08.02.2013

“Sonra bilmişəm ki, bu, atamın xoşuna gəlməyib”


Günel Anarqızı: “Mən özümü yazıçı-publisist, üç dərginin baş redaktoru, iki övlad anası kimi təqdim edərdim”

“Yazıçı övladı” rubrikamızın növbəti qonağı xalq yazıçısı Anarın qızı, nəsr əsərləriylə ədəbi çevrədə diqqət cəlb eləmiş Günel Anarqızıdır. Xatırladaq ki, Günel xanım atasının yazdığı “Ağ liman” və “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərlərinin davamı sayılacaq “Altıncı” povestini qələmə alıb. Bununla o, atasının ədəbi varisi kimi çıxış eləyib...

- Günel xanım, bu yaxınlarda “Qarabağ hekayələri” adlı yeni diskiniz işıq üzü gördü. Adından da bəlli olduğu kimi, diskdə toplanmış əsərlər yaralı yerimiz olan Qarabağa həsr edilmiş hekayələrdir. Çox maraqlıdır, belə bir mövzuya toxunmaq xanım bir yazıçı üçün çətin deyilmi? Bəzən hesab edirlər ki, belə ağır mövzulara müəyyən yaş və bəlli yaradıcılıq təcrübəsi əldə edəndən sonra müraciət eləmək olar. Siz bu haqda nə düşünürsünüz?

- Əvvəla onu deyim ki, bizdə müəyyən stereotip formalaşıb ki, yaşı 40-a, hətta 50-yə qədər olan yazıçılara gənc deyilsin. Əslinə baxsaq, mən nə yaşca, nə yaradıcılığa başladığım vaxt etibarilə o qədər də gənc sayılmıram. Amma yenə də komplimentə görə təşəkkür edirəm. O ki qaldı hansısa mövzuya yalnız müəyyən yaş həddindən sonra müraciət edib-etməməyə… Bunu ümumiyyətlə, doğru yanaşma saymıram. Dünya ədəbiyyatında yetərincə misal var ki, lap gənc yazıçılar çox qəliz mövzulara müraciət edib böyük əsərlər yaradıblar. Götürək elə 19 yaşında ikən özünün ən məşhur, qalmaqallı və ümumbəşəri mövzulardan bəhs edən romanını qələmə alan fransız yazıçısı Fransuaza Saqanı. Yəni nə yaş mövzuya baxır, nə də mövzu yaşa…

- Diskdə hekayələri səsləndirmək üçün tanınmış sənətkarlara müraciət etmisiniz. Bəs onlar bu layihəni necə qarşıladılar? Necə düşünürsünüz, bu layihəniz başqa yazıçıları da oxşar addımlar atmağa sövq edə bilərmi?
- Layihədə iştirak edən hər bir kəs bu işə böyük diqqət və məsuliyyətlə yanaşdı. Hekayələr 10 il bundan öncə yazılsa və müxtəlif vaxtlarda müxtəlif yerlərdə çap olunsa da, günümüzdə aktuallığını itirmədiyinə görə audio-kitab formatında da işıq üzü gördü və ilk dəfə idi ki, bu hekayələri bizim tanınmış sənət adamları səsləndirmiş oldu. Bu insanlar arasında xalq artistlərimiz Fəxrəddin Manafovun, Şükufə Yusupovanın, Yalçın Adıgözəlovun, əməkdar artistlər Mehriban Zəkinin, Emil Əfrasiyabın, məşhur aparıcılarımız Nərgiz Cəlilovanın, Emin Musəvinin və tanınmış pianoçu Nizami Əliyevın olması, əlbəttə, layihənin uğurlu alınmasına öncədən bir zəmanət idi. 
Amma çox təəssüf edirəm ki, biz bu layihəni keçən ilin sonlarında bitirib satışa buraxsaq və bu haqda mətbuatda ətraflı məlumat getsə də, Azərbaycan və rus dillərində çap olunan disklər istənilən rezonans doğurmadı. Halbuki mövzu da hamımızın ağrılı yeri olan Qarabağla bağlıdır, layihənin iştirakçıları da xalqımızın tanınmış və sevilən isimləridir, ifalar da təkrarsız və qeyri-adidir, format da yeni və diqqətəlayiqdir… 

- Bəs sizcə, rezonansın yetəri qədər olmaması nəylə bağlıdır?
- Məncə, son vaxtlar bizdə hər yeni layihənin rezonans doğurması üçün iki şərt vacibdir. Ya təqdim olunan əsər, məhsul şəhərin hər yerində, bütün posterlərdə, bilbordlarda, ən məşhur internet saytlarında, kafe və restoranlarda ən görünən yerlərdə reklam olunub gözə dəyməlidir, ya da gündəmə böyük qalmaqal və səs-küylə gəlməlidir ki, bu haqda yalnız tənbəl olan eşidib yazmasın. Yəni istəyir Qarabağ mövzusu olsun, istəyir ən gözəl ifa və təqdimat olsun, əgər sənin işin reklam və piar olunmayıbsa (buna da təbii ki, güclü vəsait lazımdır), ya da qalmaqalla gündəmə girməyibsə bu iş, nə qədər lazımlı olsa da, diqqətdən kənarda qalacaq.  

