Страницы

02.09.2021

Sovet vaxtı biz rusu yox, rus bizi dolandırırdı

İbrahim Hümbətov

SSRİ təzə-təzə dağılmağa başlayanda respublikalarda meydana atılan all-güllü siyasətçilər xalqı inandırmağa çalışırdılar ki, bəs guya bizim respublika Rusiyanı və digər respublikaları yemləyir, ayrılıb müstəqil olsaq öz payımız artıqlaması ilə özümüzə çatar, şah kimi yaşayarıq.
“Rusları qovaq, asfaltımızı 5 sant qızıldan edəcəyik” deyən liberallar məsələləri birtərəfli işıqlandırmaqla xalqı öz tərəflərinə çəkmək və rusa qarşı kökləmək istəyirdilər. Kişilər istədiklərinə nail oldular. İndi belələri yağ-bal içində yaşasalar da, xalq bir tikə çörəyə möhtac olub. Belələri Azərbaycanın Rusiyaya göndərdiyi neftin hesabını apararaq məhz bu rəqəmləri gözümüzə soxurdular, di gəl ki Rusiyanın ölkəmizə göndərdiyi, özü də havayı göndərdiyi məhsullar barədə danışmırdılar. Dediyimiz kimi, bacarıqlı çıxdılar - istədiklərinə nail oldular: xalq aldanıb onların tələsinə düşdü.
Araşdırmalar isə göstərir ki, indiki kimi elə Sovet vaxtı da xalqın dolanışığı Rusiyadan çıxırdı.
Elə Rusiya məhsulları vardı ki, onlar respublikamıza gətirilməsəydi, respublikamızın iqtisadiyyatı və kənd təsərrüfatı (elə indiki kimi) iflic olardı. Məsələn, məhsul yetişdirilməsi üçün lazım olan traktorlar və taxıl yığımı üçün lazım olan kombaynlar bütünlüklə Rusiyadan ölkəmizə göndərilirdi.
Sovet vaxtı respublikalarda iqtisadiyyat planlı şəkildə elə qurulmuşdu ki, hər bir respublika özünə sərf edən məhsul istehsal edərək həmin məhsulun artığını ölkəyə verirdi. Məsələn, ölkəyə ən çox taxılı Qazaxıstan (burda adambaşına 1340 kq buğda yığılırdı), ən çox əti Litva (adambaşına 121 kq ət), ən çox kərə yağını Estoniya və Litva (20 kq), ən çox bitki yağını Moldava (27 kq), ən çox şəkər tozunu Ukrayna (136 kq), ən çox kartofu Belorusiya (1090 kq) verirdi. Rusiya müttəfiq respublikaları yumurtasından və kartofundan tutmuş ət və süd məhsullarına kimi təmin edirdi, özü də bu məhsullar satışda indikindən fərqli olaraq qəpik-quruşa idi.
Yəni respublikalar ən çox nəyi istehsal edirdisə, nəyə malik idisə, onu da qonşuları ilə bölürşürdü. İndilərdə iddia olunduğu kimi zorla başqa respublikaların əlindən alıb rusa yedizdirən yox idi. Sovet dövründə yaşayanlar gözəl bilir ki, azərbaycanlıların, gürcülərin, eləcə də dağıstanlıların və çeçenlərin yaşayışı və yeyib-içməyi rusların özündən qat-qat üstün idi.
Bəs niyə liberal siyasətçilər məsələləri xalqa birtərəfli çatdırırdılar? Bax ölkəmiz müstəqil olandan sonra belələrinin dərdi-azarı barizliyi ilə açıldı. Torbada pişik varmış!
Bəli, Sovet vaxtı respublikalar bir-birlərini yedizdirirdilər - birində artıq olan məhsulu digər respublikanın əhalisinə satırdılar. Bununla da nəhəng bazar formalaşmışdı. SSRİ-nin dağılması ilə isə xalq öz məhsulunu çıxarmağa bazar tapmadı. Məlum oldu ki, nə Türkiyəyə, nə ABŞ-a, nə Avropaya bizim pomidor-xiyarımız lazım deyil, əksinə onlar öz məhsullarını dürtməyə bazar axtarırlar. Onlara bircə bizim neft-qazımız lazım idi ki, o da havayı, ən yaxşı halda isə su qiymətinə lazım idi!
