09.02.2013

"Qadınlarımız qızıllarını satsalar, böyük holdinq qura bilərlər"

Müsahibimiz İranın Azərbaycandakı keçmiş səfiri, ərdəbilli Əfşar Süleymanidir

Marağa, Ərdəbil...

Əslən Ərdəbildənik. Marağada doğulmuşam. Marağa Şərqi Azərbaycan vilayətinin şəhərlərindən biridir. Atam hərbçi olduğuna görə işi ilə əlaqədar tez-tez şəhərlər dəyişmişik. Bu dəfə Ərdəbildən Səraba köçmüşük. Sərab ilə Ərdəbilin arasında 30 dəqiqəlik yol var. Ali təhsil almaq üçün Tehrana gəlmişəm. Oxuduğum universitetin adı İnqilaba qədər Tehran Milli Universiteti idi. İnqilabdan sonra isə adı dəyişdirilərək “Şəhid Behişti” Universiteti oldu. Tehran Milli Universitetinin Siyasi elmlər fakültəsininin bakalavrından məzun olduqdan sonra  bir müddət müxtəlif humanitar fənlərdən dərs demişəm. 

Əsgəri xidmətdən sonra Tehran Universitetinin Hüquq və Siyasət fakültəsinin magistr pilləsindən məzun olub İran Xarici İşlər Nazirliyində işləməyə başladım. MDB ölkələri ilə iş üzrə idarədə İran-Azərbaycan münasibətləri şöbəsində çalışmışam. Azərbaycan-İran münasibətləri başlayan ilk gündən həmin idarədə işləmişəm. Azərbaycanla bağlı xatirələrimdə həmin dövrlərdən, Heydər Əliyev Naxçıvanda olduğu vaxt görüşlərimizdən yazmışam. Sonra İranın Azərbaycandakı səfirinin müavini, İranın Ukraynadakı səfiri, daha sonra İranın Azərbaycandakı səfiri vəzifəsinə daxil olmuşam.

Arazın bu tərəfinə doğru

İran-Azərbaycan əlaqələri ilə bağlı işə təyin olunduqdan sonra gördüm ki, hər iki tərəfin insanları həsrətdən, o biri tərəfə keçə bilməməkdən şikayətlənir. Bu o zamanlar idi ki, hələ sərhədlər açılmamışdı. Ürəyimiz həmişə bu tərəfdə olub. Şimali Azərbaycanda yaşayan böyük sənətkarlara: Rəşid Behbudova, Bülbülə, Teymur Mustafayevə qulaq asmışıq. Bura ilə bağlı ən xırda xəbəri dinləmək üçün radionun yanını kəsdirərdik. Elə az yaşlarımdan Azərbaycanla bağlı müxtəlif tədqiqatlar aparırdım. Azərbaycanın tarixini çox yaxşı öyrəndim. 

Cənubun ləhcəsi, məişəti...

Marağa, Ərdəbil, Təbriz arasında məişət, adət-ənənələrdə elə ciddi fərq yoxdur. Necə ki, Bakının ləhcəsi ilə Qubanın və ya digər regionların danışıq tərzi fərqlənir, Cənubda da elədir. Elə ciddi fərq yoxdur. Toy, yas, Novruz bayramı, qonaq qarşılama demək olar ki, hamısı eynidir. Azacıq mətbəxtdə fərqlilik hiss olunur. Məsələn, Təbrizin küftəsi heç yerdə hazırlanan küftəyə bənzəmir. Çox böyük olur. Ərdəbildə isə kiçik ölçüdə tutulur. Plovlarının bişirilmə qaydasında fərqliliklər var. 
Təbriz tarix və ərazi vahidi olaraq böyükdür. Təbrizin hər qarışı insana yeni bir tarixi sirr aşkarlayacağını vəd edir. Məhəllə, küçə adlarının çoxu da tarixi şəxsiyyətlərlə bağlıdır. Səttar xanın, Məhəmməd Hüseyn Şəhriyarın adına məhəllələr var. Təbriz Səfəvi- Şah İsmayıl Xətai şəhəridir. Təbrizdə Şah İsmayıl Xətainin məqbərəsi var. İraq-İran müharibəsi zamanı Təbriz həddən ziyadə şəhid verdi. Küçələrin, məhəllələrin, prospektlərin çoxu elə şəhidlərin adınadır. 

Adətlər, ənənələr, Novruz...

