09.02.2013

TOY

Akif Abbasov
                             
N. şəhərində icra başçısı yerli sakinlərin umu-küsülərini, arzularını nəzərə alaraq, onların maddi-rifah halının yaxşılaşdırılması, istirahətlərinin səmərəli təşkili üçün tədbirlər planı hazırlatmışdı. Bu tədbirlərdən biri də toya aid idi. Camaatı soyub-talayan toy adətləri sadələşdirilmişdi. Kiçik toylara yerli-dibli qadağa qoyulmuşdu.  Bu toy yalnız evdə, ailə üzvlərinin və bir nəfər cərrahın iştirakı ilə həyata keçirilirdi.
Böyük toyun keçirildiyi şadlıq evlərində vur-tut əlli stul qoyula bilərdi. Musiqiçilərə mikrofon və səsgücləndiricidən istifadə etməyə icazə verilmirdi.
Toy bu qədər qonağın iştirakı ilə keçirilir, bundan sonra toy sahibi dəvətnaməni, bəylə gəlinin şəklini və toyun videokasetini ən yaxın adamlarına, bəyin, gəlinin tanışlarına, dostlarına, rəfiqələrinə, bir sözlə, toya dəvət edilməsi nəzərdə tutulan şəxslərə göndərirdi.
Dəvətnamədə toy günü yazılır, sonra belə bir qeyd əlavə olunurdu: toy şənliklərində bir ay müddətində iştirak edə bilərsiniz. Sonuncu gün… (və bu gün dəvətnamədə göstərilirdi).
Məmməd, Əli və bir də Vəli eyni idarədə çalışırdılar. Hər üçü dəvətnamə almışdı. Pirvəli oğluna toy edirdi. Qaydaya görə, onlar bir ay müddətində istədikləri şadlıq evində, restoranda, barda, kafedə, qəlyanaltı yerlərində ayrı-ayrılıqda, bir yerdə, hərəsi öz ailəsi ilə, hər üçü ailəsi ilə bir yerdə qeyd edə bilər, sifarişləri özləri verə bilərdilər. Başqa dəvət edilənlər də həmçinin. Məmməd, Əli, bir də Vəli qərara aldılar ki, iki gün sonra, yəni onlara sərf eləyən gündə, saatda və  yerdə – günorta «Nurlan» kafesində toy şənliyini qeyd etsinlər.
Gəlib əyləşdilər. Xörəkpaylayan yaxınlaşanda dəvətnamələrini təqdim etdilər. Əli sifariş verməyə başladı:
-Göy-göyərti, pendir, təzə xiyar-pomidor, duzlu xiyar…
Vəli davam etdi:
-Duza qoyulmuş zeytun, qatıq, pendir… Pendir motal pendiri olsun. Mineral sulardan Sirab, şirələrdən qarağat, «Parlament» arağı,.. Hələlik yarım litr. Vəssalam.
Məmməd xəbərdalıq etdi:
-Girdirmə araq olmasın ha… Kolbasa, «staliçnı salat», soyutma toyuq da lazım deyil.
Xörəkpaylayan soruşdu:
-İsti yeməklər nə olacaq?
Bu dəfə Məmməd dilləndi:
- Qazan yeməkləriniz də var?
-Var. Yarpaq dolması, kələm dolması, pomidor, bibər, badımcan dolması, bozbaş, düşpərə…
Məmməd saymağa başladı:
-İyun ayıdır. Deməli, balığa ehtiyac yoxdur. Gətirirsən yarpaq dolması, xan kababı, tikə kabab, bir də basdırma. Özün bilirsən də, hamısını birdən gətirmə, yedikcə…
Soyuq yeməklər gəldi. Dostlar söhbət edə-edə, deyib gülə-gülə toy mərasimini qeyd etməyə başladılar. Birinci yeni evlənənlərin sağlığına badə qaldırdılar:
-Xoşbəxt olsunlar! Qoşa qarısınlar! Oğullu-uşaqlı olsunlar! Birləşən iki ürəyin, iki qəlbin sağlığına! Nikahları uğurlu, ailələri möhkəm olsun. Valideynlərinin də gözləri aydın!
