09.02.2013

Mən ölümün yerini bilirdim

Anar Yusifoğlu

Hələ dünyanı hüdudsuz zənn edəcək qədər balacaydıq; bap-balaca, məktəbli…
Hələ pəncəmizin üstünə qalxıb, dağların zirvələrindən o yana boylana-boylana böyüyürdük.
Hələ arzularımızın qanadında dünyanı fəth etməklə məşğulduq.
Hələ torpaq bizimçün ayağımızı üstünə möhkəmcə vurub, yüksəkliyə atılmaqdan, tozuna bulaşmaqdan, bitirdiklərini dadmaqdan başqa heç nə deyildi.
Yalnız həyat vardı: burda yaşamaq və yalnız yaşamaq mümkün idi.

Ölüm vardı, ölümü görürdük: ancaq o qədər uzaqdaydı ki, onu təsəvvür etmirdik.
İlk dəfə dip-diri ölümün düz gözlərim qarşısında olduğunu da o vaxt gördüm: boy-buxunu, gücü-qüvvəsi ilə fəxr etdiyim əmim oğlu nə qocaldı, nə qəddi əyildi, nə övlad, nəvə, nəticə gördü, nə də toyunu: Əfqanıstandan dəmir qutuda torpağa qarışmaq üçün qayıtdı.
Əmim oğlu ölümü yaşatdı mənə, ölümü göstərdi… Həmin gündən ölüm haqqında düşündüm, ürəyimin, beynimin bir parçasına ÖLÜM həkk olundu.
Böyüdük, tələbə olduq: bir ayrı mühit, bir ayrı dünya açıldı qarşımızda; sevgilərlə, arzularla dolu olan bu həyatda əmim oğlunun Əfqanıstandan gələn və qəlbimi saran nəşinin yanına intihar edən qrup yoldaşım özünə yer elədi.
Ölüm ikinci dəfə mənə “salam” dedi, “varam” dedi, “yanındayam” dedi…
Sonra atamın, sonra bacımın ölümlərini yaşadım. Bu ölümlərlə yaşaya-yaşaya Ölümün qaranlıq silueti işığa çıxdı: Əfqanıstandan gələn nəşin yanında hiss etdiyim kimiydi – dəyişməmişdi, yaşlanmamışdı. Həmin cavan, həmin məğrur ölüm idi.
***
Zakir Sadatlının Əfqanıstanla bağlı yazılarının ardını intizarla gözləyirdim: o, mənə əmim oğlunun dünyasından soraq verirdi, onu xatırladırdı, ölümün gəldiyi yeri göstərirdi.
Mən Ölümün yerini ORA bilirdim, indi ORDAN canlı bir nəfəs qayıtmışdı, Ölümə meydan oxuya-oxuya onu yazmaqla məşğul idi.
Əvvəl yazılarını sevdim, sonra Ölümün gözünə dik baxan bu Aslanı – Zakir Aslanovu, Sadatlını.
Dəmir kimi möhkəm, daş kimi bərk, polad kimi qürurlu Zakir bizim dövrümüzə, Bakının göbəyinə orta əsrlərdən düşmüşdü: mühafizəkar idi, hökmlüydü və bu mühafizəkar, hökmlü KİŞİnin inanılmaz dərəcədə saf, təmiz qəlbi vardı. Həmişə düşünürdüm ki, Zakirin yazıları məhz bu qəlbdən süzülüb gəldiyinə görə bu qədər enerjili, isti, şəffaf, gözəl və ecazkardır.
***
Fevral ayına nifrət edirdi. Səbəbini heç vaxt demədi, mən də soruşmadım. “Axmaq aydı fevral, sən özünü bu aydan qoru” – deyirdi. Və ardınca: “Bilirsənmi, az qalmışıq?”
Xoşu gəlməyən bu ayda, özümüzü qorumağımızı tapşırdığı fevralda Zakir sıralarımız seyrəltdi, özünü Ölümdən qoruya bilmədi.
Zakirin dizinin altından qurtulan Ölümü həmən görkəmində yenidən qarşımda gördüm: Əmim oğlu bir daha öldü… Aldanmışammış, Zakir Əfqanıstanda ölümü öldürməyibmiş, onu əmim oğlu kimi özüylə bərabər gətiribmiş. Yalnız bir fərq var: Zakir Orda tapdığı Ölümü özüylə birgə gətiribmiş, Ölümüylə birgə ömür sürürmüş – hamımız kimi…
***
Mən müharibədə olmamışam, yaralanmamışam, amma canımda Ölüm qəlpələri gəzdirirəm. Əzizlərimin, doğmalarımın, dostlarımın Ölüm xəbərlərinin dalğası başıma vurub, qəlpəsi canıma hopub.
Zakirin ölümü canımın dözə biləcəyi ən son qəlpə oldu… Daha dözüm qalmadı.
Əvvəl hər gün ölümə bir addım atırdım, indi… İndi hər addımım, hər saniyəm, hər anım ölümədir.
Oturub ölümümü gözləmirəm, ölümə doğru yürüyürəm – həm də «gündüz-gecə».
Gecə yarı qoluma girib məni tənhalıqdan qurtarmağa çalışan Ölümün səsini Xəzərin qap-qara ləpələri pıçıldayır qulağıma: «Yanındayam…»
Yorulmuşam artıq; bu qəlpələrlə yaşamaqdan bezmişəm; dost-doğma ölümlərə dözməkdən, gecə-gündüz ürəyimi damla-damla oxuyan gözlərimi dost-düşməndən gizləməkdən usanmışam…
Zakirdən sonra taqətim qalmadı artıq. Daha doğmaların ölümünə dözən deyiləm…
Özümü qurban dedim - dostlarımın başı sağ olsun…

news.lent.az

Комментариев нет:

Отправить комментарий