07.02.2013

Helikopter yüz kilodan artıq götürmür

Aliq Nağıoğlu

Mənim başıma iş qəhətdir, hərdənbir qonşu rayona gəzməyə çıxıram. Varlı  ölkəmizin iri şəhərlərində olduğu kimi, bölgələrdə də şıdırğı abadlıq işləri gedir. Düzdür ki, çox zaman üç ay əvvəl tikdiklərini söküb yeniləyirlər, bunun səbəbi olmamış deyil: təzə ideya əmələ gələndə, köhnə nədəsə mane olur. Əsas odur ki, pul var, söküləni yenisi əvəzləməlidir. Görünür tikməkdə bizim yetərli səriştəmiz olmayıb, hələ öyrənirik, bununsa nəyi pisdir. Mən yaxın vaxtlara kimi məşhur özəl fabrikdə çalışırdım, ən siftə oxşar mənzərəni orada müşahidə etmişdim. Xaricdən bahalı kompyüterləşmiş kəsici dəzgah gətirmişdilər.
Özülü tələsik qoyulduğundan düz nizamlanmamışdı, o səbəbdən detalları ciddi xəta ilə kəsirdi, hərçənd operatorlar dəqiq proqram verirdi. Bir il mütəmadi xətalar üzündən hər növbənin operatorunu, köməkçilərini vurhay cəzalandırırdılar. İslah olmayanda məcburi hal təki bünövrəni dağıtdılar, təzədən tökdülər. Növbəti ili sex genişləndi, avadanlıqlar təzə tikilən binaya köçürüldü, həmin dəzgah da yerinə oturdulanda bir belə əməliyyata məruz qaldı. Yadımda qalanı o idi ki, hər düzləndirmə aparılanda işçilərin əmək haqlarından hərəyə beş- on dollar tutulurdu. İşçi sayı hardasa minə yaxın idi. Bax belə, yəni pul olan yerdə belə xırda-xuruş səhvlər nəzərə çarpmır. Kimsənin  cürəti çatmazdı, hətta içində qımıldansın, dərhal aşkarlanıb işdən uzaqlaş­dı­rılırdı ki, qalanlara görk olsun. Kimə sərf edər iş yerini itirmək?! Yeri gəlmişkən, tikintini aparan iş icraçısı mühəndis olmayan birisi idi. Lakin söküb-tik­dik­cə əməlli-başlı öyrəndi, hətta firma onu sonralar Gürcüstana iki illiyə ezamiyyətə göndərdi.
Bizim qəsəbədən qonşu rayon mərkəzinə birbaşa av­to­bus işləyir, hərçənd digər kəndlərimiz bu ləz­zət­dən böyük imperiya dağılandan məhrum olandılar. Sürücü də qonşu rayondandı. Avtobus sə­hər başı qəsəbəyə adamsız gəlir. Gərək sərnişin yetərincə olsun ki, günortadan sonra ikinci səfəri də baş tutsun. Aydın məsələdir ki, qəsə­bə­dən sonuncu qayıdışa, sürücü, təsadüfi bir-iki adam nəzərə alın­maz­sa, ümid bağlaya bilməzdi. Belə də olurdu ki, bir günlük gəlir çıxarı ödəməyəndə o, növbəti günü işə çıxmırdı. Bütün bu əngəllərə baxmayaraq, avtobus hələ ki, işləyir, deməli, sürücüyə sərf edirdi.
Belə soyuq qış günlərinin birində əynimi qalın geyinib avtobusa mindim. İçəridə on-on iki adam ancaq olardı. İdmançı papağını qulaqlarına qədər çəkən sürücü, əlbəttə, narazı görünürdü. Bu adamlar da qəsəbənin quş, balıq, göyərti alverçiləri idi. Bizim rayon ərazisindən ikinci kəndi keçəndə daha dörd nəfər mindi. Biri gəlib mənim yanımda əyləşdi. Bu milli ordunun keçmiş döyüşçüsü, “Dro­­­bilka” ayamalı Əli idi. Mən onu tanıyıram, o həm də toylarda meyxanaçı kimi ad çıxarmışdı. Baməzə, deyib-gülən olsa da, son vaxt­­lar xəstəliklər əməlli-başlı qanını qaraltmışmış. O sə­bəb­dən də oturan kimi, qısa kef-haldan sonra dərdi açıldı:
- Diaqnostika mərkəzinə gedirəm, cəbhənin ağrısı- acı­sı indi açılır. Şəkər tapmışam, sağ budumdan çiban çıxıb, üç aydır sağalmaq bilmir. Ordakı həkimə inanıram, müalicəsi xeyir verir, bizimkiləri tulla hamara. Canımızı qoyduq, qədrini bilmədik, indi də altını çəkirik, çoxları orda-burda kef elədi. Lqot-zad da yoxdur, bunun üçün mən gərək ən azı mayor olmalıymışam.
