08.02.2013

ŞAİRLƏR ÜZÜYÜNÜN QAŞI

Emin Piri

Şair var ki, həm Xalq şairi, həm də xalqın şairidir. Şair var ki Xalq şairidir, amma xalqın şairi deyil. Şair də var ki, xalqın şairidir, amma Xalq şairi deyil. Zəlimxan Yaqub birincilərdəndir.
O, fenomendir – ürəyi, səsi, ağlı, bilgisi, yaddaşı, insanlığı, bir sözlə, istedadıyla. Allah və insan, elita və xalq, yuxarı və aşağı, keçmiş və bu gün onun ürəyində birləşir. Zəlimxan Yaqub, sadəcə, peyğəmbərlər üzüyünün qaşı haqqında “Peyğəmbər” poemasının müəllifi deyil. O özü də şairlər üzüyünün qaşıdır:


Bəlli toxum, bəlli sünbül, bəlli dən,
Haqq özüdür müşkülləri həll edən,
Yük götürüb, maya tutub əllidən,
Altmışıma Peyğəmbərlə gəlmişəm.

Şair var ki, həm istedadı, həm də insanlığı olur, şair var ki, istedadı olur, insanlığı olmur, şair var ki, insanlığı olur, istedadı kasad olur. Zəlimxan Yaqub birincilərdəndir.
İstedadın böyüklüyü onun mənsub olduğu xalqın bədii-tarixi yaddaşını, bu gününü, sözünü, səsini, arzu və istəklərini, sevgi və … yenə sevgisini nə dərəcədə ehtiva etməsindədir. Bütün emosionallığı ilə yanaşı, nifrət, kin Zəlimxan Yaqub təxəllüyünə yaddır. Böyük istedadlar tarixin ən kəskin anında zühur edir, onun ruhunun ifadəçisi kimi meydana çıxır. Zəlimxan Yaqubun bəzən vulkan kimi püskürən, bəzən həzin bulaq kimi axan poeziyası xalqın bağrından qopub. Hamının “mən”, “mən” dediyi, öz fərdi ağrısını, şəxsi dərdini söz konusu elədiyi, fərdiyyətçiliyin bədii dəbə çevrildiyi 90-cı illərdə Zəlimxan özündən yox, xalqdan, vətəndən yazdı, “biz” dedi:

Biz bir eşqin butasıyıq,
Gülü gülə tutasıyıq.
Bir çəməndə bitəsiyik,
Sən bitməsən, mən bitmərəm.

Ona görə ki, o rembolardan, lorkalardan, rilkelərdən, bloklardan, svetayevalardan, bodlerdən, verlenlərdən yox, “Biz ki, məndən üstün oldu, bil odur, həyat suyu çeşməsinin rəvanı” deyən Nəsimidən dərs almışdı. Onun ustadları Füzuli, Xətai, Yunis İmrə, Qaracaoğlan, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Vaqif, Vidadi, Zakir, Aşıq Ələsgər, Cavid, Hadi, Vurğun idi. Ona görə milli kökə, milli ruha o belə vurğundur.
Bayağı individualizm, eqoist tənhalıq və şəxsi kədər duyğusu Zəlimxan Yaquba yabançıdır. O həmişə xalqın yanında olub, o həmişə ümummilli dərdlərdən yazıb. O həmişə xalqın gücünə, millətin sevgsinə arxalanıb. Buna görə göz yaşı, sızıltı, qəm, kədər onu heç vaxt yenə bilməyib. O sözün bayraqdarı, şairlərin komandanıdır. Buna görə onun alovlu misraları günün altında bərq vuran polad qılıncı xatırladır:

Nə Tərtərdə ləzzət qaldı, nə Qarqarda, Xaçında,
Oğul qanı xınalandı anaların saçında.
şəhid oldum Xocalıda, şəhid oldum Laçında,
Bu yolların son ucunda şəhidlikdi qismətim,
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!