Sovet vaxtı bütün SSRİ-ni şəkər tozu ilə istehsan edən Ukraynada indi bu istehsalat dayanıb. Bütün SSRİ-ni mal əti ilə təmin edən Baltika ölkələri indi özləri yeməyə ət tapmırlar. Bütün SSRİ-ni meyvə-tərəvəzlə təmin edən Gürcüstanda həmin nəhəng bağlar və tarlalar yerli-yeksan oldu. Vaxt var idi Moldava bütün SSRİ-ni üzüm çaxırı ilə təmin edirdi, indi moldavanlar özləri İspaniyaya üzüm bağlarında nökər işləmək üçün yollanırlar. Bircə Belorusiya köhnə Sovet sistemini saxladığına görə bu dağıntıdan ən az zərərlə çıxa bildi.
14 respublika ondan ayrılandan sonra rus acından ölmədi, əksinə Sovet vaxtından da qat-qat yaxşı yaşadı. Ac-yalavac hala düşən isə məhz həmin 14 respublikanın xalqları oldu. Elita günü-günüdən varlanıb şişsə də, sadə camaat daim bir tikə çörəyi necə qazanmağın yollarını axtardı. Milyonlarla insanlarımız acından ölməmək üçün yenə də Rusiyaya üz tutdu və oranı özünə ikinci vətən bildi.
Yazımı Sovet dövründə vətənimizə rəhbərlik etmiş aqil insanlarımızın fikirləri ilə tamamlamaq istəyirəm ki, bəlkə buraxdığımız səhvlərdən nəticə çıxara bilək.
İmam Mustafayev, ictimai-siyasi xadim, akademik, 1954-1959-cu illərdə Azərbaycanın birinci katibi:
“Milli respublikaların iqtisadiyyat və mədəniyyətlərinin dirçəlməsi Rus xalqının sayəsində baş vermişdir. Böyük Rus xalqı xalqlarımızı nəinki kapitalistlərin istismarından, bəy, xan və mülkədar zülmündən xilas etdi, həm də mütəmadi qardaş dəstəyi verərək iqtisadi və mədəni inkişafımıza səbəb oldu. Biz buna görə böyük Rus xalqını yüksək qiymətləndiririk. Rus xalqı dünyanın bütün zəhmət adamlarının sevgisini qazanmışdır”.
Vəli Axundov, görkəmli ictimai-siyasi xadim, akademik, 1959-1969-cu illərdə Azərbaycanın birinci katibi:
“Azərbaycan xalqı gözəl bilir ki, özünün bütün uğurlarına, xoşbəxt yaşayışına və müjdəli gələcəyinə görə böyük Rus xalqının qardaş köməyinə borcludur. Əgər Rus ilə yoldaşsansa, demək böyük və düz yoldasan”.
Mircəfər Bağırov, 1933-1953-cü illərdə Azərbaycanın birinci katibi:
“Qeyri-rus xalqların Rusiya ilə birləşməsi onların taleyində müstəsna əhəmiyyət daşıyır. Heç bir şişirtmə olmadan deməliyik ki, həmin konkret tarixi şəraitdə bir çox xalqların varlığı təhlükə altına düşmüşdü. Qafqaz xalqları arxalarında ingilis-fransız kolonizatorları duran cahil osmanlılar və qacarlar tərəfindən ya qul, ya da məhv ediləcəkdilər. Rusiya ilə birləşmə onlar üçün yeganə çıxış yolu idi və bu xalqların gələcək taleyində faydalı rol oynadı. Rus xalqı böyük qardaş kimi digər xalqlara heç bir ölçüyə gəlməyən köməkliklər göstərdi”.

Комментариев нет:

Отправить комментарий