- Biz sizi müasir Azərbaycan ədəbiyyatında artıq bəlli bir yerə sahib olan bir imza kimi görürük, amma yenə də siz imzanızla bərabər öz kökünüzü də yaşada bilirsiniz. Bu sintez, yəni Günel və Anar adlarının ardıcıl gəlməsi imzanıza, yaradıcılığınıza bir ağırlıq, bir az da ciddilik gətirirmi, yoxsa siz çəkinmədən yazıçı sərhədsizliyindən istifadə edib istənilən mövzulara toxuna bilirsiniz?
- Mən daşıdığım addan asılı olmayaraq özüm də ciddi insanam. Yəni adımın yanında atamın adının olması mənim xislətimə, obrazıma əlavə ciddilik gətirməyib. Ancaq həmişə demişəm ki, öz nəslimiz, ailəmiz, kökümüz qarşısında hər birimiz məsuliyyət daşımalıyıq. Çünki biz öz ailəmizə xas olan mədəniyyətin daşıyıcılarıyıq və hər birimiz bir ailənin nümayəndəsi olaraq həm də millətimizin mədəniyyəti qarşısında məsuluq. Hər birimiz bu məsuliyyəti anlasaq yaxşı olar. Çünki mədəni və tərbiyəli olmağı yalnız ziyalı ailələrinin övladlarından gözləmək və tələb etmək düzgün deyil. Hər bir ailə öz övladına tərbiyəli və mədəni olmağı aşılamalıdır və hər bir fərd də bu cür davranış normalarını cəmiyyətə gətirməlidir. Bu məsuliyyət ümumi olanda millət də doğru yolla inkişaf edər. 

- Rubrikamızın adı “Yazıçı övladı” olduğundan sizi xalq yazıçısı Anarın qızı kimi də tanımaq istərdik. 
- Xalq yazıçısı Anarın qızı kimi artıq siz məni təqdim etdiniz. Mən isə özümü yazıçı-publisist, üç dərginin baş redaktoru, iki övlad anası kimi təqdim edə bilərəm. 

- Bu təqdimatın özəl, yəni sizi tanıdan, bir az da olsa cəmiyyətdə müəyyən bir yerə qaldıran tərəfləri varmı?
- Yox, mən özümü istədiyim işlə bacardığım qədər peşəkar məşğul olmağa çalışan Azərbaycanın adi vətəndaşı kimi hiss edirəm. Həmin amalla yaşayan adi Azərbaycan vətəndaşından da heç bir üstün tərəfimlə fərqlənmədiyimi düşünürəm.

- Bəzən yorulub “yalnız özüm olum” deyə səslənmək istədiyiniz zamanlar olub?
- Bəli, tez-tez olur. Son vaxtlar, ələlxüsus… 

- Adınızın önündə atanızın, eyni zamanda nənə və babanızın titullarını sayıb sizi təqdim edənlərə heç əsəbiləşmisiniz?
- Yersiz vaxtlarda olanda əsəbiləşmişəm.

- Bəs siz sübut etməyə çalışmısız ki, mən yalnız yazıçı nəslinin davamçısı olmaqla bərabər bir yazaram, öz yaradıcılıq yolum var?
- Yox, mən yazmağa başlayanda, ümumiyyətlə, heç kəsə heç nə sübut etmək istəməmişəm.

- Bilirsiniz ki, cəmiyyətdə olan bəzi qisim insanlar daima ziyalılara, söz sahiblərinə şər atmağa, onları nüfuzdan salmağa çalışıb. Bunu çox vaxt Anar müəllimin ünvanına səslənən ittihamlarda da görə bilirik. Olub ki, siz həm bir övlad, həm də bir vətəndaş kimi atanızı müdafiə edəsiniz? Yəni yalnız ata kimi yox, həm də bir ziyalı kimi. 
- Bəli, olub. Amma sonra bilmişəm ki, bu, atamın xoşuna gəlməyib. Və özüm də anlamışam ki,  Anar elə nadir insanlardandır ki, onun müdafiə olunmağa və kiminsə onu müdafiə etməsinə ehtiyacı yoxdur. Onu insanlar yox, zaman müdafiə edir. Yəni zaman ona qarşı ədalətsiz çıxış edənlərin özü cavabını verir. Zaman qarşısında isə hamı acizdir. 

