10.02.2013

Broylerlərin menyusu: kofein, antibiotik, antidepressant, stress dərmanı

Hövsan qəsəbəsindəki broyler istehsal sexində istehlakçılarda “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə, toyuq ətinə kimyəvi maddə vurulması faktı bir müddətdir hamının dilində dolaşır. Xüsusilə, həmin maddənin cücə-broyler istehsalında istifadəsinə icazə verilməyən, insan orqanizmi üçün təhlükəli hesab edilən “tartarazin” boyaq maddəsi olması broyler təsərrüfatlarının keyfiyyətli məhsul istehsal etmələrinə şübhələri artırıb. Çünki bu, broyler şirkətləri ilə bağlı aşkarlanan ilk fakt deyil. Quşların tez inkişaf etməsi üçün broyler təsərrüfatlarında hormonal preparatlardan istifadə edilməsi məsələsi dəfələrlə gündəmə gəlib. 
Broyler istehsalı ilə bağlı araşdırmamızı sizə təqdim edirik.

Zəhəri əvəz edən maddə 

Broyler təsərrüfatlarında yüksək məhsuldarlığın əldə edilməsi quşların qidalanmasından birbaşa asılıdır. Azərbaycana quş yemi əsasən, xaricdən idxal olunduğundan, eləcə də məhsulun maya dəyərinin 65 faizini yem və yem əlavələri təşkil etdiyindən, broyler təsərrüfatları az xərc çəkməklə məhsuldarlığa nail olmaq istəyirlər.
Vasitə kimi isə, genetik modifikasiya olunmuş məhsullara, kimyəvi maddələrə üz tuturlar. Ölkə qanunvericiliyi heyvan yemləri üçün genetik modifikasiya olunmuş məhsulların, yəni yemlərin gətirilməsini qadağan etmədiyindən fabriklər bundan geninə-boluna yararlanır. Qidaları isə  əsasən Ukrayna, Rusiya, Qazaxıstan, Baltikyanı  ölkələrdən gətirirlər. Bir sıra hallarda, yem kimi quş peyinlərindən də istifadə edirlər. Quş peyini  kimyəvi olaraq neytrallaşdırılır, gübrə şəklində  toyuqlara verilir. Nəticədə təbii yolla toyuğun böyüməsinə 12-16 həftə vaxt tələb edildiyi halda, broyler təsərrüfatlarında toyuqlar 5 həftədə 1 kilodan çox çəkiyə sahib olur. Süni yolla böyüdülən toyuq ətinin keyfiyyəti tez itirildiyindən, sahənin işbazları bunun da  çarəsini tapıblar. Belə ki, yemlərə yüksək dozada  dioksin qatırlar. Həmin maddəni qəbul edən toyuğun əti uzun müddət xarab olmadan qalır. Dioksin insan orqanizmi üçün olduqca zərərli kimyəvi maddədir. Göründüyü kimi,  broyler istehsalı sektorunda “tartarazin”lə yanaşı dioksindən də istifadə olunur.

Toyuqlardan gələn üfunət qoxusu 

Monitorinqlərimiz göstərir ki, hazırda bazarda  “Siyəzən broyler”, "Dəvəçi broyler", “Hövsan”, “Zirə” broyler fabriklərinin məhsullarının satışı üstünlük təşkil edir. Supermarketlərin dondurucularının yarıdan çox hissəsini tutan bu broylerlərin 1 kiloqramının qiyməti 3,2 - 4 manat arasında dəyişir. Amma  həmin  qiymətə broyler alan istehlakçı, keyfiyyətli quş əti ilə qidalana bilmir. Ən adi misal: broylerlərin qoxusu onların “sirr”ini  açır. Azərbaycan broyler toyuqları dünyada ən az rast gəlinən broylerdəndir ki, qoxusundan yaxınlaşmaq mümkün deyil. Digər ölkələrin broyler toyuqlarında belə qoxu yoxdur. Məsələn, Türkiyədən idxal edilən broylerlərin əti bərk olmaqla yanaşı, həm də qoxusuzdur. 

Hər broyler şirkətinin gizli yem resepti var

Qeyd etdiyimiz kimi, broylerlərin xəstəlik mənbəyi olmasının səbəbi  onların qidalandırılması texnologiyasıdır. Dövlət Baytarlıq Xidmətinin xüsusi təhlükəli xəstəliklər üzrə epidomoloji nəzarət,  müalicə və profilaktika sektorunun müdiri Kliment Əsədovun sözlərinə görə, broyler təsərrüfatlarında toyuqların yemlənməsi xüsusi resept əsasında aparılır. Bu reseptlər  şirkətin özündə saxlanılır:  “Adətən toyuqlar iki formada yetişdirilir. Bunlar Avropa və Türkiyə üsullarıdır”. 
Toyuqlara vurulan antibiotiklərə gəlincə isə, K.Əsədov bildirir ki, antibiotikdən yalnız lazım olduqda istifadə edilir: “Broyler təsərrüfatları antibiotikdən çox istifadə etməkdən qaçırlar. Çünki, onsuz da toyuqlar qapalı və kiçik həcmli yerdə saxlanılır”. 
Məlum olur ki,  toyuqların saxlanma şəraiti, onlara baxılmanın qaydaları ilə bağlı hər müəssisənin öz daxili əsasnaməsi var: “ Ümumilikdə isə bütün müəssisələr üçün sanitar qaydalar müəyyən edilib. Onların hər birinin buna riayət etməsi vacibdir. Məsələn, həmin müəssisələrə hər adam daxil ola bilməz. Müəssisənin bəzi yerləri var ki, ora daxil olarkən əllər və üz yuyulmalıdır”. 