- Yəqin qanun belə tələb edir, - istər-istəməz müdaxilə etdim, hər necəsə bir saatdan çox yolu maraqlı həmsöhbət tapmışdım. Bu, nəyə desən dəyərdi.
- Vuruşanda mayor məndən arxada idi, indi sakitlik­di, lqotda qabaqda durur… Qəribə qanundu, onu yazan, səs verən, müharibə-zad görməyib axı… Kimdən kimə şi­kayət edəcəksən?! - Avtobusa növbəti kənddə daha altı nə­fər min­di. Oturacaq yerləri, demək olar ki, tutulmuş­du. Ək­sə­riy­yətini qadın alverçilər təşkil edən sərnişinlər or­dan-bur­dan-güzəranın ağırlığından, iş yerlərinin olmamasından, heyvan xəstəlik­lə­rin­dən da­nı­şır­dılar. Odur ki, hər kəsin öz əhatə dairəsi var­­dı, yəni özü deyirdi, özü eşidirdi.
- Kişi yazıq neyləsin, kişilərə iş yoxdur, oturublar evdə. Qabaqlar iş vardı işləyirdilər. İndi kişilər bazar qa­ba­ğı, çayxana, hüzür yeri, toyun daimi müştəriləridir. Gö­yər­ti, süd, quş-balıq satmayacaqlar ki…
- İki yeni zavod tikirlər, bacı, inşallah yaxşı olar.
- Qıza, dədəyin toyundan danışırsan, zavodun böyük­­­lərini Türkiyədən gətiriblər, fəhlələri də iki il əvvəl söz verdikləridir. Əsasən də tanış-biliş, öz ətraflarıdır. Adam hər şeydən xəcalətli olub, Allah kəssin belə yaşamağı…
- Xəcalətli düşmənin olsun, o gün biri televizorda utanmaz-utanmaz deyir ki, yeni ili uşaq-muşaq da cibin­də milyonlar gəzdirəcək. İl ildən pis gəlir, ac sişovullar əkin yerlərini dağıdır...
Müsahibim də öz aləmində idi.
- Müharibədən qabaq kəndin kənarındakı hava hücumundan müdafiə hərbi hissəsində qulluq edə bilərdin,- fikrindən ayırdım. Elə bil çibanlı yerinə biz batırdım:
- Elədir, amma hər yerin qəmiş qoyanları olur. Əsasən özünü, səni tanıyanlardan qoru. Mən hava hücumundan müdafiə xidmətinin rəisinə müraciət etməkdən ötrü hərbi hissəyə gəldiyim an, demə həmkəndlim gəlişimi uzaqdan seyr edirmiş; o, hissənin maliyyə-iqtisad işlərinə baxırdı. Həmçinin o vaxtlar müxtəlif köməkçi vəzifələrə ətraf kəndin gəncləri işə götürülürdü. Amma, imanımı yandırmıram, onun xidmət rəisinin yanında durub qulağına nə pıçıldadığını dəqiq bilə bilməzdim. Xahişimi biləndə dığa qəti etiraz elədi. Səbəbini soruşdum:” Bizdə uçuşa yüz kilodan artıq çəkili hərbçilər buraxılmır”, - o, xüsusi vurğuladı.
