08.02.2013

Şəhər öldü

Vəfa  Mürsəlqızı

 Sən gəldin, ömrümə gəldiyin anda,
 Tənhalıq əridi qəhər boğuldu,
 Çiçəklər açıldı sanki hər yanda,
 Qəlbimdə yeni bir şəhər doğuldu.

 Səhərlər nə qədər nurlu,firavan,
 Yorğun gecələri ay işığıymış,
 Eh , mən nə biləydim,sənin varlığın,
 Bu boyda şəhərin yaraşığymış.

 Adamalar hamısı xoşbəxt gülərüz,
 Bu daş meşəlikdə quşlar uçurdu,
 Vallah elə bil ki, kagız güllərdə,
 Nərgiz, bənövşətək ətir saçırdı.


Külək sərt əsmirdi, lay-lay çalırdı,
 Bahar bizim idi, qış bizim idi,
 Hər baxış üstümə işıq salıdı,
 Adamlar hamısı əzizim idi.

 Soyuq qışındada hərarət vardı,
 Qarına buzunda atəş görürdüm,
 Yazında bir başqa təravət vardı,
 Bulud arxasında günəş görürdüm.

 Görüş yerindəki oturacağı,
 Xəzəldən,torpaqdan təmizləyirdik,
 Dəli sevgimizin şahidi kimi,
 O salxım söyüdü əzizləyirdik.

 Bu gün o söyüdü yıxılan gördüm,
 Taqət qalmamışdı daha dizində,
 Mən necə çıxacam bu yad şəhərə,
 Sənsiz bütün şəhər ölüb gözümdə.

DAR KÜÇƏ

 Bu gün o küçədən keçirdim yenə,
 Nə yaman dar imiş döngəsi izi,
 Yox , axı bu küçə belə deyildi,
 Sənilə keçəndə burdan əzizim!

 Bu küçə gözəldi, genişdi o vaxt,
 Yollarda belə toz, torpaq deyildi,
 Payız sarı xalı salmışdı yerə,
 Vallah xalı idi, yarpaq deyildi.

 Bu ağac onda da burda durmuşdu,
 Səadət qoxurdu yarpaqlarından,
 Onda bahar idi , indisə qışdır,
 Həsrət asılıbdır budaqlarından.

 Belə tozlu, kirli deyildi onda,
 Bu küçə, bu dongə, bu ağac altı,
 Dönüb dirəkdəki saata baxdım,
 Onda da altıydı, indi də altı.

 Biz onda bilmirdik tale yolları,
 Belə ayrı səmtə döndərə bilər,
 Biz onda bilmirdik, bu geniş küçə,
 Bir gün bizə belə dar gələ bilər.

Комментариев нет:

Отправить комментарий