Fərqi yoxdur neçə yaşın var, hansı savada maliksən, Zəlimxan Yaqubun şeirləri məlhəm olacaq yarana, təpər olacaq ürəyinə, sevməyi öyrədəcək, sevilməyi, görməyi, düşünməyi öyrədəcək sənə.
Hər şairin öz təbii obrazı var. Nəbi Xəzri deyəndə mavigözlü Xəzər, Əlağa Kürçaylı deyəndə dəli Kür, Məmməd Araz deyəndə xan Araz yada düşür. Mən Zəlimxan Yaqubu başından duman-çiskin əskilməyən, qüdrətdən səngərli, qalalı bir dağa bənzədirəm. O dağlar ki, orda Aşıq Şəmşirin, Aşıq Mikayıl Azaflının, Aşıq Əmrah Gülmməmədovun, Aşıq Kamandarın səsi indi də əks-səda verir. Buna görə onun misraları zil notlar üstə köklənir, cəngiyə köklənir. Onun poetik nəfəsinə bir dağ vüqarı, dağ əzəməti xasdır. O dağlar oğludur. Dağ ucalığın, Tanrıya qovuşmanın, yenilməzliyin, saflığın rəmzidir. Bəlkə buna görə on illərdən bəri şəhərdə yaşamasına baxmayaraq, Zəlimxan Yaqubun ürəyində bir dağ həsrəti var, onun şair qəlbini dağ-dağ eləyən bir dağ həsrəti:

Dağda daş olardım, zirvədə qaya,
Qalxardım Günəşə, uçardım Aya.
Bilsəydim, bu qədər yerdə günah var,
Göylərdən baxardım mən bu dünyaya,
Heç enib gəlməzdim o ucalıqdan.

Şairlər var ki, müxalif, şairlər var ki, iqtidar yönlüdür. Bu yönsüz yönlərin hər ikisi Zəlim Yaqub dühasına yabançıdır. Zəlimxan iqtidarı da, müxalifəti özündə birləşdirən dövlətçi, millətçi şairdir. Şairin “Əbədiyyət dastanı” dilogiyasında bütün spektrləri ilə yaradılan Heydər Əliyev və İlham Əliyev obrazları da ilk öncə bu yöndən diqqəti çəkir:

Xalqı zirvələrə qaldırmaq üçün,
Sevgi şahlığının taxtına çıxdın.
Oğul xalq üçündür, zirvə dağ üçün,
Nə yaxşı bu xalqın baxtına çıxdın.

Zəlimxan Yaqub poeziyasının dörd əsas qəhrəmanı var – Tanrı, xalq, dövlət və gözəl. Öz vertikalı ucalardan uca Tanrıya istiqamətlənib. Tanrı, haqq onun poeziyasının baş qəhrəmanıdır. O sadəcə Xalq şairi yox, haqq şairidir. İlahi eşqin surəti isə qadına olan sevgi, ilahi gözəlliyin təcəssümü isə qadın gözəlliyidir. Zəlimxan Yaqub bu sufiyanə həqiqəti sadəcə Nəsimidən, Füzulidən, Xətaidən aldığı dərs kimi yox, həm də həyatın özündən aldığı duyğu kimi tərənnüm edir, dünyəviləşdirir və həyatiləşdirir:

Nə amana fikir verir, nə aha
Mən qul oldum, o çevrilib bir şaha.
Bəlkə təzə qohum olub Allaha,
Bu qız niyə havalanıb, görəsən?

Zəlimxan Yaqub poeziyasının horizontları genişdən genişdir. Şair ürəyi vətən dərdiylə çırpınan vətəndaş, o taylı bu taylı bölünmüş vətənin azadlığı uğrunda savaşan türk sərkərdəsidi. O başdan ayağa türkdü, öz kimliyini dərk edən, damarlarında axan müqəddəs qanın carçısıdı. Onun qılıncı yoxdu, amma sözü , şeiri, sazıyla birgə ən güclü ordulardan daha güclüdü.
O sadəcə bir ölkənin yox, sadəcə güneyli, quzeyli Azərbaycanın yox, bütün türk dünyasının, möhtəşəm Turan ellərinin, bütün İslam aləminin, bütün Şərqin, bütün dünyanın şairidir:

Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərkin dünyası,
Əvvəl-axır dünya türkün dünyası,
Üç gün, beş gün gecim-tezim olacaq,
Bu gün-sabah dünya bizim olacaq.

Neçə müddətdir ki, səhhəti ilə bağlı problemlər bizi böyük şairimizdən uzaq salıb. Əli qələm tutan bütün gənclər adından, Zəlimxan şeirinin bütün pərəstişkarları adından, bütün Azərbaycan xalqı adından böyük şair, alovlu vətənpərvər, yenilməz türkçü, bir sözlə, böyük insan olan Zəlimxan müəllimə can sağlığı diləyir, onun haqqındakı bu kiçik yazıma şairimizin tezliklə sağalmasına dair böyük ümidlərlə nöqtə qoymaq istəyirəm. Həmişə vəsf etdiyin Tanrı sənə yar olsun, Ustad!

Комментариев нет:

Отправить комментарий