- Soyadı indiyə kimi yadımdadır: Petulin. Zarafatın­dan da qalmır: “Sənin başından bütöv bir batalyona xaş çı­xar, - düz gözlərimin içinə baxır, - arvadın da səndən şi­ka­yətçidir, təkbaşına bir təndir çörəyi iki günə yeyir­sən. Kənddə “Drobilka” ayamasını necə qazanmısan, onu da bi­lirik: çünki nə gəldi üyüdürsən.” İşə bax ha, mənim olan-qalan şakərimi, ev-eşik sirrimi bitdə-bitdə çat­dı­rıb­lar. Soruşuram: “Bəlkə arvadnan necə yatdığımı da de­yə­sən, tovariş naçalnik? - deyir - onu da sən özün da­nı­şar­san, bilərik.” Tvoyu mat... Hirsimdən söyürəm, o da bunu burdan rədd edin deyir. Kim əvvəldən işverənlik yolu tutubsa, onların sonrakı taleyi də rahat olur, lap mini min desin. İnan Allaha, işverənlər qurban olduğuma bizdən iki köynək yaxındır. Həmkəndlimin işi indi də hamardır, Gürcüstanda məşhur şirkət fabrikinin icraçı direktordur; əl çatmır, ayaq yetmir, lazımdır ki, orda baş verənləri çatdıran olsun. Səndə varmı o istedad, ya məndə var? Qarabağ müharibəsi təzə başlayanda kənd­dən iki nəfər bizim hərbi hissədə vuruşurdu. Döyüş­dən qabaq komandir kimin qorxub-çəkindiyini açıq so­ru­şur­du. Həmkəndlilərim də hər dəfə gözlərinin qorasını tökə-tökə sıradan çıxırdı ki, ömrü boyu tüfəng görməyib­lər, güllə səsinə ürək tutmaları olur. Bu gün hər şeydən yararlanan, lqotdan yarınan da onlardır. İnanırsan?! Sübut edə bilərsən?! Məktəb tədbirlərinə onları dəvət edirlər, və­­­tənpərvərlikdən ağızdolusu danışırlar. Vətəni sev­məkdən eyy, başa düşürsən bu, nə deməkdir?! Mənsə, bir dənə çibanın əlində üç aydır girincəm.
- Hansı helikopterlərə çəki həddi qoyulurdu?
- “MİQ”- dir, amma seriyasını dəqiq bilmirəm. Nə fər­­qi var, başqa səbəb tapıb- uyduracaqdılar... Əsas odur ki, pəlimi vuran özümüzünküdür. Hər yerdə belədir, özünü ən əvvəl tanış-bilişdən gözlə. İşə bax ki, burda da şirkətə işə durmaq istədim, ancaq kötük yenə özümünkündən gəldi. Lakin ehtiyata buraxılan başqa hərbçilərin çoxu orda işləyir. Yaxşı da əmək haqqı alırlar. Maşınlarını dəyişdilər, uşaqlarını yerbəyer etdilər, evlərini təzələdilər. Sağlıqlarına qismət! Həm yuxarı əmək haqqı, həm də yaxşı təqaüd. İşverənlikləri də öz yerində. Niyə sovet ordusundan qalma gizirlərə hər yerdə yaşıl işıq var? Heç fərqində varmısan?
- Deyərsən, bilərəm, - qılıqlandım.
- Yox aşna, hər şeyin hazırını gözləmə. Başı da işlətmə­məkdə düz edirsən. Axtarsan, bunun sadə səbəbi var.
Qonşu rayonun ərazisinə keçəndən sonra avtobusda ayaq basmağa yer yox idi.
- Başçı dəyişəndən bu gündədir. Yeni başçının köhnə iş yeri də başçılıq olub. Təcrübəsi var, bilir, neyniyir. Mən bu yolu üç aydır mütəmadi gedirəm, biabırçılıqdır. Keçmiş başçı çox ciddi adam idi, lodur idarə müdirlərini hamının gözləri qarşısında döyürdü. Deyirlər, dərəcəli idmançı imiş. Qayda-qanun da gözlənilirdi, hər xəttin avtobusu işinə məsuliyyətli idi. Bu adamların çoxu bazara, xəstəxanaya gedir. Dünyalarından əllərini üzüblər eyy, bu insanlar. Üzlərinə fikir ver, sən Allah.
- Üzlərinə niyə?