- Bundan öncə olan sualın davamı olaraq bilmək istəyirəm ki, son zamanlar Azərbaycan ziyalılarına qarşı yönələn təzyiqlərə necə qiymət verərsiniz? Bunlar bizi ziyalılarsız qalacağımız bir cəmiyyətə sürükləyə bilərmi?
- Yenə də öncə verdiyim  cavabı verməli olacam. Zaman hər şeyi yerinə qoyur. Bu gün aktual olan qalmaqal sabah tarixin zibilxanasına atılır və yaddan çıxır. Qalan ümumbəşəri dəyərlərdir: yalan danışma, yaxınına xəyanət etmə, əqidəndən dönmə, özünlə və insanlarla dürüst ol, əclaflıq etmə, şər və böhtan atma, başqasının çörəyini yemə… O insanlar ki, bu dəyərlərə xilaf çıxır, əvvəl-axır cəzasını tapır. Sadəcə, geci-tezi var. Cəmiyyətimizin də əsl ziyalısız qalmasına inanmıram.

- Siz eyni zamanda anasız. Bəs yazıçı övladı, yazıçı və bir ana kimi hansı öhdəlikləriniz var?
- Hər bir normal övladın və ananın öhdəliyi nədirsə mənimki də odur: Övladlarımı tərbiyəli, mədəni, savadlı, öz işinin, sənətinin peşəkarı kimi böyütmək, oxutmaq. Onları azad fikirli cəmiyyətdə azad və rahat görmək… Çünki şair demiş həyatda xoşbəxtlik yoxdur, yalnız azadlıq və rahatlıq var. Ən böyük arzum odur ki, övladlarım rahat və azad həyat sürsünlər. Valideynlərim də bunu görsün.  

- Bəs övladlarınız sizin, ailənizin yolu ilə gedirmi, qələmləri varmı, yazıb-yarada bilirlərmi? 
- İkisi də yaradıcı ruhludurlar, amma gələcəkdə yazıb-yazmayacaqlarını demək hələlik çətindir.

- Dünyaya çıxışınız, tanınmağınız hansı səviyyədədir?
- Adi statistikaya baxsaq, əsərlərim türk, gürcü, Ukrayna, belarus, macar, ingilis, alman, ərəb dillərinə tərcümə olunub. Bir necə ölkədə əsərlərimin təqdimat mərasimlərində iştirak etmişəm, əsərlərim internet vasitəsilə dünyanın istənilən ölkəsində oxuna bilər və ümidvaram ki, oxunur da. Dəfələrlə müxtəlif beynəlxalq konfranslarda, toplantılarda, kitab yarmarkalarında Azərbaycanın nümayəndəsi kimi çıxış etmişəm, ölkəmizi təmsil etmişəm. Xaricdə çoxlu dostlarım, oxucularım var. Amma təbii ki, hər bir yazıçı kimi oxucu auditoriyamın daha geniş olmasını arzulayardım.  

- Hazırda yaradıcılığınız hansı səviyyədədir və hansı yeniliklər var? 
- Fevral ayında, Xocalı soyqırımı günü ərəfəsində Almaniyanın Berlin şəhərində mənim almancaya tərcümə olunmuş “Qarabağ hekayələri” kitabımın təqdimatı olacaq. Bu təqdimata Azərbaycandan da tanınmış ziyalılar qatılacaq. İnanıram ki, bu kitab Almaniya oxucusu üçün maraq kəsb edəcək və işimizin bəhrəsini görəcəyik. 

- Ailənizlə, kökünüzlə, daha doğrusu, Nigar xanım, Rəsul Rza və təbii ki, Anar müəllim haqqında roman yazmaq kimi bir fikriniz varmı? Təbii ki, orada həm tarix, həm də xatirələr sintezi olmalıdır. 
- Hələ ki elə bir fikrim yoxdur, amma maraqlı ideyadır, gərək bu haqda düşünəm.


- Bəs müasir Azərbaycan ədəbiyyatını və onun nümayəndələrinin ədəbi nümunələri ilə nə qədər yaxından maraqlana bilirsiniz?
- Vaxt və imkan tapdıqca maraqlanıram. 

- Son olaraq bir sualınız, sözünüz, ya da bir mesajınız var? 
- Sizə bütün işlərinizdə və fəaliyyətinizdə uğurlar, hər zaman obyektiv və dürüst olmağı arzulayıram. 

Könül Səid               teleqraf.com

Комментариев нет:

Отправить комментарий