Страницы

08.03.2013

Kreativ gündəm

Narıngül

      Nə desən tapmaq olar burda: feysbuq səhifəsində. Bir vaxtlar əyalət mağazalarında mövcud olan  hərc - mərclik, basırıqlıq kimidir bura. Balaca bir mağazaya girirsən: qənd-çay, kişi çəkməsi, siçan tələsi, qab - qacaq, ucuz ətir...  Burda da belədir. Qarışıqlıqdır. Səhər-səhər 500 nəfərlik səhifəyə girirsən, müxtəlif çeşidli materiallarla rastlaşırsan. Aforizmlər, ədəbi nümunələr, həvəskar şairlərin parodiyaları, fəlsəfi deyimlər, sevgi etirafları, müxtəlif pozalarda rəsmlər, dahilərdən sitatlar, xəbərlər və s. Sosial şəbəkə mənimçün daha çox xəbər mənbəyidir.
Yəqin çoxları üçün də bu belədir.  Səhər-səhər feysbuqdakı xəbərlər adamın başını qatır, gününü nizamlayır. Daha öyrənmişik xəbərlərlə sabahı açmağa, günü yola salmağa.
     Bu il  gələr –gəlməz  özü ilə çoxlu xəbərlər də gətirdi. Nəfəs almağa yer qoymadı. Xəbərlər rəngarəngdir, ağırlığına görə, çəkisinə görə müxtəlifdir: “Azərbaycan əsgərinin intiharı”,  “Sabiq deputat Gülər Əhmədovanın həbsxaha həyatı”, “Ağır yol qəzaları” “İsmayıllı hadisələri” ... Hər şeyi  ürəyinə yığırsan, beynindən keçirirsən,  bəzən eləcə “maraqlıdır” - deyə üzərindən adlamağa çalışırsan. İstəyirsən əhvalın yüksəlsin, amma bir ağırlıq gəlir üstünə. Düşünürsən... Düşünmürsənsə demək heç adam  deyilsən! Məmləkət balaca da olsa, bütün bunlar məmləkətin boyuna görə qədərindən artıqdır. Nədən olsa da, xəbər sarıdan bir korluq yoxdur.Gündəm kreativdir. Birinin ardınca, o biri doğulur...
     Hələ dağ boyda Əkrəm Əylisli məsələsi. Böyükdən kiçiyə hamını məşğul etdi. Siyasi jurnalistlər demiş “dağıtdı gündəmi”, “reytinqlər  qırdı”.
     Daha çox oxunan xəbər aktual hesab olunur. Az oxunanın üstündən keçmək də olar. Məsələn,  Aygün Kazımovanın bayrağa bürünməsi xəbəri   xəbərlələrin arasında görünüb itir. İstəyirsən üstündən ötüb keçəsən. Ürəyində düşünürsən  ki,  “boş ver getsin”. Amma arada bayraq məsələsi var... Odur ki, harda gözünə dəydi oxuyursan. Sonra “unuduldu” - deyə atırsan bir tərəfə. Amma axşam televiziya kanallarında görürsən ki, şəhərdə əməlli - başlı sorğu aparılıb. Əhali münasibət bildirir. Demək ciddi məsələymiş.Millət baş sındırır. Aygün də ki, öz kefində Hollivudda...
     Burdan belə bir yəqinlik də hasil etmək olar. Televiziya kanalları xəbərlərin mənbəyini  elə  feysbuq səhifələrindən götürülər. Daha uzağa getmək lazım gəlmir...
     Ax, bu kreativ gündəm... Dinclik vermir adama.
     Yenidən feysbuka nəzər salırsan. Birdən - birə İlhamə Quliyeva və Nazpəri Dostəliyeva xəbəri adamın gözünə girir. Xəbərin özəyində  də  gərək bir səbəb ola  axı...Məşədi İbad demişkən:”Heç hənanın yeridir?”. İki qadının qeybəti.  Baxırsan çözələyirsən, bir səbəb tapanmırsan.  Bəlkə, heç özləri də bilmirlə nə istəyirlər. Sən demə heç bu da adi xəbər deyilmiş.
Milli məclisə, prezidentə müraciət ediblər. Milli məclisdən bunlara reaksiya verilib. Demək bu da ciddiymiş.  Pah atonnan. Bunlar da heçdən  xəbər yaratdılar. Şəxsən mənim üçün bundansa Səbuhi Rəhimlinin gözüm sataşanda oxuduğum və oxuyan kimi yerindəcə  unutduğum ulduz falı, yaxud elə hava proqnozu daha əhəmiyyətlidir. Heç olmasa isti-soyuğu hiss edirsən. Əynini qalın geyinirsən.
      Nə deyəsən ki?!
     Amma xəbər  də xəbərdir,  bütün hallarda...

Комментариев нет:

Отправить комментарий