- Özünü o yerə qoyma, təzyiqim də var…
- Onda hər şeyə baş qatma, canına yazığın gəlsin…
- Kebeni materi, nə vaxt qırıldı-qırıldı… Mən harda gəldi deyirəm, ürəyim boşalır. Xasiyyətimi bildiyindən kəndin axundu bu il məhərrəm ayında çadırı məscidin həyətində qurdurdu. Bizi o yaraşıqda Allahın evinin içərisinə buraxmadı. Heç kəs cınqırını çıxarmadı. Birinci gecə camaatın içində üzümə dedi ki, “Drobilka” kimi adamlara məs­cidin daxilində yer yoxdur. Bilmirəm neynəmişəm bun­lara. Mən döyüşəndə axund oğlanlarının ikisini də Ru­siyaya ötürdü. Atəşkəsdən sonra tapıldılar, evləndilər, ailələrini götütüb geri qayıtdılar. Özü də həyatı boyu mollalıqla dolanıb, altında xarici maşını, şəhərdə, kənddə evləri, torpaqları… Məni, tankı ilə döyüşlərdən keçən köhnə döyüşçünü, məscidə buraxmır. Dəfələrlə ölümlə üz- üzə qalmışam, Allah saxlayıb. Qucağımda canını tapşıran əsgərlərim ge­cələr yuxularıma girir. Yaşlaşdıqca yaşamaq daha əzab­lı olur. Bəlkə bunları izah edəsən hə, amma səmimi ol, mən ölüm.
- Yəqin qarasına deyinibsən, qulağına çatdırıblar…
- Qoy cəhənnəm olsun, bəlkə düz eləməmişəm? Mənim heç kəsdən gözüm kölgəli deyil. Qayınatası qızını ha­mamda adamaoxşamaz traktorçu ilə alt-üst tutanda tüpürüb çıxıb. Üç gün öyündüyü iri marketinin qabağında oturub hansı qərar verəcəyini götür-qoy elədi. Üzünə dedim:”Sən, ay yazıq, ancaq pul qazanamağın yollarını bilirsən. Belə şeylərə qərar vermək sənlik deyil, get işinə!” Axund da bu müddətdə yazdı-pozdu, düzəliş verdi; indi qız dəf kimi arvadlıq edir, traktorçu da utanmaz- utanmaz bazarlığa gəlir-gedir. Kasıb-kusub olsaydı tifaqı çoxdan dağılmışdı …
Xəstəxanaya az qalmış qabaq tərəfdən bərk şaqqıltı gəl­di. Sürücü avtobusu yolun kənarına verib saxladı. Aşağı düşüb fırlandı, təzədən kabinaya qalxıb üzünü sərnişinlərə tutdu:
- Remen qırılıb, on dəqiqəyə dəyişəcəm, - deyib lazım olan açarları axtarmağa başladı.
Yol yoldaşım zarafatından qalmadı:
- Mənim çəkim başıma bəladı, qalan yolu piyada gedəcəyəm. On dəqiqəyə ordayam, onsuz da yol kirəsi düş­mür, mənzil başına çatmamışam ki, - mənə göz vurub aya­ğa durdu. Arxa qapıya çatanda qışqırdı:
- Əmoğlu, dalıı aç, düşüm, mən çatdım. - Sürücü arxa qapını açdı. Kimsə qadınlardan yerindən qalxıb:
- Qapıları açıq qoy, şofer, başına dönüm, - yalvardı, - qaz iyi bizi boğdu. Qalanlar onsuz da bazarda düşəcək.
“Drobilka”nın tez düşməyi reaksiyasız ötüşmədi.
- Pay atonnan, heyvərə, minənnən əng olmuşdu. Düşən­də də yol pulunu vermədi. Adamda sifətə bax eyy...
- Utanmaz-utanmaz deyir: mənzil başına çatmamışam deyə, yol kirəsi düşmür.
- Keçmiş hərbçidir, özündən razı danışırdı. Allah bilir o vaxtı nə qədər xalça-palaz daşıyıb.
- Düz deyirsən, bizim kənddə bunlardan biri vardı, beteri düz evinə sürmüşdü, içi dolu idi qab-qaşıqnan, dorojkaynan; səhərəcən daşıdılar. Həmin adam indi kəndin bələdiyyə sədridir.
- Ferma müdirinin oğlu iki Qarabağ qoçunu “Jiquli”nin bağacında gətirmişdi, evə çatanda görüb ikisi də mındar olub.
Sürücü əllərinin yağını çirkli əsgi ilə silə- silə:
- Ay camaat, qurtarın boş- boş söhbətləri, - səsini ucaltdı. - Hərbçidə adətdir, minəndə yol kirəsini qabaqcadan verir, niyə bilmədiyiniz şeyləri qarışdırırsınız.
Sanki qurbağanın gölünə daş atdın, danışanlar lal oldu. Av­tobus yerindən tərpəndi, diaqnostika mərkəzinin qabağından keçəndə “Drobilka” farağat dayanarq əlini başına tutub ani bir tabelik-iltimas pozası almışdı.

Комментариев нет:

Отправить комментарий