11.02.2013

"Əkrəmin qulağı kəsiləcək, daha sonra nə cəza nəzərdə tutulubsa hazırıq"

Müasir Müsavat Partiyaksının İdarə Heyəti və Gənclər Təşkilatı növbədənkənar toplantı keçirərək yazıçı Əkrəm Əylislinin qulağının kəsilməsi barədə qərar verib. Yazıçının qulağının kəsilməsi qərarının icrası partiyanın gənc üzvlərinə tapşırılıb.
azxeber.com-un məlumatına görə, partiya sədri Hafiz Hacıyev mətbuata açıqlamasında belə bir qərarın qəbul edildiyini təsdiqləyib.
Ekspertlər isə belə bir qərarın verilməsinin həm siyasi, həm də hüquqi baxımdan böyük yanlışlıq, qanun pozuntusu olduğunu bəyan edirlər. Hüquqşünas Müzəffər Baxışov bildirib ki, Əkrəm Əylislinin qulağının kəsilməsi qərarı barədə KİV-lərdə məlumat yayılıbsa və Hafiz Hacıyev də partiyasının belə bir qərar verdiyini müsahibəsində təsdiqləyibsə, bu, cinayətin törədilməsinə hazırlıq hərəkətidir: “İnsanın bir orqanının kəsilməsi həmin orqanın öz funksiyasını itirməsinə səbəb olur. Bu da qəsdən sağlamlığa ağır zərər vurma cinayətidir.
Belə bir cinayətə hazırlıq hərəkətləri də cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 28-ci maddəsinə görə, cinayət törətmək üçün vasitə, alət axtarma, əldə etmə, cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə cinayətə hazırlıq hesab olunur. Cinayət Məcəlləsinin 28.2-ci maddəsinə görə, yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. Kiminsə qulağının kəsilməsi haqqında partiya tərəfindən qərar qəbul edilməsi və bu qərarın icra edilməsinin konkret şəxslərə tapşırılması Cinayət Məcəlləsinə görə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif olunur.
Məsələylə bağlı azxeber.com-a danışan Hafiz Hacıyev hər cür cəzaya hazır olduqlarını söyləyib. O fikirlərinin qəti olduğunu və yazıçının qulağının kəsilməsi üçün müraciət etdiklərini təsdiqləyib:
“Biz bu barədə ciddi açıqlamalar vermişik və qərarımız var. Onu icra etmək üçün də müxtəlif addımlar atırıq, tapşırıqlar veririk. Biz verdiyimiz qərardan çəkilməyəcəyik. Düzdür, bu gün müəyyən ekspertlər müxtəlif fikirlər irəli sürə bilər. Lakin bunlar bizi məqsədimizdən daşındırmır. Geri çəkilmək fikrimiz yoxdu. Çünki Əkrəm Əylislinin etdiyi hərəkət Azərbaycan xalqına xəyanət, şəhidlərimizin ruhuna, o cümlədən 4.5 milyonluq qərbi azərbaycanlıya təhqirdi. Bu səbəbdən biz bu haqda çox ciddi düşündükdən sonra bu addımı atmışıq və qərarımızda qətiyik. Əkrəmin qulağı kəsiləcək, daha sonra nə cəza nəzərdə tutulubsa, onu çəkməyə hazırıq. Eybi yox, qoy bir neçə nəfər bu yolda əziyyət çəksin, amma Azərbaycanın ermənilər qarşısında günahkar hesab edilməsinə heç vaxt dözə bilmərik. Biz düzgün qərar vermişik”.

Ceyhun

Комментариев нет:

Отправить комментарий