“Novruz” fars kəlməsidir, “yeni gün” deməkdir. Qədim bir tarixə malikdir. İranda da qeyd olunur. Burdakı Novruz bayramı ilə İrandakının əsas fərqi ondadır ki, orda Novruz dəqiq tarixlə qeyd edilir. Yer kürəsinin öz oxu ətrafında fırlanması 365 gün 6 saat çəkir. İranda hər 4 ildən bir sonuncu ay 30 gün olur. Burda həmin 6 saata elə də diqqət edən yoxdur. Geofizika təşkilatı Novruzun girəcəyi dəqiqəni, saniyəni əvvəlcədən dəqiq deyir. Həmin saniyədə top atılır. Elan olunur ki, il təzələndi. 
Novruz bayramının süfrəsində 7 sin hərfi ilə başlayan ərzaq qoyulur. Buna da “həft sin” deyilir. Stola qabın içində balıq qoyulur. Hətta deyirlər ki, il təhvil olanda balıq suyun içində tullanır. Ərdəbilə buna zarafatla şeir də qoşublar ki, “il təhvil oldu, balıq atdandı”. Bizdə bayramın ən vacib günü il axır çərşənbəsidir. Yumurta boyamaq mən uşaq olanda çox vacib idi. Ancaq indi elə də yumurta boyayan çox deyil. O vaxt boyaq maddələri yox idi. Nənələr evdəki hər uşağın adına bir yumurtanı soğan qabığına büküb aşın ağzına qoyurdular. Həmin yumurtalar aşın buxarına soğan qabığının verdiyi rənglə qırmızıya boyanırdı. Tonqal qalayıb üstündən atlanmaq vacibdir. 
Bayramın 13-cü günü rəsmi tətil elan olunur. Həmin günə farsca “sizdeh pedar” deyirlər. İnqilabdan sonra həmin günün adı rəsmi olaraq dəyişdirilib “təbiət günü” qeyd olundu. Lakin xalq arasında adı dəyişmədi. Həmin günü insanlar yeyib-içmək və əvvəlcədən qoyduqları səmənini özləri ilə təbiət qoynuna çıxarırlar. O səmənini düyünləyib arzu tutub suya atırlar. İnternet, e- maillə məktub olmayana qədər İranda təbrik məktubu göndərmək çox vacib hesab edilirdi. Böyüklərin, dostların evinə gedib təbrik eləmək vacib hesab edilir.

İnqilabdan sonrakı və əvvəlki azərbaycanlılar

Azərbaycanlıların adət-ənənələri şah zamanı necə idisə, indi də elə qalıb. Ümumiyyətlə, inqilabdan sonra bayramlarda və adətlərdə dəyişikliklər yalnız şah rejiminin özünün formalaşdırdığı bayramlarda oldu. Məsələn,  “mehrican” adlı bayram var idi ki, şah devriləndən sonra ləğv edildi. 
Evliliklərdə dəyişikliklər çoxdur: dövr dəyişib. Əvvəllər qızı valideynlər tapırdısa, indi oğlanlar evlənəcəyi qızı özü seçir. Elçilik, nişan, toy qaydaları isə mütləq olaraq yerinə yetirilir. Hər iki tərəfin razılığı vacib hesab edilir. Valideynlərin elçi getmədiyi qızı oğlana vermirlər. Bu adətlər ən çox azərbaycanlılarda qalıb. Ritualların yerinə yetirilməsi farslarda elə də gözə çarpmır. Azərbaycanlılar bu adətlərə daha sadiq və mühafizəkardırlar.
Toy adətləri də dəyişib. Nişanla toyun arası xeyli müddət çəkirdi. Həmin vaxtda oğlan evinin qadınları qızın pal-paltarını, qır-qızılını almalıdır. İndi isə bu müddətə elə də çox diqqət yetirmirlər. Kəbin vacibdir. Kəbində sənəddə qeyd olunan şeylər kişi tərəfindən mütləq ödənməlidir. Bu, borc kimidir. Veriləcək qızılda limit yoxdur. Qız deyə bilər ki, mən 1960-cı ildə doğulmuşam. Hər ilə bir sikkə qızıl verməlisən. Oğlan da əgər evlənmək istəyirsə, həmin qızılı ödəməlidir. Ola bilər ki, oğlanın imkanı olmur, qızılı verə bilmir. Qızla oğlanın arasında sənəd imzalanır ki, bu qızılı əvvəl-axır ödəməlidir. Nə vaxtsa yola getməsələr, boşansalar və  oğlan qızılı ödəməsə, həbsə girə bilər. Bir müddətdir ki, İranda boşanma halları artıb. Boşanma zamanı kişinin qadının kəbini üçün verməli olduğu qızılları ödəyə bilməyəndə həbsə düşməsi artıq İran parlamentini də narahat etməyə başlayıb.

