstəlikləri, sinir sisteminin xroniki pozuntular və nevritlərə səbəb olur.
Xrom- bədəndə toplanmaq qabiliyyəti olan maddədir ki, bu da ağır metal zəhərlənmələrinə səbəb ola bilər”. Ekspert qeyd edir ki, uşaq oyuncaqların plastmaslardan istifadə etmək yolverilməzdir. Bu maddələrin təsirilə dəridə dermatitlər inkişaf edə, dərinin iltihabı baş verə bilər. Plastmasların keyfiyyət paramertləri aşağı olduğuna görə su ilə təmasda olduqda onun tərkibindəki biosin toksiki maddə əmələ gətirir ki, bu da orqanizmə zərər verir.
Qurğuşun isə ağır metallar içində ən zərərlisidir. Qurğuşun suyun tərkibində olduqda belə daha zərərli olur. Nəzərə almaq lazımdır ki, uşaqlar həmin oyuncaqları, əllərini ağızlarına salırlar. Uşaq dərisinin müqavimət imkanı zəif olduğuna görə tez təsirə məruz qalır. Hətta bu oyuncaqlar yuyulsa belə zərərli təsiri azalmır”.

Müfəttişlərin sayı yetərincə deyil

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı  ölkəmizdəki uşaq oyuncaqlarının daha çox Çin, Rusiya, Türkiyə, İtaliya, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və bəzi Avropa ölkələrindən gətirildiyini bildirdi. Onların keyfiyyətinə  Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti nəzarət edir:
“Oyuncaqlar ölkəyə gətirilərkən məcburi şəkildə komitənin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırmalıdır. Sertifikatsız  məhsulların idxal və satışı dayandırılır,  həmin sahibkara cərimələr tətbiq edilir. Aparılan monitorinqlər zamanı Dəmiryolu vağzalının yaxınlığındakı, Qaradağ rayonundakı topdan satış məntəqələrində, həmçinin şəhərin bəzi satış obyektlərində keyfiyyətsiz oyuncaqlar aşkarlanıb. Nümunələrdə aparılan yoxlamalar nəticəsində həmin oyuncaqlarda ağır metallar-qurğuşun, sink olduğu müəyyənləşdirilib”.
F. Talıblı uşaq oyuncaqları üçün tələblərdən də danışdı. Onun sözlərinə görə, bu oyuncaqların markalanması Azərbaycan dilində olmalı, hansı yaş qrupu üçün nəzərdə tutulduğu yazılmalı, tərkibində hansı maddələr olduğu, keyfiyyəti sübut olunmalıdır. Tikişləri möhkəm, rəngi davamlı olmalı, tükləri qopmamalı, hər hansı kimyəvi maddənin qoxusu gəlməməlidir.
“Valideynlərə tövsiyə edirik ki, ixtisaslaşmış mağazalardan alsınlar. Çünki onlar illərdir fəaliyyət göstərirlər, gətirdikləri məhsulların keyfiyyəti sübut olunub, sertifikatları var. Müfəttişlərin sayı o qədər çox deyil ki, hər yerdə oyuncaq satışına nəzarət edək. Burada istehlakçıların da maraqları olmalıdır. Eyni oyuncaq adi mağazada, metroda 1-2, ixtisaslaşmış mağazada bir neçə dəfə yüksək qiymətədirsə, demək burada keyfiyyət fərq var. Övladlarının sağlamlığını düşünənlər qiyməti nisbətən yüksək olan mallar alsınlar”.
O bu vaxta qədər uşaq oyuncaqları ilə bağlı 30 firmaya Komitə tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları uyğunluq sertifikatı verildiyini dedi.

Oyuncaqların 50%-i sertifikatlaşmayıb

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Nazirlər Kabinetinin  143 saylı qərarına əsasən 130-a qədər mal, eyni zamanda uşaq oyuncaqları ölkənin əmtəə bazarına daxil olmadan əvvəl məcburi qaydada sertifikatlaşdırılmalı olduğunu dedi.

E.Hüseynov oyuncaqların tərkibini müəyyən etmək üçün normal ekspertizanın olmamadığını iddia edir

“Təəssüf ki, oyuncaq bazarındakı məhsulların 50%-dən çoxu məcburi sertifikatlaşdırmadan keçməyib. Çin vətəndaşları hətta ən ucqar kəndlərə qədər gedib, zərərli oyuncaqları satmaqla məşğuldur. Oyuncaqların tərkibindəki maddələrdən zəhərlənərsə, bu zaman orqanizmdə müəyyən pozuntular meydana gəlir. Həmin zərərli maddələr, ağır metallar isə birdən-birə yox, tədricən zəhərləyir. Hətta bir çox hallarda zəhərlənmənin  məhz oyuncaqdan olduğunu sübut etmək də çətin olur”.
E.Hüseynov oyuncaqların tərkibini müəyyən etmək üçün normal ekspertizanın olmamasından da şikayətləndi:“Uşaq oyuncaqlarının hazırlandığı  “steç” materiallarla bağlı 4 dövlət orqanı qarşısında məsələ qaldırmışıq, lakin verilən cavablar bir-birinə uyğun olmur. Bu da bir daha normal ekspertizanın olmadığını göstərir. Mağazadan qoxu varsa, həmin məhsulları almasınlar. Hansı bazar qorunmursa, istehlakçı hüquqları qorunmursa, xüsusi keyfiyyətsiz məhsullar da rahatlıqla həmin bazara daxil olur”.
O, istehlakçıların məhsul alarkən mütləq gigiyenik və məişət sertifikat tələb etmələrini bildirdi.  Ən bahalı mağazada belə ən təhlükəli oyuncaq satıla biləcəyini vurğuladı.

Gülxar Şərif                  publika.az

Комментариев нет:

Отправить комментарий