-Amin!
Yavaş-yavaş isti yeməklər gəlməyə başladı. Dostlar artıq sağlıqları bir-birlərinə, ailə üzvlərinə ünvanlayırdılar. Əli icra başçısını yada saldı:
-Allah canını sağ eləsin. Şadlıq evlərində musiqinin səsindən qulaq tutulur, ağız deyəni qulaq eşitmirdi…
Vəli dedi:
-A kişi, hörmətli bir şəxsi söz deməyə çağırırlar. Danışır, bəylə gəlinə xeyir-dua verir. Bir-iki adam qulaq asır, qalanları da öz kefindədir. Sonradan evdə toyun videokasetini işə salanda da çıxışları ötürürlər. Qonaqların bir çoxu gur musiqinin səsinə, müğənnilərin bağırtısına dözə bilməyib vaxtından əvvəl məclisi tərk edir.
Əli dedi:
-Adamın heyfi gəlir. Bizim toylarda nə qədər israfçılığa yol verilir, nə qədər naz-nemət zay olur. Bizim toylarda süfrəyə gətirilən yemək-içməklə başqa ölkələrdə on-on beş toyu yola verirlər.
Məmməd dedi:
-A kişi, bizim nə böyüklükdə mədəmiz var ki, o qədər yeməyi tuta. Bircə soyuq yeməklə də toy məclisini yola vermək olar. İsti yeməklər gəlincə qarın doyur. Kabablar tökülüb qalır. İnsanlar bir-biri ilə sanki bəhsə girişib. Əslində zərər çəkən toy edən, hər birimiz və toya gələnlərdir. Əlimizdə, ovcumuzda nə varsa, gətirib veririk toy sahibinə, o da bir yerə toplayıb verir şadlıq evinin padşahlarına. Udan onlar olur.
Əli dedi:
-Lap ağını çıxarıblar. 49-50 növ soyuq yemək olar?
Vəli dedi:
-Pis cəhət, bilirsən, nədir? Pəh-pəhlə elan olunur ki, məclisə yeməklərin şahı plov gəlir. Milli geyimdə oğlanlarla  qızlar əllərində məşəllər məclisə plov gətirirlər. Milli rəqs ifa olunur. Plov necə gəlir, eləcə də süfrələrdə qalır. Qonaqların mədəsi artıq o qədər yüklənib ki, plovu yeməyə yer qalmayıb. Əslində xörəklərimizin şahına hörmətsizlik edirik.
Məmməd xörəkpaylayanı çağırıb dedi:
-İki şüşə pivə gətir.
Xörəkpaylayan «baş üstə» deyib getmək istəyəndə Məmməd:
-Bir dayan. Hərəmizə də bir qutu «Esse» siqareti gətir.
Xörəkpaylayan az keçmiş sifarişi yerinə yetirdi. Məmməd:
-Görürsünüz, əzizlərim, toyda bu kimi sifarişlər qəbul edilmir, «menyuda yoxdur» cavabını alırsan. Sifarişçi təkrar edəndə xörəkpaylayan üz-gözünü turşudur. Xətrin çay istəyəndə isə gərək əlini cibinə salasan.
Əli:
-Əlbəttə, -dedi. -Yaxşı yeyib-içdik. Getmək vaxtıdır.
Xörəkpaylayan gəldi.
-Bizim borcumuz nədir?
Bunu Vəli dedi.
-24 manat sifarişləriniz edir. Adambaşı 10 manat da toy haqqı. Bankda hesab açılıb. Dəvətnaməniz bizdədir. 30 manatı toy sahibinin hesabına köçürəcəyik.
Məmməd, Əli, bir də Vəli adama 18 manat çıxarıb xörəkpaylayana uzadıb ayağa qalxdılar. Məmməd dedi:
-Gördünüz, əziz dostlar, yeni toy qaydaları ilə köhnə toy qaydaları arasındakı fərqi. Adama 50 manatdan toya salmalı olsaydıq, bu, 150 manat edəcəkdi. Bizim isə birlikdə cəmi 54 manat xərcimiz çıxdı.

                              E-mail: prof.akif@mail.ru

Комментариев нет:

Отправить комментарий