"Qadınlar qızıllarını satsalar, böyük bir holdinq qura bilərlər"

Qadınlar qızıla çox meyllidir. Təəssüf ki, qızıldan istifadə də etmirlər. Qadınlar qızıllarını satsalar, yığışıb böyük bir holdinq qura bilərlər. Bu da böyük bir iş yeri deməkdir. Böyük savab olardı. Çünki, həmin qızıllar evlərdə heç bir işə yaramır. Qızıl, paltar ayda-ildə bir dəfə toya gedəndə geyinmək üçün alınır. Burdan baxanda elə görünür ki, orda qadınlar pal-paltara pul xərcləmir. Çünki həmişə eyni çarşabdadırlar. Əksinə, qadınlar orda həddən artıq çox pul israf edirlər. Avropa və  Amerikada qadınlar israfçı deyil. Xüsusi bər-bəzək eləmirlər.  Amma Təbrizdə də, Ərdəbildə də qızıl bazarına gedəndə adama elə gəlir ki, mitinqdir. Qadınların əlindən tərpənmək olmur.

Çoxarvadlılıq yoxdur

Çoxarvadlılıq İranın yox, İslamın adət-ənənəsidir. Bunun da ağır şərtləri var. İki arvad arasında həm maddi, həm mənəvi baxımdan həddən artıq ədalətli olmaq tələb olunur. Bu da ki qeyri-mümkündür. İkinci arvadı almaq üçün birincinin icazəsi vacibdir. Bəzən elə olur ki, qadın dünyaya uşaq gətirə bilmir. Həm də boşanmaq istəmir. Öz razılığını verir ki, kişi evlənsin. Problemsiz bir evdə yaşayırlar. Elə qadınlar da var ki, ərinin ikinci arvad almağını özü istəyir. Bu adətən çox dindar qadınlarda olur. Özləri ərlərinə təklif edirlər ki, sahibsiz, əri ölmüş qadınla evlənib ona sahib çıxsınlar. İstənilən halda bizim qadınlarla evlənməyin şərtləri maddi baxımdan ağırdır. Kişilər bir arvadın tələblərini güclə yerinə yetirirlər. Maddi vəziyyət ikinci arvada imkan vermir. 

"Balansı saxlamaq üçün bəzi fakültələrə qızların qəbulunu dayandırdılar" 

Universitetdəki tələbələrin 64%-i qızlardır. Balansı saxlamaq üçün bəzi fakültələrə qızların qəbulunu dayandırdılar. Qızlar buna ciddi etirazlarını bildirdilər. Bunu ədalətli hesab etmədilər. İkinci, hətta üçüncü təhsili alan qızlar da çoxdur. Qadın hüquqları ilə bağlı çox böyük miflər yaranıb. Guya orda qadınlar başlarına çarşab atıb evdən çölə çıxmırlar. Qadınlar Bakıda bir neçə ildir ki, maşın idarə etməyə başlayıblar. Orda isə 90-cı illərin əvvəllərindən qadınların çoxunda maşın var. Nizami Süleymanov bir dəfə bizə qonaq gəlmişdi. Qadınları dövlət qurumlarında vəzifədə, universitetlərdə, məktəb direktoru, universitet rektoru kimi, sükan arxasında görəndə dedi ki, bizə Bakıda səhv məlumat veriblər. Zarafatla dedi ki, burdakı kişiləri qadınların əlindən xilas etmək lazımdır. 

Bazarlar

Ərdəbilin 4 qədim üstüörtülü bazarı var. Təbriz bazarı isə bütün dünyada məşhurdur. Təbriz bazarında istədiyin nəyisə tapmamaq mümkün deyil. Hər şey var. Təbriz bazarı bazar mahiyyətindən başqa geniş folklorun yarandığı yerdir. Təkcə Təbrizdə yox, elə Tehranda da iqtisadiyyat azərbaycanlıların əlindədir. Tehran əhalisinin 40%-i azərbaycanlılardır. 

