09.02.2013

Hazır olun! Bahalaşma gəlir...

Leyla Əliyeva

Yola saldığımız həftə, dünyanı bilmirəm, Azərbaycanda əsl bayram əhval-ruhiyyəsi yaşandı. Hesab etməyin ki, SEVGİLİLƏR GÜNÜ münasibəti ilə bəzi mağaza şəbəkələrində başlayan saxta endirim kampaniyalarını  nəzərdə tuturam. Heç də yox...
Söhbət Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peykinin orbitə buraxılmasından gedir. 50-dən artıq ölkəni birləşdirən məkanda peykin mühüm iqtisadi rol oynayacağı bildirilir. Qeyd olunur ki, Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, həm də kommersiya xarakterli və gəlirli layihədir.

Ötən ildən böhran yaşayan Avropa Birliyi ölkələrinin iqtisadi-sosial vəziyyətində bu həftə də yaxşılığa doğru dəyişim baş vermədi. 2012-ci ilin nəticələrini qiymətləndirən İsveçrənin maliyyə qurumları ölkənin ən nəhəng bankı UBS AG-nin xalis zərərinin 2,51 milyard İsveçrə frankı (2,75 mlrd dollar) məbləğində olduğunu açıqladılar. Çinin makroiqtisadi göstəriciləri isə gözlənildiyindən daha yaxşı rəqəmlərlə ifadə olundu. 2013-ci ilin ilk ayında  Çinin xarici ticarətində artım baş verib. Eyni zamanda, dekabr ayında illik inflyasiya 2.5 faiz idisə, bu nisbət yanvar ayında 2 faizə düşüb.
Deyəsən, böhran “Qazprom”u da vurub. Materikin ən nəhəng dövlətinə məxsus şirkətin 2012-ci ildə illik istehsalı 5 faiz azalıb. “Qazprom”un xalis gəliri 15 faiz ətrafında, təxminən 38 milyard dollar azalıb. Bütün sektorlar üzrə dünyanın ən qazanclı şirkəti olan “Qazprom”da istehsal göstəriciləri aprel ayına qədər bu cür davam edərsə, “Exxon Mobil” və “Apple” reytinq cədvəlində onu qeyri-şərtsiz qabaqlayacaqlar.
Həftənin daha bir qalmaqallı iqtisadi olayı ABŞ-ın Mərkəzi Bankının (Federal Reserve) hakerlərin hücumuna məruz qalmasıdır.
Məncə, buna sevinə bilərik. Deməli, təkcə Publika.Az hakerlərin hücumuna məruz qalmırmış. Lakin ABŞ banki hakerlərin hücumundan bizim saytımız kimi çox zərər görmədi. Belə ki, Federal Reserve anındaca lazımlı müdaxiləni edərək, hücumları aradan qaldırdı.
Azərbaycan iqtisadiyyatına gəlincə, ölkədə ötən ayın iqtisadi-sosial gəstəriciləri açıqlandı. İnflyasiyanı nəzərə almasaq, rəqəmlər yenə göz oxşayır. Əslində, makroiqtisadi göstəriciləri sürətlə artan ölkədə inflyasiya niyə geridə qalmalıdır?
Əlqərəz, 2013-cü ilin yanvar ayında ərzaq məhsullarının 0,6 faiz, qeyri-ərzaq mallarının 0,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 3,0 faiz bahalaşması, ümumilikdə istehlak mallarının qiymətlərinin, eləcə də, xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,2 faiz bahalaşmasına səbəb olub.
Konkretləşdirsək, əsas istehlak məhsullarının - çörəyin, makaron məmulatlarının, təzə balığın, zeytun yağının, xamanın, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, şabalıdın, xiyarın, pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun, kələmin qiymətləri qalxıb. Onu da bildirək ki, inflyasiyaya təsir edən əsas faktorlardan biri də əsaslı investisiya qoyuluşlarıdır. İstər 2012-ci ildə, istərsə də 2013-cü ildə bu istiqamətdə ayrılan vəsaitlərin artması ilə bərabər, əsaslı investisiya qoyuluşlarının tərkibindəki tikinti xərcləri də bahalaşıb. Ötən ilin 4-cü rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,9 faiz artıb. Rüb ərzində yerüstü tikililər bölməsində 1,1 faiz, yol və körpü tikintisində 0,3 faiz bahalaşma müşahidə edilib.