Yemin tərkibində 40-a yaxın vitamin olmalıdır

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov quşçuluğun inkişafı üçün yem bazasının yaradılmasının vacib olduğunu diqqətə çatdırır: 
“Broyler təsərrüfatlarında xüsusi yemələrdən istifadə edilməlidir. Hansı ki, həmin yemin tərkibində 40-a yaxın vitamin olmalıdır. Vitaminlər müxtəlif ölkələrdən gətirilərək, burada emal olunduğundan baha başa gəlir.Sahibkarlara həmin vitaminləri almaq sərfəli görünmür”. 
V.Məhərrəmov deyir ki, Azərbaycanda standartlara cavab verən taxıl məhsulları istehsal olunmadığından, quşçuluq təsərrüfatlarında ondan yem kimi  istifadə edilmir.

Respublika “Quşçuluq Cəmiyyəti”nin biznes maraqları  

Bütün fəaliyyətini broyler təsərrüfatlarının “hüquqlarının müdafiəsinə” həsr edən Respublika “Quşçuluq Cəmiyyəti” bir dəfə də olsun, istehlakçıların keyfiyyətsiz quş əti ilə təmin olunması məsələsini gündəmə gətirməyib. Cəmiyyətin rəhbəri, “Mərdəkan Broyler” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri  Aydın Vəliyevin çıxışları ancaq dövlətdən yardımların  alınmasına, quruma daxil olan broyler təsərrüfatlarının məhsullarının satışına istiqamətlənib. Bu məqsədlə hətta o, xaricdən gətirilən quş əti və yumurtanın həcminin məhdudlaşdırılmasına da çalışır. Hansı ki, idxal məhsulları yerli broyler toyuqlarından daha keyfiyyətli və ucuz qiymətə satılır. 

Quş ətinin idxalı artıb 

Rəsmi statistikaya əsasən, respublikada 43 quşçuluq təsərrüfatı var. Bu təsərrüfatların ümumi istehsal gücü 65,2 min ton quş əti və 324,3 milyon yumurta təşkil edir. Son illər dövlətin güzəştli krediti hesabına tikilmiş və hazırda tikilən 30 quşçuluq təsərrüfatına 55 milyon manat vəsait ayrılıb. Bunlardan 10-u istifadəyə verilib, digər 20-nin cari ildə açılması planlaşdırılır. Aparılan araşdırmalara əsasən, respublikada əlavə olaraq, sənaye üsulu ilə 11,2 min ton quş əti istehsal edəcək təsərrüfatların yaradılması təklif olunur. 
Yeri gəlmişkən, 2011-ci ildə 83, 880 ton broyler istehsal olunub. Yerli istehsal şirkətlərinin sayının artırılması ilə bərabər, Azərbaycana xaricdən – Türkiyə, Ukrayna və  İrandan   broyler idxal edilir. Toyuq yumurtası və toyuq əti Türkiyədən, quşçuluq müəssisələrində yetişdirmək üçün cins toyuqlar isə İrandan gətirilir. Xarici ticarətin  strukturuna nəzər yetirdikdə bəlli olur ki, istehsalın artması ilə bağlı idxalın da həcmi çoxalıb. 2011-ci ildə ölkəyə 15 090,4 ton quş əti idxal olunub. İdxalın dəyəri 11217,0 min ABŞ dolları təşkil edib. 
Həcmi isə 2010-cu illə müqayisədə artıb. Belə ki, 2010-cu ildə quş ətinin idxalı  13 500,5 ton olub. 2012-ci ilin yanvar-iyun aylarında ölkəyə 2272415 baş birgünlük cücə, 11619 isə ton quş əti gətirilib.

Xaricdən yumurta ixracı çoxalıb 

Diqqətçəkən məqamlardan biri də yumurtanın idxal həcmidir. Bir müddət əvvəl, yerli broyler istehsalçılarının damazlıq yumurta ixrac edəcəkləri açıqlanıb. Statistik rəqəmlər isə vəziyyətin əksini göstərir. Misal üçün, cari ilin 6 ayında ölkəyə 160 33190 ədəd damazlıq yumurta, 10 ton quru yumurta tozu və zülalı idxal olunub. 2011-ci ildə ölkəyə  291 919,6 ədəd quş yumurtası gətirilib. Quş yumurtasının idxalı əvvəlki illərlə müqayisədə kəskin artıb. Əgər ölkəyə 2010-cu ildə 6 256,1 min dollarlıq yumurta gətirilibsə, 2011-ci ildə idxalın dəyəri 23  642,9 min dollara çatıb. 
Azərbaycanın bu sektorda hələ də idxalçı ölkə olduğu halda, yumurta ixracına başlaması qeyri-real görünür. 

Leyla                        publika.az 

Комментариев нет:

Отправить комментарий