Edam səhnələri

Edam səhnələrinə heç vaxt baxmamışam. Heç şəkillərinə də baxa bilmirəm. Elə insanlar olur ki, bir neçə adamı işgəncə ilə qətlə yetirir. Çox böyük cinayət edir. Bütün camaatın nifrətini qazanır. İnsanlar da ürəklərini soyutmaq üçün həmin edam səhnəsinə baxmağa toplaşır. Cinayət törətmiş, kimisə qətlə yetirmiş adamın taleyinə ancaq qətlə yetirilənin ailə üzvləri qərar verir. Buna nə dövlət, nə də ki ictimaiyyət qarışa bilməz. Cinayət hadisəsindən sonra hökm üçün müəyyən vaxt gözlənilir. Bu da ona görə edilir ki, zərərçəkmişin hirsi, kini az da olsa soyusun. Və ya cinayətkar tərəfin ailəsi pul təklif edir. Hər iki tərəf öləni geriyə qaytara bilməyəcəyini anlayaraq razılığa gəlirlər. Elə də olur ki, İslam qaydasına görə dişə diş, qana qan heyif çıxılır. Edamlar adətən belə baş tutur. İnsan nə qədər cinayətkar olursa olsun, onun edamına baxmaq mümkün deyil. 

Barmaqkəsən aparatla işgəncə Şiraz şəhərində baş tutub. Mətbuat bunu şişirdib. Bu, kütləvi deyil. Mal yiyəsi bağışlayarsa, oğrunu buraxırlar. Biz uşaq olanda oğurluq az idi. 

"Təbrizdəki ermənilərin çoxu köçüb getdi"

Bütün İranda 400 minə yaxın erməni var. Təbrizdəki ermənilərin çoxu köçüb getdi. Ümumi baxanda İranın erməni vətəndaşları ilə xüsusi problemi olmayıb. Şah rejimi vaxtında ermənilər yüksək vəzifələrə də gələ bilirdilər. Hətta orduda general da ola bilirdilər. İndi isə dövlət işlərinə, hərbi və polis sistemindən işləyə bilməzlər. Onlar ən yaxşı halda ermənidilli məktəblərdə müəllim ola bilərlər. Ermənilər Təbriz və Tehranda daha çox mexanika sahəsində, ağır sənaye mühərriklərinin hazırlanmasında, bazarlarda, tikinti sahəsində çalışırlar.
Ermənilərin məktəblərində təhsil İran təhsil sisteminə uyğun, lakin ermənicə keçirilir. İran Təhsil Nazirliyi ermənilərin dini kitablarını farsca dərc etdirib erməni məktəblərinə tədris üçün vermişdi. Ermənilər buna qarşı çıxsalar da, kitabı tədris vəsaitindən  çıxara bilmədilər. Onlar deyirdi ki, bizim ermənicə dini kitabımız var, bundan öyrənəcəyik. Onların etirazları havada qaldı. İran parlamentində erməni millət vəkili və bir neçə ermənidilli qəzet də var. 

Azərbaycan dili...

İranın hər yerində təhsil farscadır. Lakin azərbaycanlılar hər yerdə, eləcə də məktəbdə istədikləri kimi azərbaycanca danışa bilirlər. Guya deyirlər ki, məktəblərdə azərbaycanca danışanları cərimələyirlər. Bu, ağ yalandır. Hər yerdə istədiyimiz kimi azərbaycanca danışırıq. Heç kim günlük həyatında farsca danışmır. Hətta dost məclisində 2 dost azərbaycanlı, biri fars olursa, o da azərbaycanca danışır. Mən özüm Xarici İşlər Nazirliyində işləyəndə rəsmi məktublardan, rəsmi işlərdən başqa bütün azərbaycanlılar Azərbaycan dilində danışır.

“Səhər” televiziyası

“Səhər” televiziyasına heç kim baxmır. Həmin kanala baxmaq üçün mütləq evdə peyk antenası qoyulmalıdır. Kiminsə işi, ixtisası siyasət və ya xəbərdirsə, bütün kanalları izləməlidirsə, “Səhər”ə həmin insan baxır. Kimin baxıb baxmamasından asılı olmayaraq, kanalın hansı məqsədi olmasından asılı olmayaraq şüurlu insan baxdığı telekanaldan özü nəticə çıxarır, düşüncələrini necə formalaşdırmağına özü qərar verir. Kanalın çox məqsədi ola bilər. Dünyanın hər yerində belədir ki, istənilən KİV öz təsir gücünü göstərmək, ideyalarını yaymaq istəyir. Mənim özüm “Səhər” telekanalına baxmaq ehtiyacı hiss etməmişəm.