Əksər sahələr üzrə artan qiymətlərin fonunda Mərkəzi Bank həftənin son iş günündə inflyasiyanın aşağı səviyyəsini, pul kütləsinin artım templərini, habelə, milli iqtisadiyyatın şaxələnməsi prioritetlərini nəzərə alıb, uçot dərəcəsi ilə bağlı addımlar atdı. Bankın İdarə Heyəti 11 fevral 2013-cü il tarixindən etibarən uçot dərəcəsinin 5 faizdən 4.75 faizə endirilməsi barədə qərar qəbul edib.
Həftənin müjdəli xəbərini isə güzəştli ipoteka götürmək istəyənlər aldı. Belə ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında Fərman imzaladı. Kreditin məbləği 35 000 manatdan  50 000 manata qaldırıldı. Eləcə də, kreditin nəzərdə tutulduğu kateqoriyanın tərkibinə müəyyən əlavələr olundu.
Yeri gəlmişkən, Fərmandan sonra yəqin ki, banklar sosial ipotekaların verilməsinə başlaya bilər. Çünki ötən ay banklar tərəfindən bir dənə də olsun, sosial ipoteka krediti ayrılmayıb.
Düzdür, ilin ilk ayında 1,70 milyon manatlıq ipoteka krediti verilib. İpoteka Fondunun yerləşdirilmiş istiqrazlarının həcmi isə 8 milyon manata çatıb. Nəticədə indiyədək İF-nin xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 422,01 milyon manat, 2013-cü il fevralın 1-nə adambaşına düşən ipoteka kreditinin həcmi isə 45,1 manat olub.
Bu həftə Rusiya və Azərbaycan arasında 2013-cü il üçün qaz alqı-satqısına dair protokolun imzalanma tarixi də bəlli oldu. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin həmin sazişin fevralda imzalanacağını açıqladı. O, bildirdi ki, 2012-ci ildə Rusiya Azərbaycandan nəzərdə tutulun 3 milyard kubmetr əvəzində faktiki olaraq, 1,6-1,7 milyard kubmetr həcmində təbii qaz alıb.
Mərkəzi Bankın Mərkəzləşdirilmiş Reyestrinin açıqladığı rəqəmlər isə yenə də boğazları qurutdu. Reyestrin məlumatına görə, 2012-ci ildə borcalanların sayı 1 540 096, kredit məlumatlarının sayı isə 4 249 977 olub. Əvvəlki illə müqayisədə borcalanların sayı 31 faiz, kredit məlumatlarının sayı isə 47 faiz artıb. Cəmi zaminlərin sayı isə 545 629 nəfərə çatıb. Göründüyü kimi, banklar kredit kisəsini açdıqca, kredit götürənlərin sayı fantastik dərəcədə artır.
İxrac-idxal əməliyyatlarının həcminin cəmiyyətə təqdim edilməsi də yola saldığımız həftənin payına düşdü.
Statistika Komitəsi bildirdi ki, 2012-ci ildə Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər, dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar. Xarici ticarət dövriyyəsi 43813,2 milyon ABŞ dolları təşkil edib. Onun 9652,9 milyon dolları idxalın, 34160,3 milyon dolları ixracın payına düşüb. Və 24507,4 milyon dollarlıq müsbət saldo yaranıb.
SOCAR-ın ixracla bağlı rəqəmləri “Statkom"unku qədər əmin olmadı. Ölkədə avtomobillərin sayının artması şirkətin ixrac göstəricilərinə təsir edib. 2013-cü ilin yanvar ayının yekunlarına görə, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin xətti ilə dünya bazarlarına 97673 min ton neft məhsulu ixrac edilib. İxrac həcmləri cari ilin yanvarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz və ya 19676 ton azalıb. Belə ki, 2012-ci ilin yanvarında SOCAR tərəfindən xarici bazarlara 117249 ton neft məhsulu göndərilib.

publika.az

Комментариев нет:

Отправить комментарий