İrandan işgəncə adı ilə qaçanlar haqda

Bütün Azərbaycan mətbuatı işlədiyim dövrdə mənim necə şəffaf və qərəzsiz danışdığımı yaxşı bilir. Təbrizdən, Ərdəbildən qaçıb Bakıya gələn insanların hamısı istədikləri vaxt toplaşsın və işgəncə iddialarını müzakirə edək. Bura qaçıb gələnlərin hansınınsa işgəncə görmədiyi ortaya çıxacaq. Bura gəlib orda “Azərbaycan dilində təhsilin olması üçün tələblər qoydum deyə mənə işgəncələr verdilər” deyən insanlar indi nə işlə məşğuldur? Guya hansısa ideya uğrunda bu tərəfə keçdiyini deyənlər gəlib Bakıda nə iş görürlər? İran Konstitusiyasının 15-ci maddəsində qeyd edilir ki, İranda yaşayan hər bir xalq öz dilində təhsil ala bilər. Dövlətin məcburiyyəti haqda heç nə qeyd edilməyib. Təbriz, Marağa və Ərdəbildə Azərbaycan dilini tədris edən çoxlu kurslar, məktəblər var. İran İslam ölkəsidir. İslam ölkəsinin də öz qanunları var. Dini rituallara riayət etməmək vətəndaş iş üçün müraciət edəndə ona mane olur. Hər ölkənin öz qanunları var. Bakıda da insanlar iş üçün müraciət edəndə onların hansı partiyanın üzvü olması nəzərə alınır. İranda kürdcə, azərbaycanca istədiyiniz qədər qəzet və jurnal tapa bilərsiniz. Hətta gilək adlı millət var, farsdan törəmədir. Onların da ayrıca qəzetləri var. 

“Azərbaycan bir olsun, Təbriz paytaxt olsun”

Siyasi prizmadan baxanda bu şüar ədalətsizlikdir. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. İnsanlar qırılıb. Xocalıda aeroportun açılmasına Bakıda görün, haqlı olaraq necə kəskin reaksiya verirlər. Bütün ölkələr öz ərazi bütövlüyünü tələb edir. İran da öz ərazi bütövlüyünün təhlükə altına girməyinə yaxşı reaksiya verməz. Azərbaycanın hazırda Qarabağ boyda dərdi var. Türkiyədə də kürdlər istədikləri kimi yaşayırlar. Təbrizi ərazi vahidi olaraq tələb edənlər deyir ki, “Türkmənçay” müqaviləsinə görə Azərbaycan iki yerə bölünüb. Halbuki həmin müqavilədə Azərbaycan, azərbaycanlı, İran adı çəkilməyib. Müqavilə Qacarların hakimiyyyəti altında olan Persiya və Çar Rusiyası arasında bağlanıb. Azərbaycanlılar İranda yaşayan çoxsaylı millətlərdən biridir. Sadəcə olaraq sayları çoxdur. 
 “Türkmənçay” müqaviləsindən əvvəl də, sonra da azərbaycanlılar Persiya dövlətinin tərkibində yaşayıb. Biri var, sənədlə danışmaq, biri də var arzu və istəkləri demək. Xalq eynidir, birdir. Biz deyə bilərik ki, orda bizim millət yaşayır, lakin ərazi vahidi kimi iddia qaldırmağa dünya qanunları haqq tanımır. Millət yox, torpaqlar ayrılıb. Azərbaycan da,İran da BMT üzvüdür. BMT qanunları başqa dövlətin ərazisinə iddia qaldırmağa icazə vermir. 

"Əbülfəz Elçibəy gözəl insan idi"

Təbriz mövzusunda Əbülfəz Elçibəylə də mübahisələrimiz olurdu. O, tarixi gözəl bilirdi. Gözəl insan idi, təmiz adam idi. Lakin müasir dünyanın siyasi qanunlarını qəbul etmək istəmirdi. Siyasət adamı deyildi. Hakimiyyəti ələ alan kimi dedi ki, İran da, Rusiya Azərbaycanın düşmənidir, Azərbaycan bayrağını aparıb Təbrizdə sancacağam. Bu ola bilər ki, onun arzusu idi. Elə bu siyasətlə də uduzdu. Elçibəyin bu siyasətinin nəticəsində də Rusiya ermənilərə hərbi və siyasi dəstəyi ikiqat gücləndirdi. 

Qarabağ müharibəsi və İran azərbaycanlıları

Təkcə azərbaycanlılar yox, bütün İran xalqı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını çox istəyir. Müsəlman ölkəsi olaraq həmişə Azərbaycanın yanında olub. Naxçıvan blokadada qalanda İran təbii qazla Naxçıvanı təmin etməsəydi, vəziyyətə ağır olardı. İrandan o zaman Naxçıvana daş kömür, təbii qaz, 40 kvt elektrik enerjisi gəldi. Mərhum Heydər Əliyev hələ Naxçıvanda olanda onun yanına getmişdim. Səhərə qədər evin içində donmamaq üçün yatmadıq. Qonaq evini heç cür isitmək mümkün deyildi. Vəziyyət çox kritik idi. Azərbaycanın son işğal edilmiş rayonu Zəngilan əhalisinin böyük bir hissəsinin sağ qalmasına səbəb də elə İran olub. Əhalinin rayondan çıxması üçün yeganə yol Araz çayı idi. Arazın suyunun azaldılması üçün mənim çox böyük səylərim olub. Naxçıvanda, Sədərək dağının ətəyini ermənilərin necə atəşə tutması gözümün qabağında olub. Qarabağda yaralanan əsgərlərin İran xəstəxanalarına köçürülməsini təmin etmişik. 100 min qaçqın ailənin çadırla təmin edilməsinə köməklik göstərilib. Siyasi mövqedə də İran həmişə Azərbaycanın yanında olub.
İran heç vaxt Ermənistana maddi və humanitar yardım etməyib. İranla Ermənistan arasında yalnız ticari əlaqələr var. İran Ermənistana qaz satır. Qarşılığında isə barter üsulu ilə elektrik enerjisi alır. Humanitar yardım həmişə Azərbaycana olub. Guya deyilir ki, Türkiyə ilə Ermənistanın sərhədləri bağlıdır və heç bir ticarət əlaqələri yoxdur. Türkiyənin Ermənistanla Gürcüstan vasitəsi ilə 200 milyonluq ticarət əlaqəsi var. Türkiyədən Ermənistana gedən, üstündə ermənicə yazılmış mal karvanlarını gözümlə görmüşəm. İran isə Ermənistanla alqı-satqı münasibətini gizlətmir. Ermənistanın İrandan heç bir maddi asılılığı olmadığına görə təzyiq imkanı yoxdur. 

İran-Azərbaycan əlaqələri

Təəssüf ki, nə İranın Azərbaycanda, nə də Azərbaycanın İranda yatırımları yoxdur. 
Ona da təəssüf edirəm ki, Azərbaycanla İran arasında bir-birinə əbədi-əzəli etimadsızlıq var. Səfir olduğum zaman İranla Azərbaycanın ən çox əməkdaşlıq müqavilələr bağladığı dövrdür. İki dövlət arasında yalnız milli və tarixi baxımdan müştərəklik var. Beynəlxalq siyasətdə isə ayrı mövqelərdədirlər. Azərbaycanla İranın Cənubi Azərbaycan adlı mübahisəsi olmasaydı, münasibətlər daha yaxşı olardı. SSRİ şahlıq dövründə dağılsaydı, bu problemlər də olmazdı. Azərbaycan-İsrail münasibətləri, Azərbaycan-Amerika münasibətləri müştərək tarix yazan iki dövləti bir-birindən ayırır və etimadsızlıq yaradır. Eləcə də İranın Qərblə münasibətləri də Azərbaycana ziddir. 

DAK məsələsi

DAK, Təbriz davaları da iki dövlət arasında münasibətlərə təsir göstərir. Dinə münasibətdə fərqli yanaşma da iki xalqa pis təsir göstərir. Hicablı təhsillə bağlı İran Azərbaycana reaksiya verəndə Azərbaycan İranı daxili siyasətə qarışmaqda suçlayır. Dediyim kimi, kaş ki, iki dövlət arasında bu cür köklü, tarixi əlaqələr yerinə, müasir dünyanın tələblərinə uyğun əlaqələr olaydı. Bu, hər iki dövlətin xeyrinə olardı.

P.S İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ilə müsahibə sual-cavab şəklində baş tutub. Müsahibə təhkiyə formasında yazılıb. Bütün fikirlər müsahibədə verilən suallara müsahibin cavabları əsasında yazılıb.

Günay                  publika.az

Комментариев нет:

Отправить комментарий